HƏYAT NORMALARI, YAŞAYIŞ QAYDALARI - 2

:

DÜNYA MALI ƏLDƏ ETMƏK YOLU
Zöhd dünyanın tərki yox, ona rəğbətsizlik mənasını daşıdığından, batini peyğəmbər əql və zahiri peyğəmbər müqəddəs din dünyadan bəhrələnmə üçün yol qoyur. Hansı həddə bəhrələnmək isə bir sualdır.

Yaşamaq üçün dünya nemətlərindən bəhrələnməyə məcbur olan insan dünya məhəbbətinə qəlbində yer verib, ona əsir olmamaq üçün nə etməlidir?
Həzrət (ə) zöhdü tövsiyə etdikdən sonra əqli və dini zərurət səbəbindən dünya nemətlərindən düzgün faydalanmağın yolunu göstərir. Bu göstərişə əməl edən insan dünya nemətlərindən səmərəli istifadə edə bilər. Həzrət (ə) müdara, aramlıq, yaxşılıqla istifadəni tapşırır.
Bu təbir dini mənbələrdə və Əhli-beyt (ə) rəvayətlərində çox işlədilmişdir. Fiqh və rəvayət kitablarının “məkasib” (kəsb-ticarət) bəhslərində dünya nemətlərinin yaxşı yolla əldə edilməsi mənasında oxşar təbirlərdən istifadə olunmuşdur. Bu təbirlər dünya malından ötəri özünü oda-suya vurub, halal-haram bilməyən insanlara ünvanlanmışdır. Bəziləri pul, məqam, qadın kimi dünya ləzzətlərini əldə etmək üçün insani şəxsiyyətlərini ayaq altına atır, olar-olmaz bilmirlər. Hansı ki, istəklərə halal yolla çatmaq, insani şəxsiyyəti qorumaq, alçalmamaq, bir sözlə, doğru yolla hərəkət etmək lazımdır.
Bir halda ki, dünya və onun bər-bəzəyindən gözünüzü çəkə bilmirsiniz, heç olmaya bu işdə haram yolla getməyin, öz şəxsiyyətinizi üç-beş günlük dünya ləzzətinə satmayın. Çoxları bu yolda qazanmaq əvəzində əllərindəki sərmayəni də itiriblər. Çox tacirlər hərislik ucbatından müflis olurlar. Çox fayda götürmək çox çalışmaqdan asılı deyil. Həzrət (ə) buyurur: “Çox olsun ki, istək sərmayəni əldən verməklə nəticələncin.”
Nəzər salsanız, görərsiniz ki, bir çoxları çalışa-çalışa sərmayəsini əldən verib. Hansı ki, azca hərəkət etməklə böyük sərvət əldə edənlər də var. Dinini, əxlaqını, şəxsiyyətini itirmədən sərvət qazananlar az deyil. Kim orta həddə çalışdığı halda başqasına möhtac olub?! Vəsiyyətnamədə oxuyuruq: “Hər axtaran tapmaz, hər orta yol tutan möhtac olmaz.”
Beləcə, elə bir yol tut ki, ağıla uyğun olsun, dinin, hörmətin, şəxsiyyətin ayaq altda qalmasın. Dəyərsiz dünya malından ötəri özünü dəyərdən salma. Həzrət (ə) buyurur: “Özünü hər bir alçaqlıqdan qoru, hətta səni istəyinə çatdırsa da. Heç vaxt sərf etdiyinin (dinin, imanın) əvəzini almayacaqsan.” Mömin özünə hörmət etməli, ehtiyacını hər adama bildirməməlidir. Allah-taala belə möminlər haqqında buyurur: “Belə insanlar həyalı olub, dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər.” (“Bəqərə” surəsi, ayə: 273) Əhli-beyt (ə) məktəbində tərbiyə alanlar bütün çətinliklərə baxmayaraq, kimsəyə ağız açmır, bir şəxs onlara hədiyyə etdikdə utanır, qəbul etmək istəmirlər. Bəziləri isə dünya malından ötəri özünü sındırır, kimə gəldi əl açırlar. Həqiqi möminlər isə belə deyillər. Onlar Həzrətin (ə) göstərişlərinə əməl edirlər. Dini, imanı, şəxsiyyəti verib, dünya malı almaq axmaqlıqdan başqa bir şey deyildir. Dünya bir iynə ucu qədər hörməti itirməyə dəyməz. Unutmayaq ki, həmin bir iynə ucu hörmət əbədi, bütün dünya isə fanidir.
Buna görə də, dünya nemətlərini əldə edərkən ən azı halal yolla hərəkət etmək, din-imanı qorumaq lazımdır. Dinin və şəxsiyyətin dəyəri min-min dünyaya dəyər. Bu iki şeyi tərəziyə qoymaq olmaz. Belə etsən, nəinki bir şey qazanmayacaqsan, hətta sərmayən də əlindən çıxacaq.

