İMAM ƏLİ(ə)NİN HƏYATINA QISA BİR BAXIŞ

:

TƏVƏLLÜDÜ

Peyğəmbərimizin hicrətindən 23-il qabaq, cümə günü rəcəb ayının 13-də Əbu Talibin ailəsində təkcə Məkkəyə yox, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi.

Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb adlı bir şəxs belə deyir: “Abbas ilə oturmuşduq, birdən Əsəd qızı Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi: “Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən Peyğəmbərin (İbrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişini mənim üçün asan et!”
Elə həmin anda Allah evinin divarı yarılaraq, Fatimənin oraya girməsini, daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürətlə Kəbəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyacanla gözləyirdi. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəbədən bayıra çıxıb dedi:
“Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi.”
Fatimə bint Əsəd evinə döğru gedən zaman ətrafına yığışan qadınların “Uşağın adını nə qoyacaqsan?” – deyə verdikləri suala belə cavab verdi: “Allahin evində olduğum vaxt qeybdən bir səs eşitdim: “Uşağın adını Əli qoy!”
Bəli, haqqında danışdığımız uşaq həzrət Əlidir (ə). O ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, Həzrətin özü bu barədə “Nəhcül-bəlağə ”də belə buyurur: “Uşaqlığımda Peyğəmbər (ə) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı.”

UŞAQLIQ DÖVRÜ

Həzrət Əli (ə) bu dövr barədə belə buyurur:
“Peyğəmbər hər il Hira mağarasına gedər və onu məndən başqa heç kəs görməzdi. İslamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər (s) ilə həyat yoldaşı həzrət Xədicə müsəlman olmuşdu. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.”
Peyğəmbərin qohumlarını İslama dəvət etmək üçün Allah əmri nazil olanda, Əli (ə) Peyğəmbərin yaxın adamlarından qırx nəfərini o həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu.
Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək belə buyurdu:
“Ey Əbdülmüttəlib övladları, Allah mənə sizləri çağıraraq İslamı tanıtdırmağımı əmr etmişdir. Hər kəs mənə kömək edib dinimə iman gətirsə, mənim qardaşım və xəlifəm olacaqdır.”
Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Əlidən başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb Həzrətin əlindən tutan və ona iman gətirdiyini elan edən yeganə şəxs hələ uşaq yaşında olan Əli (ə) idi. Elə bu əsnada Peyğəmbərimiz belə buyurdu:
“Əli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin!”

GƏNCLİK DÖVRÜ

Həzrət Əli (ə) artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eyni ilə bir kəpənəyin şamın başına fırlandığı kimi həzrət Əli (ə) də həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən İslamın və Peyğəmbərimizin xeyrinə istifadə edirdi.
Misal üçün Hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin ətrafında gəzib onun vücudunu qoruyan və düşməni qorxudan təkcə Əli (ə) idi.
Xeybər müharibəsində kafirlərin başçısı olan, eləcə də hamının güc və cəsarətindən qorxduğu Mərhəbı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb-bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi.
Buna oxşar yüzlərlə misal həzrət Əlinin iman və fədakarlığının açıq sübutudur.

ƏLİNİN (Ə) FƏDAKARLIĞI

İnsan məhz özünü çox sevdiyi və canını başqasına fəda etmədiyi bir halda, həzrət Əli (ə) İslamı və Peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını Peyğəmbərin yolunda fəda etməyə həmişə hazır idi.
Bu hadisə Məkkə müşriklərinin özlərini məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi.
Onların hamısı Darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər: “Gecə vaxtı Peyğəmbərin evinə yürüş edərək onu öldürmək üçün hər qəbilədən bir nəfər seçiləcəkdir. Beləliklə bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim qisas almağa təşəbbüs göstərməyəcəkdir. ”
Onların bu planını Allah öz peyğəmbərinə bildirmiş və ona gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etmişdi. Lakin Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan etibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız həzrət Əli (ə) öz öhdəsinə götürə bilərdi.
Məhz elə buna görə də Peyğəmbər (s) əhvalatı Əliyə (ə) danışdı. Bu fədakar və mömin cavan üzündə təbəssüm sevinərək bu işi bütün varlığı ilə qəbul etdi.
Gecənin qaranlığı hər yeri bürümüşdü. Əli (ə) Peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s) də artıq evindən çıxıb Məkkənin bayırında olan Sur mağarasına getmişdi. Qüreyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq həmləyə hazırlaşmışdı.
Əmr verildikdə onların hamısı siyrilmiş qılınclarla Peyğəmbərin evinə girib yatağına tərəf hücum etdilər. Lakin yataqda uzananın Əli olduğunu gördükdə sarsılmış və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlılarını o həzrətin dalınca göndərmişlər. Lakin çox keçmədi ki, əliböş və ümidlərini itirərək geri qayıtmışdılar.

