QƏLB VƏ QƏLBİN HALƏTLƏRİ - 2

:

İNSAN VÜCUDUNUN YÖNLƏRİ VƏ MƏRTƏBƏLƏRİ
Əgər “yön” sözünü düzgün seçmiş olsaq, deyə bilərik ki, insan müxtəlif yönlərə malik bir vücuddur. O, ruh və bədəndən ibarətdir. Ruhun da özünəməxsus keyfiyyətləri və mərtəbələri vardır. Bəzi mərtəbələr, belə demək olarsa, uzununa, bəzi mərtəbələr isə eninədir. İnsana “dərk etmək”, “tanımaq”, “sevmək” kimi müxtəlif keyfiyyətlər aid edilir.

İnsana aid edilənləri üç hissəyə bölmək olar:
a) Bədənə aid olan işlər; məsələn, əzələlər və sinirlər vasitəsi ilə icra olan hərəkətlər. Bu işlər çox vaxt ona görə ruha aid edilir ki, hərəkətverici qüvvə ruhdur. Amma amil ruh olsa da, əməl bədəndə zahir olur.
b) Agahlıq, tanıma, bilmə, anlama kimi işlər; olsun ki, “elm” kəlməsi deyilənləri daha ümumi şəkildə ifadə edir. “Hüzuri” və “hüsuli” olan bu bilikləri də ruhumuza aid edirik.
v) Digər bir qrupu meyillər, səylər təşkil edir. Psixologiyada bu işlər meyillər, hisslər, təsirlər kimi qruplara ayrılır. Məsələn: qorxu, ümid, məhəbbət, eşq, kin, ədavət, şadlıq, hüzn və s. Bu qrupdan olanları elmin eyni saymaq olmaz. Amma onlar idrak yolu ilə gerçəkləşir. Məsələn, qorxu elm deyil. Amma idrak gücü ilə həyata keçir. Yəni insan qorxduğu vaxt bilir ki, qorxur. Sevdiyi vaxt bilir ki, sevir. Sözsüz ki, elm və agahlığın da mərtəbələri var. Amma bütün mərtəbələrdə idrak rol oynayır.
Beləcə, deyə bilərik ki, ruha aid olan işlər baxış və münasibətdən, meyillərdən və ruhun bədəndə hərəkətə gətirdiyi rəftardan ibarətdir. Bu rəftarların qəlbə aidiyyatı yoxdur. Qəlbin bədəni inkişaf etdirməsi barədə nə ayə, nə də rəvayət vardır. Bədəndə baş verənlər ruha aid edilir. Amma münasibətlər və meyillər qəlbə aiddir. Qurani-Kərimdə “qəlb nə gördüsə, doğru gördü” (“Nəcm” surəsi, ayə: 11), buyurulur. Bu şühudi, hüzuri, batini bir elmdir.
Demək, qəlb elmə malikdir. Həzrət Əli (ə) “qəlb Allahı görür” (“Nəhcül-bəlağə”, xütbə: 178), buyurur. Qəlbin bu elmi, biliyi hüzuri, şühudi elmdir.
Amma meyillərin və hisslərin qəlbə aid edilməsinə heç bir irad yoxdur. Qurani-Kərimdə belə işlərin qəlbə aid edilməsi ilə tez-tez qarşılaşırıq. Gündəlik həyatda “qəlbim istəyir”, “qəlbim şaddır” kimi sözlər çox işlənir. Beləcə, qəlb iki fərqli cəhətə, yönə malikdir:
1 .Elm və idrak yönü;
2. Meyil və istək yönü. Bilik və tanıma kimi işlər qəlbə aid edildiyi kimi, məhəbbət və nifrət kimi meyillər də ona ünvanlanır.

