ELM və CİHAD - 4

:

ELM VƏ ƏMƏL
Həzrət Əli (ə) cihad əmrindən sonra belə tövsiyə edir: “Allah yolunda ikən kimsənin məzəmmətinə baxma.” Əgər insan vəzifəsini icra edərkən başqalarının rəyini əsas götürərsə, tezliklə işini yarımçıq qoyar. Çünki hər vaxt istənilən bir işə dodaq büzən tapılır. Fikri ətrafdakıların münasibətində qalan insan heç vaxt müvəffəq ola bilməz.

Ona görə də, əvvəlcə vəzifəni tanımaq, sonra isə Allah istəyincə əməl etmək lazımdır. Vəzifəsinə əməl edən insan üçün təriflə məzəmmətin fərqi olmamalıdır. Həzrət (ə) tövsiyə edir ki, başqalarının münasibəti sizi süstləşdirməsin...
“Mücahidə” kəlməsinin ümumi mənası vəzifənin icrası üçün səy göstərilməsidir. Bu kəlmənin digər bir mənası vəzifənin icrası zamanı mənfi təlqinlərə müqavimət göstərilməsidir. İnsanın öz nəfsi ilə daim mübarizədə olması mənfi təlqinlərə müqavimət göstərməsindən ibarətdir. İnsan yalnız Allahın razılığı barədə düşünüb, öz ilahi vəzifəsini yerinə yetirməlidir. Bir sözlə, Həzrətin (ə) buyurduğu kimi, yersiz qınaqlara uymaq olmaz.

VƏZİFƏNİN İCRA ŞƏRTLƏRİ 
1. ELMİ ŞƏRT 
Vəzifəsini yerinə yetirmək, öz nəfsi ilə cihad etmək, yersiz qınaqlara məhəl qoymamaq istəyən şəxs iki işi görməlidir: Əvvəla, insan həqiqəti olduğu kimi tanımalı və vəzifəsini müəyyənləşdirməkdə səhvə yol verməməlidir. Çünki vəzifəni tanımaq kifayət qədər çətin işdir. Bu işdə səhlənkarlıq həqiqətin üzərinə pərdə çəkir. Hər bir şəxs ümumi qaydalara əsaslanaraq, vəzifəsini tanıya bilər. Bəzən bu iş olduqca çətin olur. Müəyyən məqamlarda mühüm vəzifəni əhəmiyyətli vəzifədən fərqləndirmək müşkülə çevrilir. Məsələn, dinin zəruri göstərişlərindən “biri əmr be məruf” və “nəhy əz münkər”dir. Bəzilərinin fikrincə, insanı çirkin işdən çəkindirmək üçün onunla sərt, danlaq dilində danışmaq lazımdır. Hansı ki, bu vəzifəni müxtəlif yollarla həyata keçirmək olar. “Əmr be məruf”un icrasında minlərlə tükdən zərif nöqtələr vardır. Nəsihət olunan şəxslə elə gözəl üslubda danışmaq lazımdır ki, həmin şəxs sizin xeyirxahlığınızı hiss edib, öz pis əməllərinə görə peşman olsun. Təəssüf ki, bəzən niyyətimiz ilahi olmadığından, öz işimizlə savab yox, günah qazanırıq. Bəzən “əmr be məruf” və “nəhy əz münkər” adı altında qarşı tərəfin şəxsiyyətini alçaldır, hətta bu yolla köhnə şəxsi hesablarımızın hayıfını çıxırıq. Hansı ki, mömini hörmətdən salmaq böyük günahlardandır. Beləcə, vəzifəmizi icra etmək əvəzinə növbəti günaha batırıq. Bir vəzifənin icrası üçün çalışdığımız halda, bir neçə böyük günaha yol veririk. Bizim yanlış münasibətimiz nəticəsində qarşı tərəf daha da tərsləşir, bilərəkdən günahlarını davam etdirir. Yəni yanlış formalı “əmr be məruf” və “nəhy əz münkər” əks nəticələrə gətirir.
Buna görə də, dinin zəruri hökmlərindən olan “əmr be məruf” və “nəhy əz münkər”in icrasında şərait nəzərə alınmalı, iş Allah istəyincə yerinə yetirilməlidir. Hər insanla özünə məxsus şəkildə davranmağı öyrənməliyik. Zaman və məkanı nəzərə almaq zəruridir. Tövsiyə edən şəxs təkəbbür və qürurdan çəkinməlidir ki, lazım olan nəticəni əldə edə bilsin. Əgər dini vəzifənin icrasında ilahi niyyət yerində olsa, vəzifənin hikməti yaddan çıxarılmasa, heç vaxt müvəffəqiyyətsizliyə düçar olmarıq.
Diqqətli olmalıyıq ki, vəzifəni tanımaq onun lazımınca icrası üçün kifayət etmir. Vəzifəni düzgün yerinə yetirmək üçün şərait, zaman və məkan nəzərə alınmalıdır. Deyilənləri nəzərə almayan şəxs iş əsnasında böyük günahlara yol verə bilər. Məsələn, gizlində kiçik günaha yol vermiş şəxsi cəmiyyət içində məzəmmət etmək onun şəxsiyyətini alçaldır. Möminin şəxsiyyətini alçaltmaq isə böyük günahlar sırasındadır. Bu adam yaxşı iş gördüyünü zənn etsə də, əslində günaha batır.
Bəli, vəzifəsini icra etmək istəyən şəxs bir neçə mühüm məsələni nəzərdən qaçırmamalıdır. Əvvəla, vəzifəni və onun üçün münasib şəraiti tanımaq lazımdır. Əlbəttə, bu, mərifət məqamına aid məsələdir. Öncə həqiqəti olduğu kimi tanımaq lazımdır. Vəzifənin düzgün icra yolunu öyrəndikdən sonra meydana girmək olar. Bu növ fəaliyyətlərin cəminə “dini yaxşı tanımaq, öyrənmək” deyilir. İnsan öz dinini dərindən, nöqtə-nöqtə öyrənməlidir. Bu dərin anlayışa “dində fəqihlik” deyilir. Adətən, “fiqh” adlandırdığımız bu məfhum təsəvvür etdiyimizdən daha da dərindir.