ƏLİ (Ə) VƏ ALLAH YOLUNDA MÜHARİBƏ

İslam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə müxalifdir. Bu din günahsız bir insanı öldürən kimsəyə belə ağır cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda o zaman bu müqəddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. Bu isə islami cihadın bir hissəsidir.
Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində Əli (ə), saf ruhlu bir igid kimi, Peyğəmbərlə çiyin-çiyinə İslam yolunda var qüvvəsi ilə döyüşürdü.
O, Allahdan başqa bir şeydən qorxmayan mömin bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. O, belə deyərdi: “Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm.”

ƏLİNİN (Ə) ƏDƏBİ

İslam hökumətinin mərəzi Kufə şəhəri idi. Elm öyrənmək üçün dünyanın hər tərəfindən bu böyük İslam mərkəzinə axışırdılar. Bir gün şəhər qırağında iki nəfər bir-birilə rastlaşdı. Bunlardan biri Əli (ə) o birisi isə onu tanımayan bir xristian idi. Xristian Kufə şəhərinin ətrafındakı bir məntəqəyə, Əli (ə) isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladı. Yol ayrıcına çatdıqları vaxt xristian “Xudahafiz ” – deyib yoluna davam etdi. Ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla birgə gəldiyini görüb heyrətlə soruşdu: ”Məgər siz Kufəyə getmirdiniz?”
Əli (ə) dedi: “Bəli!” Xristian: “Bəs onda nəyə görə bu tərəfdən gəlirsiniz?” – deyə soruşduqda həzrət Əli (ə) cavab olaraq buyurdu:
–Bir az səninlə birgə yerimək istəyirəm. Çünki Peyğəmbərimiz belə buyurub: “İki nəfər yol yoldaşı olduqda bir-birlərinə haqq sahibi olurlar. İndi sənin mənim boynumda haqqın var ki, mən də bu haqqı ödəmək üçün səninlə bir az gələcəyəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm.”
Həzrət Əlinin (ə) bu insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: “ İslam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər ali insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm.” Yoldaşının İslam rəhbəri həzrət Əli (ə) olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Əlinin (ə) hüzurunda İslamı qəbul etdi.

HƏZRƏT ƏLİNİN (Ə) ÖZÜNÜ ƏLƏ ALMASI

İnsan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olur. Lakin qəzəbli, əsəbi hallarda insanın haqqı görməsi və Allahı xatırlaması olduqca çətin və ağır məsələdir. Buna görə də cinayərlətin çoxu adətən insanın normal vəziyyətdən çıxdığı vaxt baş verir.
Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş Əli (ə) kimi ülvi bir insanın rəftar və davranışı da digər insanlardan fərqlidir. Hər hansı bir vəziyyətdə olursa olsun yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çəkinirdi.
İstər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə onun üçün heç bir fərqi yox idi. Məsələnin daha da aydınlaşması üçün o həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək:
Bütün Mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq düşmənin yolunu bağlamaq üçün su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb cəngavəri Əmr ibn Əbdəvüd əsgərlər arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə heç kəs cürət etmirdi.
Elə bu vaxt həzrət Əli (ə) mətin addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu: “Ey Əmr! Başından yekə danışma! Səninlə döyüşmək istəyən yanındadır!”
Əmr həzrət Əliyə baxıb lovğa-lovğa dedi: “Geri qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam.”
Əli (ə) ona belə cavab verdi: “Allaha and olsun, mən isə səni öldürmək istəyirəm.”
Bu sözdən hirslənib atından düşən Əmr qılıncını siyirərək həzrət Əliyə hücum etdi. Lakin qılınc şiddətlə Əlinin qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı.
Daha sonra həzrət Əli (ə) onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. Bu zaman Əmr Əlinin (ə) mübarək üzünə tüpürdü. Əli (ə) birdən Əmrin sinəsi üstən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Əmrə tərəf getdi. Əmr soruşdu: “O cür zərbədən sonra məni buraxmağının mənası nədir?”
Əli (ə) belə buyurdu: “Ey Əmr! Mən Allah üçün qılınc çəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Əgər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. Buna görə də sinən üstən qalxdım və bir az yeriyib hirsimi yatırtdım.”
Əlinin (ə) şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhləvanı Əmrə çox böyük təsir etmişdi. Hamı, istər dost, istərsə də düşmən, həzrət Əliyə diqqət yetirirdi. Dostların dilindən təkbir səsləri ucalarkən düşmənlərin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırlamışdı. Həzrət Peyğəmbər (s) Əlinin (ə) bu səciyyəvi qələbəsi haqqında belə buyurmuşdu:
“Əlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha üstündür.”

