AİLƏDƏ SAZİŞ - 4

:

QADININ BAŞQALARI ÜÇÜN BƏZƏNMƏSİ
Qadın ərinin hüzurunda bəzənməli olduğu kimi, biganə kişilərin qarşısında bəzənməkdən çəkinməlidir. Qadının biganələr üçün bəzənməsi dini baxımdan haramdır. Belə bir hərəkətin zərərlərindən biri budur ki, evdən bayıra çıxan kişiləri biganə qadınların gözəlliyi cəzb edir.

Belə bir cazibə kişinin öz həyat yoldaşına əlaqəsini azaldır. Kişi özündən asılı olmayaraq həyat yoldaşını gördüyü gözəl qadınla müqayisə edir. Əlbəttə ki, heç bir qadın öz zahiri görkəmi ilə bütün qadınlara üstün gələ bilməz.
Qadının biganə kişilər önündə bəzənməsinin haram edilməsinin səbəbi ailə rabitələrinin qorunmasıdır. İslamın bu hökmündən qadınlar daha çox faydalanır.
Harada qadınlar bu şərtə əməl etmirlərsə, həmin cəmiyyətdə ailə qurumu süquta uğrayır. Çünki kişinin diqqətini öz həyat yoldaşından yayındıran istənilən bir amil zərərlidir. Prinsipcə, qadın və kişi ailə həyatı qurduqdan sonra biganələrə diqqət yetirməməlidir. Onlar bağladıqları əhd əsasında başqaları ilə maraqlanmamalı, günah şəraitindən çəkinməlidirlər. Yalnız bu şərtə əməl olunduqda ailə rabitələri güclü olur. Demək, kişi başqa qadınlara diqqət yetirməməli, qadın isə öz növbəsində başqa kişilərin diqqətini cəlb etməməlidir.
Qadının özünü göstərmək, biganə kişinin qəlbini ovlamaq üçün imkanı daha böyükdür. Bu imkan nəzarət altına alınmadıqda ailə rabitələrinə ciddi zərbə dəyir.
Belə bir sual yaranır ki, nə üçün bəzi qadınlar hətta ərə getdikdən sonra öz gözəlliklərini nümayiş etdirmək istəyirlər? Mütləq bir qanun var ki, qadın kişidən gizləndikdə maraqlı olur və onun diqqətini daha çox cəlb edir. Kişi isə qadının təslimçiliyinə nifrət bəslədiyi kimi, onun etinasızlığını qiymətləndirir. (Mürtəza Mütəhhəri, “İslamda qadın haqları”, s. 202). Kişinin ehtiyac və eşqi o zaman zirvə həddinə çatır ki, qadın ehtiyacsız, ciddi görünsün. Qadının mətanəti, gizliliyi, əlçatmazlığı kişinin məhəbbətini alovlandırır. Qadın təbiət etibarı ilə iffətlidir, bu iffəti itirdikdə isə birinci özünə zərər vurur. Daha sonra kişi və cəmiyyət zərər çəkir. (Mürtəza Mütəhhəri, “Hicab məsələsi”, c. 54)

QEYRƏT KİŞİLİK SİMVOLUDUR
Təəssüf ki, bəzi kişilər öz həyat yoldaşının gözəlliyini başqalarına göstərməyə daha çox meyillidir. Onlar kişilik simvolu olan qeyrətdən məhrumdur. Hansı ki, qeyrət ailə məkanını qorumaq üçün kişiyə verilmiş təbii hissdir. Kişidə belə bir fitri hiss var ki, namusunu başqalarından qorusun. Kişinin insani kamilliyi artdıqca qeyrəti da artır. Kişi o qədər kamilləşə bilər ki, yalnız öz həyat yoldaşını yox, bütün qadınları öz namusu saysın və kiminsə namusuna təcavüzlə razılaşmasın.
Qeyrət cəmiyyətin paklığına münasibətdə insani bir həssaslıqdır.
Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Qeyrətli insan heç vaxt zina etmir.” Digər tərəfdən, şəhvət hisslərini başına buraxan insanda iffət, təqva və əxlaqi keyfiyyətlər zəifləyir, qeyrət də sair kamilliklər kimi süquta uğrayır. Belə bir vaxtda kişi başqalarının onun qadınından ləzzət almasına adi baxır. Bəzən isə belə bir haldan ləzzət alır. (“Hicab məsələsi”, s. 46)

