MÜNACAT VƏ BAĞIŞLANMAQ İSTƏYİ - 1

:

BAĞIŞLANMAQ İSTƏYİ VƏ ONUN İNSAN HƏYATINDA ROLU - AYƏTULLAH XAMENEİNİN DİLİ İLƏ - I HİSSƏ
Bağışlanmaq istəyi sizi o həqarətdən xilas edir. Bağışlanmaq istəyi bizi o boyunduruq və zəncirlərdən xilas edir. Bağışlanmaq istəyi Allah-Taalanın sizə verdiyi nurlu qəlbin pasını təmizləyir. Qəlb – insanın canı, ruhu və həqiqi kimliyidir. O, çox nurludur. Hər bir insan nurludur. Hətta Allahla əlaqəsi və tanışlığı olmayan insanın zatında da nur vardır, lakin etiqadsızlıq, günah və ehtiras səbəbindən paslayır.

Bağışlanmaq istəyi bu pası təmizləyib onu parıldadır. Bağışlanmaq istəyi - günahlar üçün ilahi bağışı və əfvi diləməkdir. Əgər bu düzgün baş versə, ilahi bərəkətlərin qapısını insanın üzünə açar. Bir fərdin və bir cəmiyyətin ilahi lütflərdən ehtiyacı olan hər bir şey - ilahi lütflər, ilahi rəhmət, ilahi nurluluq, ilahi hidayət, Rəbb tərəfindən uğur, işlərdə kömək, müxtəlif sahələrdə yardım qapısı bizim günahlarımızın vasitəsi ilə bağlanır, günah bizimlə ilahi mərhəmət və lütf arasında pərdə olur. Bağışlanmaq istəyi bu pərdəni götürür, Allahın rəhmət yolunu açır. Bu, bağışlanmaq istəyinin faydasıdır. Buna görə, siz Quranın bir neçə yerində bağışlanmaq istəyi üçün dünya və bəzən də axirət faydalarının nəzərdə tutulduğunu görürsünüz. Məsələn buyurur: "Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin". Bunların hamısının izahı belədir ki, bağışlanmaq istəyi sayəsində insanın və cəmiyyətin qəlbinin və cisminin Allahın bu nemətlərinə yolu açılır. Odur ki, bağışlanmaq istəyi çox mühüm məsələdir.
Bağışlanmaq istəyi əslində tövbənin bir hissəsidir. Tövbə də Allaha sarı qayıdışdır. Buna əsasən, tövbənin şərtlərindən biri bağışlanmaq istəyi, yəni Allah-Taaladan əfv diləməkdir. Bu, Allahın böyük nemətlərindən biridir. Yəni Allah-Taala bəndələr üçün tövbə qapısı açmışdır ki, bunlar kamal yolunda irəliləyə bilsinlər və günah onları iflic etməsin. Çünki günah insanı uca zirvədən endirir. Günahların hər biri insan ruhuna, insan saflığına, mənəviyyata və ruhi yüksəlişə bir zərbə vurur, insan ruhunun şəffaflığını yox edir və onu qaraldır. Günah insanda olan və onu bu maddi dünyanın digər məxluqlarından ayıran mənəvi cəhətini şəffaflıqdan salır, heyvanlara və cəmadata yaxınlaşdırır.
Günahlar insanın həyatında mənəvi cəhətdən əlavə, bəzi uğursuzluqlara da səbəb olur. Bəşər fəaliyyətinin bir çox sahələri var ki, insan etdiyi günahlara görə orada uğursuzluğa düçar olur. Əlbəttə, bunların elmi, fəlsəfi və psixoloji izahı da var, yalnız gözüyumulu qəbul etmir, yaxud danışmırıq. Necə olur ki, günah insanı iflic edir? Misal üçün, Ühüd döyüşündə bəzi müsəlmanların səhlənkarlığı və təqsiri üzündən ilk qələbə məğlubiyyətə çevrildi. Yəni müsəlmanlar əvvəl qalib oldular, amma sonra dağın yarıq hissəsində oturub cəbhənin arxasını mühafizə etməli olan oxçular qənimət tamahından öz səngərlərini buraxıb meydana gəldilər və düşmən də onları mühasirəyə alıb qəfil hücumla müsəlmanları tar-mar etdi. Ühüd məğlubiyyəti bundan yarandı.
Ali-İmran surəsində bəlkə də 10-12, yaxud daha çox ayə bu məğlubiyyət barədədir. Çünki müsəlmanlar psixoloji cəhətdən çox gərgin idilər. Bu məğlubiyyət onlar üçün çox ağır tamamlanmışdı. Quran ayələri onları həm sakitləşdirir, həm hidayət edir, həm də başa salırdı ki, sizin bu məğlub olmanıza nə bais oldu və bu hadisə haradan qaynaqlandı. Nəhayət bu şərafətli ayəyə çatır: "İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi". Yəni gördünüz ki, Ühüd döyüşündə sizin bir qrupunuz düşmənə arxa çevirdi və məğlubiyyətə uğradı; bunun amili qabaqcadan mövcud idi. Onların daxili qüsurları vardı. Şeytan bunları qabaqcadan gördükləri işlərin köməyi ilə səhvə vadar etdi. Yəni qabaqkı günahlar təsirini cəbhədə göstərir; hərbi cəbhədə, siyasi cəbhədə, düşmənlə mübarizədə, quruculuq işində, təlim və tərbiyə işində, müqavimətin lazım olduğu yerdə, dəqiq dərkin lazım olduğu yerdə, insanın polad kimi kəsib irəliləməli və maneələri dəf etməli olduğu yerdə. Sözsüz ki, Nəsuh tövbəsinin edilmədiyi və həqiqi bağışlanmağın istənmədiyi günahlar belədir.
