QIZIL FÜRSƏTLƏR - 1

:

NADİR İMKANLAR - İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:
“Əzm və iradə uzaqgörənlikdəndir. Süstlük fürsətin əldən verilməsi səbəblərindəndir. Hər axtaran tapası deyil. Hər müsafir geri dönməz. Azuqəni zay etmək də bir zərərdir. Hər bir işin sonu var. Çox olsun ki, kiçik bir xeyir onun çoxundan üstün olsun.

Qədərsiz köməkçi faydasızdır. Üzrün (düzəldiləsi səhvin) varsa, gecədən keçməyə qoyma. Helmə üstünlük verən böyük oldu. Anlamaq ardınca gedən elmini artırdı. Xeyir əhli ilə görüş qəlbi abad edər. Zaman atı (miniyi) sənə ram ikən ondan istifadə et.” (“Nəhcül-bəlağə”)
Bəzən insan gələcəkdə daha yaxın fürsətlərin olacağını güman edərək əlindəki fürsəti itirir. Adətən, belə hallarda yubanmaq, işi təxirə salmaq Allah-təalanın nemətlərinin əldən çıxmasına səbəb olur. Şeytan daim vəsvəsə edir ki, “qorxma, gec olmaz, gələcəkdə daha geniş imkanların olacaq, bu işi daha yaxşı şəkildə görə bilərsən” və s.
Əmirəlmöminin Əli (ə) insanı şeytanın bu hiyləsindən qurtarmaq üçün xəbərdarlıq edir ki, işi təxirə salıb səbir etmək heç də həmişə faydalı olmur. Əksinə, bəzən ehtiyat tələb edir ki, insan öz işlərini sürətlə yerinə yetirsin. Çünki gələcəkdə belə bir fürsət ələ düşməyə də bilər. “Əzm və iradə uzaqgörənlikdəndir.” Uzaqgörənlik və ehtiyat heç də həmişə tələb etmir ki, iş təxirə salınsın. Olsun ki, bəzən işi sürətlə görmək daha faydalı olur. İşin təxirə salınması heç də həmişə xeyirli deyil. İşi yalnız o zaman təxirə salmaq olar ki, gələcəkdə daha münasib fürsətin ələ düşəcəyinə əminlik olsun.

HƏR AXTARAN AXTARDIĞINI TAPMIR
Növbəti ifadələrdə buyurulur: “Hər axtaran tapası deyil.” Bu, uyğun cümlənin ən sadə tərcüməsidir. Məqsədə doğru can atan hər insan heç də həmişə hədəfə çatmır. Hər axtaran axtardığını tapası deyil. Səfərə çıxmış insanların hamısı geri qayıtmır. Səfərə çıxmış şəxs geri dönməyə də bilər.
Amma bu kəlamın batinində digər bir məfhum da gizlənmişdir. Bu məfhumu anlamaq üçün bir neçə nöqtəni aydınlaşdırmalıyıq. Əvvəla, bu təbir hansı hal üçün deyilmişdir? Məlum məsələdir ki, səfərə çıxmış şəxs bəzən geri qayıdır, bəzən isə yox. Eyni qayda ilə, müəyyən məqsəd ardınca gedən insan bəzən məqsədə çatır, bəzən isə yox. Bəs, uyğun ifadə burada hansı məsələni aydınlaşdırmaq üçün işlədilmişdir? Həzrət (ə) öz dinləyicisinə hansı məsələni aydınlaşdırmaq, hansı hikməti öyrətmək istəyir?
Bəzi təfsirçilər və şərhçilər bu ifadənin açıqlanmasında bildirmişlər ki, bəzi naşı insanlar getdikləri yolda məqsədə hökmən çatacaqlarını zənn edirlər. Belə bir təsəvvürlə meydana girdiklərindən, müvəffəq olmadıqda ümidlərini itirib, süstləşirlər. Belə bir müvəffəqiyyətsizlik onlarda bütün işlərə qarşı ümidsizlik yaradır. Deyirlər ki, filan işə başladıq, amma heç bir nəticəsi olmadı. Düşünürlər ki, heç bir işdə uğur qazana bilməzlər və özlərini bədbəxt hesab edirlər. Güman edirlər ki, hansı qapını döysələr, həmin qapı açılası deyil. Ona görə də, söhbətin bu yerində ümidsizliyi aradan qaldırmaq üçün buyurur: “Hər axtaran tapası deyil.”
İnsanın nəzərinə çatdırılır ki, əgər bir işdə məqsədə çata bilmişsə, süstləşib, özünü uğursuz hesab etməsin. Yola çıxmış insanın bəzən məqsədə çata bilməməsi dünyanın təbii gedişatlarındandır. İnsan gördüyü işin nəticəsinə o qədər bağlı olmamalıdır ki, müvəffəq olmadıqda ümidini itirsin. Əksinə ümidli olmaq və inanmaq lazımdır ki, nəticə əldə olunacaq. Amma əvvəlcədən bu da nəzərdə saxlanılmalıdır ki, iş uğursuzluqla nəticələnə bilər. İnsanın işin nəticəsinə ifrat bağlı olması nəticə alınmadıqda məyusluq doğurur. Bəzən insan seçdiyi yolda çox arxayın hərəkət edir, heç bir eniş-yoxuş gözləmir. Belə bir gümanla yola çıxdıqda qarşılaşılan hər hansı çətinlik insan üçün o qədər gözlənilməz olur ki, o, azca büdrəyən kimi süstləşir. Amma yola çıxarkən nəzərdə tutsaq ki, bu yolun eniş-yoxuşları var, büdrədikdə özümüzü itirmərik və çıxış yolu axtararıq. İnsan bir məqsədə doğru hərəkət edərkən yolun problemlərini əvvəlcədən nəzərdə saxlayarsa, bu çətinlikləri adlamaq üçün əvvəlcədən tədbirlər hazırlayar.
Həyati işlərdə də vəziyyət eyni formadadır. Əgər insan elə düşünsə ki, başladığı istənilən işə hökmən müvəffəq olacaq, müvəffəqiyyətsizliklə rastlaşan kimi məyus olub, meydanı tərk edəcək. Olsun ki, bu halda yaşamaq həvəsi də azalar. Bu sayaq yanlış düşüncəyə malik olan insanların əksəriyyəti məhz bu yersiz təfəkkür ucbatından daim müvəffəqiyyət gözləyirlər. Onlar əsassız yerə müvəffəqiyyətə ümid bəslədiklərindən müvəffəq olmadıqda, psixoloji sarsıntı keçirirlər. Amma insan nəzərdə saxlasa ki, getdiyi yolda çətinliklər də ola bilər, müvəffəq olmadıqda üzülməz. Belə düşünən insanlar anlayırlar ki, nəticəyə çatmaq heç də mütləq deyil. Ona görə də, bir işdə müvəffəq olmadıqda, işdən soyuyub yaşamaq ümidlərini itirmirlər. Həzrət buyurur: “Hər axtaran tapası deyil. Hər müsafir geri dönməz.”
Sözsüz ki, ardınca getdiyimiz bütün işlər düzələsi deyil. Müəyyən işlərdə müvəffəqiyyətsizlik də ola bilər. Hər səfərə çıxanın geri dönməsi mütləq deyil. Səfərə çıxmış insanın geri dönməyəcəyi də ehtimal olunmalıdır.

