İZDİVAC, EVLƏNMƏ ASTANASINDA - 1

:

Bəşəriyyətin ən gözəl və ilahi hisslərindən biri onun ailə qurmağa və övlad sahibi olmağa meylidir. İnsanların ailə formasında yaşayışı tam təbiidir. İnsan elə bir şəkildə yaradılmışdır ki, o fitri və təbii şəkildə ailə qurmağa və övlad sahibi olmağa meyl göstərir.

Bəşər tarixinin mütaliəsi göstərir ki, o yarandığı gündən ailə qurumunda yaşamışdır. Ailə qurumunu aradan götürmək istəyən bütün fərdlər uğursuzluğa düçar olmuşlar. Bu istiqamətdə nə Əflatunun, nə də Marksist məktəbin səyləri bir nəticə verməmişdir. Qədim dövrdən əsrimizə gəlib çatmış vəhşi qəbilələrdə belə ailə qurumu mövcuddur. (V. Dorant, "sivilizasiya tarixi", c. 1, s. 57) Bəşər tarixini açıq gözlə mütaliə etmiş alimlər belə bir qənaətə gəlmişlər ki, tarix boyu həyat yoldaşı seçimi və ailə təşkili kimi əhəmiyyətli qayda-qanun olmamışdır. İzdivacın şəxsi yox, növlə (insan növü) bağlı zərurət olması bu həqiqətin dəlilidir. Bəli, izdivacda məqsəd bəşər nəslinin davamıdır.
Məşhur Amerika mütəfəkkiri V. Dorant "fəlsəfənin ləzzətləri" kitabında yazır: "Təbiət ailə qurumunu müəyyənləşdirmişdir ki, kişini qadının və qadını körpənin xidmətinə sövq etsin. Kişilər təbiət etibarı ilə qadının, qadınlar isə təbiət etibarı ilə körpələrin və insan nəslinin xidmətçisidir. ("Fəlsəfənin ləzzətləri", s. 164) Alim öz sözünə belə davam edir: "İzdivac bağlılığı qadınla kişinin sevgi və şəhvət rabitəsini qanuniləşdirmək üçün deyil, bəşər nəslinin qorunması və davamında ata, ana və övlad arasında mövcud olan bir bağlılıqdır." ("Fəlsəfənin ləzzətləri", s. 164)
Qadın və kişi elə bir formada yaradılmışdır ki, onlardan heç biri o biri olmadan səadətə çatıb ehtiyaclarını ödəyə bilmir. Onlardan birinin vücudu o birini tamlaşdırır. Yalnız bağlı olduqları vaxt öz istedadlarını çiçəkləndirib, kamala çata bilirlər. Başqa sözlə, qadın və kişinin bəzi istedadları yalnız ailə qurduqdan sonra yetərli həddə çatır.
İzdivacdan boyun qaçırıb, bu ilahi sünnəyə əməl etməyənlərin vücudunda bir növ xamlıq qalır və vücudlarının bəzi yönümləri çiçəklənmir.
Ailə qurduqdan sonra qadın və kişi eşq və məhəbbətlə bir-birinin xidmətində durur, hər biri özünü digərinin asayiş və rahatlığına həsr edir. Sonrakı mərhələdə zövcələr övladlarının inkişaf və rifahı üçün çalışır və bu yolla "yalnız özü üçün səy göstərmək və özündən başqasını görməmək" kimi eqoistliyin sıxıntısından bir qədər azad olurlar. Onların ruhi duyumları və xüsusiyyətləri bu bağlılıq çərçivəsində sığallanır və daxillərində üçüncü bir şəxsin hənirtisi vücuda gəlir. İnsanın inkişaf və kamilliyi üçün ilkin şərt eqoistlik və xudbinlikdən uzaqlaşmaqdır. Övladla bağlı duyumlar eqoistlik və xudbinliklə mübarizədə bir növ məşq olur.
İnsanın bir çox ehtiyacları ailədə təmin olunur: həyat ehtiyacı, əks cinsə ehtiyac, məhəbbət və duyuma ehtiyac, övlad ehtiyacı və s.

QURANİ-KƏRİM NƏZƏRİNDƏN AİLƏ RABİTƏSİNİN ƏSASI
Qurani-kərim sevgi və mərhəməti ailə rabitəsinin əsası sayır. Bu bağlılıq şəhvət və maddi təmənna bağlılığından üstün və ucadır. Quran təbirincə: "Sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və aranızda sevgi və mərhəmət qərar verdik." ("Rum", 21) Sevgi və mərhəmət üzərində qurulmuş rabitənin yalnız ər-arvad və övlad üçün yox, bütün cəmiyyət üçün çox xeyirli və bərəkətli təsirləri var.
Ailə təməli tənəzzülə məruz qalmış cəmiyyətin aqibəti qaranlıqdır. Belə bir cəmiyyət gec ya tez dağılasıdır.
Deyilənləri nəzərə almaqla ailə təməlinin möhkəmliyinin nə dərəcədə əhəmiyyətli olduğu başa düşülür.

AİLƏ TƏŞKİLİNDƏ İLK ADDIM
Ailə təşkilində ilk mərhələ düzgün niyyət və məqsədlə addım atmaqdır. Bu məsələni əhəmiyyətli edən agah və düşüncəli dünyada yaşamağımız və həqiqi niyyətlərimizə, məqsədlərimizə cavab verilməsidir.
Mövləvinin təbirincə:
Əməlimiz nida, dünyamız bir dağ,
dağdan dönən bizi etmədə soraq.
Əgər niyyət və məqsədimiz düzgün olsa, həyat ağacımız bar-bəhrəli olar, yaxşı səmərə verər. Bəzən bir niyyətin təsirləri o qədər xeyirli və bərəkətli olur ki, insanın həyatında əhəmiyyətli iz qoyur. Ailə qurmaq da böyük və taleyüklü addım olduğundan öncədən düzgün niyyət və məqsəd üzərində qurulduqda zövcələrin xoşbəxtliyinə təsir göstərir. Bu səbəbdən də müqəddəs ailə təməli qoymaq istəyən qadın və kişi öncədən sədaqət, paklıq, Allahın razılığı yolunu seçməli, qərara gəlməlidirlər ki, öz ilahi bağlılıqlarında və ailə həyatının bütün mərhələrində Allahın razılığından savay umacaqları olmayacaq. Bu halda qurulmuş ailə ilahi rəhmət və bərəkətdən bəhrələnəcək, Allah vəd etdiyi sevgi və mərhəməti bu ailəyə nəsib edəcək. İlahi sevgi və mərhəmətin ilkin əlamətləri paklıq və fəzilət dolu ailədə zövcələrin aramlıq tapması, onların həyat iztirablarından amanda qalmalarıdır.

HƏYAT YOLDAŞI SEÇİMİ
Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.
Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır.
Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu düzgün dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.
Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirilməlidir ki, məqsəd varlanmaq və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani və mənəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır.
Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək və bu əsasda seçim aparsaq, ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.
Məlum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərlə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri həmin bu növə aiddir. Yəni bu ailələrin təməli gerçək dəyərlər üzərində qurulmamışdır.
Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!