QURANDA HƏYATIN MƏNASI-1

:

a) İnsan ixtiyara malik varlıqdır
İnsanın özünü islah etməsi və əxlaqını gözəlləşdirməsi onun kamillik və əxlaqi dəyərlər əldə etmək qüdrətinə etiqad bəslədiyi təqdirdə mümkündür.

Amma insan öz səy və təlaşlarının faydasızlığını kamilliyə çatmaq və taleyini dəyişməkdə gücsüz olduğunu güman etsə, təlim-tərbiyə və özünüislahdan danışmağa dəyməz. Çünki insan öz işlərində məcbur olsa və onun öz taleyini formalaşdırmaqda heç bir rolu olmasa, ona «filan işi belə etməlisən», yaxud «etməməlisən» kimi məsləhətlər vermək, həmçinin «filan şey olar», yaxud «olmaz» demək mənasızdır.
Bütün əxlaqi sistemlər insanın ixtiyar sahibi olmasını mövzunun əsası olaraq ya tam aşkar şəkildə, ya da tərəfdarları diqqət etməsələr də, gizli formada qəbul etmişlər. Bu həqiqət təbii ki, İslam əxlaq sistemində də mövzunun əsası olaraq irəli sürülmüşdür.
Odur ki, İslam əxlaq sisteminin əsaslarını araşdırarkən onun mövzu əsaslarından danışarkən insanın ixtiyar sahibi (muxtar) və seçim qüvvəsinə malik olmasını ilk əsaslarından biri kimi qəbul edirik. Biz Quran təlimləri barədəki ötən söhbətlərimizdə, xüsusilə «insanşünaslıq» bəhslərində bu barədə müəyyən qədər araşdırma apardıq və həmin mövzunu yenidən araşdırmaq istəmirik. Həmin söhbətlərdə dediklərimizə əsaslanaraq, sözügedən məsələnin düzgünlüyünü qəbul edib ondan mövzunun əsası kimi istifadə edirik.
Bu məsələ qeyd edilənlərdən əlavə, tərbiyə baxımından da çox mühümdür. Çünki insanda hər hansı bir məcburiyyət olsa və o, özünün heç bir ixtiyara malik olmamasına, xarici amillərin təsirinə məhkumluğuna etiqad bəsləsə, təbii ki, bütün səy və təlaşlar puça çıxacaq və o, heç bir məsuliyyət hiss etməyəcək.
Adətən, tənbəl, özünü zəhmətə salmaq, bir iş görmək, nəfs və ya düşmənlə mübarizə aparmaq istəməyən insanlarda məcburiliyə, ixtiyarsızlığa (cəbr) meyl yaranır. Onlardan «nə üçün özünü islah etmirsən?» – soruşulsa, bunu bir növ məcburiyyətlə əlaqələndirməyə çalışırlar. Məsələn, “bu irsidir”, “mənim atam belə olub mən də beləyəm”, «məni mühit belə tərbiyə edib, mənim günahım yoxdur» kimi cavablar verirlər. Yaxud həmin adam dindar olsa, fəlsəfə və ürfana əl ataraq, «işlərin hamısı Allahın əlindədir, biz kimik ki?» – deyir, ya da qəza-qədəri bəhanə edərək «biz istəsək də, istəməsək də, bir iş görsək də, görməsək də olan olacaq» kimi ifadələr işlədir. Əslində bu cavabların kökü insanın tənbəlliyində və rahatlıq axtarmasındadır. Baxmayaraq ki, onların dedikləri bəzən düz olur. Amma onlar həmin sözlərdən batil və puç nəticələr əldə edirlər. Biz tövhid mövzusunda danışarkən bütün işlərin Allah tərəfindən olmasını isbat etdik. Quran hətta əxlaq barəsindəki ayələrində insana onu Allahın hidayət etməsini xatırladır və qətiyyətlə buyurur: "إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَن يَشَاءُ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ"
“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!” (“Qəsəs”, 56)
Yaxud digər bir ayədə buyurur: " وَلَكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ "
“Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və asi olmağa qarşı sizdə nifrət yaratmışdır.” (“Hucurat”, 7)
Quran hər şeyi son həddə – axirət mükafatı ilə bitənə kimi Allahla əlaqələndirir. “Sizə rəhm edən Allahdır”, “möminləri Cənnətə daxil edən Allahdır”, “onlara lütf və mərhəmətini nazil edən Allahdır” kimi ifadələrə malik ayələr çoxdur. Bunların hamısı tam həqiqətdir və Quran bu həqiqəti çox təkidlə vurğulayır. Lakin biz bu barədə danışarkən qeyd etdik ki, deyilənlər əsla insanın ixtiyara malik olmasını əsla inkar etmir. Çünki Allahın həmin işlərdəki rolu insanın əməlin səbəbkar olması ilə bir sıradadır və onlar bir-biri ilə ziddiyyət təşkil etmirlər.
