KİMDİR XANIM XƏDİCƏ (S.Ə)

:

İŞARƏ

Bu məqalə Məhəmməd peyğəmbərin (s), xanım Xədicəyə olan sevgisindən bəhs edir və o müqəddəs anlara görə tərtib edilmişdir.

Xanım Xədicənin, Məhəmməd peyğəmbərin (s) həyatındakı rolu, həzrət Məhəmmədin (s) Əbu Talibin evini tərk edərək öz yaşayış xərclərini təmin etmək qərarına gəlməsi ilə başlayır. Məhəmməd peyğəmbər (s) on yeddi ildir Əbu Talibin evində yaşayır və Əbu Talib ailəsini dolandırmaq üçün çətinliklərlə üzləşir. Əbu Talibin təklifi odur ki, Xədicə ilə danışsın ki, Məhəmməd də ticarət karvanı ilə Suriyaya getsin. Məhəmmədin düzgünlük və dürüstlük şöhrəti səbəb olur ki, xanım Xədicə nəinki həzrət Məhəmməd peyğəmbəri (s) ticarət karvanının başçısı edir, həm də başqalarına verdiyinin ikiqatını əziz peyğəmbərə verəcəyini vəd edir.

XƏDİCƏ

Hicrətdən 68 il əvvəl məkkəlilərin zadəgan ailələrindən biri, Xuvəylid adlı zadəgan və zəngin atadan və Fatimə adlı iffətli anadan Xədicə adlı bir qızı dünyaya gəldi. İllər ötür; özü ilə cəhalət və qaranlıqdan başqa heç nə gətirməyən illər. Xədicə cəhalət və fəsadın zirvəsində Tahirə (pak qadın) adı ilə tanındı. Təmiz, dürüst və son dərəcə mehriban bir xanım. Xədicənin yaşı artdıqca fəzilətləri də artdı. O, Qüreyşin ən nəcib, zəngin və gözəl qadınlarından birinə çevrildiyi üçün ona Qureyşin Seyyidəsi deyirdilər.

Bir gecə yuxusunda günəşin Məkkə üzərində dövrə vurduğunu, yavaş-yavaş aşağı endiyini və nəhayət evinə endiyini gördü. O, gördüyü yuxunu müdrik ərəblərdən olan Varaqə ibn Nofələ danışır və o da yuxunu belə yozur: Şöhrəti bütün dünyaya yayılacaq böyük bir kişi ilə evlənəcəksən.

HƏZRƏT MUHƏMMƏD (s) XƏDİCƏ ÜÇÜN ÇARƏ YOLU QOYMUR 

Xədicənin gənclik yaşından bir müddət ötmüşdü. O, artıq təcrübəli və püxtələşmiş xanım idi. Qüreyşin ən məşhur kişiləri ondan evlənmək istəyirlər, lakin Xədicə hamısını rədd edirdi.

Muhəmməd sallallahu aleyhi və alihi və səlləm Qureyşin ən nəcib nəslindəndir. Enlikürək, qara saçları, iri gözləri var, bir sözlə cəsur və güclü olduğu qədər də gözəldir. Ancaq əsilli-nəsilli olmaq, cəsarətli və güclu olmaq hər bir Qüreyşli gəncdə tapıla bilərdi. Yaraşıqlı gənclər və zəngin kişilər az deyildi. Xədicə bunların heç birinə əhəmiyyət vermirdi. O həm çoxlu var-dövlət görmüş, həm də çoxlu nəcabətli nəsildən gözəl oğlanlar onun sorağına gəlmişdi.

Xanım Xədicə Məhəmmədi (s) istəyirdi. Deməli, Məhəmməddə (s) mütləq Xədicəyə heç bir çarə qoymayan bir xüsusiyyət var idi; Xədicəni istəyən kişilərin heç birində olmayan bir xüsusiyyət. Məhəmmədi (s) üstün edən onun özünəməxsus heybətidir. Həzrət Məhəmməddə (s) olan haqq tərəfdarı olması, alicənablıq və dürüstlük, Məkkənin Əmin şəxsi olması kimi xüsusiyyətlər, Xədicə üçün onu sevməkdən başqa çarə yolu saxlamamışdı.

