BƏDBİNLİK - II hissə

:

BƏDBINLIYIN VERDIYI ZƏRƏRLƏR

"Bədbinlik", ümidsizlik və nakamlıq nəticəsində meydana gələn olduqca qorxulu bir ruhi xəstəlikdir. İnsanın şəxsiyyətinə məhvedici təsir bağışlayan bu mənfi xüsusiyyət daim ona mənəvi əzab verir. Bir çox hallarda iztirab və nigarançılıqlardan meydana gələn bu xüsusiyyət insanın daxilində bəzi ciddi dəyişiklərin meydana gəlməsinə səbəb olur. Qeyd olunan səbəblər üzündən insanın qəlbində kök atan bu xüsusiyyət öz mənfi təsirini onun tərzi-təfəkküründə göstərir. 

Ruhu bədbinlik xəstəliyinə düçar olan şəxslər nəinki yaradılışın gözəlliyini dərk etmir, hətta öz xoşbəxtliyini belə əldən verir. Başqaları barədə mənfi fikirdə olduqları üçün onların gördükləri işlərə daim irad tutur və yalnış təsəvvürə malik olurlar. Mənfi ruhiyyəyə yiyələnən bu şəxslər adətən müsbət xüsusiyyətə malik olmurlar. Daim yanlış təsəvvürləri ilə özlərinə çətinlik yaradırlar və bəzən zehnlərini heç vaxt qarşılaşmayacaqları məsələlərlə məşğul edib özlərini tələf edirlər. 

Yüksək əhval-ruhiyyəyə malik olan və bir an da olsun öz ümidlərini üzməyən şəxslər ətrafındakılara ruhiyyə verib, onlara mənəvi dayaq olduqları kimi, bədbin insanlar da ünsiyyətdə olduqları şəxsləri öz əməl və dediyi sözlərlə iztirab və nigarançılığa salır və onları gələcəyə işıq saçan ümid çırağından məhrum edirlər. Bədbinlik yalnız ruha deyil, cismə də mənfi təsir göstərir və bir çox xəstəliklərin müalicəsində böyük maneələr yaradır. Məşhur tibb mütəxəssislərindən biri deyir: "Hamı ilə və hər şeylə müxalif olan şəxslərin müalicəsi intihar qəsdində olaraq özünü dənizə atan şəxsi xilas etməkdən daha çətindir. Daim narazı və həyəcan içində yaşayan şəxsə dərman vermək qaynar zeytun yağına su tökmək kimi bir şeydir. Çünki, istifadə olunan dərmanın müsbət təsir göstərməsi üçün ilk növbədə xəstənin özünə və başqalarına etimad bəsləməsi, yüksək əhval-ruhiyəyə yiyələnməsi və özünü idarə edə bilməsi lazımdır. 

Bəzi bədbin insanların hamıdan uzaqlaşaraq heç kimlə ünsiyyətdə olmadıqlarını müşahidə edirik. Belə bir xoşagəlməz adətə vərdiş etməklə onlar öz istedad və bacarıqlarının qarşısını almış olur və nəticədə zülmət və qaranlıq bir həyata düçar olurlar. İntihara səbəb olan ən başlıca amillərdən biri də məhz bədbinliyin insanın ruh və fikrinə hakim olmasıdır. 

Cəmiyyətə nəzər saldıqda bunun şahidi oluruq ki, camaatın bir-birlərinə dedikləri sözlər bir çox hallarda bədgümanlıqdan irəli gəlmişdir. Müqayisə etmək bacarıqlarının zəif olmasına baxmayaraq, həqiqəti üzə çıxarıb yəqinlik hasil etmədən qəti nəzər verirlər və bir çox hallarda ciddi çətinliklərlə üzləşirlər. Bəzən onların şəxsi-qərəzlikləri əməl və dedikləri sözlərdən bəlli olur. Məhz bu böyük eyib etimadın aradan getməsinə, dostluq və səmimiyyətin zəifləyərək əxlaq və ruhiyyəyə xələl gətirməsinə səbəb olur. 

Zərəri fərd və cəmiyyət üçün aradan qaldırılmaz olan bəzi ədavət və düşmənçiliklər yanlış təsəvvür və gümanlardan irəli gəlir. Bədbinlik cəmiyyətin müxtəlif təbəqələrinə, hətta alim və filosoflara belə öz təsirini göstərir. Tarix boyu müxtəlif dövrlərdə, bütün cəmiyyətlərdə alim və mütəfəkkirlər meydana gəlmiş və bədbinlik üzündən yanlış tərzi-təfəkkürə yiyələnmişlər. Öz elm və məlumatlarından istifadə edərək bəşəriyyətə xidmət etmək əvəzinə, yaradılış aləminə eyib və nöqsanlar tutaraq heç bir əsası olmayan nəzəriyyələr irəli sürmüşlər və nəticədə insanların tərzi-təfəkkürünə ağır zərbə vuraraq onlara yiyələndikləri əxlaq və əqidəyə görə istehza etmişlər. Bədbinlik onların bəzilərində o qədər güclü olmuşdur ki, yer üzündə əhalinin artmasını və müxtəlif millət və irqlərin meydana gəlməsini ciddi təhlükə hesab etmiş və bunun üçün də bu məsələnin qarşısını almağı zəruri hesab etmişlər. Onlar hətta minlərlə günahsız insanın qanının tökülməsini adi hal hesab etmiş və tarix boyu yüzlərlə cinayətlərə əl atmışlar. Əgər bəşəriyyət onların təfəkkürlərinə tabe olsaydı, bu günlər nə mədəniyyətdən, nə də inkişafdan söz açmaq olardı. Əbu Əla adlı olduqca bədbin bir filosof həyatı başdan-ayağa əzab-əziyyət hesab edərdi. Bu bədbin insan bəşəriyyətin nəslinin kəsilməsi üçün evlənməyi öz davamçılarına haram etmişdir. Deyilənlərə görə, ölüm ayağında olarkən belə vəsiyət etmişdir: "Qəbrimin üzərinə bu sözləri yazın: "Bu qəbir atamın mənə qarşı etdiyi cinayətin nişanəsidir. Mən isə heç bir kimsəyə qarşı cinayət etmədim!"

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ.Əhmədov

Ardı var...

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!