Hər halda dinlə əlaqəsi olmayan insanlar irsi qanunlar, mühitin təsiri, tarixi məcburiyyət kimi dillər əzbəri olan bir sıra maddi amilləri dəlil göstərirlər. Əslində bunlar bəhanədən başqa bir şey deyil və insanlar həmin bəhanələrlə özlərini təmizə çıxarmaq istəyirlər. Çünki insan öz vicdanı qarşısında, ən azı başqalarının yanında özünü günahkar hesab etmək istəmir. Odur ki, bu cür bəhanələr gətirir, məsuliyyəti özündən uzaqlaşdırmaq, öz günahını başqalarının – ata, ana, müəllim, mühit, tarix və bu kimi digər amillərin boynuna atmaq istəyir.
Həmçinin, İslam təlimlərindən lazımınca məlumatlı olmayan, onun həqiqətlərini dərk etməyən mömin və dindarlar qəza-qədər, “feli tövhid” və bu kimi başqa mövzularda xürafat və yanlış düşüncələrə düçar olurlar. Bəziləri sufilik meyllərinin təsiri altında cəmiyyətin durumu və ictimai məsələlərlə bağlı məsuliyyəti özlərindən uzaqlaşdırırlar. Baş verənlərin Allahın işi olmasını və istər-istəməz baş verəcəyini bəhanə gətirərək, ictimai vəzifələrini yerinə yetirməkdən yayınırlar. Bəli, bu tam yanlış düşüncələr istər maddi sahədə, istərsə də ilahi məsələlərdə insanın əməl və rəftarlarına nəzərə çarpacaq dərəcədə təsir göstərir.
Quran sözü gedən amillərin, yaxud Allahın səbəbkarlığının təsirini inkar etmədən insanın işini onun öz öhdəsində qoyur və mütləq müstəqil təsir qüvvəsinin yalnız Allah olmasını vurğulayır. Lakin bu, digər amillərin təsirini inkar etmək mənasını vermir. Həmçinin, dünyada vərəsəlik, mühit, süd, qida və sairə amillər insanın əməllərinə təsir göstərir. Lakin İslam bütün amillərin təsirini qəbul etməklə, ən mühüm amil kimi insanın ixtiyarı üzərində dayanır. Belə ki, bu amillər işlərin gerçəkləşməsi üçün kafi deyil. Onlar işin gerçəkləşməsi üçün lazım olan şərtlərdən biri sayılır. Bu amillər arasında işi gerçəkləşdirən və həyata keçirən insanın iradəsidir. Buna görə də insan iradə və ixtiyara malik olduğu qədər məsuliyyət daşıyır. Həmin amillər əsla insanın ixtiyarını əlindən almır. Odur ki, onlar günah və əyriliyə getmək üçün bəhanə sayıla bilməz. Çünki qeyd edilən şərtlərin heç birində məcburiyyət yoxdur və insanın azad (muxtar) olması öz yerində qalır. Bu həqiqətə diqqət bəhanəni insanın əlindən alır, onda məsuliyyət hissi yaradır, onu fəallaşdırır. Bu məsələ təlim-tərbiyə baxımından da çox mühümdür. Öz tərəfdarlarına cəbrilik (ixtiyarsızlıq - Məcbur olmaq, ixtiyara malik olmamaq etiqadı (mütərcim)) meyllərini təlqin edən ideologiyalar bu yolla laqeyd, məsuliyyətsiz, eqoist, özündənrazı, bəhanəçi insanlar yetişdirirlər. Həmin insanlar həmişə günaha batmaqdan əlavə, həm də öz günah və səhvlərini başqalarının ayağına yazır və onları mühit, tarix, cəmiyyət və sairə amillərə aid etməyə çalışırlar.
Bütün deyilənlərdən belə bir nəticəyə gəlirik ki, İslam əxlaq sistemini araşdırarkən hər şeydən çox insanın ixtiyarı üzərində dayanmalı və səhlənkarlıq ediləcəyi təqdirdə böyük xəsarətlərlə nəticələnən tövhid, qəza-qədər və sairə təlimlərin dərkində daha çox diqqətli olmalıyıq. Süstlük, tənbəllik və əməli sapmalarımızın məsələlərin dərkində yanılmağımızla nəticələnməsinə, ictimai vəzifə və məsuliyyətdən qaçmağımız üçün bəhanə olmasına yol verməməliyik. Bu nöqtəyə də diqqət yetirməliyik ki, insanın ixtiyar sahibi olması İslam əxlaqının ən aydın və isbata ehtiyacı olmayan əsaslarından, İslam maarifinin ən qəti təlimlərindəndir. Digər etiqad və təlimlərdə olan qaranlıq məqamlar bu qəti əsas vasitəsilə aydınlaşdırılmalıdır. Çünki Quran insanın başdan-başa azad, muxtar bir varlıq olmasını bildirir və insanla məsuliyyət daşıyan bir varlıq kimi davranır.