HƏZRƏT ƏLİNİN (Ə) MEHRİBAN OLMASI

Əlinin (ə) müharibə meydanında gösrərdiyi qəhramanlıq və igidliyini müşahidə etdik, lakin qəhraman və qorxmaz bir insan əgər mərhəmətli və mehriban olmazsa, o qəhrəmanlığın heç bir dəyəri yoxdur. O, müharibə meydanında yeridikdə yaralıların, acların və susuzların halına diqqət yetirirdi. Azğın düşmənləri öldürər, ac yaxud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi.
Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi.
Məhz elə buna görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən almağa müvəffəq olduğu halda, əsgərlərinə əmr etdi ki, onu bağlamasınlar və düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar.
Bu zaman Əlinin (ə) ordusunda olanlar etiraz edib dedi: “Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdi. Əgər eyni işi biz də görsək, biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu fürsətdən istifadə edək.”
Əli (ə) onların cavabında belə buyurdu: “Yox, biz düşmənlə kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Əgər onların gördüyü işi biz də görməli olsaq, o zaman onlarla aramızda olan fərq nədir? Bilin ki, bütün işlər Allah üçündür və biz də onun əmrinə zidd rəftar etməməliyik.”

ƏLİNİN (Ə) RƏHBƏRLİK DÖVRÜNDƏKİ DAVRANIŞLARI
1. XALQ İLƏ BİRGƏ

Bütün çətinliklərə baxmayaraq Əli (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır dərdləri, çətinlikləri ilə yaxından tanış olurdu. Heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik etməzdi. Hətta onların maaşlarını da beytül-maldan verərdi. Dostlarına da dostluqlarına görə, güzəştə getməzdi. Ətrafındakılara isə həmişə xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. Qurana zidd olan işləri əsla bağışlamazdı.
Misal üçün Sudə adlı bir qadın haqqını almaq üçün onun yanına gəldikdə Həzrət namaz qılırdı. Əli (ə) namazını tez qurtarıb təbəssümlə ondan soruşdu. “Nə istəyin var?” Gözü yaşlı Sudə vergi məmurundan və onun etdiyi zülmlərdən o həzrətə şikayət etdi.
Həzrət Əli (ə) elə həmin yerdə ağlayaraq buyurdu: “Allahım! Sən şahidsən ki, mən onlara Sənin bəndələrinə zülm etməmələrini əmr etmişəm.“ Sonra bir dəri parçası götürüb məmurunu vəzifəsindən azad etdiyini yazıb məktubu Sudəyə verdi ki, aparıb həmin məmura versin. Daha sonra Əli (ə) belə buyurdu: “Allaha and olsun, əgər əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi bacarmasam, bu vəzifə mənim üçün bu köhnə ayaqqabıdan da dəyərsiz olacaq. Rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. Bu məqam ona görədir ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edim.”

