DAVUD (ə) və SÜLEYMAN (ə) - 3

:

YƏMƏNƏ SƏFƏR
Səhər vaxtı şanapipik Süleymanın sarayına gəldi. Məktubu özü ilə apardı. O məktub qızıl bir zərfə qoyulmuş və möhürlənmişdi. Şanapipik yenidən uçdu. Fələstindən Yəmənə doğru gedən uzun və uzaq məsafələri qət etdi.

Bu gün xəritəyə baxdıqda, bu səfərə təəccüb edirik. Şanapipik bu səfəri necə yerinə yetirmişdir? Necə səhraları qət etmiş, başı göylərə çəkilən dağ silsilələrindən keçmişdir?
Şanapipik çoxlu yerlər qət etdi. O, Allah hökmlərinin, tövhid və yeganəpərəstliyin yayılması üçün bu səfərin çoxlu çətinliklərinə dözdü.
Şanapipik Yəməndə Səba ölkəsinə çatdı. Günəş doğan vaxt Yəmənin qüdrətli hökmdarı Bilqeysin sarayına daxil oldu.
Bilqeys yuxudan oyanmışdı. Günəşin pəncərədən saçdığını gördü. Günəşə səcdə etdi. O, hər gün səhər onun namazını yerinə yetirirdi. O anda şanapipik pəncərədən daxil olub, məktubu padşahın taxtının üstünə atdı. Bilqeys gördü ki, taxtın üstündə bir şey parlayır. Qızıl bir zərf vardı. Onu açdı. Gözü gözəl xətlə yazılmış bir məktuba düşdükdə isə təəccüb etdi.
Şanapipik padşaha baxırdı. O, məktubu oxumaqla məşğul idi. Təəccüblə şanapipiyə baxdı. Bu quş mühüm bir tapşırıq üçün belə bir uzaq məsafələri necə qət edə bilər?
Bilqeys öz vəzirlərini topladı. Çünki ölkənin taleyi ilə əlaqəsi olan bir hadisə qarşıya çıxmışdı. Vəzirlər və dövlət işçiləri toplaşdılar. Bilqeys taxtından qalxdı. Əlində bir məktub vardı. Çox diqqətlə dedi:
-Ey böyüklər! Mənə çox əhəmiyyətli bir məktub göndəriblər. Bu məktub Süleymandandır. Orada belə yazılmışdır:
«Bağışlayan və mehriban Allahın adı ilə.
Tövsiyəm budur ki, mənə qələbə çalmaq fikrinə düşməyin. Haqqa təslim olduğunuz halda mənim tərəfimə gəlin.»
Bu sözləri eşitməklə saraya qorxulu bir sükut çökdü. Fələstindəki bir padşah onları necə hədələyir?! O, Allahın yerinə onların günəşə pərəstiş etmələrini məhkum edir, onlardan Allaha təslim olmalarını və yalnız Ona ibadət etmələrini istəyir.
Bilqeys dedi:
-Ey böyük və şərafətli insanlar! Bu əhəmiyyətli iş barəsində öz fikirlərinizi söyləyin. Mən heç bir əhəmiyyətli işi sizin məşvərət və məsləhətiniz olmadan yerinə yetirməmişəm.
Bilqeys bu barədə münasib bir qərar qəbul etmək məqsədilə məşvərətə başladı. Ona görə də onlara dedi:
-Mən öz rəyimi bəyənən insan deyiləm. Bu elə bir məsələdir ki, bütün məmləkətimizin taleyi buna bağlıdır. Ona görə də, gərək münasib cavab üçün fikirləşək.
Sərkərdələrin başında döyüş havası vardı. Ona görə də, şücaətlə dedilər:
-Bizim kifayət qədər qüvvəmiz, çoxlu döyüş qüdrətimiz vardır. Amma, yenə də qərar sizindir. Bizim ordumuz çox güclüdür. Biz öz torpaqlarımızı qoruya bilərik.
Bilqeys ağıllı bir qadın idi. Qərara gəlməzdən qabaq iş barəsində düşünərdi. Ona görə də dedi:
-Padşahlar abad bir məntəqəyə daxil olduqda, onu viran edib dağıdarlar. Oranın böyük və izzətli insanlarını xar edərlər. Bəli, onların işi belədir. Biz gərək Süleyman kimliyi barədə fikirləşək. O da başqa padşahlar kimi zalımdırmı? Yoxsa doğrudan da peyəğəmbərdir?
Bəlkə, o, bizim ölkəmizə sahib olmaq istəyir? Bəlkə də, bizə xeyirxahlıq etmək istəyir?
Vəzirlər dedi:
-Ey xanım! Biz bunu necə öyrənə bilərik?
Bilqeys dedi:
-Mən tezliklə ona bir hədiyyə göndərəcəyəm. Bu zaman dediklərimiz barəsində onun fikrini öyrənə bilərik. Bizim nümayəndələrimiz o ölkəni yaxından görəcək və Süleyman padşahın məqsədləri ilə tanış olacaqlar.
Dövlət işçiləri padşahın təklifini bəyəndilər. O qərara aldı ki, Süleyman üçün bir hədiyyə göndərsin. Şanapipik yaxından dövlət işçilərinin iclasına şahid idi. O, Bilqeysin qərarını eşitdi və Fələstinə tərəf uçmağa başladı. Şanapipik uçaraq uzaq məsafələr qət etdi. O, yalnız istirahət üçün bir az dayanırdı.
Nəhayət, şanapipik Fələstinə yetişdi və son hadisələri çatdırmaq üçün cəld Süleymanın yanına getdi.
Şanapipik dedi:
-Səba ölkəsinin dövlət işçilərinin bəzisi indicə bura doğru gəlirlər.
Süleyman o heyəti Allahın dininə necə razı salması barəsində düşünürdü. Fikirləşirdi ki, necə onlara başa salsın ki, günəşə ibadət etmələrinin heç bir faydası yoxdur.
Bu iş üçün ən yaxşı yol öz hakimiyyətinin əzəmət və böyüklüyünü və Allahın ona verdiyi qüdrəti göstərmək idi. Camaat onun ətrafında namaz qılsınlar. Yırtıcı heyvanlar onun qulluğunda olsunlar. Quşlar ətrafında fırlansınlar. Cinlər gecə-gündüz bina tikmək və dənizlərin dibini axtarmaqla məşğul olsunlar.
Süleyman bilirdi ki, gələn heyət özləri ilə qiymətli hədiyyələr gətirib deyəcəklər ki, Səba məmləkəti sizinlə münasib əlaqələr qurmağa və hər il müdrik Süleymana hədiyyələr göndərməyə hazırdır. Bəlkə də, Bilqeys hədiyyə göndərməklə Süleymanı yoxlamaq istəyirdi.
Əgər Süleyman hədiyyəni qəbul etsə və ona görə sevinsəydi, deməli, o da başqa padşahlar kimi bir padşahdır. Bu halda, Səba məmləkəti Süleymanın, günəşə ibadəti tərk etmək istəyindən boyun qaçıra bilərdi.
Amma hədiyyələri qəbul etməsəydi, mənası bu idi ki, o, padşah deyildir. O həqiqətən peyğəmbərdir. Peyğəmbərlər tərəfindən isə heç bir qorxu yoxdur. Çünki onlar heç kəsə zülm etməzlər.
Bilqeys heyəti göndərən zaman belə düşünürdü.

