DOSTLUĞUN MÖHKƏMLƏNDİRİLMƏ YOLLARI - 2

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
V) DOSTLUQDA MÖHKƏMLİK VƏ DAVAMLILIQ
Sözsüz ki, həyatda insan növbənöv hallara düşür. O gah yoxsuldur, gah varlı, gah xəstədir, gah sağlam. Onun müxtəlif problemləri olur, növbənöv maneələrlə üzləşir. Bütün insanlar öz problemlərinin həllində başqalarının köməklərinə ehtiyaclıdır. Ona görə də, bir şəxslə dostsunuzsa, ona bütün işlərdə yardımçı olun.

Bir şəxs varlı olarkən onunla dostluq edib, kasıblığa düşəndə ona arxa çevirməyin. Kimsə ilə ictimai məqamına görə dostluq etməyin. Əgər belə bir şəxslə dostluq edirsinizsə, ictimai mövqeyini itirdiyinə görə onu atmayın. Dostluğunuzu hər zaman qorumağa çalışın. Bütün eniş-yoxuşlarda ona əl tutun. Onu kölgə tək izləyin.
Əlbəttə ki, Həzrət (ə) öz buyruqlarında xeyir dostluğu nəzərdə tutur. Söhbət İslamın tövsiyə etdiyi və təsdiqlədiyi dostluqdan gedir. Həzrətin (ə) göstərişlərini yersiz, dinə zidd dostluqlara şamil etmək olmaz. Əgər azğın bir adamla dost olmusunuzsa, bu tövsiyələrə əməl edə bilməzsiniz. Məgər azğın adamın arxasınca kölgə kimi gəzmək bəyənilə bilərmi? Əlbəttə ki, yox! Necə ola bilər ki, azğın insana şər işlərində yardım göstərilsin?! Həzrət (ə) yaxşı və saleh dostu nəzərdə tutur və onu itirməməyi tövsiyə edir. Yalnız saleh dost səhvə yol verdikdə, onun islahına bu yolla çalışmalıyıq. Yaxşı dost ehtiyaclı olduqda, ona maddi yardımlarımızı əsirgəməməliyik. Saleh dost yolunda maddi və mənəvi imkanlar fəda edilə bilər. İnsan dost yolunda fədakar olmalı və onu tənha buraxmamalıdır.
Həzrətin (ə) buyruqları İslam dinində dostluğa verilən əhəmiyyətin göstəricisidir. Məhz bu səbəbdən, insan üçün nemətdir deyirik. İslam və bəşəriyyətin faydalanması naminə dost nemətindən istifadə edin. Şübhəsiz ki, bu rabitə nə qədər səmimi olsa, hər iki tərəf daha çox faydalanar. Ona görə də, bu rabitələri qorumaq üçün çalışın, süstlükdən və kin-küdurətdən çəkinin.

D) QİSASÇILIQDAN UZAQLIQ
İnsanın ictimai həyatı iki zərurət sayəsində mümkün olur: başqaları ilə ünsiyyətin zəruriliyi, digəri insanın xətadan uzaq olmaması. Əgər iki dostdan biri büdrəyib, səhvə yol verərsə, yalnız o şəxsi həyatına yox, ünsiyyətdə olduğu tərəfə də təsir göstərir. Əgər bir dost sizinlə pis rəftar edirsə, qardaşlıq və sədaqət normalarını pozursa, artıq dostluğa zidd bir yol seçmişdir. Məsələn, sizə kömək etmək əvəzində üz döndərir, hətta zərər də vurur. Belə bir insanla necə rəftar olunmalıdır? Əmirəlmöminin (ə) belə buyurur: “Ona cəza arzulama, hətta ağzına torpaq da vursa.”