2. AYRI-SEÇKİLİYİN ARADAN QALDIRILMASI
Xalq həzrət Əliyə (ə) beyət etdikdə o həzrət minbərə çıxıb buyurmuşdu:
–Allaha and olsun, o zamana qədər ki, Mədinədə tək bir xurma ağacım var, özümə beytül-maldan bir şey götürməyəcəyəm!
Qardaşı Əqil ayağa qalxıb dedi: “Məni Mədinədə yaşayan zənci ilə bir tutursan?” Əli (ə) belə buyurdu:
–Otur qardaşım, sənin o zənci ilə müqayisədə iman və təqvadan başqa heç bir üstünlüyün yoxdur. Daha sonra Əli (ə) elan etdi ki, hökumətində ayrı-seçkiliyə yol verməyəcəkdir.
Yenə bir yay axşamı qardaşı Əqil, qardaşını evinə şama qonaq çağırmışdı. O güman edirdi ki, bununla da maaşının çoxaldılmasını həzrət Əliyə (ə) qəbul etdirə biləcəkdir. Əli (ə) belə buyurdu: “Hazırladığın bu şamın pulunu haradan qazanmısan?”
Əqil cavabında belə dedi: “Mən və arvadım öz şəxsi xərclərimizi azaldıb qalan pulu yığıb sənə yaxşı yemək hazırlamaq istədik.”
Həzrət Əli (ə) belə buyurdu: “Sabahdan sənin aylıq maaşını sənə kifayət edəcək qədər verəcəyəm (yəni azaldacağam). Çünki etiraf etdiyinə görə bir az qənaət edəndə daha az xərcləyirsən.”
Əqil qardaşının sözlərindən hirslənib çığır-bağır salmağa başladıqda həzrət Əli (ə) yanındakı dəmiri odda qızdırıb qardaşının əlinə basdı. Əqil qışqırıb “Vay yandım!” – dedi. Həzrət Əli (ə) bu zaman belə buyurdu: “Qəribədir, sən mənim yandırdığım oddan qorxub qışqırdığın halda necə olur ki, öz rahatlığın üçün Allahın mənə hazırladığı əzab odunda yanmağıma razı olursan. Bu var-dövlət xalqındır və mən də onların etibar etdikləri adamam.”
Yenə də şahid oluruq ki, onun yanında çalışan məmurlardan bəzisi Həzrətin bu mövqeyinə etiraz edib belə deyir: “Əgər üsyan edənlərə və qoşun başçılarına bir az artıq qiymət versəydin, yenicə qurulmuş bir İslam sistemini daha yaxşı idarə edərək qüdrət və ədalətlə hökumətə rəhbərlik edə bilərdin.”
İmam Əli (ə) isə onların cavabında buyururdu: “Çox qəribədir, siz məndən İslam naminə qurulmuş hökumətin təməlini zülm və ədalətsizlik üstündə qurmağımı tələb edirsiniz?! Allaha and olsun ki, əsla bu işi görmərəm! Hətta bütün müsəlmanların dövləti mənim olsa belə yenə də belə bir işə girmərəm. Halbuki bu mallar xalqındır və mən onların etibar etdiyi bir nəfərəm.”
Bir gün Bəsrə valisi Hüneyfin oğlunun əşraflardan birisinin qonağı olduğunu və fürsətçi qaniçənlərin isə onun siyasi mövqeyindən istifadə edəcəklərini eşitdikdə həzrət Əli (ə) çox hirsləndi və onu məzəmmət edəcək bir məktub yazıb onun üçün göndərdi: “Eşitmişəm yoxsulların olmadığı dövlətlilərin süfrəsində oturursan. Bunu bil ki, sənin rəhbərin və imamın olan mən, əgər istəsəm ən yaxşı və ləziz yeməkləri yeyə bilərəm. Amma mən heç vaxt bu işi görmədim. Çünki məmləkətdə ac qarına yatanlar ola bilər. Mən sizin dünyanıza təkcə xurma və çörəkdən ibarət az bir xörəklə və sadə bir paltarla qənaət etdim. Siz mənim kimi ola bilməsəniz də çalışın ki, yolunuz məndən ayrılmasın.” Həzrət Əli (ə) bu məktubla ona xəbərdarlıq edərək öz rəhbərlik borcunu yerinə yetirdi.
İmamın (ə) həyatı başdan-başa ədalətlə zəngindir. Bir gün o həzrətin düşməni Müaviyə onun əshabından biri olan Ədiy ibn Hatəm ilə qarşılaşıb ona belə sual verdi: ”Əlini hökumət və xəlifəliyi zamanında necə gördün?” O, isə cavabında “Quldurlar onun hökumətində quldurluq edə bilməz, gücsüzlər isə onun ədalətindən həmişə faydalanıb ümidsizliyə düşməzdi.” – deyə söylədi.
Həzrət Əli (ə) özü də həmişə belə buyurardı: “Xalq məni özünə rəhbər və xəlifə seçdiyi halda, camaatın dərdlərinə, çətinliklərinə şərik olmağım zəruri deyilmi?”
Tarixdə məlum olduğu kimi, bir gün qoşun başçıları keçmiş səhabəsi olan İbn Abbas ilə birlikdə o həzrətin hüzuruna gəldikləri zaman rəhbərlərinin ayaqqabısını yamamaqla məşğul olduğunu gördülər. Əli (ə) onlara belə buyurdu: “Bu ayaqqabının dəyəri nə qədərdir?”
İbn Abbas dedi: “Onun dəyəri bir neçə dirhəmdən artıq olmaz.”
Əli (ə) buyurdu: “Allaha and olsun ki, əlimdə olan bu vəzifədən zülmün qarşısını almaq və haqqı bərpa etmək üçün istifadə edə bilməsəm, mənim üçün bu ayaqqabıdan daha dəyərsizdir.”
Yəni bu məqam və rəhbərlik mənim üçün hədəf olmayıb, yalnız məhrum xalqların xeyrinə istifadə etmək üçün yeganə vasitədir.

