DOSTLUQ ƏLAQƏLƏRİ

:

DOSTLUQDA TƏZADLI MEYİLLƏR
iki qütb arasındakı daxili çəkişmələr, həmin iki meylin daimi savaşı onu həmişə iki yolayrıcında qoyur. Həzrət Əli (ə) öz bəyanı ilə bu məqamda dostluq vəzifələrini açıqlayır. Dostluğun qırılmasında qarşı tərəfə hücum imkanı vermə.

Bu savaşda qalib gəlməyə çalış. Əgər dostun müxtəlif bəhanələrlə dostluq əlaqələrini qırmaq istəyirsə, sən də ona qarşı müqavimətinlə dostluğu qorumağa çalış. Qarşı tərəfə icazə vermə ki, dostluğun qırılmasına nail olsun.
Vəsiyyətnamənin bu hissəsi də müxtəlif mənbələrdə fərqli şəkildə nəql olunmuşdur. Bir mənbədəki mətnə əsasən, Həzrətin (ə) kəlamında iki növ istək müqayisə olunur. Çünki insanda müxtəlif təyinatlı qüvvələr mövcuddur. Bu müxtəliflik əhatəli olduğundan Həzrətin (ə) buyruğu dostluq sahəsində faydalı ola bilər. Məsələn, dostluq zamanı insanın vücudunda iki növ meyil nəzərə çarpır. Bu meyillərdən biri insanı ehsana, xeyirxahlığa, canıyananlığa, mehribanlığa, insanlara xidmətə dəvət edir.
Digər bir meyil isə əvvəlki meyilə qarşı çıxaraq, vəfasızlığa, xəyanətə, sərtliyə dəvət edir. Bu meyillərin hər ikisi insanın ixtiyarındadır. İnsan bu qüvvənin hansından istifadə etməkdə azaddır. Ona görə də, Həzrət (ə) həqiqət yolunu göstərmək üçün buyurur ki, yaxşılıq qüvvəsi pislik qüvvəsindən güclü olmalıdır. Çalışmalısınız ki, qüvvənizi xeyirxahlığa və mehribanlığa sərf edəsiniz. Məbada, xəyanət və vəfasızlığa üz tutasınız. Sizin vücudunuzda iki qüvvə savaşdadır. Bir qüvvə sizə deyir ki, dostluqdan əl çəkin, vəfasızlığa vəfasızlıqla cavab verin. O əmr edir ki, əgər dost sizdən uzaqlaşmaq istəyirsə, siz də ondan uzaqlaşın. Amma ikinci qüvvə başqa mövqedən çıxış edir və deyir ki, dostluğu qoruyun, əhdinizə vəfa edin, dostluq rabitələrini qırılmağa qoymayın, hətta dostunuzun xəyanətinə də məhəbbətlə cavab verin. Bu qüvvə əmr edir ki, heç zaman yaxşılığı və məhəbbəti unutmayın, hətta sizə pislik edilmişsə, siz pisliyi rəva bilməyin. Bir sözlə, bu iki qüvvə daim savaşdadır. Siz isə müsbət meyillərə arxa durmalısınız.
Yada salaq ki, Həzrətin (ə) əvvəlki kəlamı iki dostun qarşılıqlı rəftarlarını müqayisə edirdi və necə rəftar etmək lazım olduğunu öyrədirdi. Amma Həzrətin (ə) buyruqlarının bu hissəsində insanın vücudundakı iki zidd qüvvədən danışılır. Bu qüvvələrdən biri insanı pisliyə, dostluq əlaqələrinin qırılmasına, digəri isə yaxşılığa, dostluğa, sədaqətə çağırır. Həzrət (ə) ikinci meyli, yəni yaxşılığa çağıran qüvvəni tövsiyə edir və buyurur ki, bu meyli gücləndirməyə çalışın. Sizi ehsana, yaxşılığa, vəfadarlığa səsləyən qüvvəyə yol açın. İcazə verməyin ki, pisliyə çağıran qüvvə qalib gəlsin və siz ətrafdakılara, xüsusi ilə, dostlara qarşı vəfasız olasınız. Məbada, yaxşılıq qüvvən, pislik qüvvəndən zəif olsun. Çalışın ki, ehsan gücünüz pislik gücünüzdən üstün olsun. Əməldə başqalarının xeyirxahı olun. Ətrafdakılara yaxşılıq etməyə çalışın.
