ATANIN ZİNƏTİ - 4

:

ZEYNƏBİN FƏRYADI VƏ DÜŞMƏNİN DAŞ QƏLBİ 
Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Zeynəb, ürək yanğısı ilə fəryad edirdi:" Kaş göy yerə gələydi, kaş dağlar əzilib, çölləri dolduraydı" . Qardaşının yanına gəldi. Gördü ki, Ömər ibn Səd adamlarından bir dəstə ilə Həzrətə yaxınlaşmışlar.

Qardaşı Hüseyn can verirdi:
“Ey Ömər ibn Səd! Əbu Əbdullahı öldürürlər, sən ona baxırsan"?
Ömər üzünü çevirdi. Zeynəb fəryad etdi: “Vay olsun sizə! Aranızda bir nəfər də müsəlman yoxdurmu”? 
Heç kəs cavabını vermədi.
Yer üzü Allahın üçüncü höccətindən məhrum oldu. Toz və qaranlıq səmanı bürüdü. Qırmızı külək əsdi və hava bir müddət beləcə qaranlıq oldu. Biri başqasını görmür və hamı əzab gözləyir.
Həzrət Əba Əbdillahın ürəkyandıran şəhadətindən sonra Əhli-beyt qadın və uşaqlarının qorunması və işlərinin idarəsində Zeynəbin məsuliyyət və çətinlikləri daha da artdı. Peyğəmbər xanədanına üz verən dərdli anlar, saatlar və günlər vəsfə gəlməzdir. Zeynəb bu saysız çətinliklərə hamıdan artıq dözməlidir ki, o əzəmətli karvanı istənilən mənzilə yetirsin.

DÜŞMƏNİN QARƏT VƏ TALANI
O namərdlər Peyğəmbər (s)xanədanı və Zəhranın (ə.s) gözlərinin nuru xeymələrini talan etməkdə bir-birlərindən qabağa düşməyə çalışırdılar. Onlar xanımların başından çadraları çəkirdilər. Peyğəmbər (s) qızları və onun bütün Əhli-beyti ağlayır, öz əziz və hamilərinin ayrılığına nalə və fəryad edirdilər.
Ravi deyir:" O namərdlər qadınları çıxarıb, xeymələri odladılar. Başıaçıq və ayaqyalın xanımlar isə ağlaşaraq xeymələrdən çıxıb, düşmənin əsirinə çevrildilər".
Bəli! Bu əsir düşmüş əzizlər və əzizlərini əldən vermiş müsibət sahiblərinin dastanı elədir ki, daş ürəkləri əridir və insanın gözlərindən yaş axıdır. Haradadır Əhli-beyt himayəçiləri? Haradadır Peyğəmbər(s) xanədanının müdafiəçiləri? Haradadır Hüseyn (ə) dostları? Hanı Abbas, hanı Əli? Hanı Seyyidüş-Şühəda ki, gəlib Peyğəmbər (s) , Fatimeyi-Zəhra (ə. s) və Əliyyi-Mürtəza  (ə) övladlarını himayə etsinlər.

ƏZİZLƏRİNİN CƏSƏDİ KƏNARINDA
Əhli-beyt əsirləri hərəkət vaxtı düşmənə and verdilər ki, onları Hüseyn (ə) qətligahından aparsınlar. Bəlkə onları görmək ürək yaralarına məlhəm ola. Əzizlərinin qana bələşmiş cəsədlərini və tikə-tikə olmuş bədənlərini görəndə isə, taqət gətirməyib, ürəklərini əldən verdilər. Ürək dağları təzələndi, canları odlandı, göz yaşları axdı və hər tərəfdən nalə və şivən ucaldı.
Bu ilk əzadarlıq məclisi idi ki, qətligahda, Seyyidüş-şühədanın pak bədəni yanında bərpa oldu və tarixdə belə qəmli və yanıqlı məclis qurulmamışdır. Bu arada Zeynəbin naləsi daha sarsıdıcı və ürək yandırandır. Zeynəb qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündə üzünü Mədinəyə çevirib ata-anasını, baba və əcdadını səsləyir, yüz ah və yanğı ilə ürək səhifəsi açır. O, ən isti hiss və duyğularını inkar etməklə yanaşı, özünün təbliğ vəzifəsini də unutmur, özünü və iftixarlı ailəsini, Peyğəmbər (s), Əli (ə), Fatimə (ə. s) və Həmzəni tanıtdırır və dünyaya bildirir ki, belə bir xanədan heç vaxt zillət qəbul etməz.

