İMAM BAQİR(ə)İN HƏYATINA QISA BİR BAXIŞ

:

İMAM BAQİR (ə) KİMDİR?

İmam Baqir əleyhissalam hicrətin 57-ci ili Mədinə şəhərində dünyaya göz açmışdır.1 O həzrətin doğum günü barəsində müxtəlif nəzərlər olsa da tarixçilər əsasən Rəcəb ayının biri2 və yaxud səfər ayının 3-cü3 günü kimi qeyd edənlər də vardır.

İMAMIN ADINI HƏZRƏT PEYĞƏMBƏR (S) ÖZÜ QOYDU

Muhəmməd ibn Müslim deyir:

“Cabir ibn Abdullah Ənsarinin yanında oturmuşduq ki, İmam Səccad (əleyhissalam) kiçik oğlu ilə məclisə daxil oldu. İmam (ə) övladına buyurdu: əmini öp. Uşaq Cabirə tərəf gələrək onun alnından öpdü. O zaman qocalmış, əldən düşmüş və gözləri tutulmuş Cabir ibn Adbullah Ənsari soruşdu: bu uşaq kimdir? İmam (ə) buyurdu: o övladım Muhəmməddir (ə). Cabir onu qucaqlayıb dedi: Ey Muhəmməd! Allahın Rəsulu (s) sənə salam göndərdi. Məclisdə olanlar təəccüblə soruşdu: bu sözü nəyə əsasən deyirsiz? Cabir dedi: Allah Peyğəmbərinin (s) evində idim və o həzrət Hüseyni (ə) əyləndirirdi. Bu an mənə üzünü tutub buyurdu: Ey Cabir, övladım Hüseynin (ə) Əli (ə) adında övladı olacaq onun da Muhəmməd (ə) adında övladı olacaq. Əgər onunla görüşsən mənim salamımı ona çatdır və bil ki, onu gördükdən sonra sən ömrünün sonlarına yaxınlaşmısan. Muhəmməd ibn Müslim deyir: “Cabirin sözü həqiqət oldu və az bir müddət sonra dünyadan köçdü.4 O görüşdüyü günə qədər həmişə deyərdi, ey Baqir hardasan!5

Bu hədisin sənədinin üstünlük və məzmunu o qədər güclüdür ki, hətta İbn Cozi, İbn Səbbağ Maliki və İbn Qutəybə kimi əhli sünnə məzhəbinin məşhur yazarları bu hədisi öz kitablarında qeyd etmişlər.6

İMAMIN (Ə) LƏQƏB VƏ KÜNYƏLƏRİ İLƏ TANIŞLIQ

İmam Baqir (ə) üçün yeganə künyə “Əbu Cəfər”dir. Lakin məşhur ləqəbləri isə aşağıdakılardır:

Baqirul Elm, Şakir, Hadi7

Əmin, Şəbih8, Sabir və Şahid9 də başqa ləqəblərdir ki, tarixdə o həzrət üçün qeyd olunub.

Bu ləqəblər arasında ən çox məşhur olan “Baqir” ləqəbidir və bunun səbəblərini həzrətin bir neçə xüsusiyyəti ilə əlaqələndirirlər. Bəzilərinə işarə edirik:

1. O bütün elmi çətinlikləri yararaq düyünləri açardı.10

2. O həzrətin ixtiyarında geniş elm və maarif var idi.11

3. Çox səcdə etiyi üçün alnında yaranan yarığ bu ləqəbəin ona verilməsinə səbəb olmuşdur.12

HƏZRƏTİN ANASI

İmam Muhəmməd Baqiri (ə) digər imamlardan fərqləndirən özünəməxsus xüsusiyyəti budur ki, o həm ata və həm də ana tərəfdən pak risalət ağacına bağlıdır. Onun atası, İmam Hüseynin (ə) övladı və əziz anası Ümmü Abdullah, Fatimə (əleyha salam), İmam Həsənin (ə) qızıdır.13 O xanım pak fitrət və iffətdə xanımların öncülü sayılırdı. İmam Sadiq (ə) onun haqqında buyurub: “o elə təmiz, vicdanlı, düzgün bir xanım idi ki, İmam Həsənin (ə) övladlarından heç bir xanım onun kamal dərəcəsinə çatmırdı”.14

