HƏYAT NORMALARI, YAŞAYIŞ QAYDALARI - 3

:

QEYRİ-İLAHİ YAŞAYIŞIN AQİBƏTİ
Təkcə şəri hökmlərə riayət edilməsi, halal ruzi qazanılması, haram işlərdən çəkinilməsi ali məqama çatmaq üçün kifayət etmir. Bütün bu əməllərin bünövrəsi dünya və axirətə ilahi baxışdan ibarətdir.

Yalnız dini göstərişlərə əməl etmək ona bənzəyir ki, əlindəki çox qiymətli gövhəri verib, bir boşqab dadlı xörək alasan. Hansı ki, həmin gövhər ilə dəyərli bir imarət, səfalı bir bağ əldə etmək olardı. Uyğun alış-verişi ağıllı hesab edirsinizmi? Şübhəsiz ki, ağıllı insanlar belə bir alış-verişi məzəmmət edərdilər. Hər hansı xörək nə qədər dadlı olsa da, gözəl bir qəsri və ya səfalı bir bağı əvəz edə bilməz.
Bizim dünyadakı əməllərimiz həmin bu məsəlin oxşarıdır. Biz dünya həyatımızın müqabilində əbədi axirətdə misilsiz bir qəsr ala bilərik. Hansı ki, günahdan qaçmaqla axirət əzabından qurtulmaq istəyirik. Beləcə, dünya həyatımız axirət həyatımız üçün faydasız olur. Yeganə qazancımız budur ki, axirət əzabından canımızı qurtaraq. Hansı ki, əldə edilməsi mümkün olan bir çox nemətlərdən məhrum oluruq. Aydındır ki, yalnız zərərdən yaxa qurtarılması ağıllı iş deyil. İnsan xeyir tapa biləcəyi yerdə təkcə zərərdən qaçmaqla kifayətlənirsə, bu çox ağılsız bir hərəkətdir. Yalnız şəri göstərişlərə əməl etməklə kifayətlənənlər əzabdan qurtulmaqdan savay bir xeyir gözləməsinlər. Belələri, şübhəsiz ki, böyük nemətlərdən məhrum olurlar.
Gerçək fayda odur ki, insan bütün həyatı boyu, bütün işlərində Allahın razılığını gözləsin. Çünki bütün şeylər fani olur, əbədi qalan isə axirət və ilahi razılıqdır. Hətta digər halal işlər də puç olub gedir. “Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir.” (“Nəhl” surəsi, ayə: 96)
Digər bir ayədə buyurulur: “Var-dövlət, oğul-uşaq bu dünyanın bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid etibarı ilə daha xeyirlidir.” (“Kəhf” surəsi, ayə: 46)
Bəli, dünya həyatı başa çatdıqda bir çox nemətlər əldən çıxıb fəna olur. Qurani-Kərimdə oxuyuruq: “Onlar üçün dünya həyatını misal çək. Bu həyat göydən endirilmiş su kimidir. Onunla yer üzündə otlar bitir və quruyub, küləklər vasitəsi ilə pərakəndə olur.” (“Qəsəs” surəsi, ayə: 76) Söhbətimizin bu yerində Qurani-Kərimdə xatırladılmış Qarunun əhvalatını yada salsaq, münasib olar.