DÖYÜŞLƏ HƏDƏLƏMƏK
Atlılardan təşkil olunmuş Səba heyəti yetişdi. Onlar Süleyman üçün qiymətli hədiyyələr gətirmişdilər. Allahın peyğəmbəri Süleyman hökmranlığının ilahi bir hakimiyyət olduğunu başa salmaq üçün və Səba ölkəsindən üstünlüyünü bildirmək üçün çox qəribə bir təntənə ilə onları qarşıladı.
O heyət orada durmuş şir və pələngləri gördükdə, az qaldı ki, ağılları başlarından çıxsın. Onlar o həzrətin yaxınlığında sıra və səliqə ilə uçuşan quşları görür və diqqətlə Süleymanın əsgərlərinə baxırdılar.
O həzrət taxtın üzərində oturmuşdu. Bütün padşahlıq əzəmət və cəlalı ilə belə təvazökar bir insan idi. Onun gözlərindən məhəbbət və iman yağırdı.
Heyət üzvləri hədiyyələri təqdim etmək üçün qabağa gəldilər. Amma öz hədiyyələrindən xəcalət çəkdilər. Çünki bu hədiyyələr Süleymanın böyük hökuməti qarşısında çox dəyərsiz bir şey idi.
Burada heç kəsin gözləmədiyi bir hadisə baş verdi.
Süleyman onların hədiyyələrini qəbul etmədi. Çünki hədiyyə iki ölkə arasında münasib əlaqə yaratmaq üçün deyildi. O daha çox rüşvətə bənzəyirdi. Onlar bunun vasitəsilə Süleymanı sakitləşdirmək və öz adət-ənənələri barəsində onu razı salmaq istəyirdi.
Süleyman narahat olaraq buyurdu:
-Mənə hədiyyə ilə köməkmi edirsiniz? Allahın mənə bəxş etdikləri sizə bəxş etdiklərindən daha yaxşı və daha üstündür. Yalnız sizlər belə dəyərsiz şeylərlə sevinirsiniz.
Sonra Süleyman o heyətin başçısına buyurdu:
-Onların yanına qayıt və bildir ki, qarşısında müqavimət göstərə bilməyəcəkləri bir ordu ilə onlara tərəf gəlirik. Onları xar və zəlil edib, torpaqlarından çıxaracağıq.
Süleymanın sözləri döyüşlə hədələmək idi. O, Səba camaatından qızıl-gümüş istəmirdi. İstəyi, yalnız yeganə Allaha iman gətirmək idi. O, qızıl və mal-dövlət həvəsində olan bir padşah deyildi. O, Allahın peyğəmbəri idi. İnsanların xeyrini istəyən bir peyğəmbər idi. O istəyirdi ki, camaat Allaha iman gətirib, bütpərəstlikdən əl çəksinlər.
Allah insanı yaratmaqla ona izzət bağışlamışdı. Elə isə, nə üçün insan daşa ibadət, bütə, günəşə və aya səcdə etməlidir. Halbuki Allahın yanında insanın məqamı digər məxluqların məqamından ucadır. Allah insanın azad yaşamasını və Ondan başqa heç kəsdən qorxmamasını istəyir.
Süleyman o heyətlə belə danışdı. Onlar Süleymanın əzəməti, onun böyük hakimiyyəti, təvazökarlığı və Allah üçün səcdəsi qarşısında mat-məəttəl qalmışdılar.

