DOST SEÇİMİ və DOSTLUQ QAYDALARI

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
DOST SEÇMƏK YOLU
Bu mövzuda incələnəsi nöqtələr çoxdur. Onlardan daha çox əhəmiyyət kəsb edənlərini nəzərdən keçirək.
Yaxşılıq və pislik geniş izahat tələb edən məfhumlardır və onların hər birinin çoxsaylı mərtəbələri var. Məsələn, yaxşılıq dedikdə, ən üstün halda yalnız məsumlar (14 məsum) nəzərdə tutula bilər. Çünki mütləq yaxşı yalnız heç bir eybi olmayan məsumlar sayılmalıdır.

Amma adi insanlarla məsumlar arasında yerlə göy arası məsafə var. İstənilən bir şəxsi diqqətlə nəzərdən keçirsək, ortaya saysız-hesabsız nöqsanlar çıxacaq. Əgər hamı nöqsanlıdırsa, bəs, kiminlə ünsiyyət saxlayaq? Pislərdən uzaqlaşmaq nöqsanlı şəxslərdən uzaqlaşmaqdır, yoxsa daim pis iş görənlərdən?
Məsumlar və övliyalar nə qədər pak olsalar da, adi insanların onlarla görüşmək, ünsiyyətdə olmaq imkanı yoxdur. Bəs, nə edək? Sözsüz ki, yaxşılıq və pislik nisbi anlayışlardır. Yəni həm yaxşılıq, həm də pisliyin dərəcələri vardır. Şəhərin ən yaxşı sayılan adamı ilə, təbii ki, bütün şəhər əhli ünsiyyətdə ola bilməz. Bu o demək deyil ki, insan tənha qalmalıdır. Sadəcə, ətrafdakı insanların ən yaxşısı ilə ünsiyyət saxlamaq lazımdır. Bəs, yaxşı yoldaşı hansı xüsusiyyətlərinə görə tanımaq olar? Əvvəlcə qeyd etmişdik ki, insanı Allaha yaxınlaşdıran, həzrət İsanın (ə) sadaladığı xüsusiyyətlərə malik olan insanlar yoldaşlıq üçün daha münasibdirlər.
Digər bir problem saleh insanlarla ünsiyyət qurmaq yoludur. Təbii ki, hər bir zümrədə yaxşı adamlara təsadüf olunur. Ona görə də, hərə öz zümrəsinin yaxşı insanları ilə rahat ünsiyyət qura bilər. Kimi alim və tələbə, kimi tacir və sənətkar dairəsində yaşayır. Hərə öz dairəsindəki yaxşı fərdin diqqətini cəlb edib, onunla ünsiyyət saxlaya bilər. Əgər yaxşı insan hiss etsə ki, bizim ona yaxınlaşmaqda məqsədimiz özümüzü islah etməkdir, bizi rədd etməz. Bu yaxınlaşma səmimi, ixlaslı olmalıdır. Yaxşılar dairəsinə daxil olmaq üçün saf niyyətimizi əməldə sübuta yetirməliyik. Sübut etməliyik ki, məqsədimiz boş-boşuna əziyyət vermək yox, onların yaxşılığından faydalanmaqdır. Bundan əlavə, bir şəxslə ünsiyyətin faydasına əmin olduqdan sonra məsumlara təvəssül etməklə Allahdan diləmək lazımdır ki, həmin şəxsin diqqətini bizə yönəltsin, bizi yoldaşlığa qəbul etsin. Əlbəttə ki, arzuladığımız insanla münasibət yaratdıqdan sonra onun hüquqlarına riayət etmək, onu bezikdirməmək lazımdır.

DOSTLUQ QAYDALARI
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:
“Dostunun düşməni ilə dost olma. Belə etsən, dostla düşmənçilik etmiş olarsan. Hiyləgərlik etmə, bu, alçaqların sifətidir. Qardaşına nəsihət verərkən – istər yaxşı, istər pis – səmimi, xalis, qərəzsiz ol. Ona daimi köməkçi, hara getsə yoldaş ol. Ona cəza arzulama, hətta ağzına torpaq da vursa. Düşməninlə ehsanla rəftar et, bu, qələbə üçün faydalıdır. Bəyənilmiş əxlaqla özünü dünyadan (insanlardan) qoru. Qəzəbini az-az ud, mən axırı bundan şirin bir qurtum içmədim və ondan dadlı sonluq görmədim. Yalnız şəkk-şübhəyə görə qardaşından ayrılma. Könlünü almamış ondan uzaqlaşma. Sənə qarşı kobudluq edənlə mülayim ol, olsun ki, tezliklə o da mülayimləşsin.” (“Nəhcül-bəlağə”)
Deyildiyi kimi, imam Əlinin (ə) vəsiyyətnaməsinin son bu ictimai əxlaq və ünsiyyət qaydaları haqqındadır. Bu hissədə insanların ictimai həyatda bir-birləri ilə rabitələrindən bəhs olunur. Allah-taala bütün mövcudları insan üçün xəlq etmişdir. Bütün varlıq aləmində olanlardan və bir-birlərindən istifadə edərək, ilahi məqsədə çatmaq insanların işidir. İnsanlar bu yolda Allahın sonsuz nemətlərindən istifadə etməlidirlər. Əfsus ki, bəzən bəzi insanlar Allah-taalanın nemətlərini özləri üçün dərd-bəlaya çevrirlər. Nəinki bu nemətlərdən faydalanmır, hətta onlardan pis məqsədlər üçün istifadə edirlər. Belə insanlar hamıdan əvvəl özlərinə zülm edir və öz səadətlərini təhlükəyə atırlar. Belələri ilə ünsiyyətdə olanlar da zərər çəkirlər. Demək, bu insanlar həm özləri, həm də cəmiyyətləri üçün zərərlidirlər. Onların pislik və zərərdən başqa fəaliyyətləri yoxdur. Hansı ki, insan bütün nemətlərdən, varlıq aləmində olanlardan və digər insanların vücudundan ali məqsədə çatmaq üçün istifadə etməlidir. İnsan özü nemətlərdən istifadə etməli və İslam cəmiyyətinin bütün fərdləri üçün də tərəqqi şəraiti hazırlamalıdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!