ELM və CİHAD - 6

:

ELM QAZANMAĞIN (TƏHSİLİN) ŞƏRTLƏRİ
Sağlam həyat üçün üç yol bəyan olundu. Bu yollardan biri etiqad əsasları və əsas əməli maarifə yiyələnib, cüzi məsələlərdə təqlid etməkdir. İkinci yol saleh sələflərin yoludur. Üçüncü yol bütün əsas və cüzi sahələrdə dərin bilik əldə olunmasıdır.

Əgər üçüncü yolu seçib, ictihad yolu ilə əhatəli və dərin elmə yiyələnmək istəsəniz, Həzrətin (ə) növbəti buyruğuna diqqət yetirin: “Özün onların bildiklərini bilmək istəyirsənsə, qorxulu şübhələrdən və yersiz mübahisələrdən çəkinərək, onları anlamaq üçün dərin düşüncə və elmə yiyələnməlisən.” Beləcə, elm əldə etməyin şərtlərini Həzrətdən (ə) öyrənmək lazım gəlir.

1. PAK NİYYƏT
Elm qazanmaq yolunda ilkin addım və şərt pak niyyətə malik olmaqdır. Elm yolunu seçən insan əvvəlcə öz niyyətini islah etməlidir. Bu işdə yeganə məqsəd həqiqətlərin dərki olmalıdır. Məbada, yersiz mübahisələrə yol verilsin. Bu yola qədəm atan insan özündən soruşmalıdır ki, doğrudanmı məqsədi özünü göstərmək yox, həqiqətləri dərk etməkdir? Unutmayın ki, qeyri-ilahi məqsədlə elm meydanına atılmaq təhsil yox, zordur.

2. ALLAHA TƏVƏKKÜL
Təhsilin digər bir şərti Allahdan yardım diləmək və Ona təvəkkül etməkdir. Həzrət (ə) buyurur: “Təhqiqə başlamazdan əvvəl Allahdan yardım dilə, yardım almaq üçün Ona üz tut.”
Dərin biliyə gedən yollarda təhlükəli döngələr olduğundan bu yola çıxmış insan niyyətini xalis edib, Allahdan kömək istəməlidir. İlahi maarifi, dini göstərişləri olduğu kimi dərk etmək üçün belə bir şərt ödənməlidir. Allahın diqqəti olmadan kimsə öz hədəfinə çatmaq gücündə deyil. Əlbəttə ki, məqsəd nə qədər çox müqəddəs olarsa, Allaha bir o qədər çox təvəkkül etmək lazım gəlir. Yalnız işin başlanğıcında yox, bütün təhsil boyu insan Allahın diqqətinə ehtiyaclıdır. Təhsil boyu hər bir məsələnin dərkində ilahi yardımdan faydalanmaq, həzrət Haqqı unutmamaq lazımdır.

3. AZDIRICI DƏLİLLƏRDƏN ÇƏKİNMƏK
Təhsilin üçüncü şərti şübhələrdən, şübhəli üsul və dəlillərdən çəkinməkdir. Həzrət (ə) buyurur: “Səni şübhəyə salan, yoldan çıxaran tərəddüdləri tərk et.”
Bəli, təhsil yolunda şübhəli dəlillərdən çəkinmək lazımdır. Məqsədə çatmaq üçün doğru yol tapmaq lazımdır. İnsanı səhvə düçar edən yanlış yollarla getməməliyik. Məsələn, əmin olun ki, qəlbiniz saf, niyyətiniz pakdır. Əmin olun ki, məqsədiniz yalnız həqiqəti dərk etməkdir. Qəlb həqiqətən də saf olsa, məqsəd yalnız anlamaq olsa, Allahın yardımından faydalanmaqla addım-addım doğru yolda irəliləsəniz, dəlilləriniz möhkəm və sağlam olsa, bilin ki, bu təhsil həqiqət üzərindən pərdələri qaldıracaq, ilahi nur olan elmə yol tapacaqdır.

4. ALİ SƏY (HİMMƏT) VƏ QƏTİ QƏRAR
Əvvəlki şərtlər ödəndikdən sonra bütün qüvvələri təmərküzləşdirib, qəti qərara gəlməklə təhsilə başlamaq lazımdır. Elm yolunda qədəm atmaq qərarına gəlmiş insan öz gücünü digər işlərə sərf etməməlidir. İnsanın bütün diqqəti və gücü həqiqətlərin dərk olunması istiqamətində yönəldilməlidir. Həzrət Əli (ə) buyurur: “Elə ki, əmin oldun qəlbin paklanmış və işıqlanmışdır, qəbul etməyə hazırdır, onda yekdillik ərsəyə gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər sal.”
Həqiqəti kəşf etmək üçün qeyd olunan şərtləri yetərincə götür-qoy etmək lazımdır. Bu şərtlər tam şəkildə ödənmədikdə elm meydanına girməmək daha yaxşıdır. Kifayət qədər asayiş və ya yetərincə səy və təlaş olmadıqda bu yola çıxmaq təhlükəlidir. Zərrəcə şübhə etməyin ki, sadalanan şərtlər ödənməyəcəyi təqdirdə yolunuzu azacaqsınız. Belə insan nəinki həqiqəti tapa bilmir, hətta həqiqətdən daha da uzaqlaşır. Dini təhsil yanlışlıq və büdrəmələrlə uyğunlaşmır. Vəsiyyətnamədə oxuyuruq: “Xoşladığın fikir rahatlığı əldə olunmadıqda, bil ki, atdığın addımlar kor-koranə olasıdır, qaranlığa qədəm qoymusan. Hansı ki, din istəyən (tələbə) heç vaxt bilmədən addım atmır və heç nəyi bir-birinə qarışdırmır. Bu vəziyyətdə yubanıb dayanmaq daha yaxşı, daha münasibdir.” Dini maarifə yiyələnmək istəyən elm meydanına elə daxil olmalıdır ki, büdrəməsin. Xətaya yol verən, niyyəti saf olmayan şəxs dini biliklərdən yetərincə faydalana bilməz. Bəli, belə bir məqamda dini təhsil fikrindən daşınmaq daha yaxşıdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!