İDEAL BİR DÜNYA
Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) buyurur:
“Həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən. Yerində infaq (yardım) et və başqaları üçün xəzinədar olma. Əlindən çıxan üçün ağlayırsansa, bütün əldə etmədiklərin üçün ağla.” (“Nəhcül-bəlağə”)
Müvəhhidlər mövlası Əli (ə) bu vəsiyyətnamədə dünyanın ötəriliyinə dəfələrlə işarə etmişdir. Bu gerçəklik müxtəlif təbirlərlə bəyan olunmuşdur. Bildirilir ki, dünyanın ləzzətləri axirət səadətinin qazanılmasındadır. Əks-təqdirdə, o nə davamlıdır, nə də dəyərli. Bu həqiqətin xütbələrdə, məktublarda tez-tez təkrarlanması onu göstərir ki, bu olduqca əhəmiyyətli bir məsələdir. Çünki insan bu məsələyə münasibətdə o qədər diqqətsizdir ki, ona gecə-gündüz xatırladılması da azlıq edə bilər və dünyaya münasibətdə səhv mövqe tutar. Ona görə də düzgün yaşayış üsulu və dünyadan düzgün faydalanılması insanın səadəti üçün çox mühümdür.

YAŞAYIŞ TƏRZİ
İbtidai təsəvvürə malik insan elə düşünür ki, dünya ləzzətlərinin ardınca qaçmaq ən düzgün həyat tərzidir. Ona görə də, öncə yemək və geyim, sonra isə ailə və məskən barədə düşünür. Hansı ki, imanlı bir müsəlman axirət həyatı üçün hazırlıq görməli, axirət səadətini təmin etmək üçün yollar axtarmalıdır. Ən azı dünya nemətlərini əldə etməklə yanaşı, axirət haqqında da düşünməli, əməl naməmizə namaz və oruc da yazmalıyıq. Çox az adamlar dünya həyatının gedişində daim halal-haram barədə düşünür, ilahi hədlərə riayət edirlər. Şəksiz ki, azlıq təşkil edən ikinci qrup saleh insanlardır və onlar Allah yolunda qədəm atırlar. Amma bilməliyik ki, Quran və Əhli-beyt (ə) məktəbində tərbiyənin son həddi bu deyil. İnsanın qarşısında olduqca uca və geniş üfüqlər də var. Əslində yalnız dini vəzifələrin icrası və əxlaqi göstərişlərə əməl edilməsi kamilliyin aşağı mərtəbələrindəndir. Vacib əməllərin yerinə yetirilməsi və haramların tərki bu yolda ilk addımdır. İnsanın səy və təlaşı daha yuxarı olmalıdır. Ali mərtəbələrə ucalmaq üçün ilk addım budur ki, insan dünya həyatına baxışını islah etsin. Varlıq aləmində insan özünün və Allahının yerini düzgün tanımalı, öz yaranış məqsədini müəyyənləşdirməlidir.
Etiraf etməliyik ki, adətən, uyğun məsələlərə münasibətdə mərifətimiz naqis olur. Bu mərifətin azlığı səbəbindən bir çox zərərlərlə üzləşirik. Bəziləri isə hətta uçuruma yuvarlanır. “Bu dini vəzifələr nəyə lazımdır ki!” – deyənlər də tapılır. Onların nəzərincə, insanın öhdəsində vacib vəzifələrin qoyulması quldarlıq dövrünə aid bir işdir. Guya hazırkı əsrin insanları üçün heç bir məhdudiyyət və vəzifə yoxdur. Vəzifə kəlməsi insan üçün ögey olmuşdur. Bu gün Allah qarşısında vəzifələrindən boyun qaçıran insan Allahdan haqq tələb etməkdən də çəkinmir.
Belə bir dünyagörüşünün kökləri qərb mədəniyyətindən qidalanır. Bu iki baxışı müqayisə etməklə peyğəmbər mədəniyyəti ilə qərb mədəniyyəti arasındakı fərqi görmək olar. Əlbəttə ki, materialist baxış, yəni maddiyyatçılıq həmişə mövcud olmuşdur. Nə qədər ki, şeytan var, bu baxış da yaşayasıdır. Əslində mübarizə ilahi mədəniyyətlə şeytani mədəniyyət arasında gedir. Bu gün qərb mədəniyyəti simasında zühur edən şeytani mədəniyyət durduqca durasıdır. Gecə-gündüz ilahi yolda çalışsaq da, kifayət edəsi deyil. Çünki qərbin şeytani mədəniyyət təlqinləri hələ ki, bəşəriyyətin başı üstündədir.

