HƏYAT NORMALARI, YAŞAYIŞ QAYDALARI - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:
“Bil! Miniyi gecə və gündüz olan kəs dayanmış da olsa, onu qovarlar. Allah dünyanın viranlığı və axirətin abadlığından savay bir şey istəməmişdir. Ey oğlum! Allah sənə dünyanı qadağan etdiyi kimi onu özünə qadağan etsən, (bil ki,) dünya buna layiqdir.

Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaqsan, əcəlindən üz çevirə bilməyəcəksən. Bil ki, səndən əvvəl yaşamış kəslərin yolunda addımlayırsan. Dünya istəyində müdara et, aram ol, onun əldə olunmasında yaxşılığa əməl et. Çox olsun ki, istək sərmayəni əldən verməklə nəticələnsin. Hər axtaran tapmaz, hər orta yol tutan möhtac olmaz. Özünü hər bir alçaqlıqdan qoru, hətta səni istəyinə çatdırsa da. Heç vaxt sərf etdiyin (dinin, imanın) əvəzini almayacaqsan.” (“Nəhcül-bəlağə”)
Şübhəsiz, büdrəmələr, şeytani vəsvəsələr dəryasından qurtulmağın ən yaxşı, hətta yeganə yolu Əhli-beyt (ə) biliklərinin nurundan işıqlanmaqdır. Bu istiqamətdə və əvvəlki söhbətlərin davamında Həzrət Əlinin (ə) öz oğlu imam Həsənə (ə) vəsiyyətini şərh etməkdəyik. Ümid edirik ki, həm müəllif, həm də oxucular bu pak feyz çeşməsindən bəhrələnəcək və bu yolla da Allah-taalanın, eləcə də əsrin İmamının (ə) razılığı əldə olunacaq.
Əvvəla, Allah-taaladan diləyirik ki, məsumların pak nuru bərəkətinə, şəhidlərin qanı hörmətinə bizi doğru yola yönəltsin, hidayət buyursun, Əhli-beyt (ə) elmlərinə layiq olaq, ilahi maarif çeşməsindən bir damla qismətimiz olsun.

GEDƏRLİ DÜNYA
Məsələnin ən yaxşı bəyan yollarından biri təşbeh və təmsil olduğundan Həzrət (ə) də bu üsuldan istifadə edir. O, insanın bu dünyadakı ömrünü səfərə çıxmış müsafirə bənzədir və çox incə nöqtələri işıqlandırır. İnsan təcrübə, elm, müşahidə, bəndəlik yolu ilə qəbul etmişdir ki, bir gün xaraba dünya evindən köçəsidir. Onun bu dünyadakı həyatı səfər kimidir. Amma bu səfər başqa səfərlərdən fərqlənir. Adi səfərdə insan səfər vaxtını, düşəcəyi mənzili, səfərin gedişini özü müəyyənləşdirir. Hətta həcc kimi vacib dini səfərlərdə də insan öz ixtiyarındadır. Amma ömür səfəri azad deyil və bu səfərə çıxıb-çıxmamağı insan təyin etmir. Hər bir yaranmış bu səfərə çıxmağa məcburdur. Axirət səfərinin gündəlik dünyəvi səfərdən əsas fərqi budur. Dünyəvi səfərdə insan özü nəqliyyat vasitəsi seçir, hərəkət istiqaməti və sürəti özü müəyyənləşdirir. Məsələn, avtomobil və ya qatarla səfərə çıxmaq insanın öz ixtiyarındadır. Hansı ki, axirət səfəri məcburidir və bu səfərin vaxtını, necəliyini təyin etmək insanın ixtiyarında deyil. İnsan bu səfəri təxirə sala bilməz, sürətini artıra bilməz. Bir sözlə, axirət səfərində insanın qərar çıxarmaq hüququ yoxdur. Bu səfər icbaridir, onun miniyini cilovlamaq qeyri-mümkündür. İnsan zamana, dövrün gedişinə süvar edilmişdir. Bu yorğa atın sürəti bizdən asılı deyil. O, insanın əməl və rəftarının təyin etdiyi mənzilə üz tutmuşdur. Ona görə də, bu səfərin mahiyyətini dərk etməli, ölçülüb-biçilməmiş hərəkətlərə yol verməməli, doğru yoldan yayınıb, həlak olmamalıyıq. Zaman qatarı böyük sürətə malik olduğundan diqqətli olmalıyıq.