Həmin surədə başqa bir formada həmin mənanı çatdıran bir ayə də var. Quran demək istəyir ki, sizin məğlub olmanız və döyüşdə sizin üçün problemin yaranması təəccüblü deyil. Bu hadisələrdən indi də baş verir, öncə də baş vermişdir. Buyurur: "Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər". Yəni sizə nə olub? Ühüd döyüşündə məğlub olduğunuza və bəzilərinizin öldürüldüyünə görə hamınız gərgin və narahatsınız, bəziləriniz ümidsizsiniz. Xeyr! Öncəki peyğəmbərlər üçün də döyüş meydanında hadisələr baş verirdi. Onlar baş verənlərə görə zəiflik və ümidsizlik hiss etmirdilər. Sonra buyurur: "Onların: “Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır". Yəni keçmişdə peyğəmbərlərin səhabələri və həvariləri döyüşlərdə və müxtəlif hadisələrdə çətinliyə düşəndə Allaha dua edib deyirdilər: "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!" İlahi! Bizim günahlarımızı, israfçılıqlarımızı və işlərimizdə etdiyimiz diqqətsizlikləri bağışla! Bu əslində onu göstərir ki, hadisə və müsibət sizin günahlarla hazırladığınız vəziyyətdən irəli gəlir.
İnsanın etdiyi günahlar, bu müxtəlif yayınmalar, ehtirasdan, günyagirlikdən, tamahkarlıqdan, dünya malına hərislikdən, dünya məqamından yapışmaqdan, insanın əlində olan sərvətlərə qarşı xəsislikdən, həmçinin paxıllıqdan, simiclikdən, tamahkarlıqdan və qəzəbdən irəli gələn bu işlər insanın vücudunda iki qəti təsirini buraxır. Bir təsir mənəvidir; ruhu ruhanilikdən salır, nuranilikdən çıxarır, insanda mənəviyyatı zəiflədir, ilahi rəhmət yolunu insanın üzünə bağlayır. Digər təsir budur ki, ictimai mübarizələrdə, əzmkarlığa, müqavimətə, insan iradəsinin iqtidar göstərməsinə ehtiyac olan yerdə bu günahlar insanın yaxasını tutur; əgər bu zəifliyi düzəldə bilən başqa bir amil olmasa, insanı çökürdür. Əlbəttə, bəzən digər amillərin, məsələn, insanda yaxşı bir xüsusiyyətin və yaxud işin olması mümkündür. Bu onu düzəldir. İndi o yerlərdən söhbət getmir. Lakin öz-özlüyündə günahın təsiri budur.
Allah-Taala insana bağışlanmaqdan ibarət olan böyük bir nemət vermiş və buyurmuşdur ki, siz təsirinin qaldığı bu işə görə peşman olmusunuzsa, tövbə və bağışlanmaq qapısı açıqdır. Siz etdiyiniz günahla sanki öz bədəninizə bir yara vurmuş, yaxud bir mikrob daxil etmisiniz. Bu zaman xəstəlik qaçılmaz olur. Əgər bu yaranın, xəstəliyin və bu zərbənin sizin bədəninizdəki təsirinin məhv olmasını istəyirsinizsə, bilin ki, Allah-Taala məhz bu məqsədlə bir qapı açmışdır və o, tövbə, bağışlanmaq istəyi, Allaha qayıdış qapısıdır. Əgər qayıtsanız, Allah-Taala bunu düzəldəcək. Bu, Allah-Taalanın bizə verdiyi böyük nemətdir.
Səhifeyi-Səccadiyyə kitabının 45-ci duası olan mübarək ramazan ayı ilə vida duasında İmam Səccad (ə) Müqəddəs Rəbbin dərgahına deyir: "Sən bəndələrinin əfvi üçün bir qapı açmış və onun adını Tövbə qoymusan. Qurandan və vəhydən bu qapın üçün bir bələdçi təyin etmisən ki, bəndələrin orada azmasınlar". Bir neçə cümlədən sonra yenə deyir ki, bu açıq qapıdan və ilahi bağışdan istifadə etməmək üçün heç bir bəhanə yoxdur. İlahi bağışın yolu da bağışlanmaq istəmək və tövbə etməkdir. Allahdan bağışlanmaq istəyin.
Əziz İslam Peyğəmbərindən (ə) nəql olunan bir rəvayətə əsasən, o həzrət bir gün səhabələrinə buyurdu ki, Allah-Taala bağışlamaq istəmədiyi şəxsdən başqa bütün günahkarları bağışlayar. Səhabələr soruşdular ki, ey Allahın Rəsulu, Allah-Taalanın bağışlamaq istəmədəyi şəxs kimdir? Buyurdu ki, o şəxs bağışlanmaq istəməyən şəxsdir. Deməli, bağışlanmaq istəmək tövbə və bağışlanma qapısının açarıdır. Bağışlanmaq istəyi ilə ilahi rəhməti qazanmaq olar. Bağışlanmaq istəyi bu qədər əhəmiyyətlidir. Bu, Allahdan bağışlanma diləməkdir.
Bu barədə iki-üç qısa məqama toxunmaq istəyirəm. Bəlkə bu ramazan ayında bunlardan istifadə edib Allah-Taalaya bir qədər yaxınlaşaq və Allahın bu açıq rəhmət qapısından bəhrələnək. Bu, bizim xalqımızın və cəmiyyətimizin dünya və axirəti və bizim qarşımızda olan müxtəlif sahələrdə inkişaf üçün olduqca lazım və faydalıdır.

Ardını buradan oxuyun


Qeyd: Yazının hazırlanmasında elektron kitablardan istifadə edilib. Bu yazı Ayətullah Xameneinin "Əxlaq və mənəviyyat" adlı kitabında geniş müzakirə olunub.

 

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!