BİLQEYSİN QƏRARI
O heyət Yəmənə qayıtdı. Onlar özlərinin dünyanın ən böyük ölkəsinə və zamanın ən böyük padşahının yanına etdikləri səfər barəsində Bilqeysə məlumat verdilər.
Bilqeys fikirləşdi ki, əgər öz qərarında dayanıb, inadkarlıq göstərsə, mütləq döyüş baş verəcəkdir. O öz-özünə dedi:
“Süleyman padşah deyil. O peyğəmbərdir. Özüm şəxsən ora gedəcəyəm.”
Bilqeys fikirləşdi ki, gedib orada baş verənləri yaxından görsün. Bəlkə şimaldakı o ölkə ilə münasib əlaqələr qura bilər və bununla da, iki ölkə arasındaki döyüş və müharibə baş verməz.
Ona görə də, Süleymanın ölkəsinə səfər etmək istədiyini bildirdi.
Səbada dövlət işçilərinin çoxu padşahı belə qərara gəlməkdən çəkindirdilər. Amma heç bir faydası olmadı.
Bilqeys qorxmaz və ağıllı bir qadın idi. O, məsələ barəsində çox fikirləşdi. Amma özü şəxsən ora getməkdən savayı yaxşı bir yol tapmadı. O, sürətlə səfər tədarükünü gördü. Çoxlu əsgər və kənizlərin müşayiəti ilə öz ölkəsindən çıxdı.
Müdrik peyğəmbər olan Süleyman öz dövlət adamları ilə iclas qurmuşdu. Süleyman Səba padşahının Allah dinini qəbul etməsi və onun öz faydasız əqidələrinə yenidən nəzər salması barədə fikirləşirdi. O, bu məqsədinə çatmaq üçün çox qəribə və maraqlı bir qərar qəbul etdi: Bilqeys Fələstinə çatmazdan qabaq onun taxtının Yəməndən gətirmək.

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə
Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR, MÜXTƏLİF DİNİ MÖVZULAR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!