DÜNYANIN MAHİYYƏTİ - 3

:

DÜZGÜN BAXIŞDAN SONRA
Müxtəlif baxışları nəzərdən keçirdikdən sonra seçdiyimiz yola uyğun hərəkət etməliyik. Əks-təqdirdə hansı yolun seçilməsinin heç bir əhəmiyyəti yoxdur. Axirət həyatının varlığını qəbul edən insan özünü yolda, səfərdə hiss etməli, yol qaydalarına əməl edərək yükünü ağırlaşdırmamalıdır.

Yükü ağır olan yolçu tez yorulur, mənzil başına gec çatır. Dünya nemətlərinin bir gün əldən çıxacağına inanan insan bu nemətlərə əsir olmur. Bu sayaq etiqad insanı əməl və rəftarına təsir göstərir. Axirət həyatına inananlar qarnını doldurmaq üçün yalana, hiyləyə, cinayətə əl atmır, haram və günaha yol vermir, nakəslərin qarşısında əyilmir, öz şərəf və ləyaqətini uca tutur. İmanlı insan yoxsulluqdan şikayətlənmir. Qurani-Kərimdə buyurulur:
“Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər.” (Bəqərə surəsi, ayə: 273)
Möminin ləyaqəti ona icazə vermir ki, ehtiyacını dilə gətirsin. O, yalnız dünya nemətləri yox, eləcə də mənəvi kamillik üçün çalışır. Mömin yalnız vəzifəsi olduğu üçün dünya vasitələrinin ardınca gedir və kimsəyə qul olmaq fikrində deyil.
Həyata belə bir baxışla baxan insan üçün bütün gördüyü işlər ibadət sayılır. Amma dünya işləri hədəf seçildikdə, insan üçün büdrəmə, azğınlıq labüd olur. Çünki belə bir məqsədin kökündə dünya məhəbbəti, dünyaya əsirlik dayanır. Dünyaya əsir olan insanı dünya ləzzətləri, yemək, geyim, var-dövlətdən başqa heç nə düşündürmür. Çünki dünyanı son hədəf bilən insandan başqa şey gözləmək olmaz. Belələrinin fikrincə, dünya həyatı başa çatdıqdan sonra hər şey puç olur. Amma bu dünyanı yol hesab edən insan başqa cür rəftar edir. Onun bütün fəaliyyətləri insani vəzifələrin icrasından ibarətdir. İmanlı insanlar üçün dünya həvəsləri, var-dövlət, məqam əsas deyil. Onların əsas məqsədləri məhbuba çatmaqdır. Aşiqlə məşuq arasında pərdə olan dünya nemətləri onlarda nifrət doğurur. Həzrət Əlinin (ə) dünyanı təsvir edən misalı necə də dəqiqdir. Həzrət buyurur: “Dünya həyatı və dünya malı cüzam xəstəliyinə yoluxmuş xəstənin əlindəki çürümüş donuz sümüyü kimidir.”
Diri donuz bir bu qədər çirkindirsə, onun çürümüş sümüyünün nə dərəcədə çirkin olduğunu təsəvvür etmək çətin deyil. Daim iyrənc qidalarla qidalanan bu çirkin heyvanın üfunətli sümüyünü pis bir şey təsəvvür etmək isə mümkünsüzdür. İndi özünüz düşünün, belə iyrənc bir şey cüzam xəstəliyinə yoluxmuş adamın əlində olduqda hansı səhnə yaranır?! Həmin xəstənin əlində gül də olsaydı, kimsə həmin gülə baxmaq istəməzdi. Görün, insan nə dərəcədə qafildir ki, uyğun səhnələrə aludə olur! Dünyanı tanıyanlar isə ona eynən Həzrətin (ə) gözü ilə baxırlar. İndi özünüz müəyyənləşdirin ki, hansı dəstədənsiniz.