QARUNSAYAĞI TİCARƏT
Allah-taala Qaruna elə bir sərvət vermişdi ki, bir dəstə güclü adam bu xəzinələrin açarlarını çətinliklə gəzdirirdi. O zaman isə əmanətləri yerləşdirmək üçün banklar yox idi. İnsanlar öz sərvətlərini məxfi xəzinələrdə yerləşdirərdilər. Bu xəzinələrin qapısında ağır qıfıllar asılardı. İnsanlar öz sərvətlərini quldurlardan bu yolla qoruyardılar. Qarunun isə sərvəti o qədər böyük idi ki, onun yerləşdiyi xəzinələrin açarlarını daşımaq çətin bir iş olmuşdu. Təbii ki, sərvət böyükdürsə, onu çoxsaylı xəzinələrdə yerləşdirmək lazım gəlir. Çoxsaylı xəzinələrin isə çoxsaylı açarları olur. Bəli, Qarun həmin dövrün ən böyük sərmayədarı idi və onun xəzinələrinin açarlarını ən güclü adamlar çətinliklə gəzdirərdilər. Möminlər Qarunu nəsihət etdilər:
1. Ona dedilər ki, çox məst və məğrur olma; dünya malından sərməst olanlar hər şeyi unudurlar; şübhəsiz ki, Allah-taala da onları dost tutmur. Qarun şadlandığı üçün yox, dünya malına görə şadlandığı üçün məzəmmət olunur. Qarunun məstliyi və məğrurluğu onun sərvətinin çoxluğundan doğur. Aydındır ki, dünya malından yaranan qürur Allahın əmri ilə nəticəsiz qalasıdır.
2. Onların ikinci nəsihəti bu oldu ki, Allahın sənə verdiyi nemətlərdən axirətə çatmaq üçün istifadə et, bu sərvətin köməyi ilə öz axirət sarayını ucalt.
3. Onların digər bir tapşırığı bu oldu ki, dünyadan götürməli olduğun bəhrəni unutma. (“Qəsəs” surəsi, ayə: 76-77)
Bəzi təfsirçilər yazırlar ki, mömin insanlar Qaruna ilk nəsihət olaraq “axirət haqqında düşün” dedilər. Amma axirət işlərində ifrata varılaraq, dünyanın unudulması üçün xatırlatdılar ki, dünyadan götürəcəyin faydanı unutma. Axirət haqqında düşünmək o demək deyil ki, dünyaya arxa çevrilsin. İnsan dünya həyatından faydalanmalı, onun ləzzətlərini dadmalıdır. Bir şərtlə ki, axirət həyatı unudulmasın.
Bir qrup təfsirçi isə son cümlədə dünya həyatının tamam unudulmaması məsələsinin önə çəkildiyini bildirir. Yəni dünya həyatını unutma, amma əsil məqsədin axirət olsun.
Başqa bir qrup təfsirçi bildirir ki, ayələrdə Qarunun nəzərinə çatdırılan dünya nemətlərindən axirət üçün istifadə edilməsidir. Yəni insan dünyadan faydalanmalı, ondan əbədi axirətə çatmaq üçün istifadə etməlidir. Əks-təqdirdə, bu dünya ləzzətlərindən heç biri əldə qalası deyil.
“Allahın sənə verdiyindən özünə axirət qazan, dünyadakı qismətini də unutma” ayəsi haqqında təfsirçilərin rəylərindən sonuncu rəy daha münasib görünür. Çünki Qarun dünya ləzzətlərindən faydalanmağı heç vaxt unutmurdu. Onun bütün səyləri bu ləzzətlərin əldə olunmasına yönəlmişdi. Qarunun unutduğu axirət həyatı idi. Bu səbəbdən də, axirət həyatının ona xatırladılması yerinə düşür. Demək, Qarunun nəzərinə çatdırılır ki, dünya nemətlərindən öz axirəti üçün sərf etməyi unutmasın. İbadət qüvvəsi əldə etmək, axirət səadətindən məhrum olmamaq üçün bu nemətlərdən faydalanmaq lazımdır.
Həzrətin (ə) “həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən” buyruğu uyğun ayə haqqındakı son təfsirlə uyuşur. Yəni dünyanın faydası odur ki, onun vasitəsi ilə öz axirətimizi abad edək. Bunun üçün də ayədə buyurulur ki, dünya həyatından qismətimizi unutmayaq. Qarun məhz belə bir faydanı unutmuşdu və bu məsələnin ona xatırladılması zəruri idi.