Həmçinin İmam Baqir (ə) özü də əziz anasını vəsf edərək buyurur: Bir gün anam divar kənarında oturmuşdu. Qəfildən divar çökmək istədi lakin o əlini divara qoyub dedi Mustafanın (s) haqqına and verirəm çökməyə icazən yoxdur. Divar yerində durdu anam kənara çəkildikdən sonra divar uçdu.15

TƏRBİYƏVİ MƏNŞƏYİ

Məlumdur ki, iki tərəfdən pak imamət sülaləsinə çatan bir mühütdə böyüyən övlad hansı kamala və üstün məqamə çatacaq. İmam (ə) uşaqlıq dövründən əziz atasının tərbiyəsindən əlavə babası həzrət İmam Hüseynin (ə) də tərbiyəsindən bəhrələnmiş və üç yaxud beş yaşına qədər İmam Hüseynin (ə) pak nəfəsini duymuşdur.16

O ata-anasının, babasının, əmiləri və pak imamət ailəsinin üzvləri yanında ən gözəl tərbiyə almış və bu ailənin hər növ mənəvi gözəlliyindən bəhrələnmişdir.

O AŞURA GÜNÜ KƏRBƏLADA İMAM HÜSEYNİN (Ə) SƏSİNƏ SƏSLƏNİRDİ

İmam Hüseynin (ə) azadlıq karvanı Kərbəlaya doğru gedirdi. Zamanın əqrəbləri hicrətin 61-ci ili Məhərrəm ayının onunu göstərirdi. Tarix isə özünün ən qırmızı rəngini Kərbəla pərdəsinə çəkərə onu al-qana bürüyürdü. Tarixin ən böyük faciəsi olduğu kimi həmin gün İmam Baqirin (ə) həyatının da ən ağır hadisəsi idi. O həmin gün idi ki, üç yaşından çox olmayan bir uşaq həmin faciəni öz gözləri ilə görür və “İlahi bizdən bu kiçik qurbanı qəbul et” deyərək, tarixin qulağının pərdəsini titrədən qəmgin əks-sadanı qulaqları ilə eşidirdi. İmam Səccada (ə) həzrət Zeynəbə (əs) ən ağır anlar yaşadan tarixin o anında bu uşaq da onların qəminə şərik idi. Göz yaşları qurumasa da bu göz yaşları böyük bir qələbədən xəbər verirdi. İmam Baqir (ə) uşaq olmasına baxmayaraq o da həmin gecə gözlərini yunmayıb aşiqlərin öz məşuqlarına dedikləri ləbbeyk sədalarına qulaq asırdı.

İmam Baqir (ə) qadınlar və uşaqlarla birlikdə əsir olaraq Kərbəladan vəfasızlar şəhərinə yəni Kufəyə aparılırdı.

Atası İmam Zeynul-Abidin (ə) və böyük bibisi həzrət Zeynəbi Kübra (əs) nəfəsləri sinələrdə dondurub Yezidin bütün planların alt-üst edən söhbətlərinə qulaq asdığı zaman17 zalımlarla mübarizə məktəbində haqqı müdafiə etmək üçün yeni bir dərs öyrəndi.

Yezid məğrur halda İmam Səccada (ə) üzünü tutub dedi: ey Əli! Vəziyyəti necə görürsən? İmam Səccad (ə) buyurdu: “Böyük Allah göyləri və yeri yaratmamışdan qabaq təyin etdiyi kimi görürəm”.

Bu sözdən qəzəblənən Yezid nalayiq söz dilinə gətirdi. Sonra ətrafındakılarla məsləhətləşib İmam Səccad (ə) ilə nə edəcəyi haqqında qərar çıxarıb, onun qətlinə əmr verdi.

Hadisələri diqqətlə izləyən kiçik yaşlı İmam Baqir (ə) yerindən qalxaraq Allaha həmd səna etdikdən sonra qısa lakin məna dolu bir cümlə ilə etiraz etdi. O belə buyurdu: “sənin vəzirlərin Fironun vəzirlərinin əksinə nəzər verdi. Çünki onlar Musa və Harun haqqında Firona belə cavab verdilər: اَرجِه و اَخاهُ و اَرسِل فی المَدائِنِ حاشرینَ – Ona və qardaşına möhlət ver və şəhərlərə elçilər göndər (Əraf, 111). İmam (ə) əlavə edərək buyurdu: lakin sənin vəzirlərin bizim qətlimizə fərman verdilər ki, bunun özü də səbəbsiz deyil.