TƏBLİĞAT KARVANINDA
Bundan sonra Kərbəla tarixi və Zeynəbin davranışında təzə bir səhifə açılır. İndi Zeynəb, rəhbəri Seyyidüş-Şühəda (ə) və himayəçiləri Abbas, Əliəkbər, Bəni-Haşimin və İmam Hüseyn (ə)-ın vəfalı səhabələri olan karvana başçıdır. Həmin kişilər ki, karvandakı uşaqların, xanımların ümidi və sığınacaqları idilər, onların vücudu Əhli-beytə təssəli idi. Bu himayələr sayəsində Seyyidüş-Şühəda (ə)-ın həyatının son anlarına qədər düşmən xeymələrə yaxınlaşmağa və Əhli-beytə bir şey etməyə cürət etmirdi. Əba-Əbdillahın döyüş anındakı “La hovlə vəla qüvvətə illa və billah” fəryadları onların ürəyinə sakitlik bəxş edir və onlara təsəlli verirdi.
İndi bu karvan, əziyyət çəkmiş, öz əzizlərini əldən vermiş qadın və uşaqlarla, Zeynəbin rəhbərliyi ilə öz əzəmətli və tarixi hərəkatını başlayır.

KUFƏYƏ DOĞRU
Hicrətin 61-ci ili, Məhərrəm ayının on birinci günü, Əhli-beyt əsirləri karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt barəsində qərara gəlmək İmam Səccad (ə)-ın öhdəsinə idi. Çünki o, İmamdır və ona itaət hamıya vacibdir. Karvanın icraçı rəhbəri Zeynəbi-Kubradır. O, İmam Səccada ən yaxın adam və Aşura qadınlarının ən böyüyüdür.
Bəli, qadınların, uşaqların istək və arzularına, hisslərinə cavab vermək, eyni halda İmam Səccad (ə)-ın canını qorumaq Zeynəbin karvanda olan ən böyük məsuliyyəti olub onun risalət yükünü ağırlaşdırırdı. Amma Zeynəbin böyük ruhu, çətinliklərin amansız dalğaları və müsibətlərin qorxunc tufanı qarşısında geriyə oturacaq qədər müqavimətsiz deyildi. O, çiynində olan yükün öhdəsindən yaxşı gəldi və böyük karvanı tədbir, mehribanlıq və amansız mücahidliklə idarə edib mənzil başına yetirdi.
Əhli-beyt əzizlərinin başıuca və iftixarlı karvanı Kufəyə yetişdi. Karvanın yolu, tamaşaya gələn çamaatla dolu idi. Kufə, Əmirəlmöminin(ə) və İmam Həsən (ə)-ın xilafəti dövrünün mərkəzi, şiə cəmiyyətinin mühüm məntəqələrindən olduğu üçün tamamilə İbn Ziyadın qoşunlarının mühasirəsində idi.
Kufə camaatı vəfasızlıqla məhşur idi. Kufə camaatı həmin camaatdır ki, Fərəzdəq imam Hüseyn (ə)-ın Kufə camaatının vəziyyəti barədə verdiyi suala belə cavab verdi: “Kufə camaatının ürəkləri sizinlə, qılıncları isə sizin əleyhinizədir". 
İmam Zeynəlabidin (ə) o günlərdə bərk xəstələndiyindən taqətsiz idi. Camaatın şivən qoparıb ağladığını gördükdə yavaşca belə buyurdu: "Bunlar bizə ağlayırlar?! Bəs bizi kim öldürdü"? 
Bu vaxt Zeynəb əli ilə işarə edib hamını sakitləşdirdi. Bütün səslər kəsildi. Dəvələrin zınqırovları işdən düşdü. Belə ki, yalnız nəfəslər eşidilirdi. Zeynəb  xütbə oxuyub kufəlilərin yatmış vicdanını oyatdı. Kufəlilər hələ indi gözlərini açıb, Əhli-beytin haqqında çox böyük cinayət işlətdiklərini və heç bir yolla aradan getməyəcək böyük bir rüsvayçılıq törətdiklərini gördülər.
Zeynəb  iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə (s), onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:
“Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar camaat! Heç bir zaman gözlərinizin yaşı qurumasın. Siz o qadına bənzəyirsiniz ki, öz əyirdiyi ipləri bir dəfəyə zay edir. Nə sizin peymanınızın dəyəri var, nə də sizin andınızın etibarı... O dünya üçün pis azuqə hazırlamısınız! Allah qəzəbi, Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, and olsun Allaha ki, ağlamağa layiqsiniz. Çox ağlayın və az gülün. Qazandığınız çirkinliklərə niyə ağlamayasınız? Heç bir su ilə yuyulmayan çirkinlik! Peyğəmbər (s) balasını və behişt cavanlarının ağasını öldürməkdən pis nə çirkinlik ola bilər?! Sizin yolunuzun çırağı və qara gününüzün dostu olan bir insanı! Ölün və xəcalətli başınızı aşağı salın. Bir anda öz keçmişinizi bərbad etdiniz və gələcəyiniz üçün heç bir şey əldə etmədiniz...”
Zeynəbin dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli sözlər Kufə camaatına od vurdu.