HƏYAT DƏRSİ
Həzrət oğluna buyurur: “Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var; həqiqətən, bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən; özünə lazımınca azuqə, ehtiyat götür; elə bir azuqə ki, səni məqsədə çatdırsın, çiynində yüngül olsun; gücündən ağır yük götürsən, sənə baha başa gələr; yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil; qənimət say o kəsi ki, ehtiyacsız olduğun gün səndən borc istəyir ki, ehtiyaclı olduğun gün sənə qaytarsın, bil ki, qarşında çətin bir dolambac var və enəcəyin yer yalnız ya behiştdir, ya da cəhənnəm; ora enənədək özünə bir çarə düşün.” (Nəhcül-bəlağə)
Həzrət Əlinin (ə) vəsiyyətinin ümdə hissəsi insanın dünya həyatında mövqeyi və dünyanın axirətlə müqayisəsi haqqındadır. Bu mühüm məsələ ilə Həzrətin (ə) bir çox buyruqlarında, imam və övliyaların tövsiyələrində tez-tez rastlaşırıq. “Nəhcül-bəlağə”nin əksər xütbələrində bu mövzuya toxunulur. Bu təkidlərin sirrinə diqqət yetirmək çox əhəmiyyətlidir.

NƏ ÜÇÜN DÜNYA MƏZƏMMƏT OLUNUR?
Məsum imamların dilində dünyanın məzəmmət olunmasının səbəbi insanın dünyaya əsirliyi, nəticədə axirətin inkarı ola bilər. Başqa sözlə, dünya ona görə qınanır ki, dünya məhəbbəti insanın axirətdən xəbərsizliyinə səbəb olur. Dünyanın aldadıcı şirinlikləri insanın bütün vücudunu öz təsiri altına salır, insan bu şirinliklərin arxasınca yüyürməyə başlayır. Amma axirət həyatı hiss üzvləri ilə duyulmadığından bir qədər diqqətdən kənarda qalır. Ona görə də, məsum imamlar dünyanı məzəmmət edir, insanları dünya şirinliyinə aldanıb, axirətdən xəbərsiz qalmamağa çağırırlar. Hiss üzvləri ilə duyulmayan axirətin diqqətdən kənarda qalmasında təbiilik var. Axirətə diqqətli olanlar isə, ya əqli dəlillərə əsaslanır, ya peyğəmbər və imamların buyruqlarına istinad edirlər. Bu məlumatlar zahirpərəst insanlara çox az təsir göstərir. Amma dünya mənzərələri insanı bir anda özünə cəzb edir. Axirət həyatına əksər müsəlmanlar şübhə etməsələr də, bu mərifət, bu inam hər gün təzələnmədiyindən diri olmur. İnsanla bu məsələni əməli şəkildə çox az xatırlayır, elə düşünürlər ki, bu üç-beş günlük dünya daha əhəmiyyətlidir. Bir növ unudulur ki, əsas məqsəd axirət dünyasıdır. Bu həqiqəti fasiləsiz olaraq xatırlayan yalnız Allahın peyğəmbərləri və övliyalarıdır. Ona görə də, adi insanlara bu məsələ tez-tez xatırladılmalıdır. Onlar gecə-gündüz əldə etməyə çalışdıqları dünya şirinliklərinin qısa bir müddətdən sonra əldən çıxacağını bilməlidirlər.
Məhz qeyd olunan məsələlər səbəbindən Quranda, “Nəhcül-bəlağə”də Əhli-beyt buyruqlarında dünya bir bu qədər məzəmmət olunur. Qurani-Kərimdə buyurulur: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil” (Ənam surəsi, ayə: 32); “Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bağlanan və ayələrimizdən qafil olanların – məhz qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir.” (Yunus surəsi, ayə: 7-8) “O kəslər ki, dünyanı axirətdən üstün tutur, Allahın yolundan döndərir və o yolu əymək istəyirlər, onlar azıb uzaq düşmüşlər.” (İbrahim surəsi, ayə: 3)
Səbəb budur ki, dünya aldadıcı və cazibədar, axirət isə hiss üzvlərinin təsir dairəsindən kənardır. Dünya daim göz qabağında, axirət isə düşüncə arxasındadır. Dünya insanı son məqsəddən qəflətdə saxladığı üçün insana nələrisə daim xatırlatmağa ehtiyac duyulur.
Əmirəlmöminin də imam Həsənə (ə) axirətin əhəmiyyətini bir neçə cümlə ilə, bir neçə dəfə xatırladır. Həzrət (ə) buyurur: “Bil ki, qarşında uzun yolun, üzücü əziyyətin var...” Həzrət qarşısındakı yolun təhlükəsindən xəbər verir. Bütün bu təkrarların səbəbi insanın qəlbindəki qəfləti aradan qaldırmaq, onu dünya füsünkarlığından, laylasındakı yuxudan oyatmaqdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!