MİRA NƏDİR? (1)

:

“Mira” – kiminsə kəlamında nöqsan axtarmaq məqsədilə sözlərinə irad tutmaq deməkdir. Mira özünü üstün olduğunu göstərməklə sözünü əməldə göstərmək məqsədilə baş verir.

Yəni insan kiminləsə danışdığı zaman ona özünün diqqətli və zəkalı olduğunu isbat etmək üçün qarşısındakı şəxsin sözünə irad tutur. Bu cəhətdən də mira xoşagəlməz rəftar kimi digər nəfsani rəzilətlərdən biri hesab olunur.

ADİ RƏFTARDAN XİSLƏTƏ QƏDƏR İNKİŞAF EDƏN MİRA
Mira əvvəlcə adi bir rəftar kimi şəxs tərəfindən icra olunur və tez bir zamanda insan ruhuna güclü təsir göstərir. Bundan ləzzət alan insan nəfsi sonrakı mərhələlərdə bu işi daha həvəslə görməyə can atır və beləcə, bu, onun üçün adi bir hala çevrilir. Bu rəftar o qədər şiddətlənir ki, sonradan kiminsə sözündə nöqsan tutmaq tərkolunmaz vərdiş halına düşür. İmam Əli (ə) bu barədə buyurur:

مَنْ عَوَّدَ نَفْسَهُ الْمِراءَ صارَ دَيْدَنَهُ

“Nəfsini miraya adət etdirən şəxs bu xislətə sahib olar.”1

MİRANIN ŞƏRİ CƏHƏTDƏN PİSLƏNMƏSİ
İslam dininin məsum imamları miranın xoşagəlməz rəftar olduğu üçün insanları bu işdən pəhriz etdiklərini, pəhriz etməyənləri isə danlamağa və qınanmağa layiq olduqlarını buyurmuşlar. Rəsul Əkrəm (s) buyurmuşdur:

لا تُمارِ اَخاكَ

“Din qardaşınla mira etmə.”2

أَوْرَعُ النّاسِ مَنْ تَرَكَ الْمِراءَ وَ إِنْ كانَ مُحِقّآ

“Hətta haqlı olarsa belə, miranı tərk edən ən pəhrizkar insandır.”3
İnsan söhbət edən şəxsin kəlamında səhv etdiyini gördükdə, əvvəlcə ona xəbər verərsə, yəni miranı tərk edərsə, təqvasının güclü olduğu sübuta yetər. İmam Sadiq (ə) buyurmuşdur:

الْمِراءُ دَاءٌ رَدِئٌ وَ لَيْسَ فِى الْإِنْسانِ خَصْلَةٌ اَشَرَّ مِنْهُ وَ هُوَ خُلُقُ إِبْليسَ وَ نَسَبُهُ فَلا يُمارِى فى اَىِّ حالٍ كانَ اِلّا مَنْ كانَ جاهِلا بِنَفْسِهِ وَ بِغَيْرِهِ مَحْروُمآ مِنْ حَقائِقِ الدّينِ

“Mira böyük dərddir və insanda ondan pis xüsusiyyət yoxdur. Mira şeytan xisləti və şeytana qohum bir xüsusiyyətdir. Mira edənlər yanlız özlərini dinin həqiqətlərindən məhrum edirlər.”4

ŞƏRİ BAXIMDAN MİRANIN HÖKMÜ
Rəvayətlərə istinadən fəqihlər miranın xoşagəlməz əməl olduğunu qeyd edirlər. Bəzi böyük şiə alimləri isə, rəvayət ensiklopediyaları yazarkən mira haqqında məlumat üçün xüsusi bölmə hazırlamış və bu bölümdə müxtəlif rəvayətlər nəql edib, bu rəzilətin xarakterik hökmünü bəyan etmişlər.

MİRANIN KÖKLƏRİ
Mira əxlaqi bir xəstəlikdir və o xəstəliyə tutulmuş insanın ruhu da, mənəviyyatı da xəstədir. Bu xəstəliyin kökləri də aşağıdakı nəfsani xüsusiyyətlərdən qidalanır:
1. Düşmənçilik və kin-küdurət:
Bəzən başqalarının sözlərində nöqsan axtarmaq insanın daxildə həmin adamla düşmən olmasından qaynaqlanır. Kinli insan öz nifrətini sözdə irad tutmaqla, sözləşməklə üzə çıxarmağa çalışaraq, qarşı tərəfə qalib gəlməyə cəhd göstərər.
2. Həsəd:
Başqalarının mal-dövlət, yaxud sahib olduğu məqama bəslənilən həsəd insanı miraya vadar edir. Yəni həsəd insanı sözdə nöqsan axtarmağa sürükləyir. Çünki paxıl adam hansı yolla olursa-olsun, kimisə alçaltmaq məqsədi güdər.
3. Təkəbbür:
Bəzən də, insanın təkəbbür hissi camaatın sözlərində nöqsan axtarmağa səbəb olar.
4. Mal-dövlət və məqam düşkünü:
Başqalarının sözünə irad tutmağa dünya malına olan məhəbbət də səbəb ola bilər. Belə ki, kiminsə məqamına olan sevgi mira formasında özünü büruzə verir. Əlbəttə, bütün bunların hamısı insanın qəzəb və şəhvət hisslərindən qaynaqlanır.

Tərcümə edən: F. Şükürova
Kitabın adı: İlahi əxlaq

Ardını buradan oxuyun


1. “Qürərül-hikəm”, Amudi, səh. 463, 10633-cü hədis.
2. “Qürərül-hikəm”, Amudi, 9-cu cild, səh. 75, 10247-ci hədis.
3. “Qürərül-hikəm”, Amudi, 9-cu cild, səh. 73, 10243-cü hədis.
4. “Biharul-ənvar”, Əllamə Məclisi, 2-ci cild, səh. 128, 10-cu hədis.

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!