ELM və CİHAD - 8

:

QÜRURUN SƏBƏBİ
Sual oluna bilər ki, minlərlə qaranlıq məsələ, dolaşıq suallar qarşısında gözünü döyən insan hansı əsasla qürrələnə bilər? Maraqlıdır ki, köklü surətdə məlumatsız olan insan qürrələnmir. Elə ki, vur-tut bir məsələdən xəbərdar olur, dərhal lovğalanmağa başlayır. Nə üçün?

Bu suala iki cür cavab vermək olar:
1. Elm yolunda ilk addımlarını atan insan anlamır ki, nə qədər bilikdən xəbərsizdir. O, yalnız bilməməyindən xəbərdardır. O, xəbərsiz olduğu məlumatların həcmini təsəvvür edə bilmir. Məsələn, ibtidai məktəbə gedən şagird bilir ki, riyaziyyat dərsində hansısa məsələləri həll etmək lazım gələcək. Amma məsələnin formasından xəbərsiz olur. O, “x” və “u”-un nə olduğunu başa düşmür. Bütün bunları bilmədiyi üçün o qürrələnməyə heç bir əsas tapmır. Amma riyaziyyatdan qismən xəbərdar olan şagird elə zənn edir ki, onun biliyi çoxdur. Bu şagird anlamır ki, onun bildikləri bilmədikləri ilə müqayisədə bir damladır. Bu misalı başqa elm sahələrinə də aid etmək olar.
Deməli, qürrələnməyimizin əsas səbəblərindən biri çox-çox bilikləri bilməməyimizdən qəflətdə olmağımızdır. Bildiyimiz bir neçə sualın cavabı gözümüzə o qədər böyük görünür ki, bütün məsələlərdən xəbərdar olduğumuzu düşünürük.
2. Qürurun digər səbəbi insanın özünə (nəfsinə) məhəbbətidir. Özünü sevən insan heç vaxt öz nöqsanlarını görə bilmir. Məlumatı olmayan insan öz məlumatsızlığını, əlinin boş olmasını görüb susur. Amma elə ki, bir neçə məsələ haqqında məlumat toplayır, elə bilir ki, bilmədiyi bir şey qalmayıb. Belə insan öz nadanlığını hiss edə bilmir. Onun daxilindəki eqoistlik, özünəvurğunluq həqiqəti görməyə imkan vermir.
Maddi işlərdə də eyni hallar müşahidə olunur. Tam yoxsul insan dünyada olan nemətlərdən, matahlardan xəbərsiz qalır. Amma həmin yoxsulun əlinə azca sərvət düşən kimi düz yoldan azır, özünü ətrafdakılardan üstün tutmağa başlayır. Bu cüzi sərvət onun gözünü tutduğundan dərk edə bilmir ki, hələ bir çox şeylərdən məhrumdur.
Amma uyğun qəflət mənəviyyat sahəsində özünü daha qabarıq göstərir. Kiçik bir məsələdən xəbər tutan insan özünü elm dəryası hesab edir. Ona elə gəlir ki, bilmədiyi məsələ qalmayıb.
Yəqin ki, nəhv (qrammatika-sintaksis) aliminin hekayətini eşitmisiniz. Bu alim gəmidə yol gedərkən sadə tacirdən savay həmsöhbət tapa bilmir. Alim öz alimliyini tacirə hiss etdirmək üçün soruşur:
Siz nəhv elmindən nə qədər bilirsiniz?
Tacir cavab verir ki, bu elmdən xəbərsizdir.
Alim deyir:
Heyf! Ömrünün yarısını bada vermisən!
Bu sözlər tacirin xətrinə dəyir. Çox çəkmir ki, dənizdə tufan qopur. Tufan şiddətlənir. Gəmi batmağa başlayır. Gəminin kapitanı sərnişinlərdən üzə bilib-bilmədiklərini soruşur. Alim bildirir ki, o üzə bilmir. Tacir alimə müraciətlə: “Heyf! Bütün ömrünü bada verdin” – deyir...
Bəli, bəzən bir ədəbiyyatçı elə güman edir ki, qrammatikanı bilmək bütün elmlərdən xəbərdar olmaqdır. Hansı ki, sadəcə üzgüçülüyü bilməməklə insan öz həyatı ilə vidalaşmalı olur.