Bir daha qeyd edək ki, Əmirəlmöminin (ə) öz vəsiyyətində zahirən oğlu imam Həsənə (ə) müraciət etsə də, əslində bütün gənc nəslə üz tutur və onları dünya həyatının mahiyyətindən xəbərdar edir. Yəni zahirdə imam Həsənə (ə) ünvanlanan tövsiyələr əslində bütün gənclərə aiddir. Həzrət (ə) bütün insanların onun öz övladı kimi, intəhasız bir lütfdən faydalanmasını istəyir; bütün tərəqqipərvər gəncliyə xatırladır ki, əgər xeyir və kamal yolu axtarırsınızsa, imam Həsənə (ə) göstərdiyim yoldan yaxşısını tapa bilməyəcəksiniz. Əlidən (ə) canıyanan ata, imam Həsəndən (ə) layiqli oğul tanıyırsınızmı? İndi siz Əlinin (ə) ata məhəbbətindən faydalanmaq imkanına maliksiniz. Öz qədrinizi bilin, görün sizə kimin vəsiyyəti ünvanlanıb!
Bu gözəl təşbehə nəzər salın. Həzrət buyurur: “Hər kəsin miniyi gecə və gündüzdür, özü getməsə də onu apararlar...” Sözsüz ki, gecə və gündüz miniyinə süvar olan xüsusi bir şəxs deyil. Dünyada mövcud olan hər bir insan bu miniyə süvardır və dayanmadan hərəkət edir. Gözünü qapayıb açan insan özünü başqa anda görür. Şübhəsiz ki, bu səfərdən faydalanmaq, mənzil üçün sovqat, rahat yaşayış vasitələri tədarük etmək lazımdır. Çünki hər bir şəxs həmin mənzilə çatasıdır. Mənzil başında isə rahatlığa ehtiyac var. Bu barədə əvvəlcədən düşünmək lazımdır.
Bü dünya həyatı axirətə uzanmış bir yol olduğundan onu rahatlıq yeri düşünmək yox, diqqəti son və əbədi mənzilə yönəltmək lazımdır. Məbada, dünyada mövcud olan cah-cəlalın həmişə əlinizdə qalacağını güman edəsiniz. Allahın təqdiri ilə dünya həyatı müvəqqətidir və bu müvəqqətiliyin qarşısı heç bir vasitə ilə alına bilməz. Əbədi həyat isə yalnız axirət aləmindədir. Qurani-Kərimdə buyurulur: “Axirət yurdu, şübhəsiz ki, əbədidir.” (“Ənkəbut” surəsi, ayə: 64)
Dünya müvəqqəti olmaqla yanaşı, həm də rahatlıq yeri deyil. O, sadəcə keçid, yol olduğu üçün rahatlıqdan danışmağa dəyməz. Müvəqqəti, narahat bir məkana vurulmağa, əsir olmağa dəyərmi?! Bütün bu oxşatmalardan, təşbehlərdən sonra aydın oldu ki, dünya axirətlə müqayisədə qısa bir yoldur.

ZÖHD HƏYAT QANUNUDUR
Varlıq aləmində dünyanın çəkisini müəyyənləşdirdikdən sonra dünya və axirət üçün iş ölçüsü, bir növ necə çalışmaq lazım olduğu aydınlaşır. Həzrət Əli (ə) bu barədə buyurur: “Ey oğlum! Allah sənə dünyanı qadağan etdiyi kimi onu özünə qadağan etsən, (bil ki) dünya buna layiqdir.”
İfadələrdən bir daha aydın olur ki, Həzrət (ə) təkcə öz oğluna yox, bütün bəşəriyyətə müraciət edir. Şübhəsiz ki, heç bir məsum imam, eləcə də, imam Həsən (ə) dünyaya bağlı olmamışlar. Demək, müraciət ümumi şəkildə ünvanlanmışdır. Vəsiyyətnamənin davamında buyurulur: “Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaq, əcəlindən üz çevirə bilməyəcəksən.”
Məgər bu sözlər imam Həsənə (ə) aid edilə bilərmi?! Demək, imam Həsən (ə) ümumiləşdirilmiş bir surətdir və verilən tövsiyələr bütün insanlara aiddir. Bu müraciət üsulu “qızım, sənə deyirəm, gəlinim, sən eşit” məsəlini xatırladır. Yəni söz öz sahibini tapır.