Bağışlamaq gücünüz xəsislik gücünüzdən çox olsun. Əgər başqalarına maddi yardım etmək fürsəti yaranmışsa, bu fürsəti əldən buraxmayın. İnsanın daxili bir meyli onu vadar edir ki, öz imkanlarını işə salıb, ətrafdakılara kömək əli uzatsın. Digər bir meyil isə onu xeyirxahlıqdan çəkindirir. İnsanı başqalarına xidmətə çağıran birinci qüvvə “bəxşiş”, onun ziddi isə “xəsislik” adlanır. Həzrət Əli (ə) bu məqamda buyurur ki, bəxşiş qüvvənizin xəsislik qüvvənizdən güclü olmasına çalışın. Bir halda ki, insanda iki qüvvə mövcuddur, çalışmalıyıq ki, bəxşiş qüvvəsi xəsislik qüvvəsinə üstünlük gəlsin. Bəxşiş qüvvəsi vasitəsi ilə insanların problemlərinin həllinə çalışmaq lazımdır.

MƏHƏBBƏT BƏXŞİŞİ, YOXSA MEHRİBANLIQDA XƏSİSLİK?
Şübhəsiz ki, göstərə biləcəyin xidmətlər təkcə maddi xidmətlər deyil. İnsanlar təkcə maddi problemlərdən əziyyət çəkmir. Bir çox çətinliklər pul yox, söhbət vasitəsi ilə aradan qalxır. Təsəvvür edin ki, iki dost arasındakı səmimiyyət və məhəbbət zəifləmişdir. Bu vaxt tərəflərdən biri üzr istəyib, mehribanlıq göstərsə, əlaqələr əvvəlki halına qayıda bilər. Əlbəttə ki, belə bir məqamda mənəvi dəstək daha təsirlidir. Bir çox hallarda problemlər pulla həll edilmir. Məsələn, dosta göstərilən məhəbbət heç bir maddi yardımla müqayisə oluna bilməz. Əslində məhəbbətin izharı da ehsan kimi başa düşülməlidir. Bu barədə Həzrət Əli (ə) buyurur ki, məbada bəxşiş gücünüz xəsislik gücünüzdən zəif olsun.

NƏ VAXT BAĞIŞLAMALI, NƏ VAXT İNTİQAM ALMALI?
Bura qədər deyilənlər ünsiyyət və dostluq rabitələrinin qorunmasına aid idi. İndi isə dostluq əlaqələrinin zəiflədiyi məqamda insani və islami vəzifələrimizə nəzər salaq.
Bəzən elə bir şərait yaranır ki, insan öz dostundan vəfasızlıq, hətta zülm görür. Bəs, bu halda nə etmək lazımdır? Bizim insani və islami vəzifəmiz nədir?
Təbii ki, insan öz haqqının tapdanmasına münasibətdə həssasdır. Belə bir ruhiyyənin öz-özlüyündə nəinki eybi yoxdur, hətta bu ruhiyyə faydalıdır. İnsan ona edilən zülmə etinasız olsa, kimsə ona zülm etməkdən çəkinməz, nəticədə bu insan dünya və axirət işlərində uğursuzluğa düçar olar. Şübhəsiz ki, insan zülmü qəbul etməməlidir. Amma dostluq aləmində zülmün qəbul edilib-edilməməsi fərqli məqamlara malikdir. Əgər tanımadığınız bir şəxs sizə zülm edirsə, bu zülmün cavabı verilməlidir. Amma sizə zülm edən dostunuzdursa, onun cavabı başqadır. Dostunuz sizə zülm edərkən ona cavab verməyə tələsməməlisiniz. Olsun ki, bəzən dostun zülmü qarşısında səbir etmək yaxşılıqla nəticələnər. Ona görə də, belə bir tövsiyə verilmişdir.
İctimai əxlaqda mövcud olan məsələlərdən biri bəzən dostluqda da müşahidə olunan zülmə cavab verilməsidir. Görən, dostun zülmünə eyni şəkildə cavab vermək olarmı? Onu sıxıntıya salmaq, ondan intiqam almaq lazımdırmı? Yoxsa dostun zülmünə göz yumub, bu zülmə biganə yanaşmalıyıq? Müqəddəs dinimizin göstərişlərində hər iki rəftara yer verilmişdir. Lakin hər rəftar üçün xüsusi şərait nəzərdə tutulur. Dostluq münasibətlərində əfv etmək, bağışlamaq tövsiyə olunmuşdur. Həzrət buyurur: “Onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.” (“Maidə” surəsi, ayə: 13)
Əgər Allahın sizi bağışlanmasını istəyirsinizsə, özünüz də bağışlamağı bacarmalısınız. Özünüz bağışlanma ümidində olduğunuz kimi, başqalarının da bağışlanma ümidini puça çıxarmayın. Zikr olunmuş ayə əfv və bağışlanmanın əhəmiyyətini aydın şəkildə bəyan edir. Amma elə məqamlar vardır ki, qarşı tərəfə eyni şəkildə cavab verilməsi və intiqam alınması tövsiyə olunur. Belə bir tövsiyədə, xüsusi ilə, din düşmənlərinə münasibət nəzərdə tutulur.