Qeyd olunduğu kimi, uyğun buyruq bir növ həmin ayənin təfsiridir. Bəli, başqa təfsirlər də mövcuddur, amma son təfsir daha məntiqəuyğundur. Çünki bu təfsir Həzrət Əlinin (ə) kəlamı ilə də uyuşur. Həm uyğun ayənin, həm də Həzrətin (ə) buyruğunun əsas qayəsi dünyadan axirət üçün faydalanması məsələsidir. Dünyadan istənilən bir başqa məqsədlə istifadə olunduqda, insan zərərə düşür. Dünyadan yalnız dünyaları üçün faydalananlar böyük bir sərmayəni əldən çıxarırlar. Bu sərmayə yalnız axirət məqsədi ilə istifadə olunduqda xeyir gətirir. Yalnız əbədi hədəflər üçün istifadə olunan nemətlər faydalıdır.

İLAHİ RAZILIĞIN ƏLDƏ OLUNMASI
Bu qaydanın bəyanından sonra hzrət Əli (ə) onun nümunələrindən birini açıqlayır. Həmin nümunə haqqında danışmazdan qabaq bir müqəddimə verilsə, münasib olar.
Əgər öz rəftarlarımıza diqqət yetirsək, görərik ki, əlimizdəki sərmayəni heç vaxt faydasız yerə sərf etmək istəmirik. Məsələn, cibimizdə olan pulu haraya gəldi, necə gəldi xərcləmirik. Bu pul zəhmətlə əldə edildiyindən insan onu daha dəyərli bir yerə sərf etmək istəyir. Ona görə də, istənilən bir sərmayə ələ düşdükdə, insan onu daha çox xeyir götürəcəyi işə sərf etmək istəyir. Görən, bu sərmayə Allah yolunda sərf olunsa, bir zərər görərikmi? Şübhəsiz ki, sərmayənin Allah yolunda xərci yeganə zərərsiz və təminatlı yoldur.
Belə bir təminatlı yolu görə-görə nə üçün pulumuzu Allah yolunda sərf edə bilmirik? Bəlkə düşünürük ki, bu sərmayəni dünyamıza xərcləmək yaxşıdır? Yoxsa sərmayənin toplanmasını onun xərclənməsindən üstün tuturuq? Bütün bu maneələri yaradan insanın dünyaya bağlılığıdır. Xəsisliyin qarşısını ala biləcək yeganə yol budur ki, axirət yolunda xərcləməyin faydasına əmin olaq. Ən xeyirli və əbədi iş Allah yolunda infaq etməkdir. “Nəfsinin xəsisiliyindən, tamahkarlığından qorunan kimsələr, məhz onlar nicat tapıb səadətə qovuşanlardır.” (“Həşr” surəsi, ayə: 9) Bu təbirlər Qurani-Kərimdə bir neçə dəfə işlədilmişdir. Allah-taala yalnız xəsislik və tamahkarlıqdan uzaq olanları xeyir əhli hesab edir. Xəsislik səbəbindən xərcləməyib, sərvət toplayanlar heç vaxt doğru yolu tapa bilmirlər. Doğru yol yalnız bu sifətlərdən uzaq olanların qismətidir.
