BƏDBİNLİK - I hissə

:

Həyatın qaranlıq və işıqlı anları

Ağrı-acılı və şirin xatirələrlə dolu olan həyat insanın qısa ömrünü əhatə edir. O hər cür çətinliklə qarşılaşır və bu inkar olunmaz həqiqət əsasında da insanın həyatı daim çətinlikdə və ya asayişdə olur. 

Biz həyatın qanunlarını ürəyimiz istədiyi kimi dəyişə bilmərik, lakin həyatla yaxından tanış olduqdan sonra, yaşadığımız dünyada bizi əhatə edən varlıqlara müsbət münasibət bəsləyib orada mövcud olan və hər birinin öz əsrarəngiz sirr və gözəlliyi olan məxluqata qarşı yönələn mənfi münasibətləri aradan qaldıra bilərik. Yaxud əksinə olaraq varlıqların gözəlliklərini unudub diqqətimizi onların mənfi xüsusiyyətlərinə də cəlb edə bilərik. Bir sözlə hər bir insan öz tərzi-təfəkkürünü istədiyi istiqamətə yönəldib dünyanı öz istədiyi rəngə boyaya bilər. Həyatda qarşımıza çıxan maneələri aradan qaldırmağa hazır olmalı və hər şeydən əvvəl soyuqqanlığımızı qoruyub saxlamalıyıq. Əks təqdirdə ağır xəsarətlərlə qarşılaşıb, bir çox hallarda hətta məhv olub aradan gedə bilərik. 

Bəziləri belə bir fikirdədirlər ki, əgər dünyada baş verən hadisələr bir qədər fərqli həyata keçsəydi, səadətə qovuşar və xoşbəxt olardılar. Halbuki onların bədbəxtçilik və müvəffəqiyyətsizlikləri hadisələrin baş verməsindən deyil, onlara olan baxış və münasibətlərindən asılıdır. Belə ki, xarici amillərin qoyduğu təsirləri istənilən kimi dəyişib uğur qazanmaq olar. 

Məşhur yazıçılardan biri yazır: "Fikrimiz narazılıq çərçivəsindən kənara çıxmır. Hansı şərait və hansı vəziyyətdə oluruqsa-olaq, daim gileylənir və öz narazılığımızı bildiririk. İnsan elə bir varlıqdır ki, nə qədər ki cismi və ya ruhi çatışmazlığı var daim nəsə istəyir və nəyinsə arzusunda olur. Bəzən hətta nə istədiyimizi belə bilmirik və belə fikirləşirik ki, başqları xoşbəxtdir və bunun üçün də daxilən əzab-əziyyət çəkir və onlara həsəd aparırıq. Vücudumuz şıltaq və ağlağan uşaq tək bir an da olsun bizi rahat buraxmayır və biz yalnız o zaman rahatlıq tapa bilirik ki, bu şıltaq uşağı həqiqəti görməyə vadar edək. Pislikdən savayı bir şey görməyən bu uşağın gözlərini açıb ona gözəllikləri göstərməliyik. O, bilməlidir ki, həyat bağında yalnız görənlər gül dərə bilər, görməyənlər isə özlərini tikanlı kollara atarlar. Əgər hövsələsizlik və bədbinliyi kənara qoyub hər şeyə olduğu kimi nəzər salarıqsa, görərik ki, bütün dövrlərdə hətta xeyirlə şər bilinməyən və daim təhlükə qarşısında olduğumuz, yaşadığımız hal-hazırki zamanda belə, hələ də həyat öz bağında gözəlliyi ilə valeh edən gülləri görməyə qadir olanları özünə cəlb edir. 

İnsanın tərzi-təfəkkürü onun xoşbəxtliyinə böyük təsir göstərir və bu, insanın səadətə çatmasına səbəb olan ən başlıca amildir. Hər hansı bir qeyri-adi hadisə, daim zülmət və qaranlığa qapılan bir şəxs üçün dözülməz hala və həll olunmaz bir məsələyə çevrilir. Lakin həyata ümid gözü ilə baxan və bədbinlikdən uzaq olan şəxslər qarşılaşdıqları bütün çətinliklərin müqabilində müqavimət göstərir, səbir və təmkinlə düşdüyü böhrandan çıxmağa qadir olur. 

Özlərini bədbəxçiliyə düçar edən şəxslər isə ömürlərini-günlərini qan-qaraçılıq və iztirab içində keçirərlər. Onlar qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında nə qədər səy göstərsələr də öz səy və zəhmətlərini hədərə vermiş olurlar və eyni zamanda yaşadıqları dünyada onları əhatə edən gözəlliklərdən xəbərsiz qalmış olurlar.” 

Digər bir alim belə deyir: "Dünya insanla qarşılıqlı olaraq müamilə edir. Əgər üzünə güləriksə güləcək, yox əgər ona qarşı kin-küdurətli olarıqsa, o da bizə qarşı eləcə qaş-qabaqlı olacaqdır. Əgər fikir və düşüncədə olarsınızsa, alimlərlə ünsiyyətdə olacaq, əgər səmimi və mehriban olarsınızsa ətrafınızdakılar da sizləri sevəcək və qəlblərini sizə açacaqlar".

Qarşılaşdığımız çətinliklər zahirdə ağrılı-acılı olsa da, insanın tərzi-təfəkkürünə və psixologiyasına müsbət təsir göstərir. Belə ki, insanın ruhiyyəsi çətinliklərlə qarşılaşdıqca daha çox təcəlli edə bilir və məhz belə bir şəraitdə insanın ruh və şüuru təkamülə doğru hərəkət edir. 

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ.Əhmədov

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!