Hər halda, araşdırılmalıdır ki, nə zaman bağışlamaq və nə zaman intiqam almaq lazımdır? İntiqam alınması üçün bir şəxsin zülm etməsi kifayətdirmi? Yoxsa zülm edənə xəbərdarlıq və eyni şəkildə cavab lazımsızdır? Ayə və rəvayətlərin araşdırılmasından belə bir nəticə əldə olunur ki, hüquqi baxımdan, bir şəxs zülm etmişsə, qarşı tərəf ona cavab vermək haqqına malikdir. Amma bu hüquqi bir tapşırıqdır. Əxlaqi məsələlərdə isə belə bir göstəriş yoxdur. Əxlaqi baxımdan müəyyən nöqtələr nəzərə alınmaqla başqa bir vəzifə bəyan olunur.
Bəzən zülmə göz yummaq lazım gəlir. Bəzən isə uyğun münasibət qarşı tərəfin öz zülmünü artırmasına səbəb olur. Yəni elə adamlar var ki, onlara lazımınca cavab verilməsə, o daha da cürətlənir və zülmünü artırır. Belə məqamlarda “nəhy əz münkər” tərbiyələndirmə məqsədi ilə qarşı tərəfə cavab verilməlidir. Bəli, siz öz haqqınızı bağışlaya bilərsiniz. Amma unutmayın ki, bu münasibət bir o qədər də yaxşı deyil. Çünki bəziləri məhz bağışlandıqlarını görüb, günahı təkrarlayır. Belələrinə qəti cavab verilməlidir ki, bir daha öz pis işlərini təkrarlamasınlar. Özünüz isə başqaları ilə münasibətdə zülmə yol verməyin.
Digər bir tərəfdən unutmamalıyıq ki, bir hüquq pozulduqda, Allah-taalanın qanunu pozulur. Yəni günahkar şəxs əslində özünə zülm etmiş olur. Ona görə də, insanın günaha yol verməsi ilə razılaşmamalıyıq. İslam əxlaqı tələb edir ki, başqalarının günaha yol verməsindən narahat olaq. Belə insanlarla lazımınca rəftar edilməsə, yalnız zülm olunan şəxs yox, eləcə də zülm edən şəxs zərər çəkir. Günahın qarşısını almaq üçün elə rəftar edilməlidir ki, günahkar tənbeh olunsun. Belə hallarda qisas və intiqam bağışlamaqdan yaxşıdır. Çünki bəzilərinin günahına göz yumduqda, onlar daha da cürətlənirlər. Amma ilk addımda belələrinə cavab verildikdə, onlar tənbeh olunur, günahdan əl çəkirlər. Günahkarın cəzalandığını görən ətrafdakılar da ibrət götürür və başqalarının hüquqlarını pozmaqdan çəkinirlər.
Elə adamlar da var ki, onlara sərt cavab verildikdə, daha da inadkarlıq göstərir, pis işlərini gücləndirirlər. Belə adamlara münasibətdə bağışlamaq və göz yummaq daha yaxşıdır. Əgər sərt cavab insanı islah etmirsə, yaxşı olar ki, onun pisliyini artırmayaq. Demək, bəzi hallarda insan öz haqqını qorumaqla fəsadın qarşısını almalıdır. Olsun ki, haqqın tələbi həmin şəxsin islahına səbəb ola. Eləcə də, bəzi hallarda bağışlamaq qarşı tərəfin islahına səbəb olur. Bəzən isə insan məhz bağışlanmadığına görə pis işdən əl çəkir.