3. ŞİKAYƏTLƏRİ ARAŞDIRMAQ

Həzrət Əli (ə) öz hökuməti və rəhbərliyi dövründə şəxsən şikayətləri dinləyərək məsələləri özü həll edərdi.
Əgər bir nəfərin şikayəti olsaydı, İmamın yanına rahatlıqla gəlib şikayətini ona söyləməsi üçün, yayın isti günlərində xalqın istirahət etdiyi bir divarın kölgəsində oturardı.
İsti günlərin birində Həzrət yenə də bir divarın kölgəsində oturmuşdu. Bir qadın ona tərəf gəlib narahatlıqla dedi: ”Ərim mənə zülm edib bu istidə evdən bayıra atıb.” O, həzrət Əlidən (ə) bu məsələni həll etməsini xahiş etdi.
Həzrət Əli (ə) belə buyurdu: “ Ay xanım, hava çox istidir. Hava sərinləyənə kimi dözə bilsən, yaxşı olar. Onda mən də səninlə birlikdə bu məsələyə sərəncam çəkərəm.”
Qadın belə dedi: “Qorxuram ərim yenə hirslənsin. Əgər mümkünsə tez gedək!”
Əli (ə) qadına belə buyurdu: ” Yaxşı, sən get! Mən də dalınca gələrəm.“ Əli (ə) o qadınla birlikdə gedib o cavan oğlanın qapısını döydü. Qapıya gələn ev yiyəsi Əlini (ə) tanımamışdı. Amma başa düşmüşdü ki, arvadı bu kişini köməyə çağırıb.
Əli (ə) ev yiyəsinə belə dedi: “Bu xanım deyir ki, sən onu evdən qovmusan. Mən sənə nəsihət verib Allahdan qorxub arvadınla yaxşı rəftar edəsən deyə gəlmişəm.” Məğrur cavan Əliyə (ə) pis sözlər söylədikdən sonra dedi: “Bunun sənə heç bir dəxli yoxdur. Mən istədiyim işi görərəm. Hələ üstəlik səni də öz yanıda gətirdiyinə görə, vay olsun onun halına!”
İmam (ə) cavan oğlanın sözlərindən narahat olub etiraz edərək səsini ucaltdı və onu cəzalandırmaq üçün əlini qılıncına tərəf apardı. İmamın səsini eşidən camaat evlərindən bayıra çıxmağa başladı. Camaat Əlini (ə) görüb ehtiram ilə qabağa gəlib salam verdi. Bunu görən cavan oğlan başa düşdü ki, qarşısında duran adam həzrət Əlidir. Bilmirdi ki, nə eləsin. Əlinin ayaqlarına düşüb üzr istəməyə başladı: “Nə əmr etsəniz itaət edəcəyəm və bundan belə arvadımla yaxşı rəftar edib onu narahat etməcəyəm.”
Əli (ə) isə belə buyurdu: “İnşallah elə olarsan!” Daha sonra qadına tərəf dönüb dedi: “Evinə qayıt. İnşallah sən də ərinə yaxşı bir arvad olarsan!“

