BƏDBİNLİK - III hissə

:

İslamın bədbinliklə mübarizəsi

Qurani-Kərim, zənn-gümana qapılmağı böyük günah adlandıraraq müsəlmanlara ondan uzaq olmağı əmr etmişdir. Hücurat surəsinin 12-ci ayəsində bu barədə deyilir: “Ey iman gətirənlər! Çox zənn-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır”.

Müqəddəs İslam dini heç bir əsası olmadan başqalarına qarşı bədgüman olmağı qətiyyətlə qadağan etmişdir. Peyğəmbər (s) buyurur: "Allah-taala müsəlmanların üç şeyini sizə haram etmişdir. Onların qanını, malını və onlar barədə bədgüman olmağı." Heç bir dəlil və əsas olmadan birinin malını digərinə vermək qeyri qanuni olduğu kimi, başqalarını da - əldə heç bir dəlil və sübut olmadan – nədəsə ittiham etmək, onlara qarşı bədgüman olmaq olmaz. 

Əli(ə) buyurur: "Zənn və gümana arxalanaraq hər hansı bir məsələdə hökm çıxaran şəxslər ədalətdən uzaq olarlar." Başqa bir yerdə isə bədbinliyin qoyduğu ruhi və zehni mənfi təsirləri belə bir gözəl ibarətlərlə bəyan edir: “Zənn və bədgümanlıqdan uzaq olun, çünki bədgümanlıq günahları böyüdür və ibadəti məhv edib aradan aparır!"

Bədgümanlıq xeyirxah insanlara qarşı bir növ haqsızlıq və ədalətsizlikdir: "Xeyirxah insanlara qarşı bədgüman olmaq onlara qarşı ədalətsizlikdir və ən böyük günahlardan biridir."

Dostlara qarşı bədbin olmaq münasibətlərin soyumasına və dostluq əlaqələrinin kəsilməsinə səbəb olur. Rəvayətlərdən birində bu barədə deyilir: “Bədgümanlıq kimin qəlbinə hakim olarsa, onunla dostları arasında olan səmimiyyətdən əsər-əlamət qalmaz məhv edib aparar."

Bədbinlik insanın həyatına mənfi təsir qoyduğu kimi, başqalarının da əxlaq və ruhiyyəsinə mənfi təsir göstərir. Belə ki, haqqında yanlış fikirdə olan şəxslər bəzən deyilənlərin təsiri altına düşərək xoşagəlməz əxlaqi xüsusiyyətlərə yiyələnməyə başlayırlar. "Bədbinlik, zənn və güman hər şeyi öz axarından çıxarar və çox xoşagəlməz hadisələrə səbəb olar. "

Doktor Marden bu barədə deyir: "Evində xidmətçilərdən istifadə edən şəxslər bəzən onlara qarşı bədgüman olub daim oğurluq edəcəklərinə ehtimal verirlər. Xidmətçilər də onlara qarşı olan bu münasibəti hiss edərək oğurluğa əl atırlar. Deməli, bədgümanlıq dilə gətirilməsə də öz mənfi təsirini qoyur. Xidmətçiyə qarşı bədgüman olmaq onun ruhiyyəsinə ağır zərbə vurur və nəticədə onu oğurluğa sövq edir".

Əli (ə) buyurur: "Qeyrətinizi (həyat yoldaşınıza qarşı bədgüman olaraq) lazım olmayan yerdə əsla büruzə verməyin. Çünki belə bir hərəkət günahsız insanları günaha və əməli saleh şəxsləri əli-əyriliyə sövq edir!” Başqa bir yerdə belə buyurur: "Bədbinliyə düçar olan şəxs cismi və ruhi sağlamlığını əldən verəcəkdir."

Doktor Karl deyir: "Elə adətlər də vardır ki, insanın həyat və qüdrətinə (sağlamlığa) mənfi təsir göstərərək onun zəifləməsinə səbəb olur. Hamıya qarşı bədbin olub onları tənqid etməyi buna misal çəkmək olar. Belə ki, bu mənfi xüsusiyyət insanın bəzi daxili orqanlarına mənfi təsir göstərərək bir çox hallarda onlardan bəzilərinin fəaliyyətinin dayandırılmasına səbəb olur."

Doktor Marden deyir: "Bədbinlik sağlamlığa mənfi təsir göstərir və əxlaqi dəyərlərin zəifləməsinə səbəb olur. Hər bir normal insan heç vaxt başqalarından pislik gözləmir və daim ona qarşı mehriban olub yaxşılıq edəcəklərini ümid edir. Çünki o, yaxşılıq və xeyirxahlığın əbədi həqiqət olduğuna ümid bəsləyir. Qaranlıq özü-özlüyündə müstəqil bir məfhum olmadığı kimi (çünki qaranlıq nurun olmamasından meydana gəlir), pislik də müstəqil məfhum olmayıb xeyirxahlıq olmadıqda meydana gəlir."

