ELM və CİHAD - 5

:

ELM VƏ ƏMƏLİN QOŞALAŞMASI
Həzrət (ə) buyurur: “Ən yaxşı söz, həqiqətən, faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt xeyirli deyil. Layiq olmayan bir elmi oxumaqla fayda əldə olunmur.”

Deyilən söz yalnız o vaxt xeyirlidir ki, sənə bir faydası olsun. Elm ona görə öyrənilir ki, ondan istifadə olunsun. Oxuduğuna əməl etməyən şəxs həkimə nüsxə yazdırıb, həmin dərmanları qəbul etməyən şəxsə oxşayır. Həzrət (ə) buyurur ki, faydasız bir elmin ardınca düşmək gərəksiz bir işdir.

DİNİ TƏHSİLDƏ DÖZÜM
İnsan süstlüklə mübarizə aparmalıdır. Çünki bu ruhiyyə insanı müxtəlif bəhanələrə əl atmağa vadar edir. Məsələn, dini təhsilin çətinliklərinə dözməyən insan “təhlükə var”, “xəstəyəm” kimi bəhanələr gətirir. Ona elə gəlir ki, dini təhsildən kənarlaşmaq şərən vacib olmuşdur. Belə vəsvəsələrdən qorunmaq istəyən şəxs çətinliklər qarşısında müqavimət göstərməyi öyrənməlidir. Səbirli insanlar “səbur” və ya “səbbar” adlandırılır. Amma “təsəbbür” dedikdə səbirli olmağın öyrənilməsi nəzərdə tutulur. “Təsəbbür” çətinliklə ilk dəfə qarşılaşmış adamın özünə səbirli olmağı təlqin etməsidir. Səbrin öyrənilməsi mərhələsi “təsəbbür”dür. “Təkəlləfəs-səbrə” dedikdə insanın özünü səbrə vadar etməsi nəzərdə tutulur.
Demək, “dində fəqihlik” çoxlarının güman etdiyi kimi dinin çörəyini yemək deyil. Fəqihlik din ağacına xidmət, onu sirab etməkdir. Bu vəzifə olduqca çətindir və insandan böyük dözüm tələb edir. Həzrət (ə) dində fəqihliyi tövsiyə etdikdən sonra buyurur: “Özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, səbir çox gözəl xasiyyətdir.”
Bəli, müvəffəqiyyət qazanmaq istəyirsinizsə, səbirli olmağı öyrənməlisiniz. Bu iş uzun müddət davam etdirilməlidir ki, səbir xasiyyətə çevrilsin. Uyğun təlqinə fasilə verilməzsə, çətinliklərə dözmək də asanlaşar. Çətinliklərlə mübarizədən sonra rahatlığa çıxmaq ilahi bir qaydadır. Qurani-Kərimdə buyurulur: “Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük gəlir” (“İnşirah” surəsi, ayə: 6); “Allah hər bir çətinlikdən sonra yüngüllük əta edər.” (“Təlaq” surəsi, ayə: 7)

SƏBRİN NÖVLƏRİ
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Səbir üç qismdir: Müsibətə səbir, ibadətə səbir, günaha batmamaqda səbir.” (“Bihaül-ənvar”, c. 71, səh. 77, rəv. 12)
İnsan bəzən kasıblıq, xəstəlik, ayrılıq kimi müxtəlif çətinliklərlə qarşılaşır. Belə məqamlarda səbir etmək zəruridir. Belə bir səbir “müsibətə səbir” adlanır. Bəzən isə şəhvət, qəzəb, tamah insanı düz yoldan azdırır. Belə məqamlarda səbir etməyi bacaran insan günahdan qoruna bilir. Bu növ səbir “günaha batmamaqda səbir” adlanır.
Digər bir səbir isə “ibadətə səbirdir”. Allaha itaət bəzən çətin olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim olmaq isə daha da çətindir. Amma sadəcə elm ilə yüklənmək bir o qədər də çətin deyil. Çətin olan işin ilahi niyyətlə görülməsidir. Məsəl var ki, alim olmaq asandır, insan olmaq çətin. Mərhum hacı Şeyx Əbdülkərim (r) bu məsələ belə bir düzəliş vermişdir: “Alim olmaq çətindir, insan olmaq qeyri-mümkün.” Bəli, ilahi niyyətlə elm öyrənmək asan deyil. Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını qazanmaq istəyən adam çətinliklərə təslim olmur, məqsədinə çatmaq üçün bütün maneələri dəf edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Səbir imanın yarısıdır.” (“Biharül-ənvar”, c. 82, səh. 137, rəv. 22) İmam Sadiq (ə) buyurur: “Səbir imanın başıdır.” (“Kafi”, c. 2, səh. 87, rəv. 1) Bu sözlərdə heç bir mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, Əlinin (ə) şiəsi olmaq istəyən kəs çətinliklərə adət etməlidir. Unutmamalıyıq ki, səbir xasiyyət olaraq bir anda yaranmır. Çətinliklərə adət etmək üçün insan kənara çəkilməməli, qovğalar meydanında olmalıdır. Nəfsə hakim olmaq üçün ləzzətli təamlardan çəkinmək o vaxt faydalıdır ki, insan həmin təamlarla bəzədilmiş süfrə arxasında oturmuşdur. Belə bir süfrə arxasında oturan insan özünü tərbiyə edə bilər.
İnsan günahdan qorunmaq üçün günah sərhəddinə yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan kiçik bir hərəkətlə günah uçurumuna yuvarlana bilər. Demək, doğru yoldan sapmamaq üçün haram sərhəddinə yaxın bəzi halallardan da çəkinmək lazım gəlir. “Quyuya düşməmək üçün quyudan bir qədər aralı dayanın.” (“Kənzül-əmal”, c. 1, səh. 729)
Beləcə, haram eşitməmək üçün şübhəli sözlərə də qulaq asmayın. Unutmayın ki, quyuya yaxın dayandıqca ona yumbalanmaq ehtimalı çoxalır. Harama yol verməmək üçün daha etibarlı hədlər qoyun, haramla məsafə saxlayın. Kimi Ramazan ayında şam azanını eşidən kimi orucunu açır, kimi isə bir qədər səbir edir. “Səbir imanın yarısıdır.”

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!