ELM və CİHAD - 7

:

QÜRUR – CƏHALƏT VƏ NADANLIQ
İmam Əli (ə) oğlu imam Həsənə (ə) buyurur: Səni müxtəlif cəhalət və nadanlıqlara görə məzəmmət edirəm ki, alim olduğunu zənn etməyəsən. Alim o şəxsdir ki, bildiklərini bilmədikləri ilə müqayisədə az olduğunu anlasın. Ona görə də özünü cahil sayır, elm əldə etmək üçün çox çalışır və daim elm axtarır, elmə meyil edir, onda fayda axtarır.

O, elm əhli qarşısında təvazökardır, daim sükut edir, xətadan həzər qılır, xəcalət çəkir. Bilmədiyi məsələ ilə qarşılaşdıqda bilmədiyini (cəhlini) inkar etmir. Çünki öz cəhalətini etiraf edir. Cahil isə o şəxdir ki, bilmədiyi işdə özünü alim zənn edir və öz fikri ilə kifayətlənir. Həmişə alimlərdən uzaq gəzir, onlara eyib tutur, ona müxalif olanı xətakar sayır, öz bilmədiyini azğınlıq hesab edir, bilmədiyi məsələ ilə üzləşdikdə onu inkar edir və deyir: “Bu məsələ ilə rastlaşmamışam, güman etmirəm ki, belə ollsun, çətin ki, belə olsun; necə ola bilər ki, mən bu məsələdən xəbərsiz olam...” Bu sözlər cahil şəxsin öz fikrinə etimadından, öz nadanlığından, xəbərsizliyindən doğur. Öz rəyinə məftunluq və cəhaləti tanımaqda daimi səhvlər səbəbindən haqqı inkar edir və inad göstərərək, elm əldə etməkdə təkəbbür nümayiş etdirir. (Nəhcül-bəlağə)
Dünyanın son məqsəd olduğunu düşünsək böyük səhv etmiş olarıq. Bu halda əsil məqsədə çatmaq üçün işlədiləsi qüvvə elə yoldaca hədərə gedər.
Azca diqqət edib, düşünən insan anlayasıdır ki, onun həqiqi həyat kimi qəbul etdiyi dünya həyatı əbədi axirət dünyası ilə müqayisədə sadəcə bir yoldur. Dünyanın axirətə gedən yol olduğuna inansaq, minlərlə sual doğuran bir sualla qarşılaşarıq: Axirət səadətinə çatmaq üçün dünya həyatını necə yaşamalıyıq?
Qısa dünya həyatı yolunda o qədər dolaşıq problemlər var ki, alimlər əsrlər boyu tər axıtsalar da, bu problemləri sonadək həll edə bilməmişlər. Əgər göz qarşısında olan dünya problemlərinin həlli bir bu qədər çətindirsə, ağıl işləməyən axirət problemlərini necə həll etmək olar?! Axirət dünyası maddi dünyamızdan çox-çox genişdirsə, demək onun problemləri də bir o qədər böyükdür. Bəs, bu problemləri necə həll edib, axirət səadətinə qovuşmaq olar?
Bu sual ümumi oldu. Amma eyni dərəcədə əhəmiyyət daşıyan digər çoxsaylı suallar da vardır. Məsələn, dünya həyatında gözün, qulağın, dilin, əlin, ayağın vəzifəsi nədir? İnsanın ata-ana, ailə-övlad, cəmiyyət qarşısında hansı vəzifələri var? Əbədi səadətə çatmaq istəyən insan bütün bu suallara cavab tapmalı, öz ömrünü nizamlı şəkildə yaşamalıdır. İndi uyğun məsələləri araşdıraq.

