İZDİVAC, EVLƏNMƏ ASTANASINDA - 2

:

HƏYAT YOLDAŞI SEÇİMİNDƏ MEYARLAR
Dini dəyərlərə bağlı insanlar üçün ən əsas meyar qarşı tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan diqqəti cəlb edir:

1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən etibarlı sayılır. İman və etiqad nəzarətçisi olmayan bir kəsə etimad göstərmək təhlükəlidir. Adətən, belə bir seçim müvəffəqiyyətsiz olur. Qəlbən özünü Allah qarşısında hiss edənlər başqaları qarşısında da məsuliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə həyatında da etibarlı olur.
2) İmanlı zövcələr vahid bir etiqadi nizama tabe olduqlarından onların baxışlarında, meyillərində, səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də onlar öz müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-birlərinə uyuşurlar.
Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm məsələlərdə müştərək baxışa malik olurlar.
Bu zümrədən olan fərdlər ortaya ixtilaf çıxdıqda dini təlimlərə, qayda qanunlara müraciət etməklə hər iki tərəfin qəbul edəcəyi yekdil rəyə gələ bilirlər. Belə bir seçim ailədə xoşbəxtliyi təyin edən ən etibarlı seçimdir.
Təcrübədən məlum olur ki, dini öhdəçiliyi olmayanlar hətta evlənməmişdən qabaq uzun müddət tanış olsalar da, ailə qurduqdan sonra kiçik bir səbəbdən ayrılıq fikrinə düşürlər. Çünki hər iki tərəfin qəbul etdiyi sabit qanunlar yoxdur. Məhkəmə çəkişmələrindəki rəqəmlər göstərir ki, dini təlimlərə bağlı olmayanların problemləri daha çoxdur.

HƏYAT YOLDAŞININ ƏXLAQİ VƏ ŞƏXSİYYƏTLƏ BAĞLI KEYFİYYƏTLƏRİ
Həyat yoldaşı seçimində mövcud olan əsas meyarlardan biri də qarşı tərəfin əxlaqlı olmasına əminlikdir. Kobud, qaba, sərt insanla müştərək yaşamağın xeyli problemi var. İslami rəvayətlərdə bildirilir ki, pis əxlaqlı həyat yoldaşı insanı vaxtından qabaq qocaldar.
İmam Rizanın (ə) yaxınlarından biri ondan soruşur ki, əxlaqında nöqsan olan qohumlardan biri qızıma elçiliyə gəlib, nə edəcəyimi bilmirəm. İmam (ə) Bu şəxsin cavabında buyurur: "Əgər xasiyyətinin pis olduğunu bilirsənsə, qızını ona ərə vermə."
Mərdimazarlıq, söyüşçüllük, acıdillilik, azğın və qeyri-münasib insanlarla dostluq, avaraçılıq, narkotik maddələrə aludəçilik kimi ictimai zərərli adətlər, tənbəllik, xoşagəlməz bir işlə məşğulluq insanı ailə həyatı üçün yararsız edən amillərdəndir. Bu sayaq sifətlərə malik insanlarla izdivac, adətən, problemlərin başlanğıcı olur.
Ailə həyatı qurarkən diqqət yetiriləsi məsələlərdən biri də insanın əxlaqi baxımdan paklığı, nəcabətidir. İffət məsələlərinə biganə, örtüyünü gözləməyən qadınlar və ya azğın kişilər ailə həyatı üçün yararsızdır. Belə insanlarla izdivac, adətən, pis aqibətlə, peşmançılıqla nəticələnir.

MÜNASİBLİK VƏ ANLAŞMA
Ərlə arvad arasında rabitələrdə mühüm məsələ onların istəkləri arasındakı münasiblik, anlaşma, uyğunluqdur. İslami rəvayətlərdə qeyd olunur ki, ər və arvad bir-birinin oxşarı (“küfv") olmalıdır. Yəni onlar arasında oxşarlıq, münasiblik, uyğunluq olması zəruridir. Məlum məsələdir ki, ərlə arvad arasında nə qədər çox oxşarlıq olarsa, onların müştərək həyatı da bir o qədər möhkəm olar. Bu səbəbdən də qeyd olunmuş əsas meyarlardan əlavə qarşılıqlı anlaşmada rolu olan digər meyarlar da nəzərdə saxlanılmalıdır.
İzdivacda tərəflər arasındakı fərqlər imkan həddində azaldılmalıdır ki, anlama asan olsun. Belə ki, tərəflər düşüncə, mədəniyyət, ictimai mövqe, iqtisadi durum baxımından nə qədər münasib olsalar, bir o qədər yaxşıdır. Məsələn, yoxsul ailədən olan bir gənc varlı ailədən olan bir qızla evləndikdə, adətən, problemlərlə üzləşir. Şəhərdə, fərqli mədəniyyətlərin mövcud olduğu mühitlərdə yaşayan fərdlər qarşılıqlı anlaşma yolunda xeyli çətinliklə üzləşirlər. Əlbəttə ki, müştərək xüsusiyyətlər çox olduqda mövcud ziddiyyətlər aradan qalxır. Necə ki, güclü dini etiqada malik olan iki fərd ailə qurduqda qarşılıqlı anlaşma olduqca asanlaşır. Ailə quran tərəflərin bir-birini başa düşməsi üçün onların təhsili də nəzərə alınmalıdır. Ərlə arvad arasında yaş fərqi də böyük olmamalıdır. Digər imtiyazlara malik istisna hallarda bu fərq on yaşdan çox ola bilər.
Ailə quran gənclər zahiri baxımdan da bir-birlərini bəyənməlidirlər. Hər bir fərd özündə ailə qurduğu tərəfə qarşı bir cazibə hiss etməlidir. Ailə quranadək pak bir həyat sürmüş gənclər həyat yoldaşı seçimində bir o qədər də diqqətli olmurlar. Onlar, adətən, nəcabət, mənəviyyat amillərini önə çəkərək bildirirlər ki, qarşı tərəfin zahiri gözəlliyi onlar üçün əhəmiyyətli deyil. Amma təcrübədə məlum olur ki gözəllik amilini nəzərə almadan evlənənlər arasında münasibətlər sonradan soyuyur. Belə hallarda artıq tərəflərdən biri o birini cəzb etməməyə başlayır. Ər-arvad arasında yaranmış soyuqluğun səbəbi, haqqında danışılan amilin nəzərə alınmamasıdır. Müəllif bir çox bu sayaq izdivacları araşdırmış və onların xoşagəlməz sonluğunu müşahidə etmişdir. Gənclər bilməlidirlər ki, bir ömür yanaşı yaşamalı olan qadın və kişidə bir-birinə qarşı cazibə hissi olmalıdır. Bu cazibə olmadıqda hansısa başqa bir imtiyaz bu boşluğu doldurmur. Buna görə də oğlan və qız evlənməmişdən qabaq bir-birlərini görməli və zahiri baxımdan bəyənməlidirlər. İslam dini həqiqətən evlənmək fikrində olanlara, qarşı tərəfi görmək icazəsi vermişdir. Əlbəttə ki, həyat yoldaşı seçimində gözəllik amilini həlledici saymaq, bu istiqamətdə ifrata varmaq olmaz.
Zövcə ilə müştərək həyatın davamını təmin edən təkcə onun gözəlliyi deyil. Bu sahədə qarşılıqlı anlaşma, ruhi kamilliklər, gözəl əxlaq əhəmiyyətli rol oynayır.

