SUI-ZƏNN VE BƏDBINLIK 6

:

BƏDBİNLİYİN MÜALİCƏSİ
Bədbinlik haram edilərkən onun dərman və müalicəsi yolları da müəyyənləşdirilib. Bildiyimiz kimi, ruhi-psixi, cismi və əxlaqi xəstəliklərin müalicəsini onların yaranma səbəblərində axtarmaq lazımdır. Bədbinliyin amilləri ilə bağlı bəhsləri nəzərə alaraq belə nəticəyə gəlirik:

1. Bədbinliyi aradan qaldırmaq üçün əvvəl özümüzü islah etməliyik. Özünüislah zamanı insanda başqalarına qarşı pis fikirlər elə də rahat baş qaldıra bilmir. Bir də ki, heç vaxt başqalarını özümüz kimi fərz etməməliyik. Çox vaxt ola bilər ki, ətrafımızda olanlar bizdən üstün olsunlar. Bəşərdə olan zati müqayisə hissinin (özünübəyənmə) əsla elmi və məntiqdə rolu olmadığından belə hallarda onun əsasında hökm kəsə bilmərik.
2.Bədbinliyə səbəb olan mühiti və ətrafımızı təmizləməli, şər və pis adamlarla yoldaşlığı tərk etməliyik. Belə rabitələrin zərərlərindən əlavə, insanlara qarşı fikirləri qaranlıqlaşdırmaqda, onları tamamilə səhv tanımaqda rolu az deyildir. Bu səhv təsəvvürlər əxlaqi-mənəvi zərbələrilə bərabər bizi (bədbinlik üzündən) böyük şəxslərin fikir və əxlaqi dəyərlərindən də məhrum edir. Bu baxımdan uşaqlıqdan qalan əyri mühitin təsirlərini sağlam mühitlə əvəz etmək, kor-təbii yaranan təlqinləri aradan qaldırmaq üçün əməlisaleh insanların tərcümeyi-halı ilə maraqlanmalı, yaxşı adamlarla oturub-durmaqla fikirlərimizdən təmizləməliyik. Burada xüsusilə böyük və misilsiz tarixi şəxsiyyətlərin tərcümeyi-halını mütaliə etməyimiz daha məqsədəuyğundur.
3.Bədbinliyin fərdi-ictimai zərərlərini, özümüzə və cəmiyyətə dəyən böyük zərbələrini daim nəzərə almalı, keçən bəhslərlə bağlı ətraflı düşünməliyik. Bilməliyik ki, bədbinliyin aldadıcı “intiqam”, yaxud “xudbinlik” halları bizim hisslərimizi müvəqqəti aram və rahat edirsə, onun əvəzedilməz zərərləri ilə müqayisəedilməzdir.
4. Əgər bədbinliyimizin səbəbləri başqalarının kin-küdurəti, xudbinliyi, pis əməllərini yozmaq kimi əxlaqi pozuntularıdırsa, o zaman psixoloji təhlillərlə bu amilləri cilovlamalı, onları zehnin yatmış mərhələsindən agah və oyaq mərhələsinə yönəltməliyik. Bu proses əxlaqi pozuntuların müalicəsində yüksək əhəmiyyət daşıyır. İnsanın rəftar və fikirlərində ciddi təsir buraxa bilən zehnin yatmış mərhələsində baş verən təbii hisslər psixoloji təhlillərlə agah mərhələyə yönəldikdə, insanın əhval-ruhiyyəsində müsbət təsir qoya bilir. Elə ona görə bu məsələyə müasir psixologiyada yüksək əhəmiyyət verilir.

Dİqqət
Nəhayət, deməliyik ki, bədbinlik yalnız bir halda – insanların çoxunun azğın və yaşadıqları mühitin pozğun olduğu təqdirdə məntiqli yönə malik ola bilər. Belə mühitdə şübhəli kəslərə ehtimallar üzrə xoşbin olmaq çətindir. Çünki məlum olmayan hər kəsin əyri yolda və günahkar olması ehtimalı çoxdur. Lakin diqqət etmək lazımdır ki, insan həmin mühitdə də tam ehtiyatlı olaraq həqiqi mənada bədbinlik yaradan baxışlardan qorunmalıdır. Yəni lazımınca ehtiyatı gözlədiyi halda, zahirən ilk baxışda bədbinlik və etimadsızlıq doğuran qarşı tərəfin rəftarlarına tez reaksiya verməməlidir. Bəs, nəzərdən qaçırmamalıyıq ki, həmin cəmiyyətdə əməlisaleh şəxslər də ola bilər. Demək, bu ümumi qayda pozğun mühitin cəmiyyətin əksəriyyətini əhatə etdiyi təqdirdədir. Bundan digər hallarda isə kamil “hüsn-zənn”ə (xoşbinliyə) əməl olunmalıdır. Əmirəlmöminin Əlidən (ə) nəql olunan bir hədisdə belə buyurulur:   اِذا اسْتَوْلَى الْفَسادُ عَلَى الزَّمانِ فَاَحْسَنَ رَجُلٌ الظَّنَّ بِرَجُلٍ فَقَدْ غَرِرَ

“Fitnə-fəsad müəyyən bir əsrə hakim kəsildikdə, insanların bir-birlərinə “hüsn-zənn”i, şübhəsiz, aldanışdır.” (Biharül-ənvar”, 75-ci cild, səh.197, hədis: 18)

 

Tags: HƏDİS, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!