Dünyanın axirətlə müqayisədə mahiyyətinin açıqlanmasında məqsəd insanın dünyada necə rəftar etməsinin müəyyənləşdirilməsidir. Həzrət (ə) buyurur ki, dünya ona qarşı biganəliyə layiqdir. Yəni yeganə doğru yol zöhd, pəhriz, dünyaya bağlanmamaqdır.
Aydındır ki, zöhd xalqdan uzaqlaşıb, meşədə tənha komada yaşamaq deyil. Zöhd dünyaya qul olmamaqdır. Zöhd elə bir həyat tərzidir ki, insan yaşamağı vəzifə bilir, fərdi və ictimai vəzifələrin icrasında süstlük göstərmir. Həzrət Əli (ə) heç vaxt xalqdan kənarlaşmamış və kimsəyə belə bir tövsiyə verməmişdir. Demək, dünyada çalışmaq vəzifədir. Amma məqsəd dünya yox, Allahın razılığı, axirət olmalıdır. Həzrət (ə) qan-tər içində çalışar, bağlar salar, sonra isə həmin bağları vəqf edər, ümumi istifadəyə verərdi. Ayə və rəvayətlərdə insana tövsiyə olunan zöhd tənbəllik, yeyim-yatımlıq deyil. Sadəcə, müvəqqəti dünya həyatını bəzəmək üçün yox, Allahın razılığı üçün yaşayıb, çalışmaq lazımdır.
Həzrət Əli (ə) gözəl bilir ki, zöhd ruhiyyəsi əldə etmək çox çətin bir işdir, çoxları bu tövsiyələri qəbul edə bilməyəcək, ya da əməl etməkdə çətinlik çəkəcəklər. Həzrət (ə) uyğun göstərişlərə Əbuzər, Salman kimi tam əməl edə bilməyən dinləyicilərini qismən də olsa, dünyadan çəkinməyə çağırır. Özünü ideal pəhrizə sövq edə bilməyən insan nəfsini başlı-başına buraxmamalıdır. Allahın razılığını qazanmaq istəyən şəxs gücü çatan həddə pəhriz etməli, zehnini dünyəvi düşüncələrlə doldurmamalıdır.
Bu yolla Həzrət (ə) zəifiradəli insanların da əlindən tutur, öz məhəbbətini onlara əsirgəmir. Süst adamları doğru yola yönəltmək üçün növbəti hissələrdə də öyüdlər verilir. Əslində Həzrətin istəyi hər bir insanı ideal zöhd zirvəsində görməkdir. Amma hər hansı zəiflik əsas vermir ki, insan yaxasını açıb, qəlbini dünyaya təslim etsin. Dünyada çalışmaq lazımdır, amma dünyaya qul olmaq, insanlığı və imanı dünya ləzzətlərinə qurban vermək yox!
Zöhdün ideal mərtəbəsi odur ki, insan heç vaxt bir işi dünya ləzzətlərinə görə yerinə yetirmir. O, öz səadəti üçün bütün fəaliyyətlərində Allahın razılığını nəzərə alır, izləyir. Zəifiradəli insanlar isə öz gücləri həddində çalışmalı, qəlblərində dünya məhəbbətinin tüğyanına yol verməməlidir. Həzrət (ə) xatırladır ki, hələ kimsə dünya həyatında öz dünyəvi istəklərinə sonacan çatmamışdır. O, öz dinləyicilərini heç olmaya orta bir həddi gözləməyə dəvət edir. Əgər ideal zöhd mərhələsinə qalxa bilmədinizsə, uzun-uzadı arzulardan qaçıb, ömrünüzü dünya ləzzətləri yolunda bada verməyin. Bilin ki, bütün ömürlərini dünya arzularına çatmağa sərf edənlərin də bir çox istəkləri qəlblərində qalıb.
Dünya dartışma, sıxıntı məhəllidir və bu məhəldə bütün arzuların reallaşması üçün fürsət yoxdur. Sizin istəkləriniz başqalarının da qəlbindən ötüşə bilər və bu, o demək deyil ki, hamı arzusuna çata bilər. Bəzən müəyyən bir arzuya çatmaq üçün insana bir sıra vasitələr lazım olur ki, insan həmin vasitələrdən məhrumdur. Beləcə, hər istəyə çatmaq mümkünsüz olur. Təcrübədən də görünür ki, əlçatmaz arzular çoxdur. Bir halda ki, dünyadan gözünüzü çəkmək istəmirsiniz, arzuların sonsuzluğunu və əlçatmazlığını unutmayın. Demək, sizin də gerçəkləşməyən arzunuz qalacaq. Heç olmaya, öz xoşbəxtliyin, qəlb azadlığın üçün az şey istə! Dünyadan uzaqlaşa bilmirsənsə, heç olmaya yorucu, boş, faydasız arzulardan uzaqlaş. Ömrünü arzular tufanında bada vermə.