QÜRUR NƏ VAXT GÜCLƏNİR?
Qürurun səbəbləri haqqında ətraflı danışmaq üçün insanın yaranışını nəzərdən keçirməliyik. İnsan zəif məxluqdur. Bu zəifliyin göstəricilərindən biri onun tutumunun kiçikliyidir. Məsələn, tibb mütəxəssisləri bütün elmlərin tibdə, ədəbiyyatçılar ədəbiyyatda, filosoflar isə fəlsəfədə cəmləşdiyini güman edirlər. Belə bir xüsusiyyət əksər insanlara xasdır. İnsan öz biliyini mühüm sayır. Onun bildikləri bilmədiklərinin üzərinə kölgə saldığından nadanlığını hiss etmir. Hətta bilmədiyi şeylər haqqında “mühüm olsaydı bilərdim” deyir. Qurani-Kərimdə həmin cahil qövmün dilindən oxuyuruq: “Əgər yaxşı bir şey olsaydı, möminlər bu işdə bizdən qabağa düşə bilməzdilər.” (“Əhqaf” surəsi, ayə: 11) Hətta deyirlər ki, bizdə bir şey yoxdursa, demək həmin şey faydasızdır. Onların fikrincə, bir şeyi bilmirlərsə, demək həmin şey gərəksizdir. Guya, camaat onların bildiyini bilərsə, kifayət edir. Bütün bu keyfiyyətlər insanın tutumsuzluğundan qaynaqlanır.
Əlbəttə ki, insanın öz bildiyini mühüm, bilmədiyini gərəksiz sayması böyük bəladır. Maraqlıdır ki, insanın malik olduğu əksər elmlər ehtimallar üzərində qurulmuşdur. Əgər ən tanınmış alimlərin də məlumatı xətasız deyilsə, insan hansı haqla qürrələnə bilər?! Əgər alimlər arasında mübahisə gedirsə, demək, hələ ki onların əlində yetərli dəlil yoxdur. Bəs, nə üçün insan bir bunca qürrələnib, özünü haqlı, başqalarını haqsız sayır? Axı başqaları da düşünür, zəhmət çəkir. Əgər bir şəxs başqasının nəticəsinə müxalif bir elmi nəticəyə gəlirsə, onun fikrini yanlış saymaq olmaz. Hansı əsasla öz ehtimalını həqiqət hesab edə bilərsən?!
Bəli, beləcə qürur bəlası ortaya çıxır və insan yalnız öz rəyini həqiqətə uyğun hesab edir. Bir qədər araşdırma aparıb, müəyyən nəticəyə gələn kimi başqalarının nəticələri, zəhmətləri, elmi nailiyyətləri puç sayılır. Bu gün “mən haqlıyam” deyib duran şəxs bir də görürsən ki, sabah başqa bir fikir yürüdür və yenə də özünü haqlı sayır. Demək, yalnız bir şəxsin düşüncəsi həqiqət sayılmalıymış!! Qürur!... Təkəbbür!...
Təəssüf ki, öz fikrini, rəyini təvazökarlıqla bildirənlər çox azdır. Əksəriyyət öz mövqeyini mütləq həqiqət kimi qəbul etdirməyə çalışır və başqalarının nəzərini yanlış sayır. Hətta başqalarının uzun araşdırmalardan sonra gəldiyi nəticə haqqında “belə bir şey olsaydı böyüklər demiş olardı, eşitmiş olardıq”, deyirlər. Əmirəlmömininin təbirincə, “tənə dili” ilə danışırlar. Bütün bu hörmətsizliklərin kökündə eqoistlik durur.