Nəql olunmuş rəvayətlərdən birində bədbin insanların daim ətrafındakılardan qorxu içində olduğu haqda deyilir: "Bədbin insanlar camaatdan qorxar və daim vəhşət və iztirab içində olar."

Bədbinliyin meydana gəlməsinə səbəb olan amillərdən biri də insanın daxilində özünə yer edən və gözlənilmədən özünü biruzə verən keçmiş xatirələrdir. Əli (ə) bu barədə buyurur: "Qəlbin dərinliklərində ağıl və şüurun sevmədiyi keçmiş xoşagəlməz xatirələr özünə yer etmişdir."

Helen Şaxter deyir: "Özlərinə etimad etməyən şəxslər cüzi məsələlərdən inciyir və hər şeyi yadda saxlayırlar və bütün bunlar onların rəftar və davranışlarına öz təsirini qoyur. Belə ki, bu şəxslər bir çox hallarda qəmgin, tündxasiyyət və ya bədbin olurlar və onlar özləri nə üçün bu ruhi xəstəliklərə düçar olduqlarını bilməyirlər. Çünki başqaları barədə yiyələndikləri mənfi təəssüratları heç vaxt zehnlərindən çıxarmayırlar. Lakin gizli düşmənlərimiz yenə də kin və düşmənçilikdən əl çəkməyirlər. Onlar əxlaq və ruhiyyəmizi ixtiyarlarına alıb özlərinə tabe etmək istəyirlər. Bəzən özümüzdən və başqalarından təəccüblü sözlər eşidir və hərəkətlər görürük, lakin bir qədər diqqət yetirsək görəcəyik ki, bütün bunlara səbəb olan illər boyu unutmadığımız acı xatirələrdir."

Bədbin və bədxasiyyət şəxslər daim öz xoşagəlməz xüsusiyyətlərini başqalarında görər və onlar barədə mənfi fikirdə olarlar. Əli (ə) bu barədə buyurur: "Bədbin və bədəxlaq şəxslər başqalarınına öz gözləri ilə baxdıqları üçün kiminsə haqqında müsbət fikirdə olmazlar. "

Bədbin insanların öz mənfi xüsusiyyətlərini başqalarına aid edib onlara irad tutmaları bir növ özünümüdafiə xarakteri daşıyır. Lakin bu, olduqca düşünülməmiş və uğursuz bir addımdır. Bu hissin insanda daha da güclənməsi onun psixoloji xəstəliyə düçar olmasından xəbər verir. 

Peyğəmbər(s) Mədinəyə hicrət etdikdən sonra şəhər əhalisindən biri onun yanına gəlib dedi: “Ya Rəsuləllah! Bu şəhərin camaatı olduqca xoş xasiyyət və mehriban insanlardır və çox yaxşı oldu ki, siz məhz buraya gəldiniz.” Peyğəmbər (s) buyurur: "Tamamilə düz deyirsən!" Bir qədər sonra başqa bir şəxs gəlib dedi: "Şəhər əhalisi olduqca nadan və bədxasiyyət şəxslərdir, heyifki, sizin kimi müqəddəs və şərəfli bir insan belə bir camaatın arasına gəlmişdir. "Peyğəmbər (s) buyurur: "Tamamilə düz deyirsən!" Səhabələrdən biri Peyğəmbərin (s) deyilənlərin hər ikisini təsdiq etməsindən təəccüblənərək bunun səbəbini soruşur. Peyğəmbər (s) cavabında buyurur: "Onların hər biri başqalarını da özləri kimi təsəvvür edib öz əhval-ruhiyyələrinə əsaslanaraq camaat barədə hökm çıxardırlar. Bunun üçün də onların hər ikisinin dediklərini yiyələndikləri xüsusiyyətlərlə müqayisə etsək, tamamilə haqlı olduqları üzə çıxır."

Əlbəttə, diqqət yetirmək lazımdır ki, bədgümanlıq dedikdə insanın zənn və gümana qapılması və bu mənfi xüsusiyyətdən əl çəkməməsi nəzərdə tutulur. Bir sözlə, dinin qadağan etdiyi məqamlar. Deməli, bu mənfi xüsusiyyətdən yaxa qurtarmaq üçün ilk növbədə onun yaranma səbəblərini müəyyən etməli və sonra qarşısını almaq üçün lazımi tədbirlərə əl atmaq lazımdır. 

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ.Əhmədov

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!