Əgər dostunuz səhvə yol verdisə, sizə qarşı kobudluq göstərdisə, hətta çirkin bir işə bulaşdısa, dərhal qisas almaq fikrinə düşməyin. Hətta sizə pislik etdiyi zaman qəlbinizdəki intiqam hissini boğun. Ona kömək edin ki, öz səhvini başa düşsün və onu aradan qaldırmağa çalışsın. Əgər pisliyə cavab versəniz, artıq əlaqələri qırmış olarsınız. Pis işinə görə onu pis rəftarla cəzalandırmayın. İstənilən bir yolla sizi qəzəbləndirdiyi vaxt yenə də özünüzü saxlayın. Qəzəbinizi və intiqam hissinizi udun və çalışın ki, o öz səhvini başa düşüb islah etsin. Hətta ona səhvini aradan qaldırmaqda yardımçı olun.
Bu bəyan xətaya yol verilmiş dostla rəftar qaydasını açıqlayır. Aydın oldu ki, dostun xətasına xəta ilə cavab verilməməlidir. Nəzərə almalıyıq ki, uyğun buyruqda dini dəyərlərin mövcud olduğu bir cəmiyyətdəki islami dostluqdan söhbət gedir. Bu dostluqda kimsə bilərəkdən dostuna qarşı pisliyə yol vermir. Bununla belə hər bir insanın büdrəmə ehtimalı var. Xəta baş verdiyi halda isə dosta xəta ilə cavab verilməməlidir.
Hətta bir kafirlə dostluq əlaqəniz olsa, dostluq meyarlarına riayət edin və dostluq hüquqlarını pozmayın. (Kafir dost dedikdə, islahına ümid olan kafir nəzərdə tutulur. İslamda, Əhli-beyt (ə) ilə bilərəkdən, inadkarlıqla düşmənçilik edən kafirlərlə dostluq etmək yolverilməzdir).
Bir sözlə, dostluq aləmində mərdanəlik lazımdır. İslami bir cəmiyyətdə sizinlə düşmənçiliyə keçmiş dostla dostluğu bir kənara qoyub, düşmənçilik etmək olmaz. Çünki dünyəvi məsələlərdən ötəri dostluq ayaq altına atılmamalıdır. Hətta qeyri-müsəlmana da məhəbbət göstərmək, kömək əli uzatmaq, ehsan etməyə çalışmalıyıq. Qurani-Kərimdə oxuyuruq: “Pisliyi yaxşılıqla dəf et. Belə olduqda, aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi görərsən.” (“Fussilət” surəsi, ayə: 34)
Doğrudan da, xoş münasibət düşmənçiliyi dostluğa çevirə bilər. Ayədən göründüyü kimi, Allah-taala aşkar şəkildə ədavəti dostluq vasitəsi ilə aradan qaldırmağa çağırır. Ədavətli rəftar edən şəxslə gözəl rəftar edin. Həzrət (ə) buyurur: “Düşməninlə ehsanla rəftar et, bu, qələbən üçün faydalıdır.” Yəni sizin yaxşı rəftarınız səbəbindən düşmənlik dostluğa çevrilər. Hətta bu dostluq adi həddi aşıb, sadiqanə və səmimi bir dostluq olar. Həzrətin (ə) buyurduğu yolla insan öz düşmənlərini dosta çevirə bilər.
Demək, bir şəxsdən pis rəftar görən kimi, ondan dərhal üz döndərib, düşmən damğası vurmaq olmaz. Çox ehtimal ki, ağıllı tədbirlərlə onu pis rəftardan çəkindirib, dostcasına rəftara sövq etmək mümkün olsun.