Yaxşı bax, bu dünyada kim əbədi yaşayır?! Yüzillik ömürdə minillik arzuları başından çıxar. Allah-taala yəhudilərin və Bəni-İsrailin sonsuz, uzun-uzadı arzularına işarə ilə buyurur: “Onların hər biri min il yaşamaq istəyər. Halbuki uzun ömür etmək onların heç birinin axirət əzabından xilas etməz.” (“Bəqərə” surəsi, ayə: 96) Amma həmin min il yaşamaq istəyənlər dünyadan doymayıb, növbəti min il ömrü də arzulayasıdırlar. Bu sayaq ardıcıl arzular insanın qəlbini məşğul edir.
Olsun ki, minillik ömür arzusunu misal çəkməklə diqqət uzun-uzadı arzuların ömür çərçivəsini aşmasına yönəldilir. Allah-taala insana anlatmaq istəyir ki, o uzun-uzadı arzularına çatanadək ömrü başa çatasıdır. Uzaq keçmişdə tək-tük min il yaşayanlar olsa da, əsrimizdə ən uzun ömür təqribən 120 ildir. Demək, 120 il başa çatdıqda, dünya həyatına son qoyulur. Məgər həmin bu 120 ildə bütün arzulara çatmaq olarmı?!
Ən böyük və aşkar ağılsızlıqlardan biri milyarderlərin də başqaları kimi, öz sərvətini artırmaq arzusudur. Bu insanlar gözəl bilirlər ki, ixtiyarlarında olan pulu ömürlərinin sonunadək xərcləyib qurtara bilməyəcəklər. Amma dəlicəsinə çalışaraq xəzinələrini ağırlaşdırmaq istəyirlər. Bu sərvəti xərcləyib qurtarmağa onların nəvələrinin də ömrü bəs etmədiyi halda, hərisliklərindən əl götürmürlər. Bu hərisliyin son nöqtəsi varmı? Belə bir təlaş dəlilik deyilsə, nədir? Bu adamlar pul xərcləməkdən yox, pul toplamaqdan, daha çox kağız sahibi olmaqdan zövq alırlar.
Bir sözlə, dünyadan bir qədər istifadə etmək, dünyəvi arzulara yol vermək istəsək, öz ömrümüzün uzunluğunu nəzərə almalı, onun məhdudluğunu yaddan çıxarmamalıyıq. Arzular qısa ömrə uyğun olmalı, ömür uzun-uzadı arzular tufanında bada verilməməlidir. Dünya malını bir bu qədər hərislik göstərən insan bilirmi ki, qarşıda nə qədər ömür qalıb? Hazırda orta ömür 60-70 il sayılır. Yüz, iki yüz il sonra başa gələcək bir iş barədə düşünməyə dəyərmi?! Əgər dünya həvəsindən tam üzülüşə bilmiriksə, heç olmaya, arzularımıza hədd qoyaq. Arzular məntiqi olmalı, qısa ömür üçün nəzərdə tutulmalıdır.
Həzrət (ə) buyurur: “Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaq, əcəlindən üz çevirə bilməyəcəksən. Bil ki, səndən əvvəl yaşamış kəslərin yolunda addımlayırsan. Dünya istəyində müdara et...” Məgər bizdən əvvəlkilər bu dünyada nə qədər yaşayıblar?! Qurani-Kərimdə oxuyuruq: “Səndən əvvəl də kimsəyə əbədi həyat vermədik.” (“Ənbiya” surəsi, ayə: 34)
Bəli, hamı gedərlidir. Başqaları getdiyi kimi, sən də gedəsisən. Bir halda ki, bütün arzulara çatmaq mümkünsüzdür, ömrünü dünya ləzzətləri yolunda hədərə vermə. Dünyaya doğru gedəndə də aram get, hədd gözlə, hərislik göstərmə.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardı var ...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!