Bu uşağın sözlərindən təəccüblənən Yezid (lə) bunun səbəbini soruşduqda İmam Baqir əleyhissalam cavabında buyurdu: “çünki onları nəcabətli və düşüncəli qadınlar doğmuşdu lakin sənin vəzirlərini iffətsiz qadınlar doğub. Peyğəmbərləri və övladlarını da yalnız iffətsizlərin övladları öldürər.

Vəhy xanədanından çıxan bu uşağın düşünülmüş cavabı Yezidin başını aşağı saldı18 və azyaşlı uşağın sözləri zalım xəncəri ilə atasının boynun vurulmasının qarşısını aldı.

İMAM BAQİRİN (Ə) HƏYAT YOLDAŞI VƏ ÖVLADLARI

Tarix kitablarında İmam Baqir əleyhissalam üçün iki həyat yoldaşı və iki kəniz zikr olunub:

1. Ümmü Fərvə: O, Qasim ibn Muhəmməd ibn Əbi Bəkrin qızı idi. Atası məsum İmamların (ə) və Peyğəmbəər (s) ailəsinin dostlarından idi. İmam Rza (ə) o xanımın haqqında buyurub: “O vilayət və imamətə etiqadı olan bir şəxs idi”.19

2. Ümmü həkim, Useyd ibn Muğəyrə Səqəfinin qızı.

Tarixdə İmam Baqirin (ə) övladlarının sayını yeddi nəfərə qədər qeyd etmişlər ki, onlardan beşi oğlan ikisi qızdır. Adları aşağıdakı kimidir:

1. Cəfər ibn Muhəmməd Sadiq (əleyhissalam)

2. Abdullah ibn Muhəmməd: O, İmam Sadiqin (ə) anabir qardaşıdır ki, anaları Ümmü Fərvədir20. Abdullah da saleh və pak insan kimi tanınmışdır.21 Onun haqqında rəvayət olunur ki, Bəni Üməyyədən bir dəstə onu zəhərləyərək şəhid etmişlər.

3. İbrahim ibn Muhəmməd.

4. Ubeydullah ibn Muhəmməd. İbrahim və Ubeydullahın anası Ümmü Həkim olmuşdur.

5. Əli ibn Muhəmməd.

6. Zeynəb binti Muhəmməd.

7. Ümmü Sələmə.

Son üç nəfərin anası isə Ümmü Vələd (kəniz) olmuşdur.22

HƏZRƏTİN İMAMƏT DÖVRÜ

Həzrət Zeynul-Abidin İmam Səccadın (ə) şəhadətindən sonra həzrət İmam Baqir əleyhissalam imamət məqamına çatdı. Bu hadisəni hicrətin 95-ci ilinə qeyd edirlər.23 Başqa sözlə desək İmam Baqir (ə) 37 yaşında şiələrin rəhbərlik vəzifəsini öhdəsinə götürdü24, bu zaman İslam cəmiyyəti zalım əməvilərin zülmündən fəryad edirdi.

İMAM BAQİRİN (Ə) İMAMƏTİNİ TƏSDİQ EDƏN HƏDİSLƏR

Bu hədisləri üç qismə bölmək olar.

1. Birinci qism Əhli-Beytin (ə) imamətini çatdıran hədislərdir. Bu hədislər çoxdur və onların da çoxu həzrət Peyğəmbərimizdən (s) nəql olunub. Peyğəmbərin (s) nəql etdiyi hədislər içərisində də şiələrin bütün imamlarının adı çəkilmiş və imamətliyi sabit olmuşdur. Bu hədislərdən birinə nümunə olaraq aşağıdakı hədisi qeyd edirik.

“Günlərin birində, bir yəhudi Peyğəmbərdən (s) sonra müsəlmanlarınn imamları və haqq canişinlərinin kim olduğunu o həzrətdən soruşmaq üçün o həzrətə sual verdi: sizin canişinləriniz kimdir? Peyğəmbər (s) cavab verdi: mənim canişinim Əbu Talibin oğlu Əli (ə), ondan sonra Həsən (ə), sonra Hüseyn (ə) və ondan sonra Hüseynin (ə) nəslindən olan doqquz imam olacaqlar. Sonra Peyğəmbər (s) bir-bir onların adlarını saydı”.25

2. İkinci qism, İmam Baqirin (ə) özü haqqında olan hədislərdir. Onlardan ən məşhur olanı yuxarıda qeyd etdiyimiz kimi əhli-sünnə və şiə mənbələrində qeyd olunan hədisdir ki, Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsariyə xəbər vermişdir.

