LAYİQLİ DOST

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:
“İnsan üçün ən böyük bəhrələrdən biri saleh, layiqli yoldaşdır. Yaxşılarla əyləş ki, onlardan sayılasan və pislərdən çəkin ki, onlardan hesab edilməyəsən.” (“Nəhcül-bəlağə”)

İnsan üçün ətrafdakılarla əlaqə saxlamaq zərurətdir. Bu əlaqənin necəliyi, forması onun xeyir və zərərini təyin edir. Əgər bu əlaqə ilahi dəyərlər əsasında qurularsa, insan tərəqqi edər. Axı, bütün insanların məqsədi tərəqqidir. Ona görə də, başqaları ilə düzgün münasibət qurub, ali hədəflərə çatmaq yeganə doğru yoldur.

ÜNSİYYƏTƏ FİTRİ MEYİL
Dünya həyatında başqaları ilə ünsiyyətdən qaçmaq mümkün deyil. Əgər ünsiyyət labüddürsə, bu işdə hansısa ölçüyə ehtiyac var. Seçilmiş meyar əsasında dostu-yoldaşı, davranış qaydalarını müəyyənləşdirməliyik. Düzgün seçilmiş dostla düzgün davranan insan öz əlaqələrindən xeyir götürür. Ünsiyyət insanın fitri meylidir və bu meylin yaranması üçün ətrafdakıların köməyinə ehtiyac yoxdur. Bu meyil o qdər güclüdür ki, onu insan xarakterinin tərkibi hesab edirlər. Uyğun baxışı isbat və ya rədd etmək fikrində deyilik. Amma belə bir meylin insan daxilində mövcudluğu göz qabağındadır. Ona görə də, insan tənhalıqdan əziyyət çəkir. Hətta az bir müddət ünsiyyətdən məhrum olan insan sıxıntı keçirir. Tənhalığa məcbur edilən insan onun ağrısını daha çox hiss edir. Ünsiyyət meyli o qədər əhatəlidir ki, təkcə dost-tanışla ünsiyyət insanı qane etmir. İnsan rastlaşdığı əksər insanla əlaqə sağlamağa meyil göstərir. Məsələn, meşədə azmış insan bir müddət yol axtardıqdan sonra başqa bir insanla rastlaşdıqda elə sevinir ki, sanki öz itkisini tapır. Həmin şəxs hətta başqa bir dildə danışmış olsa da, onunla görüş şadlıq doğurur. Demək, başqaları ilə ünsiyyət fitri bir meyildir. Əlbəttə ki, bu meyil müxtəlif yaş hədlərində fərqli ola bilər. Yaş artdıqca ünsiyyət meyli zəifləyir.
Aydındır ki, Allah-taalanın bu fitri meyli əta etməsində bir hikmət var. Məsələn, kamil insanlarla ünsiyyətdə olan şəxsdə müsbət dəyişikliklər baş verir. Digər fitri meyillər kimi, bu meylin də ifratı, təfriti və faydalı orta halı var. Meylin fitri olması, onun hökmən təmin edilməsi demək deyil. Məsələn, qidalanma insanın fitri meylidir. Amma qidalar müxtəlif cür ola bilər. Demək, fitri meyil qarşısında iki yol var. Bir yol həmin meylin faydalı şəkildə, digər yol zərərli şəkildə təmin olunmasıdır. İnsan öz meylini elə bir formada təmin etməlidir ki, nəticədə kamilləşsin, inkişaf etsin. Bu işdə ifrat və təfrit insanın süqutu ilə nəticələnir. Yəni, məsələn, orta həddə qidalanan inkişaf edir, təfritə və ya ifrata varan zərər çəkir.

ORTA HƏDDƏ RİAYƏT
Meyillərin təminində orta həddə riayət edilməsi həm şəriət, həm də əqlin tələbidir. Orta həddin və onun sağlam formasının təyini olduqca əhəmiyyətli bir məsələdir. İnsanın fitrətən meyil etdiyi ünsiyyət, sözsüz ki, mənaya malikdir. Amma yalnız düzgün, doğru, sağlam ünsiyyət çox faydalı olar. Amma ünsiyyət şərtlərinə əməl olunmadıqda insan böyük zərərlərə düçar olur. Bir sözlə, fitri istək həm xeyir, həm də şər vasitəsi ola bilər.
Hamı ilə yoldaşlıq etmək, yoxsa tənhalığa çəkilmək kimi tərəddüdə münasibətdə deyə bilərik ki, nə kiminlə gəldi yoldaşlıq, nə də mütləq tənhalıq göstərişi verilməmişdir. İnsan ictimai varlıqdır və onun həyatının əsasını ətrafdakılarla ünsiyyət təşkil edir. Ünsiyyət qapısı nə taybatay açıq qalmalı, nə də birdəfəlik bağlanmalıdır. Nə ifrat doğrudur, nə də təfrit. Orta həddi gözləmək lazımdır.
Əxlaq alimləri arasında belə bir qayda var ki, “etidal”, yəni orta hədd gözlənilməlidir. Orta hədd meyarı tam aydınlaşdırılmasa da, bu məfhum qəbul ediləsi nəzərdir. Bəzi əxlaq alimləri bir qədər də dərinə gedib, yunan alimləri, xüsusi ilə, Ərəstu tək, ümumiyyətlə, etidalı yaxşılıq meyarı hesab etmişlər. Onların nəzərincə yalnız orta həddi yaxşı hesab etmək olar. Bu fikir tam məqbul olmasa da, bəzi əməllərin keyfiyyətinin təyinində etidalın rolu inkar elilmir.
Qeyd etmək yerinə düşər ki, Əhli-beyt (ə) rəvayətlərində də uyğun məsələyə toxunulur. İmam Kazim (ə) buyurur: “Əməllərin ən üstünü orta həddə əməldir.” (“Biharül-ənvar”, c.76. səh. 292) Bu və digər rəvayətlər etidalı bir meyar kimi tanıtdırsa da, onun yeganə meyar hesab edilməsi üçün əsas vermir.
Hər halda, həyat məqsədi müəyyənləşdirildikdən sonra bu məqsədə çatmaq üçün meyillərdən orta həddə istifadə olunmalıdır. Əks-təqdirdə, işin aqibəti ağır olasıdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!