Ayənin ərəb mətnindəki “şuhhə” kəlməsi ərəbcə “buhhə” kəlməsi ilə yaxındır. Səsin tutulmasını ərəblər “buhhə” adlandırır. Eləcə də, bir şəxs əlini sıxdıqda, bir növ əli tutulduqda onun haqqında “şuhhə” kəlməsini işlədirlər. Əlin tutulması təbiri insanın dünyaya bağlılığına işarədir. Dünyaya bağlılıq isə insanın bədbəxtliyinə səbəb olur. Əbədi səadət sorağında olan insan belə bir xüsusiyyətdən qorunmalıdır. Amma bilmək maraqlı olardı ki, insan bu maneəni necə adlaya bilər? Əvvəlki söhbətlərə diqqət etsək, bu sualın cavabı aydın olar. İnsan dünyaya bağlılıqdan o zaman yaxa qurtara bilər ki, bəxşişlərini özü üçün faydalı bilsin. İnsanın öz dünyası üçün xərclədiyi pulların ömrü çox azdır. Çünki dünya və onda olanlar əbədi deyil. Amma insan əlində olanı Allah yolunda sərf etsə, dünya həyatında ləzzət almaqdan əlavə, Allah-taala ona əbədi bir sevinc ruhu bəxş edər. Allahın razılığı üçün başqalarına xidmət edən kəs dünya mükafatından əlavə axirət mükafatı da alır. Ona görə də, Həzrət (ə) öz vəsiyyətinin davamında buyurur: “Yerində infaq et.” İnsan Allah yolunda infaq etməli, öz sərvətini doğru yolda xərcləməlidir. Sərvətini xərcləyib toplayanlar isə bir növ başqaları üçün xəzinədarlıq edirlər. Həzrət (ə) buyurur: “Başqaları üçün xəzinədar olma.”
Bir ömür çalışıb, sərvət toplayanların aqibəti nə olur? Onların son məqsədi nədir? Onlar başqaları üçün xəzinədarlıq etmirlərmi? Bəli, belələri yalnız özgələri üçün qalacaq xəzinələrə keşik çəkirlər. Belələrinin adi bir anbardardan fərqi nədir? Anbardakı mallardan anbardara bir şey çatmadığı kimi, sərvət toplayan adam da öz sərvətindən faydalana bilmir. Anbardar sadəcə keşikdə durduğu kimi, sərvət toplayan şəxsin də işi keşikçilikdir.
Əgər biz də sərvətimizi infaq etməsək, imkansızlara əl tutmasaq, eynən həmin anbardar kimi olasıyıq. Bir sözlə, yalnız xəzinə toplamaqla məşğul olanlar başqalarının xəzinədarıdırlar. Bəzən bu insan adi bir anbardar qədər də qazanmır. Sərvət sahibi dünyasını dəyişdikdə, onun varisləri bu sərvəti öz aralarında bölür və mümkündür ki, bu bölgüdə dava-dalaş da düşsün. Hətta bu dava-dalaşa görə sərmayəni toplayanın ruhuna lənətlər də yağdırılır. Əgər dünyada infaq etməsəniz, axirətdə də lənətlərdən qurtula bilməyəcəksiniz. İndi özünüz düşünün, məgər başqaları üçün sərvət yığıb, lənət qazanmağa dəyərmi?! Məgər insan bununçünmü xəlq olunub?! Həzrətin (ə) buyruğu bu yerdə yerinə düşür: “Yerində infaq et və başqaları üçün xəzinədar olma.”

ƏLİNDƏN ÇIXAN ÜÇÜN AĞLAMA
Vəsiyyətnamənin davamında təqvalılar imamı Əli (ə) imam Həsənə (ə) başqa bir moizə edir. Şübhəsiz ki, əldə etdiyi dünya neməti əlindən çıxan insan qəmgin olur, nigarançılıq keçirir. Olsun ki, bu narahatlığı hər birimiz hiss etmişik. Məsələn, bir kitab və ya üzük itirdikdə, hətta namazda da bu barədə düşünürük. Öz nigarançılığımızla bəzən başqalarının da rahatlığını əlindən alırıq. İtkisi olan insan hətta ədəb və əxlaq qaydalarını da pozur. Əgər kiçik bir şey itirən insan bu qədər narahatçılıq keçirirsə, dəryada gəmisi batmış tacirin narahatçılığından danışmağa dəyməz. Zəlzələdə, daşqında var-yoxunu itirənlərin əksəri ətrafındakıların başına oyun açır. Bəzən təsbehini itirmiş şəxs qəm dəryasına batır. İtki səbəbindən xəstəliyə düşənlər də var. İtkisi olan adamın gündəlik işdən əli soyuyur və fikri-zikri həmin itkiyə yönəlir. Bəzən itki ağrısı insanı iflic edir və dünyanın şirinlikləri onun üçün zəhərə dönür. Hansı ki, dünyanın bəlasız və problemsiz olmadığını hər birimiz bilirik. İnsanın nəinki sərvətini, hətta əzizlərini də itirməsi təbii bir hadisədir. Bəli, bu itkilərə, acı hadisələrə münasibət mühüm bir məsələdir. Xırda bir şey əlindən çıxmış insan yasa qərq olsa, onun bütün qalan həyatı puça çıxar. Belə insan dini işlərini yerinə yetirə bilməz, iş və təhsildə geri qalar. Belələri hətta namaz vaxtı da fikirlərini bir yerə toplaya bilmirlər. Onlar çox vaxt ailə-övladla da pis rəftar etməyə başlayırlar.
