İMAM RİZA(ə)NI ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ BARƏDƏ

:

Həzrət İmam Riza (ə)-ın ziyarətinin fəziləti barədə dini mənbələrin bir çoxunda dəyərli mətləblərə rast gəlirik. Lakin önəmli olan deyilən yaxud yazılanların sayca çoxluğu deyil, bəlkə etibarlı vasitələrlə Məsumlardan (ə) nəql olmasıdır. Bunu əsas götürərək bir neçə mötəbər rəvayəti "Məfatih-ul-cinan" kitabından oxuculara təqdim edirik.

1. Nəql olunur ki, Peyğəmbəri Əkrəm (s) belə buyurmuşdur: “Tez bir zamanda qəlbimin parçası olan bir şəxs Xorasan diyarında dəfn olunacaqdır. Onun qəbrini ziyarət edən elə bir mömin şəxs olmaz ki, Allah-Təala Behişti onun üçün vacib, bədənini Cəhənnəm oduna haram etməmiş olsun."

Digər mötəbər rəvayətdə isə buyurmuşdur: “Mənim bədənimin (canımın) bir parçası Xorasanda dəfn olunacaqdır, onun qəbrini ziyarət edən elə bir qəm-qüssəli adam olmaz ki, Allah-Təala onun qəm-qüssəsini aradan aparmasın; onun qəbrini ziyarət edən elə bir günahkar bəndə olmaz ki, Allah-Təala onun günahını bağışlamamış olsun.”

2. Mötəbər sənədlə rəvayət olunur ki, Musa ibni Cəfər (ə) buyurmuşdur: “Hər kəs mənim övladım Əlinin qəbrini ziyarət etsə, Allah-Təala dərgahında 70 qəbul olunmuş həccin ziyarət savabı ona verilər.” Ravi bu məsələdən təəccüblənərək deyir: «70 qəbul olunmuş həccinmi?!» Həzrət  buyurur: “Bəli! (Üstəlik) 70 min həccin!” Ravi deyir: «70 min həccin ziyarətimi?!» Həzrət  yenidən buyurur: “Çox həclər vardır ki, qəbul olunmur! Hər kəs o Həzrəti ziyarət eləsə, yaxud bir gecə onun qəbrinin yanında qalsa, sanki Allahı ərşdə ziyarət etmişdir.” Ravi təəccüblə deyir: «Allahı ərşin yanında ziyarət etmiş kimi?!» Həzrət buyurur: “Bəli! Qiyamət günü olanda Allah-Təalanın ərşində əvvəlki ümmətlərdən 4 nəfər və sonrakı ümmətlərdən 4 nəfər olacaqdır. Əvvəlki ümmətlərdən olanlar Nuh, İbrahim, İsa və Musadır. Sonrakı ümmətlərdən olanlar isə Muhəmməd, Əli, Həsən və Hüseyndir. Ərşin altından bir ip çəkilər, imamların qəbirlərini ziyarət edənlər bizimlə birlikdə oturarlar. Həqiqətən övladım Əlinin qəbrini ziyarət edənlərin dərəcəsi hamıdan üstün, onlara əta olunanlar  hamıdan çox olacaqdır.”

3.  İmam Riza (ə)-ın belə buyurduğu nəql olunur: “Xorasanda bir büq`ə vardır. Bir zaman gələcəkdir ki, o məhəl mələklərin gediş-gəliş yeri olacaqdır. Mələklərdən bir dəstəsi səmadan daim nazil olacaq, bir dəstəsi yuxarı gedəcək. Bu iş qiyamət suru çalınana qədər davam edəcəkdir.” Soruşdular: «Ey Peyğəmbər övladı, o, hansı büq`ədir?» Həzrət buyurdu: «O, Tus diyarındadır. Allaha and olsun ki, o, Behişt bağlarından olan bir bağdır. Hər kəs o büq`ədə məni ziyarət etsə, sanki Allahın Rəsulunu ziyarət etmişdir. Allah-Təala (məni ziyarət edən) belə bir şəxs üçün – o ziyarət səbəbi ilə – 1000 bəyənilmiş həccin, 1000 qəbul olunmuş ümrənin savabını verər. Mən və ata-babalarım qiyamət günündə belə bir şəxsin şəfaətçisi olacağıq.”

4. Bir neçə səhih sənədlə İbni Əbu Nəsirdən belə nəql olunur: Mən İmam Riza (ə)-ın məktubunu oxudum, orada belə yazılmışdır: “Mənim şiələrimə çatdırın ki, məni ziyarət etmək Allah yanında 1000 həccə bərabərdir.” Sonra İmam Muhəmməd Təqi (ə)-ın hüzuruna gəlib hədisi onun hüzurunda oxudum. Həzrət buyurdu: “Bəli! Allaha and olsun ki, (bu ziyarətin savabı) 1000-1000 həccin savabıdır. Bu savab o Həzrəti, haqqını tanıyan halda ziyarət edən şəxs üçün verilər.”

5: İki mötəbər sənədlə nəql olunur ki, İmam Riza (ə) buyurmuşdur: “Hər kəs mənim qəbrimi – uzaq olması ilə belə – ziyarət etsə, mən üç yerdə onun yanına (köməyə) gələcəyəm.  Birincisi: Qiyamət günü gələcəyəm ki, onu bu günün hövl-qüvvəsindən, vəhşətindən xilas edəm; o zaman ki, yaxşı əməl sahiblərnin əməlləri sağ əllərinə, pis əməl sahiblərinin əməlləri isə sol əllərinə verilər. İkincisi: Sirat körpüsünün yanında. Üçüncüsü: Əməl tərəzilərinin yanında.”

Mənbə: Məfatih-ul-cinan
 
 
 
 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!