b) İnsanın son hədəfi var
İnsanın muxtar olmasını, hər hansı bir işi üstün bilib yerinə yetirmək qüdrətinə malik olmasını qəbul etdikdən sonra onun ali məqsədinin olması qənaətinə gəlirik. Çünki muxtar insan nəzərdə hər hansı bir hədəf tutur, özünün ixtiyari işlərini həmin məqsədə çatmaq üçün yerinə yetirir. Nəzərdə tutulan həmin hədəfə «hədəf amili» deyirlər. Bu amil nəticənin yaranmasına səbəb olan dörd amil içərisində mühüm rola malikdir. Bilmək lazımdır ki, hədəf amili ilə hədəf arasında böyük fərq var. Hər bir hərəkətin hədəfi var, amma hər hədəfi hədəf amili adlandırmaq olmaz. Belə ki, yalnız şüur sahibi olan amilin elm və iradə ilə yerinə yetirdiyi işdə hədəf amilindən söhbət gedə bilər. Başqa sözlə, hər bir işin hədəf amili işi görən şüur sahibinin nəzərindəki və işin səbəbi olan amildir. Ola bilər ki, həmin işin başqa nəticələri də olsun. Amma işi görən şəxs həmin işi görərkən onu nəzərdə tutmadığı üçün onu işin hədəf amili adlandırmaq olmaz. Odur ki, bizim gördüyümüz iş öz-özlüyündə bizim hədəfimiz yox, bizim nəzərdə tutduğumuz hədəf və işdən bizə çatan şey üçün müqəddimə olur. Ona hədəf, yaxud hədəf amili deyirlər.
Bizim hər hansı bir işdə nəzərdə tutduğumuz hədəf bəzən başqa bir şey üçün müqəddimə olur. Həmin başqa şey üçüncü bir hədəf üçün, o da bir başqası üçün müqəddimə olur. Amma nəhayət bizim işimizdə bir son nöqtə olur. Həmin işi yerinə yetirməkdə məqsədimiz hətta zəif və yarı düşünülmüş olsa belə, onu son hədəf adlandırırıq. Məsələn, işləməyə gedən fəhlənin hədəfi maaş almaqdır. Amma adətən maaş almaq onun son hədəfi olmur. O, maaşı ərzaq almaq və digər ehtiyaclarını ödəmək üçün istəyir. Həmçinin ərzağı yemək üçün, yeməyi tox olmaq üçün istəyir. Bəzən fəhlənin səy və təlaşları burada sona çatır, o, bundan başqa məqsəd güdmür. Belə olan halda toxluq bu şəxsin son hədəfi olacaq. Onu Allah-taalanın bu kəlamının bariz nümunəsi saymaq olar: " وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَّهُمْ "
“Heyvan kimi yeyib-içərlər. Cəhənnəm odu onların məskəni olacaqdır!” (“Muhəmməd” (s), 12)
Lakin ali məqsədli böyük şəxsiyyətlərin son hədəfi qarınlarının tox olması deyil. Onlar qarınlarının tox olmasından böyük hədəflər istəyirlər. Allahın xüsusi bəndələri, mömin və təqvalı insanların yeməkdə məqsədi Allaha ibadət və Allahın bəndələrinə xidmət üçün qüvvə əldə etməkdir. Tox olmaq bu insanlar üçün son hədəf yox, daha böyük və son hədəfə çatmaq üçün müqəddimədir. İstənilən halda biz gördüyümüz işlərdə hədəfə malikik. Hədəflərdə sonsuzluq mümkün olmadığı üçün həmin işlərdə bir son hədəf nəzərdə tuturuq. Son hədəf müxtəlif ola bilər. Əslində insanın hədəfləri arasında elə bir hədəf var ki, heç kəs ondan üstününü təsəvvür edə bilməz və o, zatən istəniləndir. Nəzərdə tutulan hər bir şey onunla müqayisədə müqəddimə xarakterlidir.
Odur ki, insan kimliyindən asılı olmayaraq son hədəfin sorağındadır. Onun gördüyü işlər həmin hədəfə çatmaq üçündür. Əlbəttə, bu da mümkündür ki, birinin son hədəfi başqa biri üçün son hədəf olmasın və o, həmin hədəfdən digər bir hədəfə çatmaq üçün müqəddimə kimi istifadə etsin. Amma hər halda ikinci şəxsin səy və təlaşları da bir yerdə sona çatır və onun bəzən bir neçə hədəfi olur.
Deyilənlərdən belə bir nəticə əldə edirik ki, hər bir insanın mütləq bir, yaxud bir neçə son hədəfi var və o, həmin hədəfə nail olmaq üçün çalışır. Bu əsas əxlaq mövzusunda da bir əsas kimi irəli sürülür. Çünki nəfsin paklanması və əxlaqın gözəlləşdirilməsi insanın ixtiyari işlərindəndir. Bu iş son hədəfə və zatən istənilən məqsədə nail olmaq üçündür. Buna görə də İslamın əxlaq sisteminin ikincisi əsası insanın son hədəf və məqsədinin olmasıdır.

Quranda əxlaq” kitabından
Tərcümə edən: Mail Yaqubov
Ardı var ...

 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!