QƏDİR-XUM HADİSƏSİ

Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasiminin təntənəli bir şəkildə yerinə yetirilməsi üçün Allah evinə getmişdi. Çünki Peyğəmbərin sonuncu həcci idi. Mərasimlər nizam-intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabı Mədinəyə qayıdırdı. Yol boyu Peyğəmbərimiz ümməti üçün vəfatından sonra baş verəcək hadisələrdən ötrü çox nigaranlıq keçirirdi.
Xalq arasındakı münafiqlər və onun ölümünü gözləyənlər xilafət və rəhbərliyi əsl yolundan azdırmaq üçün qabaqcadan planlar hazırlamışdı.
O, dost paltarına bürünüb ona hörmət edən münafiqləri görür, amma müşriklərin “Mühəmməd öz adamlarını öldürür ” – demələrinin qabağını almaq üçün səsini çıxarmırdı. O, bir tərəfdən gələcəkdəki hadisələri görür, digər tərəfdən isə Allahın Əli (ə) haqqında əmr etdiyi vəzifəni yerinə yetirmək məcburiyyətində qaldığını hiss edirdi.
Həmin göstəriş Əlini (ə) xəlifə təyin etmək idi. Onu özünə xəlifə və canişin seçməklə, “Peyğəmbər bizi xəlifəliyə seçdi.” – deyib xalqın arasında şək-şübhə yaradanların planlarını puça çıxarmaq niyyətində idi.
Vəhy mələyinin Peyğəmbərin ruh və qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əks-səda verir: “Böyük bir vəzifən, borcun var. Əgər onu yerinə yetirməsən, elə bil risalətini təbliğ etməmisən. Bil ki, Allah səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır.”
Bəli, bu risalət günəşinin canişini, vəkili, vilayət günəşi olmalı idi ki, Peyğəmbərin (ə) bütün kamal və dəyərlərinə sahib idi. Bu şəxsiyyət Əli ibn Əbu Talibdən başqa kim ola bilərdi? O Əli ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tərifləyib buyurmuşdu: “Əli ümmətimin ən bilicisidir. Mən elimin şəhəriyəm, Əli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Əliyə müraciət etsin!“
Elə buna görə də Əli (ə) minbərdə həmişə belə deyərdi:
–Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!
Allahın əmrinə görə həzrət Peyğəmbər (s) Allahın buyurduğu şəkildə İslam dinini kamilləşdirmək üçün Əlini (ə) xəlifəliyə seçmək qərarına gəldi. ”Qədir günü” Allahın öz Peyğəmbərini təbrik edib müjdə verərək “Bu gün İslam dinini mükəmməl edib sizlərə nemətimi tamamladım.” – dediyi gün olaraq tarix səhifələrinə yazıldı.
Demək, bu müqəddəs bir qayıdış eləcə də çox bərəkətli bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idi.
Onların hamısı zil-həccə ayının 18-də Cöhfə deyilən yerdə Qədir-Xum adlı məntəqəyə çatdıqları vaxt Peyğəmbər (s) karvanların dayanmasını əmr etdi. Peyğəmbərin əmrilə hamı o isti havada dayanıb öz-özlərinə fikirləşirdi ki, “Mütləq əhəmiyyətli bir məsələ vardır ki, Peyğəmbər bizi bu istidə saxlamışdır.” Onların düşündükləri kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi.
Peyğəmbər üçün dəvələrin cihazından ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün yerləşdirdilər. Bununla da orada onların hamısı həmin sözləri eşidəcəkdi.
Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu:
–Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var-qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanət) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar:
“Allahın kitabı və Əhli-beytim”.
Daha sonra hamının görə bilməsi üçün həzrət Əlinin əlini uca bir bayraq kimi qaldırıb buyurdu:
–Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Əli də onun mövlasıdır. Allahım! Əli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. İnşallah ki, eşidib qəbul edərlər!

