DOSTLUĞUN MÖHKƏMLƏNDİRİLMƏ YOLLARI - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
Sözsüz ki, cəmiyyətin ideallıq şərtlərindən biri insanların bir-birləri ilə dostcasına, səmimi münasibətdə olmalarıdır. Hər bir insan bu əlaqələrin möhkəmləndirilməsi üçün çalışmalıdır. İnsan səmimiyyətə zərərli amilləri tanımalı və onları ictimai münasibətlər səhnəsindən silib atmalıdır.

Bu yolda, yəni dostluq və səmimiyyət əlaqələrinin yaradılması yolunda bütün zəruri qaydalardan istifadə edilməli və bu qaydalara riayət olunmalıdır.
Əlbəttə ki, yığcam şəkildə ünsiyyət qaydaları, qardaşlıq ayinləri, aram ictimai həyat haqqında danışmaq istəsək, bu mövzu ilə bağlı olan bir çox əhatəli məsələləri araşdırmalıyıq. Ən azı, dostun seçilməsi meyarı, dostluğa layiq insanların tanınma ölçüsü, dostluğa layiq olmayan insanların müəyyənləşdirilməsi qaydası, dost seçmə şəraiti, dostluğun necəliyi, dostluğa başlama və onun davam üsulu, dostla rəftar tərzi və digər zəruri mövzularda söhbət etməliyik. Amma bütün bu mövzuların araşdırılması söhbətimizin çərçivəsinə sığmadığından və müstəqil bir mövzu olduğundan baş mövzudakı bəyanatlar və bu bəyanatların izahı ilə kifayətlənməli oluruq.
Nəzərdə saxlamalıyıq ki, dostluq və düşmənçilik, dost və düşmən haqqında danışarkən dost seçimi mövzusuna toxunulmayacaq. Təbii ki, insanların dost seçmə üsulu fərqlidir. Əgər seçim üçün meyar imandırsa, iman dərəcələri müxtəlif olduğundan bu sahədə də seçimlər fərqli olur. Daha üstün iman və mərifətə malik olan insan yalnız Allahın razılığı haqqında düşünür və bu razılıqdan savayı başqa bir şeyin intizarında olmur. Belə bir düşüncə tərzinə malik olan insan dost seçimində də həmin meyara üstünlük verir. O elə bir dost seçməyə çalışır ki, bu ünsiyyət daim ona Allahı xatırlatsın və onu Allaha yaxınlaşdırsın. İmanı zəif olan insanlar isə, sadəcə, elə bir dost seçmək istəyirlər ki, bu dost onların etiqadına zərbə vurmasın. Bu insanlar öz mənəvi təkamüllərinə yetərincə diqqət verməsələr də, öz zərərlərinə də razı deyillər. Bir sözlə, zəifimanlı insanlar dost seçimində bir o qədər də ehtiyatlı olmurlar.

Həzrət Əli (ə) öz buyruğunda dost seçimi mövzusunu açıqlamaq məqsədində deyil. Həzrətin (ə) kəlamının məfhumunu dostun islami meyarlar əsasında seçilməsi təşkil edir. Həzrət Əli (ə) elə bir üsul bəyan edir ki, bu üsula riayət etməklə dostluğu qoruyub, davam etdirmək mümkündür:

A) SƏMİMİYYƏT
Dostluğun qorunmasında riayət olunası şərtlərdən biri dostluqdakı səmimiyyətdir. Səmimi dostluğun isə bir şərti dostun düşməni ilə dostluq edilməməsidir. Təbii ki, həyatda hər bir insanın həm dostu var, həm də düşməni. Amma möminin dostluq meyarı yalnız ilahi razılıq olduğundan, o heç zaman Allahın, dinin düşmənləri ilə yaxınlıq etmir. Eləcə də, Allahın və möminlərin düşmənlərinin dostları ilə ülfətdən çəkinir. Amma ideal imana malik olmayanların dostluq və düşmənçiliyinin əsasını Allaha iman təşkil etmir. Bəzən möminlik iddiasında olanlar da bir-birləri ilə düşmənçilik edirlər. Hansı ki, həqiqi mömin dünya malı üstündə savaşa qalxmaz. Ona görə də, ən əhəmiyyətli məsələ kin-küdurətin necə aradan qaldırılması və dostluğun necə hifz olunmasıdır.
Əgər sizin dostunuzun düşmənləri varsa, dostunuzla münasibətləri qorumaq üçün onun düşmənləri ilə yaxınlıq etməməlisiniz. Belə etsəniz, dostluğunuz daha da möhkəmlənər, siz bu şəxslə dostluğu davam etdirdiyiniz halda, onun düşmənləri ilə eyni münasibətdə ola bilməzsiniz. Çünki dostunuz sizin onun düşmənləri ilə yaxın münasibətdə olduğunuzu gördükdə, sizinlə səmimi olası deyil.
Beləcə, dostluğunuzun möhkəm olmasını istəyirsinizsə, dostunuzun düşməni ilə dostluq etməməlisiniz. Həzrət (ə) buyurur: “Dostunun düşməni ilə dost olma. Belə etsən, dostunla düşmənçilik etmiş olarsan. Çünki belə bir əməl elə dostla düşmənçilik etmək kimidir. Əgər bir şəxsin düşməni ilə dostluq edirsinizsə, bu o deməkdir ki, elə onun özü ilə düşmənçilik edirsiniz. Başqa sözlə, Həzrətin (ə) kəlamında vurğulanır ki, həm dost, həm də dostun düşməni ilə yaxın münasibət səmimi ola bilməz. Bir şəxslə dost olmaq istəyirsinizsə, onun düşmənindən uzaq olun. Əlbəttə, bu o demək deyil ki, dostunuzun düşməni ilə düşmənçilik edəsiniz. Məqsəd dostun düşməni ilə dostluq etməmək, yaxın səmimi əlaqədə olmamaqdır. Çünki belə bir əməl dostunuz üçün təhlükə yaradır.
İctimai əlaqələrdə kiminsə ikili rəftar etməsi də mümkündür. Yəni elələri var ki, hamı ilə dost olduğunu iddia edir. Hansı ki, bu şəxsin qəlbində heç bir kimsənin məhəbbəti yoxdur və o, dostluq qaydalarına əməl etmir. Belələri əslində hiyləgərlik edirlər. Həzrətin (ə) buyruğundan belə məlum olur ki, mömin şəxs belə bir rəftardan uzaq olmalıdır. Çünki mömin saf, yekrəng olmalı və onun dostluğu, eləcə də düşmənçiliyi həqiqi olmalıdır. Necə ola bilər ki, insan biri ilə dost olduğunu iddia etdiyi halda, qəlbində ona qarşı düşmən mövqe tutmuş olsun?! Həqiqi mömin birini dost hesab edirsə, onun qəlbində həmin şəxsə qarşı məhəbbət və ehtiram olur. Həzrət (ə) necə də gözəl buyurur: “Hiyləgərlik etmə, bu, alçaqların sifətidir.”
İnsan hiyləgərlikdən uzaq olmalı, onun zahiri ilə batini arasında uyğunluq hökm sürməlidir. Əgər biri ilə dostluq iddiasındasansa, həqiqətən ona xeyirxah ol. Əgər möminsənsə, hiyləgərlik sənə yaraşan iş deyil və bu sifət alçaqların sifətidir.