ÇİRKİN BAXIŞLAR
Qadın iffət və həya yolunu seçməli, biganə kişiləri cəzb etməməlidir. Kişi də öz həyat yoldaşına baxmaqla kifayətlənməli, biganə qadınlardan gözünü çəkməlidir.
Kişilərin çirkin baxışları qadınlarda özünü göstərmək hissini gücləndirir. Demək, qadın və kişi rabitələri birtərəfli yox, qarşılıqlıdır.
Yəni həm qadın özünü göstərməkdən çəkinməli, həm kişi öz gözünü qorumalıdır. Əgər hər iki tərəf səy göstərməsə və kişi bu məsuliyyəti qadının çiyninə qoysa, ailə rabitələrində problem qaçılmazdır.
Öz qəlbinə və gözünə nəzarət etməyən kişilər ilkin olaraq eşq və səmimiyyət ləzzətini itirirlər.
Başqalarına nəzər salmaq kişinin qəlbini öz həyat yoldaşına qarşı soyudur, nəticədə qadının arxayınlıq hissi aradan götürülür. Bu halda qadın daim ərinin vəfasızlığından nigaran qalır.
Bəzi rəvayətlərdə naməhrəmə baxış şeytan tərəfindən atılmış ox kimi təqdim olunur. Bu təbir naməhrəmə baxışın təhlükələrindən danışır. İnsan bu səhnələri nə qədər seyr etsə də, onun gözü doymur. Əlbəttə ki, nəticədə qəlb də gözün ardınca gedir.

Göz hara baxırsa–könül yanında,
Baxış bir kəmənddir könül boynunda.

Kişilər arasında bu sayaq büdrəmələrin artması pak qadınlar üçün mühitdə sıxıntı yaradır. Belə bir cəmiyyətdə qadın hara gedirsə, kişinin çirkin baxışlarını hiss edir. Pak qadınlar üçün belə bir hal çox əziyyətlidir.
Qadının öz iffət və həyasını, kişinin öz baxışlarını qoruması bir pul sikkəsinin iki üzü kimi qarşılıqlı rabitədə hakim olmalıdır.

ÖVLADI OLMAYAN ZÖVCƏLƏR
Bəzi ailələrin problemi onların övladlarının olmamasıdır. Belə bir problem bəzən kişi, bəzən isə qadınla bağlı olur. Övlad insanın fitri ehtiyaclarından olsa da, övladsızlıq məhrumluq kimi qəbul olunmamalıdır. Həyatda bütün insanlar üçün məhrumiyyət var. Bu məhrumiyyətlərin bir çoxu insan iradəsindən asılı deyil. Bəziləri uşaqkən ata-anasını əldən verir və ya yoxsulluğa düçar olur. Kimi də əzab-əziyyətlə boya-başa çatdırdığı övladını itirir. Allah və qiyamət gününə etiqadı olan insan üçün bu məhrumiyyətlərə dözmək çətin deyil. İmanlı insan əmindir ki, bütün çətinliklərə səbirlə dözüb Allahın razılığını əldə etmək olar. Bu mövzuda ayə və rəvayətlər çoxdur. Bildirilir ki, məhrumiyyətlə rastlaşmış insan öncə Allaha təvəkkül, səbir və razılıq yolunu seçməli, bilməlidir ki, Allah onların bu fədakarlığına əbədi həyatda cavab verəsidir. Övladı olmadığı halda xoşbəxt yaşayan ailələr az deyil. Bəzən isə ailə uzun illər ötdükdən sonra övlad sahibi olur. Son dövrün tibbi araşdırmalarına əsasən uyğun problemlə rastlaşmış ailələrin övlad sahibi olması ehtimalı böyükdür. Bundan əlavə, övladı olmayanlar ata-anasını itirmiş körpəni övladlığa götürə bilərlər. Belə bir iş böyük ilahi savabla nəticələnir. Bu kimi ailələrin bəziləri övladı olan ailələrdən daha xoşbəxtdir.