2. ƏMƏLİ ŞƏRT
Vəzifənin icrasında ikinci şərt əməldir. Vəzifəni tanıdıqdan sonra növbə fəaliyyətə çatır. İnsan bu mərhələdə həqiqətə doğru hərəkət etməlidir. Əgər tanıma mərhələsində elm, təhsil, fəqihlik yolu ilə həqiqət tanınırsa, əməl mərhələsində Allahın razılığına uyğun vəzifəyə əməl olunmalıdır. Olsun ki, Həzrət (ə) bu səbəbdən “haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir” buyurur. Yəni ikinci mərhələdə, həqiqətin xaricdə gerçəkləşməsi üçün təlaş lazımdır. Həqiqəti tanımaqla iş başa çatmır. Həqiqəti tanıdıqdan sonra rahatca evdə oturmaq yanlış hərəkətdir. Növbəti mərhələdə əməl etmək, özünü dəryaya vurmaq, oda-közə yaxmaq lazım gəlir. Bəla dalğaları ilə çarpışaraq, daxildə təsdiq olmuş həqiqəti xaricdə gerçəkləşdirmək zəruridir. Vəzifəsinə əməl etmək, axirətini abadlaşdırmaq istəyən mömin ağır zəhmətlər bahasına olsa da, bütün şərtləri yerinə yetirir. Məlum məsələdir ki, insan çətin işlərdən qaçır. O, təbiət etibarı ilə rahatlığa can atır. Əksər insanlar rahat bir guşəyə çəkilib, güman etdikləri vəzifəni yerinə yetirməyə çalışırlar. Məsələn, təsbeh götürüb salavat çəkir, bir Quran surəsi oxuyur, hansısa kitabı mütaliə edir və düşünürlər ki, dini vəzifə yerinə yetirildi. Bu işlər savaba malik olsa da, vacib dini vəzifəni əvəz etmir. Əli (ə) şiəsi mücahid, fədakar olmalıdır. Şiəlik hara, tənbəllik hara? Rahat guşədə oturmağı dindarlıq, zahidlik kimi qələmə vermək olmaz. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. Gecə yarı oyanıb, nafilə namazı qılmağı özünə vəzifə bilən şəxs bu işi görməlidir. Amma sübhün də öz vəzifələri var. İşin qızğın çağı işdən ayrılıb bir saat Quran oxumaq münasib deyil. Günün düzgün rejimi, işlərin əlverişli şəkildə proqramlaşdırılması müvəffəqiyyətin əsas amillərindəndir. Quran oxumaq, dua etmək üçün gecə və sübh vaxtları daha münasibdir. Bu iki vaxtda Allahla raz-niyaz üçün daha yaxşı ruhiyyə olur. Allah-taala Qurani-Kərimdə bizim diqqətimizi belə bir nöqtəyə cəlb edir: “Fəcr tülusu zamanı qiraət (mələklər tərəfindən) müşahidə olunur.” (“İsra” ” surəsi, ayə: 78) Əgər Quran oxumaq istəsəniz, onun vaxtı iki tülu arası və sübh namazından qabaqdır. Başqa bir surədə oxuyuruq: “Həqiqətən, gecə qalxmaq və söz demək daha münasibdir. Çünki gündüz sənin kifayət qədər işin var.” (“Muzzəmmil” ” surəsi, ayə: 6-7)
Əgər, doğrudan da, ibadət etmək istəyirsinizsə, xəlvət və sakit gecə vaxtı daha əlverişlidir. Gecə insanlar şirin yuxuda olduğundan ibadət edənləri yalnız Allah-taala müşahidə edir. Belə bir vaxtda isti yataqdan qalxıb, ruhunu Allah dərgahına yönəltmək çox yaxşıdır. Gündüzlər məişət qayğıları insanın başını qatdığından gecələr ibadət üçün daha münasib şərait yaranır. Gecələr diqqətin yayınması üçün heç bir bəhanə yoxdur. Gündüzlər isə bir sıra vacib vəzifələrə əməl etmək lazım gəlir. Təhsil də vacib işlərdəndir. Müstəhəb iş vacib işi əvəz edə bilməz. Belə ki, məsul işçi ziyarətnamə oxumaq bəhanəsi ilə öz işini təxirə sala bilməz. Ziyarətnamə nə qədər ixlasla oxunsa da, vəzifə borcunu tərk etməyə əsas vermir. Özünüzü Əhli-beyt dostu hesab edirsinizsə, iş vaxtı işdə olmalı, vicdanla çalışmalısınız. Müstəhəb ibadətə görə vəzifə yerini boş qoymaq olmaz.

