İMAM ZEYNÜLABİDİN(ə)İN HƏYATI - I hissə

:

İMAM SƏCCAD(ə)IN TƏVƏLLÜDÜ
İran ikinci xəlifə Ömərin dövründə müsəlmanlar tərəfindən fəth olunduqdan sonra İran şahı Yəzdgerdin qızları Mədinəyə gətirildi.

Hamı Mədinə məscidində yığışaraq Ömərin nə əmr edəcəyini gözləyirdi. Ömər onları satmaq istədikdə Əli (ə) bu işə mane olub dedi: “Qızları sərbəst burax, qoy öz istədikləri adama ərə getsin!”
Bu vaxt o qızlardan biri Hüseyn ibn Əlini, o birisi isə imam Həsən Müctəbanı özünə ər seçdi. Əli (ə) həzrət Hüseynə (ə) buyurdu: “Bu qızı lazımınca qoru! Çünki onun bətnindən Allahın yer üzündə ən yaxşı bəndəsi və bütün imamların atası olan bir imam dünyaya gələcəkdir.”
Çox kesmədi ki, Əli ibn Hüseyn “günəşi” hicri 38-ci ilin şəban ayının beşində cümə axşamı Mədinədə nur saçdı. Uşağın adını Əli qoydular, sonralar isə Zeynəlabidin və Səccad ləqəblərinin sahibinə çevrildi.

HƏZRƏT ZEYNƏLABİDİN(ə)İN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
1. Təqvası:
O həzrətin əxlaqı xüsusiyyətlərindən biri təqva və pərhizkarlığı idi. Bu barədə imam Sadiq (ə) belə buyurmuşdur: “Əli ibn Hüseyn, Bəni-Haşim övladları arasında öz gözəl rəftarına görə Əliyə (ə) çox bənzəyirdi.“
O həzrətin oğlu imam Mühəmməd Baqir (ə) isə bu barədə belə buyurmuşdur:
–Bir gün atamın yanına gəldikdə onun Allaha ibadətlə məşğul olduğunun şahidi oldum. Belə ki, o həzrətin ağlamaqdan gözləri qızarmış, ayaqları səcdəyə getməkdən şişib, topuğu isə qabar olmuşdu. Bu vaxt mən ona dedim: “Əziz ata, niyə ibadətdə ikən özündən gedir və özünə bu qədər əziyyət edirsən? Atam ağlayıb buyurdu: “Övladım! Allaha nə qədər ibadət etsəm belə yenə, baban Əli ibn Əbi Talibin ibadətlərinin yanında heçdir.“
Tavus Yəmani deyir. “İmamın (ə) Kəbədə səcdə halında belə söyləməsinin şahidi oldum: “İlahi! Sənin bəndən, Sənə möhtac olan şəxs, Sənin evində Sənin rəhmətini, əfvini və ehsanını gözləyir.“
2. Xalqın həyat və məişəti ilə maraqlanmaq:
İmam Zeynəlabidin (ə) də, babası həzrət Əli (ə) kimi, tarla və xurma bağlarında çalışırdı. Hər xurma ağacının yanında iki rəkət namaz qılıb özündən gedər, Allahdan başqa heç bir şey yadına düşməzdi.
İyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Quranın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərirdi.
Bütün insani sifətlər o həzrətin vücudunda toplanmışdı. O, səbr, fədakarlıq və rəhmli olmağın ən mükəmməl nümunəsi idi. Yüzlərlə yoxsul ailəni dolandırır, gündə bir neçə qoyun kəsdirərək kasıblar arasında paylayır, paltarsızlara paltar verir, borcluların borclarını ödəyirdi, özü isə sadə geyinib sadə dolanırdı.
Günlərin birində bir kişi Əli ibn Hüseynin (ə) hüzuruna gəlib onu söyməyə başladı. İmam böyük hövsələ və mehribanlıqla həmin kişiyə belə buyurdu: “Ay qardaş, əgər doğru deyirsənsə və bu saydığın sifətlər məndə varsa, Allah məni bağışlayıb günahımdan keçsin. Yox əgər yalan söyləyirsənsə, Allah səni bağışlayıb günahından keçsin!“
O kişi İmamın (ə) bu rəftarından utanıb həzrətdən üzr istədi.
İmamın dostlarından olan Əbu Həmzə Somali həzrətin xidmətçisindən qısa şəkildə, imamın əxlaqından ona danışmasını xahiş etdikdə, xidmətçi öz sözünə belə başladı: “İllərdir ki, onun qulluğundayam. O həzrətdə doğruluq, təqva və paklıqdan başqa bir şey görməmişəm. Mövlam, bütün çətinliklərə baxmayaraq, xalqın məsələləri ilə maraqlanır, onların çətinliklərini yorulmadan həll edir.”
Zeyd ibn Üsamə ölüm yatağında ikən, imam Səccad (ə) onun görüşünə gəldi. Zeydi ağlayan görüb ondan nəyə görə ağladığını soruşdu. Zeyd belə cavab verdi: “On beş min dinar borcum var ki, gərək ödəyəm, lakin mal dövlətimə baxdıqda görürəm ki, heç borcum qədər deyil.“
İmam (ə) buyurdu: “Ağlama, mən sənin bütün borclarını ödəyərəm, buna əmin ola bilərsən!“
Axşamlar hamı yatdıqdan sonra, həzrət Səccad (ə), müxtəlif azuqələri bir kisəyə tökər tanınmasın deyə üzünü örtüb, kisəni dalına çataraq yoxsulların evinə aparardı.
Həzrət (ə) Mədinədə yaşayan təxminən yüz başsız və yoxsul ailəni idarə edirdi. Qəribədir ki, həmin ailələrdən heç biri bilmirdi ki, onların məişətini idarə edən, imam Zeynəlabidindir.
Onlar ancaq İmam (ə) şəhid olduqdan sonra, köməklərinin kəsildiyini görüb başa düşdü ki, onlara yardım edən şəxs həzrət Səccad (ə) imiş.

