CİDAL NƏDİR?

:

“Dini baxımdan cidal etmək yəqinliyi məhv etmək deməkdir.”

MÜQƏDDİMƏ
İslam dinində fərdi məsələlər kimi, ictimai mövzular da böyük əhəmiyyət daşıyır. İslam dinində insanların rəftarı və danışıq tərzləri xüsusi mahiyyət kəsb edərək sədaqət, əmanətdarlıq və yaxşı əxlaq sahibi olmaq kimi xüsusiyyətlər ön plana çəkilir. Bütün bunlar etik səciyyələrin göstəricisidir və şəri baxımdan ən çox təkid olunan əxlaqi normativlərdəndir. Bunların müqabilində isə yalan, xəyanət, böhtan, töhmət və bu kimi bəyənilməz xarakterlər durur ki, ümumiyyətlə, İslam dinində bunlar haqda nifrət və ikrah hisslərilə söz açılmış, bu rəftarlardan uzaq durmaq əmr olunmuşdur. “Cidal” etmək də belə bəyənilməz xarakterlərdən biri hesab olunur və əxlaqi baxımdan insanların danışıq tərzlərinə aid edilən dil bəlalarındadır. Dilin bəlası dedikdə, dilin səbəb olduğu günah və nəfsani xəstəliklər nəzərdə tutulur. Bu xəstəliyi aşkara çıxarmaqla onu müalicə etməyə çalışmaq lazımdır.

CİDALIN TƏRİFİ
Cidal sözü müxtəlif mənalarda istifadə olunmuşdur:

“جدال الحبله” – Kəndiri möhkəmlətdi. “جدال البناء” – Binanı möhkəm tikdi. “جدّل” – Yerə vurdu.

ƏXLAQ ELMİNDƏ CİDALIN MƏNASI
Cidalın digər mənası isə, əxlaq alimlərinin diqqətini özündə əks etdirmişdir. Onlar bu sözü “bir sözün ardınca düşüb, qarşı tərəfi sükut etdirmək üçün bir kəlamı möhkəm saxlamaq” kimi mənalandırırlar. Beləliklə də, əxlaq elmində cidal dedikdə, bir nəfərə qalib gəlmək üçün bir sözü müxtəlif formalarda mənalandırmaq nəzərdə tutulur. İstər elmi, istərsə də etiqadi mövzular əsasında bir kəlam üzərində çox manevr etmək cidal hesab olunur.

CİDAL İLƏ MİRANIN FƏRQİ
“Mira” ilə “cidal” arasında məna baxımdan böyük fərq vardır. Miranın da dil xəstəliyi olub söz vasitəsilə qarşı tərəfi susdurmaq niyyəti daşımasına baxmayaraq, etiqadi və dini məsələlərə aid edilmir. Əslində, mira bütün mövzuları əhatə edir. Həmçinin, mira söylənilərkən qarşı tərəfin sözünə etiraz olaraq söhbət başlanır. Lakin cidalda cidal olunan şəxsin sözə başlaması gərək deyil, sadəcə qarşı tərəfin etiqadı bunun üçün kifayət edər.
Qeyd etmək lazımdır ki, mira qismində onu deyən şəxs özünü göstərib uca tutmaqla, tərəf-müqabilin səviyyəsini alçaltmaq məqsədi güdür. Cidalın reallaşması üçün qarşı tərəf mütləq söz deməlidir. Əks-təqdirdə, cidal edən sözə başlamağa cürət etməz. Çünki cidalda şəxs qarşısındakı adamın elminin düzgün olmadığını büruzə verməyə çalışır.

CİDAL İLƏ DÜŞMƏNÇİLİYİN FƏRQİ
Dini və elmi məsələlərə dair deyişməyə cidal deyilir. Söz vasitəsilə maddi və hüquqi məsələlərin həllinə isə düşmənçilik deyilir. Onlar arasındakı vərq də budur. Bəzən, düşmənçilik və xüsumətin də cidal mənasında işləndiyi hallara rast gəlmək mümkündür. Onları söz arası zəminlər və şəraitlərdən də anlamaq olar.
“Cidal”, “mira” və “xüsumət” bir-birinə yaxın mənalı sözlər olsa da, cüzi fərqlərlə də olsa, ayırd etmək mümkündür.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!