İBN ZİYADIN SARAYINDA
Qürur badəsi ilə məst olan İbn Ziyad özünü həmişəkindən qüdrətli görürdü. O, öz qüdrətini göstərib Kufə camaatını qorxutmaq üçün onların hamısına sarayında keçirdiyi məclisdə iştirak etməyə icazə verdi. O, hər şeyin tamamlandığını güman edib, Yezidin qoşununun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də, Seyyidüş-Şühəda (ə)-ın mübarək başının gətirilməsinə fərman verdi. İmamın başını onun qarşısına qoydular. İbn Ziyad gülür və əsası ilə o Həzrətin dişlərinə vururdu. O, öz xam xəyalı ilə böyük qələbə əldə etmişdi. Əsirlərin karvanını İbn Ziyadın məclisinə gətirdilər. Zeynəb köhnə paltarda tanınmaz şəkildə bir guşəyə çəkildi və orada əyləşdi. Əhli-beytin başqa qadınları da onun ətrafına yığışdılar.
İbn Ziyad dedi: O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu? Zeynəb cavab vermədi. İbn Ziyad ikinci və üçüncü dəfə də həmin sualı təkrar etdi. Qadınlardan biri dedi: Bu Peyğəmbər (s) balası Fatimənin (ə. s) qızı Zeynəbdir. İbn Ziyad üzünü Zeynəbə tutub dedi: Şükr olsun o Allaha ki, sizi rüsvay etdi, öldürdü və göstərdi ki, sizin dedikləriniz yalandan başqa bir şey deyildir.
Xanım Zeynəb buyurdu: "Zülmdən başqa dayağı olmayan bir zülümkar üçün onun qüdrətini saymamazlıqla məsxərə edənlər dərdli danışıqları üçün məzəmmət olunmazlar". 
İbn Ziyad özünü Zeynəbin sözünün qarşısında aciz görüb dedi: "Sənin qohumlarının və nəslinin böyük itaətsizliyi ürəyimdə bir dərd idi. Allah o dərdə şəfa verdi". 
Bu sözlə, Zeynəbin qəlbi sındı və ağlayaraq dedi: "Mənim sərvərimi öldürdün, xanədanımı məhv etdin, bizim kök və budağımızı vurdun.Əgər sənin şəfan bundadırsa, şəfa tapdın"  
İbn Ziyad dedi: "Bu qadın gözəl danışır. Atası da mahir idi, gözəl üslub və ahənglə danışırdı".
Zeynəb (s) buyurdu: "Qadınların ahənglə nə işləri? İndi mənim şeir söyləmək vaxtımdırmı? Ürək yanğısından başqa dilimə bir şey gəlmir".
Bununla Əlinin (ə) şücaətli qızı Zeynəb (s) ürəyində qorxuya yol vermədi, təsirli və kəsərli sözləri ilə, İbn Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi, Peyğəmbər (s) xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli (ə) qızı dilləndi. Dilləndi amma elə bil indiyəcən heç nə baş verməmişdir. Nə onun bir adamını öldürüblər, nə də özünü əsir tutublar. Elə bil, cavabını vermək istədiyi bu kişi ən adi bir işarə ilə onu və bütün yoldaşlarını öldürə bilməzdi.
 –Şükr olsun o Allaha ki, öz peyğəmbəri Muhəmməd (s) ilə bizə kəramət buyurub, çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükr olsun o Allaha ki, o, biz deyilik, başqasıdır.
İbn Ziyad dedi: "Allahın Əhli-beytlə davranışını necə gördün"? 
Zeynəb cavab verdi: "Onlar bir dəstə idilər ki, Allah, şəhadəti onlara müqəddər etmişdi. Onlar öz qəbrlərinə tərəf tələsdilər və mən burada gözəllikdən başqa bir şey görmədim. Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir. Ey Mərcanənin oğlu! Anan matəmində otursun". 
Ravi deyir: "Bu sözlərdən sınan İbn Ziyad elə atıldı ki, guya Zeynəbi öldürəcəkdi". İbn Ziyadın ətrafındakılardan biri dilləndi: "Ey əmir! Bu qadındır". 