İMAM SƏCCAD (ə) ATASI İLƏ BİRLİKDƏ
İmam Zeynəlabidin (ə) atasının Kərbəlaya hicrət etdiyi gündən etibarən imam Hüseynin (ə) ardınca qədəm-qədəm irəliləyirdi. Hətta Aşura günündə atası kömək istədikdə xəstə olmasına əhəmiyyət verməyib atasının köməyinə getmək üçün ayağa qalxdıqda həzrət Zeynəb (ə) ona mane olub buyurdu: “Sən bu ailənin yeganə yadigarı, Hüseyndən sonarkı imamımız və hamımızın qoruyususan. Sənin borcun bizi qorumaq və şəhidlərin hədəfini xalqa yetirməkdir.”
Bir sıra cahil adamlar İmamı əldən düşmüş bir xəstə kimi təsəvvür etsələr də, yanılırlar. Çünki İmamın (ə) Kərbəladakı xəstəliyi ilahi bir məsləhət idi ki, düşmən qılıncından amanda qalaraq həzrətin özü Kərbəlanın canlı tarixi olsun. İmam Hüseyn (ə) və bütün əshabı şəhid olduqdan sonra, Şimr ilə Bəni-Üməyyə qatillərindən bir qrup İmamın çadrına girib Hüseynin (ə) varisini də öldürmək istədi. Lakin İmamı xəstə gördükdə Şimrlə gələnlər ona etiraz etdi. Ömər Səd də Şimri tutacağı əməlinə görə qınayaraq onu İmamın (ə) çadırından çıxarıb dedi: “Görmürsən bu xəstədir və heç bir iş görə bilməz?! Onunla işin olmasın!!”