ƏMƏLDƏ İFRAT
Fərdi və ictimai vəzifələrə diqqətli olmaq tapşırığı bəzilərinin əməldə ifrata varması üçün bəhanə olur. Daim işə can atıb, təfəkkürə vaxt ayırmamaq imanlı və ağıllı insana yaraşmaz. İşə başlamazdan qabaq vəzifəni tanımaq, şəraitlə tanış olmaq lazımdır. Süstlük məzəmmət olunduğu kimi, düşüncəsiz hərəkət də bəyənilmir. Həzrət (ə) buyurur: “Haqqa doğru hərəkətin çətin vaxtı harada olsa meydana gir...” Yəni həqiqətləri tanımaq üçün çətinliklər dəryasına baş vurub, düşüncə və əməl meydanında həqiqətə nail olmaq lazımdır. İmam Sadiq (ə) təhsil haqqında buyurmuşdur: “Elmə çatmaq üçün dərin dəryalara baş vurmaq lazımdır. Bu yolda candan keçməyə də dəyər.” (“Biharül-ənvar”, c. 78, səh. 277, rəv. 113)
Bəli, insan həm həqiqəti tanımaq, həm də ona çatmaq üçün çalışmalıdır. Hər iki sahədə süstlükdən çəkinmək lazımdır. Süstlük məqsədə çatmaq yolunda ciddi maneədir. Məbada, zahidlik və təqva adı altında insan cəmiyyətdən kənarlaşıb, özünə qapılsın. Süstlük insanın təqvasını onun əlindən almaqla yanaşı, özünü də azğınlığa düçar edir. Gəlin, özümüzü aldatmayaq. Allah daha yaxşı bilir ki, bizi guşənişin edən səbəb təqva, yoxsa süstlükdür. Süstlüklə mübarizə etmək istəyən şəxs çətinliklərlə didişməli, özündə fədakarlıq hissini gücləndirməlidir. Rahatlığa vərdiş vermiş adam üçün belə bir mübarizə çox çətindir. Belə insanlar kiçik çətinliklər qarşısında müqavimət göstərə bilmirlər. Onlar çətinlikdən yaxa qurtarmaq üçün vacib vəzifəni tərk edirlər. Məsələn, daim valideyn himayəsində rahat yaşamış övlad evdən uzaq düşən kimi təhsilini yarımçıq qoyub, evə qayıtmağa çalışır. O, ana qayğısı olmayan tələbə həyatının çətinlikləri qarşısında təslim olur. Zəif insan kiçik iqtisadi problemlə üzləşən kimi borc alır. Belə vaxtlarda zəif, naqis otaq yoldaşı, dost işi bir az da çətinləşdirir. Nəhayət, oxumaq üçün evdən ayrılmış gənc öz şəri vəzifəsini tərk edib, rahat şəraitə üz tutur.
Fərdi çətinliyə misal çəkdik. Bəzən insan vacib vəzifəsini icra etmək üçün ictimai maneələrlə mübarizə aparmalı olur. Allah və Onun Rəsulunun (ə) istəyincə məntiqi bir həyat yaşamaq istəyən insan ciddi maneələri adlamalı, mövcud çətinliklərə dözməlidir. Şübhəsiz ki, rahatlığa vərdiş vermiş şəxs belə hallarda meydandan qaçır. Ona elə gəlir ki, bir belə məşəqqətlərə dözməkdənsə, əkin-biçinlə məşğul olub, yavan çörək yemək yaxşıdır. Düşünürlər ki, pul qazanıb, fəqiri doyurmaqla da behiştə getmək olar. Hansı ki, insan dözdüyü çətinliklər müqabilində mükafatlandırılır. Behişt əhli arasında da məqamlar var. Axirət aləmində peşmanlıq çəkmək istəməyən şəxs Allahın layiqli bəndəsi olmaq üçün vəzifədən doğan çətinliklərə qatlaşmalı, bu problemləri can-dildən qəbul etməlidir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!