Belə bir ruhiyyə, əlbəttə ki, xəstəlik əlamətidir. Ona görə də, həzrət Əli (ə) bu xəstəliyə əlac üçün buyurur: “Əlindən çıxan üçün ağlayırsansa, bütün əldə etmədiklərin üçün də ağla.”
Tövsiyə olunur ki, dünyada mövcud olan bütün nemətləri gözlərimiz önünə gətirək. Özünüz düşünün, bu nemətlərdən neçə faizi bizə qismət olub? Aydın məsələdir ki, insan dünyada mövcud olan bir çox şeylərdən məhrumdur. Bizim malik olduqlarımız dünyada olanların cüzi bir hissəsidir. Yerin altı qızıl, gümüş kimi xəzinələrlə dolu olsa da, bu dəryada bizə qismət olan bircə damla da deyil. Ağıllı adam narahat olarmı ki, dünyanın bir bu qədər sərvəti ona qismət olmayıb?! Şübhəsiz ki, heç bir ağıllı insan buna görə qüssə yemir. Əgər əlindən bir şey çıxmışsa, onu da bu vaxtadək əlinə düşməmiş şeylərdən hesab et. Təsəvvür et ki, heç həmin şey sənə qismət olmayıbmış. Bir şey ki, sənin ixtiyarında deyil, qəmlənməyin yeri varmı?! Əlindən çıxan şeyə görə qəmlənmə, buna görə də, ətrafdakıları acılama və həyatını zəhərə döndərmə. Əksinə Allaha şükr et ki, həmin şeydən bir müddət istifadə edə bilmisən. Bu gün o şey sənin əlindən çıxmışsa, elə təsəvvür et ki, heç əvvəlcədən sənin əlində olmamışdır. Çünki dünyada olanların böyük bir hissəsi sənin əlinə düşməyib. Məgər insan hər malik olmadığı şeyə görə təəssüf etməlidirmi?! Sadəcə, Allaha şükr etmək lazımdır ki, həmin nemətdən bir müddət istifadə edə bilmişik. İndi isə qoy, ondan başqaları istifadə etsinlər. Əgər ikinci dəfə həmin şey əlimizə düşsə, onu yeni bir nemət kimi qəbul etməli və bağışlayan, mehriban Allaha şükr etməliyik.
Bəli, əldən çıxmış şeylərə görə narahat olmamağın yeganə yolu onu da bu vaxtadək əldə etmədiyin şeylərdən saymaqdır. Dünyanın bir belə nemətindən məhrum olduğun səni narahat etmirsə, nə üçün əlindən çıxmış bir şeyə görə narahat olmalısan?! Yox əgər həmin bir şeyə görə ağlayırsansa, onda bu vaxtadək əlinə düşməmiş şeylərə görə də ağla. Əlindən çıxmış şey də əlinə düşməmiş şeylər kimidir. Hələ şükr et ki, həmin şeydən bir müddət istifadə edə bilmisən. Hansı ki, dünyanın bir çox nemətlərindən istifadə etmək fürsətin olmayıb.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!