İXTİLAFLARA NECƏ YANAŞAQ?
Gənc ailənin diqqət yetirməli olduğu məsələlərdən biri də ortaya çıxan ixtilafların həllidir. Xüsusi ilə ailə həyatının ilk illərində tərəflər zəruri təcrübəyə malik olmadığından əhəmiyyətsiz məsələlərlə bağlı ixtilaflarla üzləşirlər. İlk günlərdəki eşq-məhəbbət gənclərdə belə bir təsəvvür yaradır ki, onların arasında heç bir ziddiyyət yoxdur. Amma vaxt ötdükcə gənc ailə müxtəlif məsələlərlə bağlı fikir ayrılığına düçar olur. Bu problemlər agahlıqla həll olunmadıqda ərlə arvad arasındakı rabitələr soyuyur. Gənc ailələr çalışmalıdırlar ki, mövcud problemləri özləri həll etsinlər. Problem iki nəfərin arasından çıxanadək asan həll olur. Problem ictimailəşdikdə onu həll etmək də çətinləşir. Bəzən gənc ailə öz problemini yaxın qohumlarla həll etmək istəyir. Təcrübə göstərir ki, məsələyə qatılan ətrafdakılar ədalət prinsipini gözləyə bilmir, hərə öz tərəfinə bəraət qazandırır. Xüsusi ilə analar öz analıq hisslərinin kölgəsində məsələyə birtərəfli yanaşıb onun həllini çətinləşdirirlər. Ata-anaların yersiz müdaxilələri ilə bağlı məsələlər çoxdur.
Övladın kiminləsə bağlı problemində ata-ananın ədalət prinsipinə riayət etməsi çox çətindir. Atalıq və analıq hissləri, adətən, qalib gəlir. Həzrət Əli (ə) buyurmuşdur: “Bir şeyi sevmək insanı kor və kar edir.” (“Nəhcül-bəlağə”). Bu səbəbdən də gənc ailə, xüsusi ilə gənc xanımlar ailə problemlərini müstəqil şəkildə həll etməyə çalışmalıdır. Onlar bu işdə güzəşt və fədakarlıq yolunu tutmalıdırlar.
Aradakı ixtilafın məntiqi söhbətlə yoluna qoyulması zövcələrin düşüncə nişanəsidir.
Hər halda gənc ailə bilməlidir ki, problemlərin həlli üçün güzəşt lazımdır. Əgər hər tərəf özünü haqlı bilsə, günahı qarşı tərəfin boynuna atsa məsələnin həlli çətinləşər. Ümumiyyətlə, əksər ailələrdəki problemlər güzəşt və fədakarlıq yolu ilə həllini tapır. Tərəflərdən hansı daha tez bağışlama yolunu tutarsa, böyük ilahi savabı da o əldə edər. Problem ailə çərçivəsində həll olunmadıqda zövcələr məsləhət vermək ləyaqəti olan fərdə üz tutmalıdır. Təəssüf ki, bəziləri problemin həlli üçün etibarlı bir fərddən məsləhət almağı əskiklik sayır. İxtilaf dərinləşdikdə və iş boşanmaya gəlib çıxdıqda tərəflərdən hər biri öz ailəsindən agah və etibarlı bir şəxs seçməli və problem müzakirələrlə öz həllini tapmalıdır. (“Nisa”, 35)

ATA-ANALARA TÖVSİYƏ
Ailə münasibətlərinin araşdırılması göstərir ki, mövcud ixtilafların əsas səbəbi tərəflərin düzgün tərbiyə almamasıdır. Bu gün ailə təşkil edən gənc zəruri tərbiyə almamışsa, hökmən problemlə qarşılaşasıdır. Ailə qurmaq astanasında olan bir çox gənclər öz vəzifələrindən xəbərsizdirlər. Ata ailəsindəki vəzifə ilə ər ailəsindəki vəzifə fərqlidir. Ata ailəsində öz vəzifələrini bilən gənc öz ailəsində də vəzifələri ilə də tanış olmalıdır. Müştərək həyatın öz qanunları var. Qarşı tərəflə uyğunlaşma, qarşı tərəfin diqqətini cilb etmə, istəkləri tarazlaşdırma kimi məsələlər zəruri təhlil tələb edir. Ata-analar övladlarının tərbiyəsində bu nöqtələri nəzərə almalıdırlar. Yəni ailə həyatının qanunları övlada təlim olunmalı, övlad ailə qurduqdan sonra da ona zəruri məsləhətlər verilməlidir. Ata-ana öz övladının ailə həyatına birtərəfli yanaşmamalı, ədalət prinsipinə riayət etməlidir. Odu üfürmək yox, onun üzərinə su çiləmək lazımdır. Bəli, düşüncəli ata-analar məhz belə edir.

SON SÖZ
Ailə rabitələri mövzusunda, əlbəttə ki, bu kitabdakından daha geniş danışmaq və bir çox digər nöqtələrə toxunmaq olar. Biz isə deyilənlərlə kifayətləndik və güman edirik ki, ailə həyatına sədaqətlə qədəm qoyan kəs yeni həyat üçün çox təhlükəli olan eqoistlikdən çəkinəcək, qarşı tərəfin də istək-arzularına hörmətlə yanaşacaq. Kitabda qeyd olunmuş nöqtələrə əməl etməklə sağlam və müvəffəq bir ailənin bünövrəsini qoymaq olar. Hər halda, nutmamalıyıq ki, ailə həyatında qarşı tərəfin haqlarını tapdamaq, onu incitmək Allah dərgahında bağışlanası hərəkət deyil və belə rəftarın dünya və axirət cəzası var. Digər bir tərəfdən, daxili həyatında aramlıq və razılıqdan məhrum kəs başqa sahələrdə də yetərincə bəhrələnə bilmir. Buna görə də insan səadətinin əsaslarından biri ailə həyatını nizamlamaqdır. Belə bir nizam isə agahlıq, dərin düşüncə, sədaqətli təlaşdan asılıdır. Bütün bunlara əməl olunduqda ailə ocağı ər-arvad və övladlar üçün təkamül və yüksəliş məhəlli olur.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!