3. Üçüncü qism isə İmam Baqirin (ə) öz dili ilə öz imaməti haqqında nəql olunan hədislərdir. Biz yalnız ikisi ilə kifayətlənirik.

İmam Baqirdən (ə) nəql olunan hədislərin birində belə oxuyuruq: (atam) Əli ibnul Hüseynin (ə) ölüm anı çatanda mənə bir sandıq verərək buyurdu: Ey Muhəmməd, bu sandığı apar. Dörd nəfər o sandığı apardı. Dünyadan köçdükdən sonra qardaşları iddia etdilər ki, sandığın içində olanlardan bizim payımızı ver. İmam Baqir (ə) buyurdu: Allaha and olsun ki, onda sizin əsla payınız yox idi. Çünki, əgər olsaydı onu mənə verməzdi. O sandıqda Peyğəmbərin (s) silahı və qeydləri var idi.26

Başqa bir hədisdə İmam Baqir (ə) belə buyurub: “Atam mənə buyurdu: mən dünyadan köçəndə səndən başqa kimsə mənim qüslumu öhdəsinə götürməsin. Çünki, imama imamdan başqa kimsə qüsl verə bilməz və bil ki, qardaşın Abdullah camaatı özünə tərəf çəkəcək. Amma sən onunla işin olmasın ki, ömrü çox qısa olacaq. Atam dünyadan köçdükdən sonra buyurduğu kimi bədəninə qüsl verdim və Abdullah da imamət iddiası etdi. Lakin az bir müddət sonra dünyadan getdi...”.27

Hazırladı: R.Mahmudzadə

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

1 - Əbu Əli Fəzl ibnul Huseynil Təbrəsi, Ə`lamul Vəra Bi-Ə`lamul Huda, Beyrut çapı, Darul Mərifə nəşriyyatı, 1399 h.q, s259,

2 - Muhəmməd Baqir Məclisi, Biharul Ənvar, c46, s212, Dəlailul İmamə, s94

3 - Əbil Həsən ibn ibn İsa ibn Əbil Fəthul Ərbəli, Kəşful Ğummə fi Mərifətil Əimmə, c2, s318.

4 - Biharul Ənvar, c46, s227

5 - Əhməd ibn Əbi Yəqub, Tarixul Yəqubi, III çap, c2, s290.

6 - Sibt ibnil Cozi, Təzkirətul Xəvas, s337

7 - Biharul Ənvar, c46, s216.

8 - Allahın Peyğəmbərinə (s) çox oxşadığı üçün. Mənaqibi ali Əbi Talib, c4, s227

9 - Əl-Fusulul Muhummə, c2, s881.

10 - Həmin mənbə, s881. Biharul Ənvar, c46, s220

11 - Kəşful Ğummə, c2, s317

12 - Təzkirətul Xəvas, s336

13 - Ə`lamul-Vəra, s259. Biharul-Ənvar, c46, s212. Lakin bəziləri onu Həsən ibn Həsənin(ə) (Həsənun musənna-ikinci Həsənin) qızı kimi də qeyd etmişlər. Təzkirətul-Xəvas, s336

14 - Şeyx Abbas Qumi, Muntəhiyəl Amal, c2, s173

15 - Biharul-Ənvar, c46, s217. İsbatul-Vəsiyyə, s331.

16 - Ə`lamul-Hidayəh, c7, s45

17 - Əl-İhticac, c2, s117. Biharul-Ənvar, c45, s112

18 - Nəfsul-Məhmum, s276

19 - Biharul-Ənvar, c46, s366

20 - Əl-Fusulul-Mühümmə, c2, s905

21 - Əl-Mufid Min Möcəmin Ricalul-hədis, s347

22 - Mənaqibun Ali Əbu Talib (ə), c4, s228. Əl-İrşad, c2, s250.

23 - Əl-İrşad, c2, s201

24 - Ə`lamul-Vəra, s259

25 - Yənabiul-Məvəddəh, s444

26 - Usuli Kafi, c2, s453

27 - Kəşful-Ğummə, c2 s347

Tags: İMAM BAQİR (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!