Xədicə deyirdi: Muhəmməd (s), insanların ən çox bağışlayanı və səxavətlisidir; O, ən cəsarətli və dürüstdür; Əhdi-peymanına hamıdan daha yaxşı əməl edir; O, hamıdan daha mülayim və insanlarla yola gedənlərin ən üstünüdür. Onu görən hər kəs ondan həya edər və yanında oturan isə onu sevər.

XƏDİCƏNİN ELÇİLİYİ

Vaxt o vaxtdır ki, “Rəhmətən Lil-aləmin” (aləmlərin rəhməti) Xədicəyə tərəf cari olur. Muhəmməd əleyhissalam Xədicə haqqında əmiləri ilə məsləhətləşir və Xədicənin xahişini onlara çatdırır. Əbu Talib, Həmzə və Bəni-Haşimdən bir neçə nəfər Xədicənin evinə elçilik üçün gedirlər. Əbu Talib nitqinə belə başlayır: Qardaşım oğlu Məhəmməd ibn Abdullah onunla müqayisədə hər bir Qureyş kişisindən üstündür. O, insanlar arasında misilsizdir. Hər hansı bir sərvətdən məhrum olsa da, var-dövlət keçici bir kölgədir. O, Xədicəni, Xədicə də onu istəyir və biz də onun üçün Xədicəni istəyirik.

Əbu Talibin Bəni-Haşimin şərəfi və Məhəmmədin (s) xoş rəftarına dair dediyi sözlər bitir. Xədicənin əmisi oğlu və müdrik ərəblərdən biri olan Varaqə ibn Nofəl deyir: Qüreyşdən heç kəs sənin fəzilətini inkar edə bilməz. Biz sizinlə qohum olmaq şərəfini ürəkdən arzu edir və qəbul edirik. Xədicə gülümsəyir, sanki göydəki ulduzlardan yerə təbəssüm yağır.

TOY MƏRASİMİ

Xədicə yer üzündə ən səmavi bir şəxsə xanım oldu. Gözəl şənlik abu-havası var idi. Əbu Talib vəlimə verdi. Xədicənin mehriyyəsini ödəməyi də öz üzərinə götürmüşdü, lakin Xədicə mehriyyəni öz malından ödəyəcəyini bildirdi. Qonaqlardan bəziləri təəccüblənərək dedilər: Mehriyyəni kişi qadına verir, qadın kişiyə yox! Əbu Talib qəzəbli halda ayağa qalxdı. Əbu Talibin qəzəbi zəhmli idi. Buyurdu: Əgər kürəkən mənim qardaşım oğludursa yeri var ki, qadınlar ona ən bahalı mehriyyə versinlər, lakin kürəkən sizin kimi biridirsə, yeri var siz ən bahalı mehriyyəni xanımlara verəsiniz.

Görəsən Xədicə hansı ziyarətgaha dəxil düşmüşdü ki, şəhərin ən xoşbəxt gəlini oldu? O, hansı xeyir əməlin sahibi idi ki, dünyanın ən dəyərli insanı onun həyat yoldaşı oldu?

İLK VƏ ƏN LƏYAQƏTLİ HƏYAT YOLDAŞI

Sən Peyğəmbərin zövcəsi adlandırılmağa ən layiqli qadınsan. Muhəmmədi (sallallahu aleyhi və alihi və səlləm) sevən zaman o hələ peyğəmbər olmamışdı. Sən təkcə peyğəmbərin zövcəsi yox, xoş xasiyyətli, ədəb-ərkanlı, gözəl sözlü bir kişinin xanımı oldun. O hələ peyğəmbər deyil, lakin əxlaqı peyğəmbər kimi idi, ömrünün 26 ilini Peyğəmbərin yanında oldun, bu vaxt ərzində Peyğəmbər (s) özünə başqa xanım almadı.

Peyğəmbərin həyatının ən çətin dövrü İslama açıq-aşkar dəvətinə başlanğıcından oldu; bu dəvət Məkkə müşriklərinin inadkar müqaviməti ilə qarşılaşan dəvət idi. Peyğəmbərin digər zövcələrindən Xədicəni üstün edən cəhəti odur ki, o, həmişə Peyğəmbərin yanında olub, ən çətin günlərdə, müşriklərin zülmünün qızğın çağında və Əbu Talibin dərəsinin mühasirəsi altında onun yanında olub. Lakin Peyğəmbərin digər zövcələri isə hamısı peyğəmbərlikdən sonra onun həyat yoldaşı oldular və bununla yanaşı İslamın nüfuzunu və Peyğəmbərin şöhrətini başa düşəndə onunla evləndilər, buna baxmayaraq hətta bəzən Peyğəmbəri o qədər incidirdilər ki, o həzrət, onların hamısından uzaqlaşırdı.