ƏLİNIN (Ə) XƏLİFƏ SEÇİLMƏSİ

Qüdrət və vəzifəyə çatmaq üçün İslamı qəbul edən və özlərini Peyğəmbərlə birlikdə göstərməyə çalışanlar, xəlifəliyi Bəni-Haşim nəslindən almaq üçün gizli yığıncaqlar keçirdirdi.
Onlar planlarını həyata keçirtməkdən ötrü münasib bir fürsətin sorağında idi. Çünki bilirdilər ki, qarşılarında olan şəxsin İslama olan xidmətlərini hamı təsdiqləyib, Peyğəmbər onun haqqında tövsiyə edib və Qədir-Xum günündə hamı ona beyət etmişdir. Peyğəmbərin (s) vəfatından sonra həmin planlar ardıcıl surətdə həyata keçirilməyə başlamışdı. Belə ki, Əlini (ə) o yüksək şəxsiyyəti susmaq məcburiyyətində qoymuşdular. Çünki o, təkcə İslamı düşünür, məqam və vəzifəyə meyl göstərmirdi. Əgər məsələni qılıncla həll etməyə cəhd etsəydi, düşmənlərinin arzusunu yerinə yetirmiş olacaqdı. Yəni İslamdan heç bir əsər-əlamət qalmayacaqdı.
Əli (ə) və Fatimənin (s.ə) bu hadisələr qarşısında sükut etməsi, xüsusən də Osmanın hakimiyyətinə nüfuz etmiş Əməvi dövlət adamlarının vəzifələrindən sui-istifadə etmələri və ədalətsiz rəftarları xalqı ayıltmışdı və artıq hamı başa düşmüşdü ki, İslam xəlifəliyi siyasətçilərin əlində oyuncağa çevrilmişdir. Allah ilə Peyğəmbərin istəyi isə bu deyildir.
Nəhayət xalqın narazılığı ən yüksək zirvəsinə çatdığında inqilab qığılcımı xalq kütlələrinin ürəyində alovlanmağa başladı.
Hakim vəziyyətdən bezmiş xalq coşqun bir sel kimi Osmanın evinə tərəf axıb onu qılıncdan keçirmişdi.
Xalq o qədər coşmuşdu ki, Əlinin (ə) Osmanın canını qurtarmaq üçün göndərdiyi imam Həsən (ə) və imam Hüseynin (ə) belə sözünə qulaq asmamışdı. Camaat qılınclarından qan damarkən və həyacan oduna yanarkən Əlinin (ə) evinə tərəf axışıb böyük bir məhəbbət və sevinclə onu özlərinə xəlifə və rəhbər seçdi.

ƏLİNIN (Ə) HÖKUMƏTİ NƏ ÜÇÜN MƏĞLUBİYYƏTƏ UĞRADI?

Əli (ə) xalqın ona beyət etdiyi vaxt belə demişdi: “Mən haqqa əməl edəcəyəm və dinimi kimsənin dünyasına satmayacağam. Dəlilsiz heç kimi vəzifə başına qoymayacağam. Təkcə, onların keçmiş xidmətlərini nəzərdə tutacağam. Əgər məmurlarım xəta etsə, onları bağışlamayacaq dərhal vəzifələrindən azad edəcəyəm. Heç bir məzəmmətdən qorxmayıb qətiyyətlə rəftar edəcəyəm. Beytül-malı hətta öz oğluma belə dəlilsiz verməyəcəyəm!“ Amma təəssüflər olsun ki, həzrət Əlinin (ə) ədalətli hökumətini dünya malına düşkün olanlar bəyənməmişdi.
Onlar ilk addımda belə Əlini (ə) tək qoyub əleyhinə üsyan etməyə başladı. Təlhə və Zübeyr Osmanın intiqamını almaq bəhanəsilə Mədinəyə gedib Ayişəni bu işə qol qoyması üçün təhrik etmişdi. Onlar vaxtilə Peyğəmbərin həyat yoldaşı olan Ayişənin mövqeyindən istifadə edərək böyük bir qrupu öz ətraflarına yığıb qoşun ilə həzrət Əliyə hücum etmişdi.
Həmin müharibələr Əli (ə) ordusunda “xaricilər ”adlı bir qrupun meydana gəlməsinədək davam etmişdi. Bu qrup nə Əli (ə), nə Müaviyə, nə də Əmr ibn Ası xəlifəliyə layiq görürdü. Onlar “Hökm yalnız Allahındır ”şüarı altında qiyam etmək istəyirdi. Nəhayət onlar Əlini (ə) şəhid etdi. Amma Müaviyə və Əmr ibn Ası öldürə bilmədi. Beləliklə Əlinin (ə) hökuməti məğlubiyyətə uğurayaraq o həzrətin özü də ədalətinin qurbanı oldu. Yəni əgər Əli (ə), Müaviyə kimi, hiylə ilə hökumət etsəydi, heç kim onu öldürməyə cəhd edə bilməzdi.