İLAHİ BAXIMDAN DÜNYA HƏYATININ MAHİYYƏTİ
Bu iki baxış arasındakı ixtilafın əsasını onların dünya həyatına münasibəti təşkil edir. Bir baxışa görə, başlanğıc da, son da bu dünyadadır. Amma Qurani-Kərimdə bildirilir ki, insanın dünya həyatı ana bətnində körpənin həyatı kimidir. İnsan başqa bir dünyaya çatmaq üçün bir müddət bu dünyada yaşamalı və yalnız sonra ikinci həyata qədəm qoymalıdır. Bətndəki körpə də belədir. O, bir müddət ananın bətnində qalır, inkişaf etdikdən sonra bu dünyaya qədəm qoyur. Dünyadakı insanın bətndəki körpədən fərqi onun azad, körpənin isə məcbur olmasıdır. Körpə heç bir vəzifə daşımadığı halda, insanın bir sıra vəzifələri mövcuddur. O, kamilləşmə yolunda çalışmalı, sonra ikinci dünyaya qədəm qoymalıdır. Əslində bizim həyatımız elə buradan başlanır. Çünki dünyanı məhdud bilənlər axirət dünyasına qədəm qoyduqda: “Kaş ki, mən həyatım üçün əvvəlcədən yaxşı əməllər edəydim.” (“Fəcr” surəsi, ayə: 24)
Maraqlıdır ki, mübarək ayədə Allah-taala məhz axirət həyatını “həyat” adlandırır. Başqa bir ayədə oxuyuruq: “Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır, kaş biləydilər!” (“Ənkəbut” surəsi, ayə: 64) Bəli, həqiqi həyat yalnız axirət həyatıdır.
Beləcə, bu dünyanı həyat adlandırmağımız düzgün deyil. Bura həyat yox, sadəcə, “darül-ğürur”dur. Bəli, Allah-taalanın, həzrət Peyğəmbərin (s), məsum imamların (ə) baxışı ilə bugünkü baxış arasındakı əsas fərq həmin bu nöqtədədir. Onlar həqiqi həyat axirət dünyasını hesab edirlər. Bəziləri isə məhz bu dünyanı həyat adlandırır. Bəziləri elə düşünürlər ki, bu dünya həyatından sonra ölüm və yoxluq gəlir. İlahi kəlamlar isə bunun əksini bildirir. Dünya həyatı bir göz qırpımı kimi anidir. Bu dünyada məqsəd tərəqqi olmalıdır. Axirət həyatı isə həqiqi və əbədi həyatdır. Dünya həyatını axirət həyatına giriş saymaq daha düzgün olar.
Əgər bu həqiqətləri dərk edib, iman gətirsək, rəftarlarımız kökündən dəyişər. İnsanın dünyaya münasibətdə təsəvvürü dəyişdikcə onun istəkləri də dəyişir. Beləcə, insanın rəftar və əməllərində də dəyişikliklər baş verir. Hətta bu əməllərin kəmiyyət və keyfiyyəti də əvvəlki kimi qalmır. Amma baxışlarımız Allah buyruqlarına uyğun olmasa, bütün arzu-istəklərimiz, əməl-rəftarlarımız o biri baxışa uyğunlaşasıdır. Dünyaya baxışın əməl və rəftarlara təsirini nəzərə alaraq, tövsiyə olunur ki, dünya və axirətin həqiqi dəyərinə diqqətli olaq. Dünyanın və axirətin mahiyyətini dərk edin və onların hər biri üçün dəyəri qədərində çalışın.