FİTRƏT ELM TƏŞNƏSİDİR
Dolaşıq məsələlərlə, sonsuz suallarla qarşılaşdıqda atılası ilk addım bu suallara cavab tapmaqdır. İnsan uyğun problemlərdən yaxa qurtarmaq üçün hökmən yollar axtarmalıdır. Məlum məsələdir ki, bu suallara elm cavab verə bilər. Ona görə də, elm təhsili zəruridir. Amma bu təhsil digər təhsillərdən köklü şəkildə fərqlənir. Bəzi təhsillərdə məqsəd var-dövlət, vəzifə, ad-san qazanmaq olur. Amma axirətlə bağlı təhsildə məqsəd yalnız və yalnız Allahın razılığı olmalıdır. Hər anın görüşünü, hər insanla rəftarı müəyyənləşdirmək lazımdır. İlahi məqsədlə oxunan elm olduqca dəyərlidir.
Olsun ki, Həzrət (ə) bu məqsədlə təhsil və təhsil yolundakı problemlərdən söhbət açır, həyati əhəmiyyətli suallara yalnız elm yolu ilə cavab verməyin mümkünlüyünü nəzərə çatdırır. Digər bir tərəfdən elm insanın fitri tələbidir. İnsan əqli yetkinliyə çatmazdan qabaq öz daxilində məchulları məluma çevirmək zərurəti hiss edir. Məsələn, üç-beş yaşlı uşaqlar olduqca çox sual verirlər. Bu onların elm və biliyə olan fitri istəyindən qaynaqlanır. Elmə olan fitri istək onun zəruriliyinə olan şübhələri aradan qaldırır. Beləcə elm əldə etməzdən qabaq onun faydalı olduğunu sübut etməyə ehtiyac qalmır. Yəni insanın öz suallarına cavab axtarmasının səbəbini müəyyənləşdirmək lazım gəlir. Bu istək insandan asılı deyil və onun daxilindən qaynaqlanır. Bəli, bu ehtiyac uşaq yaşlarından şölələnməyə başlayır və insanı elmə doğru hərəkətə sövq edir. Əlbəttə ki, bu fitri istək xarici amillərin təsiri altında güclənə də bilər. Məsələn, yetkinlik yaşına çatmış insan anlayır ki, qarşıya çıxan problemləri elmi yolla həll etmək lazımdır və elmin işığından kənarda səadət yoxdur. Həm fitri istək, həm ağılın tələbi sayəsində elmə olan maraq ikiqat artır. Unutmaq olmaz ki, elmə rəğbəti artıran xarici aləm bəzən bu rəğbəti zəiflədə də bilər. Məsələn, elm yolundakı problemlər elmə marağı zəiflədə bilər. Bu incə nöqtələrdən xəbərsiz insan çox vaxt müvəffəq ola bilmir. Yəni xarici amil insanın Allaha doğru hərəkətinə də, cəhalət girdabına sürüklənməsinə də təsir edə bilər. Bəzən təhsil yolundakı problemlər o qədər dərin olur ki, insanın oxuduqları onun zərərinə işlənir. Min bir zəhmətlə elm yolunda hərəkət edən insan bu yolda elə səhvlərə yol verə bilər ki, oxuduqları ona bəlaya çevrilər. Ona görə də, Həzrət (ə) buyurur: “Səni müxtəlif cəhalət və nadanlıqlara görə məzəmmət etdim ki, alim olduğunu zənn etməyəsən.” Həzrət (ə) axirətin əhəmiyyətini, dünyanın axirətlə müqayisədə yerini bəyan etdikdən sonra həyat yolundakı mümkün cəhalətlərdən həzər qılır. Bildirir ki, alim cəhalətdən amanda deyil və şeytan daim pusquda dayanıb fürsət gözləyir. Mümkün  böhranlar alim övlad üçün başqalarından daha təhlükəlidir.

QÜRUR, ELMİN BƏLASI
Təhsil yolunda gözlənilən təhlükələrin araşdırılması gücləndirici amillərin araşdırılmasından daha əhəmiyyətlidir. Ona görə də Həzrət (ə) elə məsələlərə toxunur ki, əslində yığcam şəkildə təlim-tərbiyə qaydaları açıqlanır. Bəsirətli və agah insan təhsil zamanı bu qaydalara hökmən əməl etməlidir. Əks təqdirdə, təhsil üçün çəkilən zəhmətlər hədərə gedəcəkdir.
Həzrət (ə) birinci xəbərdarlıq olaraq israr edir ki, elm və alim üçün təhlükəli olan bütün bəlaların mehvəri qürur, lovğalıqdır. Cahil insan bilmədiyi məsələ qarşısında yalnız bir sual verə bilər. Yəni onun olanı vur-tut bircə sualdır və o öz cəhalətindən xəbərdardır. Belə bir hal insana icazə vermir ki, lovğalansın. O öz nöqsanını bildiyi üçün təvazö edir ki, bu nöqsan aşkarlanmasın. Yoxsulluqdan heç vaxt bəla törənmir, yəni yoxsul və bilməyən şəxs lovğalanmaq üçün bəhanəyə malik deyil. Kimsə öz cəhaləti, nadanlığı ilə öyünüb demir ki, bəli, mən nadanam, sizdən üstünəm. Bir sözlə, heç nəyi olmayanın lovğalanmağa da əsası yoxdur. Amma elə ki, insan cüzi də olsa məlumat əldə etdi, qürur, lovğalıq üçün qapı açılır. Ona elə gəlir ki, biliyi çox mühüm və kafidir. Bu yanlış təsəvvür çaşqınlığın bünövrəsini qoyur və ilkin bəla toxumu səpilir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!