QƏDİR XUM

:

Əziz İslam Peyğəmbərimiz (s) son həcc mərasimində olarkən Cəbrayıl (ə) O həzrətə (s) nazil oldu və Əlini (ə) öz canişinliyinə təyin etməsi barədə Allah-taalanın əmrini Ona çatdırdı.

Allah-taala Qurani-Kərimdə İslam peyğəmbərinə (s) xitab edərək buyurur:

یا ایها الرسول بلغ ما انزل الیک من ربک وان لم تفعل فما بلغت رسالته والله یعصمک من الناس ان الله لا یهدی القوم الکافرین.

"Ey peyğəmbər! Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi yerinə yetirməsən, onun risalətini yerinə yetirməmisən. Allah səni camaatın (şərrindən) qoruyub saxlayar. Və Allah heç vaxt (inatkar) kafir qövmü hidayət etməz."
(Maidə,67)
Həmçinin, buyurur:

اتیوم یءس الذین کفروا من دینکم فلا تخشوهم واخشونی الیوم اکملت لکم دینکم واتممت علیکم نعمتی ورضیت لکم الاسلام دینا. 

"Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim".(Maidə, 3.)
Lakin İslam peyğəmbəri (s) bu məsələnin onun bir qurup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu bilib, bu məsələni digər bir münasib vaxtda camaata elan etməsini qərara aldı.
Allah-taala "Təbliğ" (indiki "Maidə"/67) ayəsini nazil etməklə təkid etdi ki, əgər Peyğəmbər (s) bu məsələni indi camaata elan etməsə, həqiqətəndə öz ilahi peyğəmbərlik vəzifəsini yerinə yetirməmişdir.
Həmçinin, həzrət peyğəmbərə (s) ürək-dirək verərək onu qarşıya çıxa biləcək hər bir təhlükədən qoruyacağını vəd etdi.
Odur ki, İslam peyğəmbəri (s) həccdən qayıdarkən hacıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu "Qədir-xum" adlı bir məkanda dayanıb dəstədən qabağa düşənlərin geri qayıtması, dəstədən geri qalanların isə özlərini onlara çatmasını əmr etdi. Sonra dəvələrin palanlarını toplayıb üst-üstə yığaraq minbər düzəltdilər və İslam peyğəmbəri (s) həmin minbərə çıxaraq geniş bir xütbə oxudu.
Həzrət peyğəmbər (s) "Qədir Xum" xütbəsinbə buyurdu:

وانی مخلف فیکم ما ان تمسکتم بهما لن تضلوا: کتب الله وعترتی اهل بیتی وان اللطیف الخبیر اخبیر اخبرنی انهما لن یفترقا حتی یردا علی الحوض.

"Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Əgər onlara itaət etsəniz, heç vaxt yolunuzu azmazsınız. (Onlar) Allahın kitabı və mənim Əhli-beytimdir."
Xəbir (xəbərdar) və lətif olun Allah mənə xəbər vermişdir ki, onlar (Kövsər) hovuzunun kənarında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqlar.
Sonra buyurdu:

اللهم هل بلغت؟ 

"İlahi, görəsən, (öhdəmə qoyulan risaləti) çatdırdımmı?"
Daha sonar əlavə etdi:

الست اولی بکم من انفسکم؟ 

"(Ey camaat)! Mən sizin üçün özünüzdən daha üstün deyiləmmi?"
Onlar cavab verdilər: "Bəli."
Peyğəmbər (s) buyurdu:

من کنت مولاه فهذا علی مولاه، اللهم وال من والاه وعاد من عاداه وانصر من نصره واخذل من خذله. 

"Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşməçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ona öz köməyini əsirgəyəni zəlil et!"
Sonra bu məsələni xalqa çatdırdığı barədə səhabələrdən şahidlik və etiraf alaraq buyurdu:

اللهم اشهد علیهم. 

"İlahi! Sən özün olanlara şahid ol!"
("Təfsiri-Əbül-Fütuh Razi", 7/62-68)
Beləliklə də, İslam dininin əziz peyğəmbəri (s) ilahi fərmana əsasən Əli ibni Əbu-Talibi (ə) özündən sonra fasiləsiz olaraq canişin təyin etmişdir. Sonra səhabələrdən Əli ibn Əbu-Taliblə (ə) özlərinin gələcək rəhbəri kimi beyət etmələri barədə fərman vermişdir.
Əl-Məhdi İslam Maarif Mərkəzi adından, Qədir Xum bayramı münasibəti ilə, bütün müsəlman bacı və qardaşları təbrik edirik və Allah-təaladan arzu edrik ki, bizləri Qurani-Kərimdən və Əhli-Beytdən (ə) ayrı salmasın. Amin!

Hazıirladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!