HƏRƏKATIN BAŞLANMASI VƏ İMAM SƏCCAD(ə)IN HƏRƏKATDAKI ROLU
Hicri 61-ci ilin məhərrəm ayının 11-də səhər tezdən, həzrət Zeynəlabidin (ə) şəhidlərin ailəsi ilə birlikdə düşmən tərəfindən mühasirə olunmuşdu. Onun əl-ayağını da zəncirlə bağlayaraq o həzrətin daha çox narahat olması üçün şəhidlərin başlarını gözünün qabağına qoymuşdular.
Heç şübhəsiz əgər bu İmam (ə) Kərbəlada olmasaydı, Yezidin cinayətlərini yaxından görməsəydi və həmin cinayətləri Kufədə və Şamda xalqa izah etməsəydi, Bəni-Üməyyə hökuməti tarixdə bu dərəcədə rüsvay olmazdı.
Hüseyn (ə) xanədanı, olanları məğlub hesab edən bir qrup cahilin güman etdiyinin əksinə olaraq getdikləri hər yerdə öz inqilablarının qələbəsindən, Yezidin isə məğlubiyyətindən danışırdı. Bundan üstün qələbə nə ola bilərdi ki, düşmən onlardan qorxurdu və əsirlər danışmağa başlayanda xalq onları alqışlayıb afərin deyərək düşmənlərinə lənət söyləyirdi?!

İMAM SƏCCAD(ə)IN KUFƏDƏKİ ÇIXIŞI
Əsirlər karvanı Kufəyə çatdıqda camaat onları görmək üçün “pişvazlarına “çıxmışdı. İmam Səccad (ə) kufəlilərin etinasızlıqlarından başa düşdü ki, onları tanımayıblar. Buna görə də əli ilə işarə edərək onlara susmaq əmrini verdi. Camaat susdu. Hüseynin (ə) yadigarı sözə başlayıb belə buyurdu: “Ey Kufə camaatı! Mən Əli və Fatimənin övladı, Peyğəmbərin övladı Əliyəm. Mən uşaqları öldürülmüş, var-dövləti talan olunmuş, xanədanı əsir alınaraq qarşınızda saxlanılmış imamın övladıyam.
Siz atama məktub göndərib dəvət etdiniz. O isə sizə tərəf gəldikdə onu öldürdünüz. Sabah qiyamət günündə Allahın və Peyğəmbərin cavabını necə verəcəksiniz?
Siz Peyğəmbərinizin hörmətini saxlamadınız, onun ruhunu incitdiniz. Vay sizin halınıza, siz çox pis camaatsınız!“
İmam (ə) bu sözləri ilə yatmış vicdanları oyadaraq qəlbləri riqqətə gətirdi. Bununla da əməvilərin şənliyini yasa çevirdi.

İMAM SƏCCAD (ə) İBN ZİYADIN SARAYINDA
Məmurlar Kufə şəhərində vəziyyətin gərginləşdiyini İbn Ziyada xəbər verdikdə əsirlərin tezliklə saraya gətirilmələrini əmr etdi.
Ziyadın alçaq və satqın oğlu təntənəli bir yığıncaq təşkil edib Kufənin böyüklərini də oraya dəvət etmişdi. Beəliklə də öz qüdrətini onlara göstərib, lovğalanmaq və riya etmək istəyirdi.
Elə bu vaxt Hüseynin sağ qalmış ailə üzvlərini oraya gətirdilər. Məclisdə hamı onlara baxırdı. Əsirlərin heç biri Kufə cəlladı İbn Ziyada məhəl qoymadı. İbn Ziyad qəzəblənmişdi və onlara hörmətsizlik etmək istəyirdi, lakin cəsarəti çatmadı. Həzrət Səccad (ə) ona xitab edib buyurdu: “Ey Ziyad oğlu! Bu gün qüdrət taxtında oturmusan, Peyğəmbərin uşaqları isə qarşında durmuşdur. Belə güman etmə ki, bizim nəzərimizdə dəyərin vardır.“
Bu cümlələr ona elə təsir etdi ki, Kufənin zülmkar hakimi əl-ayağını itirib söyüş söyməyə və təhdid etməyə başladı. O əmr etdi ki, imam Səccadı da öldürsünlər. Əsirlərin hərəkəti və orada onların etirazı İbn Ziyadı verdiyi əmri geri götürmək məcburiyyətində qoydu. Amma imam Səccad (ə) yenidən ona xitab edərək belə buyurdu:
–Məni ölümlə qorxudursan? Öldürülmək bizim adətimiz, şəhid olmaq isə kəramətimizdir!
İbn Ziyad çaş-baş qalmışdı, onun əsirləri aparmaq əmrini verməkdən başqa heç bir çarəsi qalmamışdı.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM SƏCCAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!