Təəssüf ki, əksəriyyət bu mahiyyətləri dərk etdikdən sonra belə əməl və rəftarlarını dəyişə bilmirlər. Yuxudan oyanan kimi maddiyyat haqqında düşünməyə başlayırıq. Əgər Allahın lütfü, İslamın bərəkəti, ata-anaların səyi nəticəsində sübhlər Allahı xatırlamaqla yuxudan oyansaq, namaz qılsaq, yalnız həmin bir neçə dəqiqəni axirət həyatı haqqında düşünə bilirik. Elə ki, iki rəkət sübh namazı başa çatdı, növbəti namazadək dünyanın ardınca qaçırıq. İslami tərbiyə alanlar belə edirsə, bu tərbiyədən məhrum olanlardan bir şey gözləməyə dəyməz.
Əgər bir qədər düşünsək, təsdiq edərik ki, bugünkündən yaxşı ola bilərik. Həyatda gördüyümüz bütün işləri daha keyfiyyətli yerinə yetirmək olar. İstər təhsil, istər ruzi əldə edilməsində işimizə ilahi rəng versək, həm dünya işlərimiz gedər, həm də axirət səadətindən məhrum olmarıq. Qurani-Kərimdə buyurulur: “O ancaq ən uca olan Rəbbinin razılığını qazanmaq üçün belə edər. And olsun ki, o, Rəbbindən razı qalacaqdır.” (“Ləyl” surəsi, ayə: 21)
Başqa bir ayədə oxuyuruq: “Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə böyük mükafat verəcəyik.” (“Nisa” surəsi, ayə: 114) Çoxsahəli fəaliyyətlərimizdə Allahı razı salmaq niyyəti həmin fəaliyyətlərimizi gücləndirəsidir. Dünya və axirət əməli arasında yalnız niyyət fərqi var. İnsanın dünyaya baxışı dəyişdikdə, onun məqsədləri də dəyişir, nəticədə, görülən işlərin niyyəti əvəz olunur. Yəni dünyadakı eyni fəaliyyətlərimizi ilahi niyyətlə yerinə yetirib, axirət səadətimizi əldə edə bilərik.
Demək, əvvəlcə dünyaya və insana münasibətimiz dəyişməlidir. İkinci pillədə inanmalıyıq ki, bu dünya həyatı axirət həyatının müqəddiməsidir. Bu dünya olduqca geniş bir aləmə aparan bətn kimidir. “Rəbbinizin mərhəmətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin.” (“Ali-İmran” surəsi, ayə: 133)
Deyilənlərdən dünya və axirətin tanınma zərurəti və bu mövzuların tez-tez təkrarlanma səbəbi aydın oldu. Söhbətlərdən məlum oldu ki, uyğun təkrarlar yersiz deyil. Bu baxışın təsir dairəsinin genişliyi və bütün sahələrdə dərin nüfuzu onun təkrar-təkrar nəzərə çatdırılmasını tələb edir. Ona görə də, Əmirəlmöminin (ə) öz vəsiyyətnaməsinin bir fəslini bu mövzuya həsr etmişdir. Bir çox məktub və xütbələrində olduğu kimi, bu vəsiyyətnamədə də şərh etmişdir ki, dünya nədir və insan nə üçün yaradılmışdır: “Həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən.” Bu dünya nemətlərindən yalnız axirət həyatın üçün istifadə edəcəklərin faydalıdır. Amma yalnız dünya həyatın üçün istifadə etdiklərin puç olub gedəsidir. Dünya ləzzətləri üçün istifadə etdiklərini haram yolla əldə etmiş olsan, axirət cəzası da labüddür. Dünya həyatını qurmaqdan ötrü dini hökmləri ayaq altına alsan, şübhəsiz ki, həmin ötəri ləzzətlərin sənə ağrısı qalacaq.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardı var...

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!