Qurani-Kərimdə hər iki rəftar qeyd olunmuşdur. Bəzən başqalarının pisliyinə yaxşılıqla cavab vermək tapşırılır: “Sən pisliyi yaxşılıqla aradan qaldır. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən.” (“Fussilət” surəsi, ayə: 34)
Doğrudan da, bəzən qarşı tərəfin pisliyinə yaxşılıqla cavab verdikdə, həmin şəxs dosta çevrilir. Sizə olunmuş zülmə göz yumub, ona xeyirxahlıqla cavab verdikdə, bəzən həmin şəxs islah olur və cəmiyyət bundan faydalanır. Məsələn, qarşı tərəfə deyilir ki, yəqin ki, siz belə bir rəftar etməyə məcbur olmusunuz. Bəhanə gətirirsiniz ki, dostunuz bilərəkdən səhv etməmişdir və bir təsadüfdür. Bəli, bəzən qarşı tərəfi xoş rəftarla islah etmək olur. Belə hallarda bağışlamaq çox yaxşıdır.

İNSANIN ÖZÜNƏ ZÜLMÜ
Şübhəsiz ki, bağışlamaq intiqam almaqdan üstündür. Dostluqda bundan da ağır vəzifələr mövcuddur. Dostun zülmü başqalarının zülmündən daha acıdır. Ona görə də deyirlər ki, dostun qaşqabağı dostun silləsindən acıdır. Bütün bunları nəzərə alsaq, dostluq pisliyinə necə cavab verməliyik ki, həm özümüz qane olaq, həm də dostluq qorunsun. Bu barədə Həzrət (ə) buyurur: “O, bu zülmü ilə öz zərərinə və sənin xeyirinə çalışır.” Doğrudan da, sənə zülm edən şəxs özünə daha çox zərər vurur, yoxsa sənə? Həmin şəxs öz əməli ilə günaha batır və bu günah Allaha acıq gedir, həmin şəxs ilahi qəzəbə düçar olur. Onun əməlinin bir çox mənfi nəticələri vardır. Allah-taala kimsənin kimsəyə zülmünü bağışlamır. Zülmün həm bu dünyada, həm də axirət dünyasında cəzası vardır. Əslində sizə qismən zülm etmiş şəxs özünə daha böyük zərər vurmuşdur. Onun sizə vurduğu zərəri bir müddət sonra unudacaqsınız. Hansı ki, onun günahının cəzası dünya və axirətdə özünü göstərəcək. Nə qədər ki, siz onu bağışlamamısınız, Allah-taala ondan razı qalası deyil. Demək, bu şəxs sizdən daha çox özünə zərər vurur. Digər bir tərəfdən, siz onu bağışlamaqla böyük savab əldə edə bilərsiniz. Demək, həmin şəxs öz zülmü ilə sizə savab qazanmaq şəraiti yaratmışdır. Əgər məsələlərə bu prizmadan yanaşsanız, həmin şəxsi bağışlamaq asan olar. Uzun müddət keçdikdən sonra həmin şəxsi bağışlamamaqla siz də xətaya yol verərsiniz. Qarşı tərəfin halına acıyın, onun cəzalarını gözünüz qarşısına gətirin. Onu bağışlayın ki, bağışlamaq savabından məhrum olmayasınız.
Deyilənlərdən belə bir qənaətə gəlməliyik ki, insan zülmə təslim olmalıdır. İctimai zülmü rahatlıqla bağışlamaq olmaz. İnsan zülmə, xüsusi ilə, dinə qarşı düşmənçiliklərə sərt cavab verməklə cəmiyyətin islahına çalışmalıdır. Amma şəxsi məsələlərdə, məsələn, sizin özünüzə zülm olunduqda, bağışlamaq daha yaxşıdır. Özünüzdə bağışlamaq ruhiyyəsi yaratmaq üçün qarşı tərəfin özünə daha çox zülm etdiyini unutmayın və savab qazmanmaq imkanını əldən verməyin. Həzrət (ə) buyurur: “Zalımın zülmünü gözündə böyütmə.” Özünə təlqin etmə ki, sənə böyük zülm olunmuşdur. Əksinə qarşı tərəfin zülmünü gözündə kiçildəcək üsullara əl at. Bəs, bu zülmü kiçik görmək üçün nə etməliyik? Həzrət (ə) buyurur: “Çünki o bu zülmü ilə öz zərərinə və sənin xeyirinə çalışır.” Əgər bütün bunları unutmasanız, başqalarını asanlıqla bağışlaya bilərsiniz. Məbada, qarşı tərəfin zülmünü gözünüzdə böyüdəsiniz. Bu halda aranızdakı düşmənçilik daha da dərinləşə bilər.
Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) digər bir əxlaqi və ictimai tövsiyəsini bəyan edir: “Səni şad edən kəsin mükafatı ona pislik etmək deyil.” Bizə xidmət edənlərə münasib mükafat verməliyik. Məbada, dostların xidmətini nəzərdən qaçıraq və onlarla pis rəftar edək.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!