ŞAMA DOĞRU
Əsirlər karvanı İbn Ziyadın zindanında çətin günlər keçirdikdən sonra Şama göndərildi. Şam müsəlmanların əlinə keçən gündən Xalid ibn Vəlid və Müaviyə ibn Əbu Süfyan kimi hakimlər görmüşdü. Bu diyarın camaatı nə Peyğəmbərin (s) söhbətlərini eşitmişdilər, nə də onun səhabələrinin iş üsulunu bilirdilər. Şam camaatı Müaviyənin və onun ətrafındakılarının rəftarını müsəlmanlıq qaydaları bilirdilər. Belə bir şəhərin camaatı əsir karvanının gəlişi vaxtı bayram və şadlığa qərq olmuşdular. Yezid öz sarayında bir məclis təşkil etmişdi. Hazırlanmış adamlar məclisin ətrafında oturmuşdular ki, öz gümanları ilə Yezidin böyük qələbəsini bayram etsinlər.
Seyyidüş-Şühəda (ə)-ın başını Yezidin qarşısına qoydular. Bu vaxt Əhli-beyt əsirlərini məclisə daxil etdilər. Seyyidüş-Şühəda (ə)-ın qızının gözləri Şahın kəsilmiş başına düşdü. O, ucadan elə nalə etdi ki, bütün məclisə vəlvələ düşdü. Amma Zeynəb qardaşının başını gördükdə, həzin və dərdli bir səslə ürəkləri qəmləndirdi, növhə oxumağa başladı: “Ey Hüseyn! Ey Allahın istəklisi! Ey Məkkə və Mina övladı, ey bütün qadınların sərvəri olan Fatimeyi-Zəhranın oğlu! Ey Peyğəmbər qızının oğlu.”
Ravi deyir: "Allaha and olsun, məclisdəkilərin hamısını ağlatdı. Öz mənsəbpərəstliyi ilə məst və məğrur olan şərabxor Yezid sakit oturub əlindəki əsa ilə İmamın müqəddəs dişinə vurur və deyirdi:" Kaş, mənim Bədr döyüşündə iştirak edən və Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan böyüklərim bu gün məclisdə şadlıqlarından qışqırıb deyəydilər:" Yorulmayasan, ey Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün əvəzini çıxdıq. Haşim qəbiləsi səltənətlə oynadılar. Nə göydən bir xəbər gəlib, nə də vəhy nazil olub. Əhmədin acığını balalarından çıxmasam.”

Tərcümə edən: V. Hüseynzadə və M. Sayil

 

BEŞİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: İMAM ƏLİ (ə), İMAM HÜSEYN (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!