Əlbəttə, sözün canı o deyil ki, insan bütün işlərini saxlayıb, gün uzunu düşmənlərini axtarmalı və onlarla xoş rəftar etməlidir ki, düşmənliyə son qoysunlar, yox! Düşmənlik edən insanla dostcasına rəftarın şərtləri vardır. Dəyərli iş odur ki, insan öz düşməni ilə qarşılaşdıqda, bu düşmənliyi dostluğa çevirməyə çalışsın. Amma bu işin şərtləri, yolları vardır və fərqli məqamlar nəzərdən qaçırılmamalıdır. Belə bir rəftarın növlərindən biri xeyirxahlıq, digəri ehsan və bəxşiş, başqa biri məhəbbətdir. Bütün bu münasibətlər düşmənin kinini aradan qaldırmaq üçündür. Qeyd etməliyik ki, bu məsələyə Quran məktəbində xüsusi əhəmiyyət verilir və bu barədə bir neçə ayə bəyan olunmuşdur. Bu ayələrdən birini xatırlayaq: “Sən pisliyi yaxşılıqla dəf et.” (“Muminun” surəsi, ayə: 96)
Quranda olduğu kimi, bu ilahi vəsiyyətdə də düşmənliyin aradan qaldırılması üçün dostcasına rəftar tövsiyə edilir. Əgər düşmənlərinizə ehsan etsəniz, məqsədinizə daha asanlıqla çatarsınız. Çünki məqsəd düşmənçiliyi aradan qaldırmaq, onun vura biləcəyi zərərlərə sədd çəkməkdir. Bu yolla düşmənçiliyi aradan qaldıra bilsək, təhlükə mənbəyi olan həmin tərəf bizə məqsədə çatmaqda yardımçı da ola bilər. Yəni öz ehsanımızla yalnız təhlükəni aradan qaldırmır, hətta müsəlmanlara xeyir gətirmiş oluruq.
Demək, təhlükəni aradan qaldırmağın yollarından biri də başqalarının düşmənçiliyinə dostluqla cavab verməkdir. Yəni onların əziyyətinə öz yaxşılığımızla cavab verməli, düşmənçiliyi aradan qaldıraraq, asan yolla məqsədimizə çatmalıyıq.
Əlbəttə ki, ətrafdakı bütün insanlara bu tərzdə yanaşmaq olmaz. Bütün düşmənlərlə belə rəftar etmək mümkünsüzdür. Əxlaqi qaydaların, fiqhi və şəri hökmlərin bir çoxunda istisnalar vardır. İstisnalardan biri budur ki, bir əxlaqi göstəriş digər əxlaqi göstərişə mane olmamalıdır. Belə məqamda daha əhəmiyyətli hökmə əməl olunmalıdır. Əxlaqi göstərişlərdə də eyni qaydada seçim aparmalı oluruq. Məsələn, bəzən elə düşmənlə qarşılaşırıq ki, ona heç bir yaxşılıq təsir etmir, əksinə öz inadkarlığını artırır. Əlbəttə ki, belələri azdır. Amma unutmamalıyıq ki, yaxşılığı qiymətləndirməyi bacarmayanlar da var. Yuxarıdakı buyruğu bu qəbil insanlara aid etmək, onların düşmənçiliyinə dostluqla cavab vermək düzgün deyil.
Beləcə, müvəhhidlər mövlası Əlinin (ə) kəlamı bu mənada anlaşılmalıdır ki, hətta İslam və Əhli-beyt (ə) düşmənlərinə ehsan edək, xeyirxahlıq göstərək. Belələrinə qarşı ən böyük xeyirxahlıq onlarla mübarizə aparıb, cəmiyyətə uzanmış bədxah əllərini kəsməkdir. Din düşmənləri ilə mübarizə və savaş onlara qarşı bir növ mərhəmətdir. Belə olduqda, onlar daha az günah edir və axirət cəzaları da yüngülləşir. Demək, Həzrətin (ə) buyruğunda inadkar və qatı düşmənlər nəzərdə tutulmamışdır.
Həzrətin (ə) buyruğunun xülasəsi budur ki, ictimai həyatda rastlaşdığımız düşmənçiliklərə dostcasına cavab verməli və düşmənçiliyi dostluğa çevirməliyik. Belə olduqda, cəmiyyət əmin-amanlıq və tərəqqiyə doğru gedir. Qisasçılıq ruhu bəşəri və islami ruhiyyə ilə uyuşmur. Qisasçılıq cəmiyyətdə hərc-mərclik yaradır, kin-küdurəti artırır, qəbilələr və ailələr arasında ixtilaflar dərinləşir. Bir sözlə, belə bir əhvali-ruhiyyə ictimai həyatın rahatlığına qənimdir. Qisasçılığın rəvac tapdığı bir cəmiyyətə faydalı qüvvələri puça çıxaran və heç bir səmərəsi olmayan təşviş və iztirab hakimdir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!