İSLAMDA VALİDEYN HÜQUQLARI

:

ATA-ANAYA YAXŞILIQ
Müqəddəs islam dinində bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, Allaha ibadətdən sonra ata-anaya yaxşılıq hər bir insanın üzərinə düşən ən ümdə vəzifələrdən biri sayılır. Isra surəsinin 23-25-ci ayələrində bu haqda deyilir:

«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb, gözəl davranmağı] buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşgün çağına yetərsə, onlara: «Uf!»—belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Səndə onlara rəhm et!» -de.
Rəbbiniz ürəklərinizdə olanları [qəlblərinizin sirlərini] ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız [ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki] Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!»
Göründüyü kimi Allah-taala insanları ibadətə əmr etdikdən sonra dərhal onlara ata-anaya yaxşılıq etməyi tövsiyə edir. Imаm Sadiq (ə) ayənin izahında buyurur: «Yaxşılıq və xeyirxahlıq bundan ibarətdir ki, onlarla [valideynlərlə] xoş rəftar etmiş olasan. Onlara o qədər diqqət yetirməlisən ki, ehtiyac duyduqları şeyləri onlar istəməzdən əvvəl dərk edib onların ixtiyarına qoyаsan».
Hədislərdən birində deyilir: «Peyğəmbərdən (s) ata-ananın övladın üzərində hansı hüquqa malik olduğu haqda soruşduqda: «Onlar sənin həm cənnətin, həm də cəhənnəmindirlər»1 dеyə buyurmuşdur. Yə’ni, insanın cənnət və cəhənnəmə getməsi valideynlərinə göstərdikləri qayğıdan asılıdır. Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Cənnət anaların ayaqları altındadır». (Yə’ni, cənnətə analara layiqincə qayğı göstərməklə nail olun).
Başqa sözlə desək, övladlar öz üzərinə düşən borclarını yerinə yetirməli və layiqincə anaların haqlarını ödəməlidirlər. Başqa bir rəvayətdə cənnətin valideynlərin ayaqları altında olduğu göstərilir. Yə’ni, insan cənnətə nail olmaq üçün ata-ananın qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməlidir. Imаm Səccad (ə)-dan «Hüquq risaləsi» adı ilə nəql olunmuş məşhur bir rəvayətdə deyilir: «Üzərinə düşən ən başlıca vəzifə ananın, sonra atanın, sonra da övladlarının haqqını ödəməkdir».2 Hədisin davamında imam Səccad (ə) ananın haqqının ödənilməsinin əhəmiyyəti barədə buyurur: «Ananın sənin üzərində olan haqqı hər şeydən böyükdür. O, kimsənin nəvaziş etməsi mümkün olmayan yerdə səni nəvaziş etmiş və kimsənin yemək verməsi mümkün olmayan yerdə səni öz canı və qanı ilə qidalandırmışdır. Bil ki, o, səni gözü, qulağı, əl-ayağı, dərisi və bir sözlə bütün varlığı ilə qorumuş, dünyaya gəldiyin vaxtadək ağrı və çətinliklərə dözüb, səbr və təmkinlə keşiyində durmuşdur. Özü ac olsa da səni doyurmuş, susuz olsa da sənə su vermiş, yarı çılpaq olsa da səni geyindirmiş, qızmar günəşin altında dursa da öz bədənini sənin üçün kölgə etmiş, gecələri yatmayıb sənin şirin yuxuya dalmağın üçün əzab-əziyyətlərə dözmüşdür. Unutma ki, ana bətni sənin ilk evin, qucağı ilk beşiyin, sinəsi qidan, bədəni isə sipərin olmuşdur. Ağrı və çətinlikləri uzaqlaşdırmaq üçün sənə görə istiyə-soyuğa dözməli olmuşdur. Elə isə onun qədrini bil və layiqincə haqqını ödə. Və yadında saxla ki, onun haqqını yalnız Allahın köməyi ilə ödəyə bilərsən».3
Sonra imam Səccad (ə) övladın atanın qarşısında öz borcunu necə ödəməsi haqda buyurur: «Bil ki, atan sənin kök və gövdən, sənsə onun budağısan. O olmasaydı, sən də olmazdın, səndə olan bütün gözəl xüsusiyyətlərin kökü və mənşəyi atandır. Elə isə bütün bu ne’mətlərin qarşısında onun layiqincə qədrini bil və Allaha şükr və səna et».4