QÜRUR VƏ LOVĞALIĞIN RƏFTARA TƏSİRİ
Həzrət Əlinin (ə) kəlamları güzgüsündə elmi qürur və eqoistlik kimi bəlaları müşahidə etdikdən sonra Həzrətin (ə) alimlər haqqında buyruqlarını bilsək, yaxşı olar. Həzrət (ə) alimləri iki qrupa ayırır. Onlardan bir qismi elmi məsələlərin müəyyən bir hissəsindən xəbərdardırlar və rəftarları da ikilidir. Çünki elmə iki pəncərədən boylanırlar. Həzrət (ə) onların haqqında buyurur: “Alim o şəxsdir ki, bildiklərinin bilmədikləri ilə müqayisədə az olduğunu anlasın.” Belələri Qurani-Kərimin bir təbirini özləri üçün əsas götürürlər: “Sizə yalnız cüzi bir bilik verilmişdir.” (“İsra” surəsi, ayə: 85) Onlar anlayırlar ki, malik olduqları elm dəryadan damla da deyil. Ona görə də, heç vaxt qürrələnmir, lovğalanmırlar. Onlar öz bildiklərini zülmət içində közərən nöqtə kimi qiymətləndirdiklərindən təvazö göstərir, öz əliboşluqlarını dərk edirlər. Belə alimlər özlərini cahil bildikləri üçün xüsusi bir həyat tərzi yaşayırlar. Həzrət (ə) buyurur: “Ona görə də, özünü cahil sayır, elm əldə etmək üçün çox çalışır və daim elm axtarır.” Onlar daim oxumadıqları kitabları vərəqləyərək özlərini nadanlıqda qınayırlar və hər an öz biliklərini artırmağa çalışırlar.
Birinci qisim alimlərin xüsusiyyətlərindən biri budur ki, elm əhli ilə rastlaşdıqda lovğalanmır, əksinə təvazö göstərir, özlərini aşağı tuturlar. Özlərinə deyirlər ki, qarşısındakı şəxsin bildiyi bir çox şeylərdən xəbərsizsən. Həzrət (ə) buyurur: “O, elm əhli qarşısında təvazökardır. Möminə aid edilən “xüşu” və “xuzu” xüsusiyyətlərindən “xüşu” daha üstün sifətdir. Xüzu bir növ bədənin, xüşu isə qəlbin təvazösüdür. Zahirən əyilmək xüşudursa, qəlbən əyilmək xüzudur.
Bu qrupdan olan insanların digər bir xüsusiyyəti öz fikirlərini, rəylərini ən üstün fikir və rəy kimi götürməmələridir. Onlar heç vaxt arxayın olmur, xətaya yol verəcəklərindən çəkinirlər. İllər uzunu elmi araşdırmalar apardıqdan sonra belə fərqli fikirlə rastlaşdıqda, onu inkar etmirlər. Vəsiyyətnamədə bu xüsusiyyətə işarə ilə buyurulur: “Bilmədiyi məsələ ilə qarşılaşdıqda, bilmədiyini inkar etmir. Çünki öz cəhalətini etiraf edir.”
Belə insanlara mərhum Əllamə Təbatəbaini misal göstərə bilərik. Yarım əsrdən çox elmi mütaliələrlə məşğul olub, ali bir məqama çatmış, “Əl-mizan” kimi bir Quran təfsiri yazmış şəxs heç vaxt “bilmirəm” deməkdən çəkinməmişdir. Hətta bir suala cavab verməzdən əvvəl “olsun ki belədir” qeyd edərmiş. O Əllamə Təbatəbai, bu isə biz!!
Həqiqi alim dərk edir ki, onun biliklərində ehtimalların öz çəkisi var və buna görə də öz biliyindən arxayın olmur. Onların ən gözəl xüsusiyyətlərindən biri çox sükut etmələridir. Həzrət (ə) buyurur: “...Daim sükut edir.” Həqiqi alim nəinki nəzərini, rəyini qəti bildirmir, hətta nəzərini bildirməməyə çalışır. Onlar daha çox öz xətalarına diqqət yetirirlər. Səhv etdikdə xətalarından xəcalət çəkir, bunu özləri üçün eyib sayırlar. Əksinə elm yoluna təzəcə qədəm qoyanlar elmin qoxusunu duyar-duymaz çox danışır, iddialı olurlar. Harada gəldi, hansı məsələ oldu, qəti fikir söyləyirlər. Nəzərləri puça çıxdıqda utanmadan “dünənin rəyi o idi, bu günün rəyi budur” deyirlər. Amma danışığını ölçüb-biçən adam səhvə yol verdikdə çox utanır. Heç vaxt bilmədiyini inkar etmir. Həqiqi alim bildiklərini danışmaqdan çox bilmədiklərini öyrənməyə çalışır. Həzrət Əli (ə) öz elminə görə qürrələnənləri cahil sayaraq buyurur: “Cahil isə o şəxsdir ki, bilmədiyi işdə özünü alim zənn edir və öz fikri ilə kifayətlənir.” Belələri öz biliklərinin cüzi olmasından xəbərdar olduqları halda özlərini alimlər zümrəsinə qatırlar. Öz biliklərini artırmağa çalışmır, üç-beş kəlmə ilə kifayətlənirlər. Bilənlərdən bilmək əvəzinə onlardan uzaq gəzir, alimlərdə eyib axtarır. Bu arxayınlıq onu azğınlığa çəkən əsas amillərdəndir. Həzrət (ə) buyurur: “Bilmədiyi məsələ ilə üzləşdikdə onu inkar edir və deyir: “Bu məsələ ilə rastlaşmamışam, güman etmirəm ki, belə ola, çətin ki belə olsun...” Bu sözlər həmin şəxslərin özlərindən xəbərsizliyini göstərir. Onlar başqalarına hörmətsizlik göstərir, elmini artırmaq istəmir, bilmədiklərini inkar edirlər.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!