QARŞI TƏRƏFİ HANSI YOLLARLA TANIMAQ OLAR?
Bəs insan ailə qurmaq istədiyi tərəfin xüsusiyyətlərini hansı yolla öyrənə bilər? Bəziləri təklif edirlər ki, bundan ötrü evlənməmişdən öncə qarşı tərəflə tanışlığa ehtiyac var. Belə ki, ailə qurmaq fikrində olan gənclər bir müddət ünsiyyətdə olub bir-birlərinin ruhiyyəsi və əxlaqi xüsusiyyətləri ilə tanış olmalıdırlar. Bu fikiri irəli sürən, qadınla kişi arasında azad, ölçüsüz rabitə tərəfdarı olan zümrədir. Belə bir yanaşma həm dini meyarlara uyğun deyil, həm də uyğun ünsiyyətlərin xoşagəlməz ictimai sonluqları var. Bir-biri ilə ünsiyyətdə olan gənclər evlənmək məqsədi ilə görüşdüklərini bildirsələr də, əslində bu görüşlərdə qeyri-şəri yaxınlıq üçün şərait yaranır və tərəflər evlənməkdən çox, ləzzət almaq barədə düşünürlər. Belə rabitələr, adətən, qızlar üçün acı sonluqla bitir. Çoxsaylı təcrübələr və araşdırmalar göstərir ki qarşı tərəfin xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə yuxarıda qeyd olunan üsuldan istifadə etmək düzgün deyil. Evlənmədən əvvəl qarşı tərəflərin görüşmələri ilə müşayiət olunmuş izdivaclar başqa izdivaclardan daha çox təhlükəyə məruz qalır. Əgər oğlan və qız evlənən günədək heç bir ölçü gözləmədən ünsiyyətdə olmuşlarsa, evləndikdən sonra onların boşanma ehtimalı daha çoxdur. Bunu da qeyd edək ki, evlənmək üçün tanışlıq məqsədi ilə baş tutan görüşlər çox vaxt izdivacla nəticələnmir. Belə görüşlər tərəflərə, xüsusi ilə qızlara psixoloji və ictimai bir zərbə olur.
Evlənmədən öncə qarşı tərəfin ruhiyyəsini və xüsusiyyətlərini tanımaq üçün nəzərdə tutulan düzgün üsul bir neçə mərhələdən ibarətdir.

AİLƏ BAXIMINDAN YANAŞMA
İnsanların tanınmasında mühüm amillərdən biri onlara ailə prizmasından yanaşmadır. Nəcib və sağlam ailədə tərbiyə almış insanların əxlaqi və mənəvi durumu dərin və prinsipial olur. Bu səbəbdən də onlara daha çox etimad göstərilə bilər. Əlbəttə ki, bəzən qeyri-münasib ailələrdə layiqli insanlar yetişir. Əksinə, bəzən ləyaqətli ailələrdən qeyri-saleh övladlar çıxır. Məqsədimiz budur ki, adətən, övladların əxlaqi xüsusiyyətləri onların ailə tərbiyəsindən qaynaqlanır. İnsan şəxsiyyətinin formalaşmasında ailənin mühüm rolu var. Hətta qidaların halal-haram olması insan ruhiyyəsində dərin iz qoyur. İslam təlimlərində bu məsələyə xeyli əhəmiyyət verilmişdir. Halal-haram bilməyən, ehtiyacını istənilən bir yolla təmin etməyə çalışan ailələrdə övladlar ruhi, mənəvi baxımdan zərbəyə məruz qalır və bu zərbələrin nəticəsini aradan qaldırmaq asan olmur.
Bir rəvayətdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Tikanlı otdan çəkinin: Soruşdular: "Tikanlı ot nədir?" Həzrət buyurdu: "Pis ailədən çıxmış gözəl qadın." Bu təbir kişilərə də aid edilə bilər. Bəzi kişilər zahirən gözəl, var-dövlətli, vəzifə sahibi olsalar da, onların pis ailədə tərbiyə almaları şübhə yaradır.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!