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
Allah-taala Maidə surəsinin 23-cü ayəsində insanlara ata-ana ilə gözəl rəftar etməyin vacib olmasını xatırlatdıqdan sonra onlarla kobud rəftar etməyi qəti qadağan edərək buyurur:
«...Uf!-belə demə, üstlərinə qışqırıb acı söz söyləmə...»
Diqqət yetirmək lazımdır ki, insanın hər hansı bir səhv və ya kobudluqla rastlaşarkən e’tiraz əlaməti olaraq dilə gətirdiyi ən sadə və münasib söz «uf!» kəlməsidir. Deməli, Allah-taala bizlərə valideynlərə qarşı hətta belə bir kiçik kobudluğa yol verməməyimizi də qəti qadağan etmişdir.
Imаm Sadiq (ə) bu haqda buyurur: «Ən sadə kobudluq «uf!» deməkdir. Əgər bundan da sadə ifadə olsaydı, Allah-taala onu da qadağan edərdi»5.
Əgər valideyinlərə «uf!» deməklə narazılıq bildirmək kobudluq sayılırsa, onda onları döymək, söymək və təhqir etməyin nə dərəcədə qəbahət və haram olması mə’lum məsələdir.
Mə’sum imamlardan (ə) nəql olunmuş bir çox hədis və rəvayətlərdə valideynə qarşı kobudluq edənlərin ağır əzablarla cəzalandırılacaqları göstərilir.
Peyğəmbərdən (s) nəql olunmuş hədisdə ata-anaya qarşı pis rəftar etmək Allaha şərik qoşmaq, döyüş meydanını tərk etmək kimi böyük günahlardan biri sayılır.
«Qiyamət günü Allah dərgahında böyük günahlardan biri də Allaha şərik qoşmaq, günahsız mö’min bir şəxsi öldürmək, fərarilik və valideynə qarşı pis rəftar etməkdir».6
Başqa bir hədisdə deyilir: «Allah tərəfindən (valideynlərlə pis rəftar edənlərə) belə xitab olunar: Istədiyin hər bir işi gör və bil ki, səni bağışlamayacağam».7 Yə’ni, valideynin üzünə qayıdanlar nə qədər xeyirxah işlər görsələr də Allahın nəzərindən uzaq olarlar. Lakin unutmaq olmaz ki, bütün günahları tövbə etməklə aradan aparmaq mümkündür və bu günah nə qədər böyük olsa da insan peşman olaraq Allah-taaladan bağışlanmasını diləyə bilər.
Valideynlərə qarşı edilən kobud rəftarlar haqda iki mühüm mətləbə işarə etmək lazımdır:
1. Rəvayətlərdə göstərilən valideynlərə qarşı kobud rəftarların nümunələri;
Imаm Səccad (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Ata-anaya acıqla baxmaq və onlara qəzəblənmək valideynə qarşı kobudluq hesab olunur».8
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: «Valideyni kədərləndirən şəxs onlara qarşı kobud rəftar etmiş olur».9
Isra surəsinin 24-cü ayəsindən və bu məzmunda nəql olunmuş bir çox rəvayət və hədislərdən bu nəticəyə gəlmək olаr ki, valideynə qarşı olunan hər hansı bir hörmətsizlik və kobud rəftar islam nöqteyi-nəzərindən haram və böyük günahlardan hesab olunur. Valideyn övladına qarşı haqsızlığa yol versə belə, övlad onlara qarşı kobudluğa yol verməməlidir.
Imаm Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Allah-taala valideynə - övladına qarşı haqsızlığa yol versə belə - acıqla baxan şəxslərin namazlarını qəbul etməz».10.
2. Kobud rəftar etməkdən çəkinmək və gözəl davranmağın vacibliyi təkcə mö’min və müsəlman valideynlərə deyil, eləcə də qeyri-müsəlman və müşrik valideynlərə də aiddir. Yə’ni, valideyn qeyri-müsəlman və müşrik olsa belə, onlarla gözəl rəftar edilməli və heç bir kobudluğa yol verilməməlidir. Loğman surəsinin 14-15-ci ayələrində bu haqda buyurulur:
«Biz insana ata-anasına yaxşılıq etməyi [valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı] tövsiyə etdik. Anası onu [bətnində] çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. [Biz insana buyurduq]: Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!
Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, [bu işdə] onlara itaət etmə. [Qalan] dünya işlərində onlarla gözəl keçin [onlara itaət et]...»
Ayənin məzmunundan belə qənaətə gəlmək olаr ki, valideyn qeyri-müsəlman, müşrik olsa və övladını Allaha şərik qoşmağa və ya Onu inkar etməyə vadar etsə də onlarla gözəl davranılmalı və kobudluğa yol verilməməlidir. Şübhəsiz ki, belə bir rəftar onlarda islama qarşı rəğbət hissinin yaranmasına, hətta onu qəbul etmələrinə də səbəb ola bilər.
Tarixdə baş vermiş hadisələrdən birində deyilir: Imаm Sadiq (ə)-ın vasitəsi ilə islamı qəbul etmiş Zəkəriyya ibn Ibrahim deyir: Imаm Sadiq (ə) məni islam dini ilə tanış etdikdən sonra bu ilahi dini rəğbətlə qarşılayıb [qəbul edib] ondan soruşdum: Atam, anam və qohum-əqrəbamın hamısı məsihidirlər və anamın gözləri görmür. Mən onlarla birlikdə yaşayır, bir qabda yemək yeyirəm. Bunun bir nöqsanı varmı? Imаm Sadiq (ə) soruşdu: Onlar donuz əti yeyirlərmi? Dedim, nəinki yemir, hətta ona əl də vurmurlar. Imаm Sadiq (ə) buyurdu: Elə isə bunun heç bir nöqsanı yoxdur. Ananın qayğısına qal, onunla gözəl rəftar et və dünyasını dəyişdikdə onun dəfnini öz üzərinə götür.
Zəkəriyya deyir: Kufəyə imam Sadiq (ə)-ın yanına qayıdanadək onun tövsiyələrini yerinə yetirirdim. Anama yemək verir, paltarlarını yuyur və daim ona qulluq edirdim. Bir gün anam mənə dedi: Oğlum! Nə qədər ki, bizim dinimizdə idin, mənə nə belə qayğı göstərir, nə də belə qulluq edirdin. Dedim: Bizə bu xeyirxah işi Peyğəmbərin (s) övladlarından biri tövsiyə etmişdir. Anam dedi: O peyğəmbərdirmi? Dedim: Xeyr, lakin peyğəmbər övladıdır. Dedi: Yox, o peyğəmbərdir. Çünki bu peyğəmbər tövsiyələrindəndir. Dedim: Yox ana, o peyğəmbər deyil. Çünki bizim peyğəmbərdən (Həzrət Məhəmməddən (s)) sonra yer üzünə heç bir peyğəmbər gəlməyəcəkdir və o peyğəmbər övladıdır. Anam dedi: Oğlum! Sənin qəbul etdiyin din, dinlərin ən yaxşısıdır, məni bu dinlə tanış et.
Islаm dini haqda ona bə’zi mə’lumatlar verdim və o da dediklərimi qəbul edib müsəlman oldu. Ona namaz qılmağı öyrətdim, günorta və axşam namazlarını qıldı və həmin gün vəziyyəti ağırlaşdı və dünyasını dəyişdi. Onu müsəlmanlarla birlikdə islam qayda-qanunları ilə dəfn etdik.

