FİQHİ VƏ ŞƏRİ BAXIMDAN QEYBƏTİN HÖKMÜ

:

Şiə məzhəbinin fiqhi hökmlərini təmin edən “dördlük dəlillər” – “kitab” (Qurani-Kərim), “sünnə”, “icma” və “əql”dən ibarətdir. Bu dəlillərə əsaslanan bir çox şiə alimləri qeybət haqqında təkidlə qeyd edirlər ki:

اَلْغِيبَةُ حَرامٌ بِالاْ َدِلّةِ الاْ َرْبَعَة

“Qeybət dördlük dəlillərə əsasən haramdır.”1
Qeyd olunan fitva dörd “mərcəyi-təqlid”in fitvasından qaynaqlandığından fiqhi cəhətdən daha da möhkəm və etimadlıdır. Lakin bu barədə fiqhi mövzulara toxunmaq bu kitabın imkan çərçivəsindən kənar olduğu üçün, bəzi rəvayətlərlə kifayətlənirik. İmam Sadiqdən (ə) belə bir rəvayət nəql olunur:

اَلْغِيبَةُ حَرامٌ عَلى كُلِّ مُسْلِمٍ... وَالْغِيبَةُ تَْأكُلُ الْحَسَناتِ كَما تَأْكُلُ النّارُ الْحَطَب

“Hər bir müsəlmana qeybət etmək haramdır... Qeybət atəşin odunu yandırdığı kimi, bütün yaxşılıqları məhv edir.”2

ŞƏRAİTƏ ƏSASƏN QEYBƏTİN HARAM OLMASI
Fiqhi nöqteyi-nəzərdən qeybətin haram olmasına zəmin yaradan şəraitlər aşağıdakılardan ibarətdir:
1. Nöqsanı olan mömin şəxsin qüsurunu iştirak etmədiyi yerdə aşkara çıxarmaq:
Mömin dedikdə, aralarında iman baxımından bir növ qardaşlıq, yaxud yaxın münasibət nəzərdə tutulur. Allah-Taala Qurani-Kərimin “Hücurat” surəsində qeybəti ölmüş mömin qardaşın ətininin yeyilməsinə bənzətməsi buna bariz nümunədir. Bununla bağlı Əbdürrəhman Siyabinin imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyilir:

اِنَّ مِنَ الْغِيبَةِ اَنْ تَقُولَ فى أَخيكَ ما سَتَرَهُ اللّهُ عَلَيْه

“Qeybət dedikdə, bir şəxsin öz mömin qardaşının görünüb-bilinməyən və Allah-Taalanın üstünü örtdüyü xüsusiyyətini deməsi başa düşülür.”3
Məlumdur ki, üsuli-dinə, yəni tövhid, ədalət, nübüvvət, imamət və məada etiqadı olan şəxslərə mömin deyilir. Üsuli-dinə inamı olmayanlar isə kafirdirlər. Lakin kafir şəxsin də eybini onun ardınca deyilməsi qeybət hesab olunur.
2. Şəri cəhətdən:
Şəri baxımdan qeybət bir şəxsin nöqsanlarının onun ardınca başqalarına söylənilmə zamanı ilə ölçülür. Əgər bir şəxsin yaxşı cəhətləri həmin şəxsin razı olub-olmadığından asılı olmayaraq söylənilərsə, bu qeybət hesab olunmaz. Bundan əlavə, mömin bacı və qardaşların ümumi kütlənin razılığına səbəb olan xoşagəlməz nöqsanlarının aşkar surətdə hamıya çatdırılması qeybət hesab olunmaz.
Söhbətimizin əvvəlində Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan rəvayətdə “böhtan”la “qeybət”in fərqi ilə əlaqədar bir hədisi diqqətinizə çatdırmışdıq. O həzrət bu rəvayətdə qeybətin tərifi kimi onun əsl mahiyyəti haqda buyurmuşdur:

ذِكْرُكَ اَخاكَ بِما يَكْرَهُ

Bu rəvayətdə “yəkruhu” ibarəsində şəxsin mömin qardaşı ardınca xoşagəlməz sözlər işlətməsindən doğan narazılıq nəzərdə tutulur. Bu ibarəni deməkdə məqsəd ümumi kütlənin və cəmiyyətin xoşlamadığı sözləri dilə gətirməyin bəyənilməz olduğunu nəzərə çatdırmaqdır. Çünki Allah-Taala cəmiyyətdə mömin bəndəsinin abır-həyasının aradan getməsinə razı deyildir. Rəvayətlərdən birində deyilir:

قُوا اَعْراضَكُمْ

“Abır-həyanızı qoruyun.”4
Peyğəmbəri-Əkrəm (s) bu barədə buyurur:

لَيْسَ لِلْمُؤْمِنِ اَنْ يُذِلَّ نَفْسَهُ

“Mömin şəxsin öz abır-həyasını aparmağa haqqı yoxdur.”5
İmam Sadiq (ə) isə buna təkidlə yanaşaraq buyurur:

اِنَّ اللّهَ تَبارَكَ وَ تَعالى فَوَّضَ اِلى الْمُؤْمِنِ كُلَّ شَىْءٍ اِلّا اِذْلالَ نَفْسِهِ 

“Allah-Taala möminlərin öz nəfslərini zəlil və xar etməsinə icazə verməmişdir.”6
Əgər bir şəxs mömin qardaşının xoşagəlməz nöqsanını onun arxasınca kiminsə yanında söyləyərsə və bu, həmin şəxsin narazılığına səbəb olmazsa, haram hesab olunmaz.
3. Kimsəyə məlum olmayan nöqsanları başqalarının yanında demək:
Bir şəxsin hər kəsə məlum nöqsanlarını onlardan xəbərdar olan şəxslərin yanında demək haram deyil. İmam Kazim (ə) buyurmuşdur:

مَنْ ذَكَرَ رَجُلا مِنْ خَلْفِهِ بِما هُوَ فيهِ مِمَّا عَرَفَهُ النَّاسُ لَمْ يَغْتَبْهُ وَ مَنْ ذَكَرَهُ مِنْ خَلْفِهِ بِما هُوَ فيهِ مِمَّا لا يَعْرِفُهُ النَّاسُ اغْتابَه

“Bir nəfərin hər kəsə məlum olan nöqsanını demək qeybət deyil. Amma camaatın bilmədiyi nöqsan və qüsurun söylənilməsi qeybətdir.”[7]

4. Qisas məqsədi daşıyan qeybət;
İnsan bir nəfərin şəxsiyyətini alçaltmaq üçün onun qeybətini edirsə, deməli, ondan qisas almaq məqsədi güdür. Əgər şəxsin nöqsanını aradan qaldırmaq, xəstəliyini müalicə etmək və yaxud eyiblərini düzəltmək məqsədi daşıyırsa, bu qeybət hesab olunmur. Məsələn, bir nəfərin xəstəliyi haqda həkimə məlumat vermək qeybət deyil. Qeybətin bütün şərtlərini nəzərə alaraq ona qulaq asan olarsa, bu zaman qeybət həqiqətə qovuşar. Əgər bir şəxs kiminsə nöqsanlarını özü-özünə deyirsə və heç kəs onu eşitmirsə, bu rəftar haram deyil, sözlər də qeybət xarakteri daşımır.
 

 Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. “Məkasibul-muhərrəmə”, Şeyx Ənsari, “qeybət” bölümü.
2. “Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh. 117-118, 10407-ci hədis.
3. “Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh. 282, 16313-cü hədis.
4. “Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 15-ci cild, səh. 268
5. Yenə orada, 12-ci cild, səh. 210, 13908-ci hədis.
6. “Kafi”, Kuleyni, 5-ci cild, səh. 63, 3-cü hədis.
7. Yenə orada, 2-ci cild, səh. 358, 6-cı hədis.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!