BİR ŞÜBHƏYƏ CAVAB

Bəziləri belə düşünürlər ki, Məhəmməd peyğəmbər (s), düzlük və paklığı ilə məşhur olduğuna görə, xanım Xədicə mal-dövlətini artırmaq üçün onunla evləndi. Həzrət Məhəmməd (s) ticarət karvanına ilk dəfə rəhbərlik etdiyi zaman öz uğurlu xidmətləri ilə Həzrət Xədicə üçün çoxlu qazanc əldə etdi və bu səbəbdən xanım Xədicə onu bu işlərə ən münasib insan hesab etdi.

Bu məsələyə çoxlu cavablar verilmişdir, lakin bütün tarixçilər və mütəfəkkirlər şəhadət verirlər ki, Muhəmməd peyğəmbərin (s) var dövlətə ehtiyacı olması və Xədicənin ona dəstək olması, camaata yardım etmək, kasıbların Mədinəyə hicrət etməsi üçün vəsaitlə təmin etmək və s. bütün işlər Xədicənin sərvəti ilə həyata keçirilirdi. Buna görə də demək olmaz Peyğəmbər xanımın var-dövlətinə görə onunla evlənmişdir. Çünki xanım bütün mal-dövlətini o həzrətin ali hədəfləri uğrunda xərcləmişdi.

PEYĞƏMBƏRƏ (s) GƏLƏN VƏHYƏ MƏHRƏM İDİ XANIM XƏDİCƏ

Xanım həm də dünyanın ən geniş qəlbli şəxsinin qəm-qüssəsinə şərik olması ilə yanaşı həm də onun sirrlərinə məhrəm idi. Bu əslində yük deyil, xanımın boynuna taxılan bir şərəf boyunbağısı idi. Peyğəmbərin (s) ömründəm 40 il keçdikdə, camaata rəhbərlik vəzifəsini öz üzərinə götürdü. Lakin xanım Xədicə uzun illər əvvəl Məhəmmədə (s) tabe olmağı öhdəsinə götürmüşdü. Vəhy evinin məhrəmi olmaq və Peyğəmbərin (s) xadiməsi olmaq hər qadına layiq olmayan bir səadət idi.

İLK MÜSƏLMAN XANIM

Xanım Xədicə zəmanəsində bənzərsiz bir xanım idi. Şübhəsiz ki, o Allahın əmrini qəbul etməkdə heç bir tərəddüd etmədən İslam dininə və ilahi risalətin həqiqətinə şəhadət verən ilk qadındır. İmam Əli (əleyhissalam) buyurur: “O günlərdə Xədicənin də olduğu Allah Rəsulunun evindən başqa heç bir evə İslam daxil olmamışdı və mən onların üçüncüsü idim”.

HƏZRƏT FATİMƏNİN (S) VƏ İMAMLARIN ANASI

Xədicənin ən böyük fəzilətlərindən biri də Əhli-beytin (əleyhissalam) onun nəslindən olmasıdır. Peyğəmbərin zövcələrindən heç biri onun nəslini artıra bilmədi. Təəccüblüdür ki, Peyğəmbərin xanımlarından bəzilərinin əvvəlki həyat yoldaşlarından uşaqları olub və bu, onların uşaq dünyaya gətirmək qabiliyyətinə malik olduğunu göstərir. Allahın istəyidir ki, Peyğəmbərin nəsli Xədicədən gəlsin və bəlkə də bu, Xədicənin sədaqəti və fədakarlığı üçün Allahın ona mükafatı idi. Həm də, hər kəs Fatimeyi-Zəhranın (s) anası olmağa layiq deyildir. Fatimənin gözlərinin mehribanlığı xanım Xədicənin gözlərinə bənzəyirdi! Ey möminlər anası xanım Xədicə! sən, bir qızın və on bir səmavi kişinin vasitəsilə Peyğəmbərin (s) arzusunu yerinə yetirməyə gəldin.

Tags: PEYĞƏMBƏR (s) , TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!