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİ

Nəhrəvan müharibəsindən sonra “xaricilər”adlı bir qrup Məkkədə hər gün yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdı. Bir gün onlar öz aralarında belə fikrə gəldi ki, “Oturub ağlamağın mənası yoxdur. İslam hökumətini çevirib qardaşlarımızı öldürən adamları məhv etməliyik. Əvvəlcə Əli, Müaviyə və Əmr ibn Ası öldürmək lazımdır.“ Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda İbn Mülcəm ayağa qalxıb “Mən Əlini öldürəcəyəm“ – dedi. Daha sonra Əmr ibn Bəkri Təmimi “Mən də Əmr ibn Ası öldürəcəyəm” – söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı.
Onların üçü də and içib mübarək ramazan ayının 19-nu planlarını həyata keçirmək üçün münasib vaxt bildi. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandı. Təəssüflər olsun ki, o iki nəfər işlərində müvəffəq olmadı, amma İbn Mülcəm müvəffəq oldu.
İbn Mülcəm Kufəyə gəlib Əlinin (ə) düşmənləri ilə əlaqə yaradaraq ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.
Bir gün Əli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. İbn Mülcəm özünü gizlətmək istədisə də Əli (ə)onu görüb belə buyurdu: “Kufəyə nəyə görə gəldiyini bilirəm.“
Bu sözləri eşidən İbn Mülcəm qorxdu və ayaqları titrəməyə başladı. Əliyə (ə) belə dedi: “Onda ey Əli, əmr et ki, məni öldürsünlər ya zindana atsınlar ya da sürgün etsinlər.”
Əli (ə) ona baxıb belə dedi: “Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilərəm. Amma İslam dini cinayətdən qabaq qisası, öldürməyi rəva görmür. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən.“
Nəhayət hicri 40-cı ilin ramazan ayının 19-da İbn Mülcəm namazda səcdə halında olan həzrət Əlinin (ə) başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb həzrət Əlini şəhid edərək İslam dünyasını matəmə qərq etdi. Əlinin (ə) mehrabdakı “And olsun Allaha ki, artıq qurtuldum!” səsinin dalınca mələk Cəbrayılın səsi yüksəldi.
Camaat Əlinin (ə) qatilini tutub imam Həsən Müctəbaya (ə) təhvil verdi. İmamın (ə) yaralı bədənini isə öz evinə apardılar.
İmam Əli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: “Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın! Əgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın!”
Amma əfsus ki, Əli (ə) daha yaşamadı və ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəf-əşrəf şəhərində torpağa tapşırıldı.

İMAMDAN QISA KƏLAMLAR

1. Mömin sifətli cahillərdən çəkinin! Çünki onlar Allahdan qorxmayanlardır.
2. Allaha and olsun ki, məni mömindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz.
3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir.
4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur.
5. Müsəlman müsəlmanın aynasıdır. Əgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin!

İMAMIN ŞƏXSİYYƏTİ

Adı: Əli
Ləqəbi: Əmirəl-möminin
Künyəsi: Əbülhəsən
Doğulduğu tarix: Hicrətdən 23-il əvvəl
Xəlifəliyi: Hicrətdən 35-il sonra
Xəlifəlik müddəti: 5-il
Ömrü: 63-il
Şəhadəti: Hicri 40-cı ildə “xaricilərdən” İbn Mülcəm adlı bir şəxs tərəfindən şəhid edilmişdir.
Məzarı: İraq, Nəcəf şəhəri

AŞAĞIDAKI SUALLARA CAVAB VERİN
1. Niyə Əli (ə) Kəbədə dünyaya gəldi?
2. Peyğəmbərimiz (s) Əli (ə) haqqında öz əshabına nə buyurdu?
3. Əli (ə) nə üçün düşmənin sinəsinin üstündən qalxaraq həmin anda onu öldürmədi?
4. Əlinin (ə) əhəmiyyətli sifətləri, xüsusiyyətləri hansılardır?
5. Qədir-Xum hadisəsini necə qiymətləndirirsiniz?
Kitаbın аdı: On dörd məsumu tanıyaq

Müәllif: Seyid Mehdi Dadvər
Tәrcümә еdәn: A. Fəsihi

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!