FÜRSƏTİ NECƏ QƏNİMƏT SAYAQ?
Deyilənlər uyğun ilahi kəlamın mənasına münasibətdə bir ehtimal idi. Amma əvvəl deyilənlərə əsasən, digər bir məna da mövcuddur. Əgər deyilirsə işin təxirə salınması bəzən məhrumiyyətlə nəticələnir, məqsəd budur ki, ilk fürsət ələ düşən kimi növbəti fürsət gözlənilmədən işə başlanılsın. Çünki doğrudan da, hər axtaran tapası deyil. Fürsətin qənimət sayılması haqqında Həzrətin (ə) kəlamı tələb edir ki, şeytanın vəsvəsələrinin dəfi, tənbəlliklə mübarizə üçün ilk fürsətin qədrini bilək.
Nəzərdə saxlamalıyıq ki, münasib fürsət ikinci dəfə ələ düşməyə də bilər. Məsələn, fəhlə özünə deyərsə “bu gün işləməyim mühüm deyil, ehtiyatda olan puldan xərcləyərəm”, nəzərdə tutmalıdır ki, sabah fürsət olmaya da bilər. Məsələn, tələbə belə düşünərsə ki, “bu gün dərs oxumaq bir o qədər də mühüm deyil, sabah oxuyaram”, o da nəzərdə saxlamalıdır ki, sabah başqa problemlərlə üzləşə bilər. Demək, həzrət Əli (ə) bildirmək istəyir ki, günü günə satıb, bu günün işini sabaha, sabahın işini o biri günə saxlamaq düzgün deyil. Olsun ki, sabah da müvəffəqiyyət üzə gülməsin. Məgər insan istədiyi vaxt müvəffəq ola bilərmi?! Əlbəttə ki, yox! Fürsəti qənimət bilin, əgər bu gün imkan varsa, işi sabaha saxlamayın.
Başqa sözlə, həzrət Əli (ə) insanları fəaliyyətə həvəsləndirir, onları süstlük və tənbəlliklə mübarizəyə qaldırır. Həzrət (ə) bizə öyrədir ki, əgər şeytan bu günün işini sabaha saxlamağa çağırırsa, ona deyək: sabah başqa problemlərlə üzləşə bilərik. Axı, sabaha müvəffəq olacağımıza kim zəmanət verə bilər?! Axı, sabah da müvəffəqiyyətsizliklə üzləşmək mümkündür. Əgər bu gün çalışsaq, ən azı işimizin bir hissəsini görə bilərik. Sabah isə ortaya elə bir problem çıxa bilər ki, əlimiz boşda qalar.
Hər halda, həzrət Əlinin (ə) ilahi kəlamından belə bir məna da əldə olunur ki, insan açıqgözlü olub, fürsətləri qənimət saymalı, öz işlərində süst və tənbəl olmamalıdır. Eləcə də, işin nəticəsinə göz dikməməliyik. Çünki bu halda hər hansı müvəffəqiyyətsizlik insanın həyat həvəsini azaldır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!