B) XEYİRXAHLIQ VƏ CANIYANANLIQ
Dostluğun möhkəmləndirilməsinin və davamının digər bir şərti xeyirxahlıq və canıyananlıqdır. Bir şəxslə dostluq əhdi bağladığınız vaxt ona tam xeyirxah olmalısınız. Əslində bu sözlər həmin yekrəngliyin təkrarıdır. Yəni saleh dost seçiminin meyarlarına riayət etdikdən sonra əmin olsanız ki, bu şəxslə İslam əxlaqı baxımından dostluq etmək olar, bu dostu qənimət saymaqdan əlavə onunla tam səmimi olmalısınız. Xeyirxahlıq və canıyananlığın tələblərinə əməl edilməlidir. Məsələn, çətinliklər zamanı ona yardım göstərilməlidir. Onun büdrəmələrinə göz yummalı və onun səhvlərinin qarşısı alınmalıdır. Beləcə, bir şəxsi dost seçdiyiniz zaman bu dostluqda səhlənkar olmamalısınız. Ona arxa olmaq və büdrəmələrini xatırlatmaq lazımdır. Onun büdrəmələri və nöqsanları düzgün şəkildə aradan qaldırılmalıdır. Yaxşı iş gördükdə, ona səmimi qəlbdən təşəkkür edilməlidir. Ona kamillik qazanmaqda gücünüz çatan qədər köməkçi olmalısınız ki, xeyir işlərin icrasında irəli gedə bilsin. Məsələn, iki tələbə bir-birinə qarşı xeyirxah olmalıdır. Tələbə yalnız öz inkişafı haqqında yox, yoldaşının da inkişafı haqqında düşünməli, ona təhsildə öz köməyini əsirgəməməlidir. Bəzən iki tələbə səmimi dost olsa da, onların hər biri yalnız öz inkişafı haqqında düşünür. Yalnız tələbə yoldaşını ötüb keçmək barədə düşünmək düzgün deyil. Özünə məşğul olan tələbə, təbii ki, yoldaşını yaddan çıxarır.
Belə rəftar dostluğun şərti olan səmimiyyət və canıyananlıqla bir araya sığmır. Hətta belə bir münasibət xəyanət də sayıla bilər. Dostluq zamanı belə bir rəftar yekrənglik və səmimiyyətə ziddir. İslam nəzərindən dostluğun digər bir şərti bir şəxslə dostluğa başladıqda, onun xeyirxahı olmaqdır. Dost dosta əlindən gələni əsirgəməməlidir. İlahi dostluğun tələb etdiyi hər bir əməli xeyirxahlıq niyyəti ilə yerinə yetirmək lazımdır. Hətta dost imtina etsə də, sən öz xeyirxahlığından qalma. Məsələn, onu hansısa pis işdən çəkindirmək üçün nəsihət etdikdə incisə, bunun fərqi yoxdur, siz nəsihətinizi davam etdirin. Amma dostluq qaydalarını tapdamayın. Heç bir halda dosta nəsihət və xeyirxahlıq tərk olunmamalıdır. Gücünüz çatan qədər, dostunuzu pis işlərdən çəkindirin. Xeyir iş gördüyü vaxt bu işdə ona yardımçı olun. Həzrət buyurur: “Qardaşına nəsihət verərkən – istər yaxşı, istər pis – səmimi, xalis, qərəzsiz ol. Dostuna xeyirxahlıq hədiyyə et. Bir müddət xeyirxahlıq edib, bir müddət süst oturma. Yalnız öz inkişafın haqqında düşünmə. Öz xeyirini dostunun xeyirindən üstün tutma. Ona daimi köməkçi, hara getsə yoldaş ol.”

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!