MEHRIBANÇILIQ
Isra surəsinin 24-cü ayəsində valideynlərlə gözəl rəftar etmək və onlarla gülərüz və mehribanlıqla davranmaq tövsiyə olunur. Imаm Sadiq (ə) ayənin izahında buyurur: «Onlara gülər üzlə nəzər sal, səsini onların səsindən ucaltma, onlara əl qaldırma və yol gedərkən onlardan irəli keçmə».
O həzrət həmin ayənin «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et» hissəsinə çatdıqda buyurdu: Səni döydükləri zaman (mehribanlıqla) söylə: Allah sizi bağışlasın!11
Üzərimizə düşən məs’uliyyətlərdən biri də valideyinlərlə gözəl rəftar etmək və onlara qayğı göstərməkdir. Belə ki, Allah-taala Qur’ani-Kərimdə bunun üzərimizə düşən ən mühüm vəzifələrdən biri olduğunu xatırladır. Həzrət Peyğəmbərdən (s) bu haqda nəql olunmuş hədisdə deyilir: «Valideynləriniz sizin cənnət və cəhənnəminizdirlər. Bu səbəbdən də istər müsəlman olsun, istərsə də qeyri-müsəlman və müşrik, onlarla gözəl rəftar edib qayğılarına qalın».

Kitabın adı: İSLAMDA ƏDƏB QAYDALARI (Birinci cild)
Hazırladı: Rəsul Mahmudzadə


1. Ət-Тərğibu vət-tərhib, 3-cü cild səh-316.
2. Biharul-ənvar, 74-cü cild, səh-3.
3. Biharul-ənvar, 74-cü cild, fəsil-1.
4. Biharul-ənvar, 74-cü cild, səh-6.
5. Yеnə оrаdа
6. Ət-Тərğib vət-tərhib, 3-cü cild, səh-327.
7. Kənzul-ummal.
8. Biharul-ənvar, 74-cü cild səh-61
9. Kənzul-ummal.
10. Biharul-ənvar, 74-cü cild, səh-61.
11. Biharul-ənvar, 74-cü cild, səh-39, Üsuli-kafi, 2-ci cild, səh-158

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!