SAĞLAM QƏLB
Yuxarıda deyilənlərə əsasən, qəlb iki fərqli həqiqətə malik mövcuddur. Başqa sözlə, qəlb həm iş görür, həm də onda halətlər yaranır. Bir sözlə, o həm təsirlənir, həm də təsirləndirir. Məsələn, göz görmək üçün yaradılmışdır. Əgər görmürsə, demək, kordur. Qəlb də müəyyən şeyləri görməli, eşitməli, müxtəlif halətlərə düşməli və onda müəyyən işlər baş verməlidir. O, bəzi şeyləri sevməli, bəzi şeylərə isə nifrət etməlidir. Qəlbdə meyillər və münasibətlər olmalıdır. Bütün bunlar yerindədirsə, qəlb sağlamdır. Qurani-Kərim belə qəlbi “sağlam, saf qəlb” adlandırır. (“Şüəra” surəsi, ayə: 88-89) Amma zəruri biliklərdən məhrum olub, səhvə düçar olan, aramlığını itirən, qorxmalı olduğu halda qorxmayan qəlb xəstədir. Qurani-Kərimdə belə qəlb “xəstə qəlb” hesab olunur. (“Bəqərə” surəsi, ayə: 10) Bu baxımdan, qəlb elə ruhdur. Onun idrakı, meyilləri, istəkləri vardır.
Qəlbə aid olan hal və sifətlər ikiqütblüdür. Bir qütbdə sağlam, digər qütbdə xəstə qəlbə xas əlamətlər durur. Qurani-Kərimdə buyurulur: “Biz ona şeir öyrətmədik, bu ona yaraşmaz. Ona vəhy olunan yalnız zikr və aşkar Qurandır. Onunla ağıl və bəsirət sahiblərini qorxutsun, kafirlər haqqında deyilənlər gerçək olsun.” (“Yasin” surəsi, ayə: 69-70) Quran və peyğəmbərlərin dəvəti yalnız diri qəlblərə təsir edə bilir. Allah-taala buyurur: “Şübhəsiz ki, ölülərə eşitdirə bilməzsən.” (“Rum” surəsi, ayə: 52)
Qəlbi ölmüş insan heç nəyi dərk etmir, dinin qorxutmaları ona təsirsiz olur. Xəstəliyin sonu ölüm və fənadır. Xəstələnmiş insan müalicə olunmazsa, onun ölümü labüddür. Qəlb də xəstələndikdə, müalicə olunmazsa, öləsidir.

QƏLBİN DİRİLMƏSİ VƏ ÖLÜMÜ
Tələb olunan budur ki, qəlb diri saxlanılsın. Qəlbin ölümü insan üçün olduqca böyük fəlakətdir. Amma qarşımızdakı vəsiyyətnamədə qəlbin həm dirildilməsi, həm də öldürülməsi tapşırılır: “Qəlbini moizə və nəsihətlə dirilt, zöhd və pəhrizlə öldür.” Məgər qəlbin öldürülməsi də yaxşı bir iş ola bilərmi? Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri üzünü qapamalısan. Qəlbə aid olan meyil və istəklər həm ilahi ola bilər, həm də heyvani. İnsanı kamala aparan meyillər ilahi, onu alçaldan meyillər heyvanidir. Heyvani şəhvətlər, şeytani istəklər, insanı uçuruma sürükləyən əmmarə nəfs hökmən öldürülməlidir. Bu meyillərin öldürülməsinə, “əmmarə nəfs”in insana hakim olmasına yol verilməməlidir. Bu meyillər hökmən öldürülməlidir. Əks-təqdirdə, insanın tərəqqisinin qarşısı alınacaqdır. Əslində həmin meyilləri öldürmək yox, kamilləşmə istiqamətinə yönəltmək lazımdır. Onlardan təkamül məqsədi ilə istifadə olunmalıdır. Əgər insan öz heyvani istəklərini doyurmaq üçün ifrata varsa, bir çox başqa mənfi qüvvələr də canlanacaq, insanı oda çəkəcək. Ona görə də, bu meyillər söndürülməlidir. Həzrət (ə) “qəlbi öldür” deyərkən məqsədi qəlbdəki heyvani hisslərin öldürülməsi olmuşdur.
Biz həyat dedikdə hərəkət və fəaliyyət nəzərdə tuturuq. Dirilik nəzərimizdə nəfəs almaq kimi canlanır. Bir canlı dayanıb, nəfəs dərmədikdə, onu ölmüş hesab edirik. Amma qəlbin diriliyi dedikdə, xüsusi bir fəallıq nəzərdə tuturuq. Demək, bəzi fəaliyyətlər nəinki dirilik sayılmır, hətta həmin fəaliyyətlərə görə qəlb ölü hesab olunur. Yalnız insanın kamilliyinə xidmət edən fəaliyyətlər dirilik nişanəsidir. Şəhvət odundan hərəkətə gələn fəaliyyətlər isə hökmən buxovlanmalı, məhv edilməlidir.

QƏLBİN DİRİLİK AYİNİ
Qəlbin dirilik və ölülüyündən danışdıqdan sonra bu işin hansı yolla həyata keçməsini bilmək faydalı olardı. Qəlb hansı yolla dirilə bilər, heyvani hisslər hansı yolla aradan qalxar? Bu məqsədlərə necə çatmaq olar?
Həzrət Əmirəlmöminin Əlinin (ə) moizəsindən məlum olur ki, insan qəlbi həyat və ölümə malikdir. Bu qəlbdə bəzi fəaliyyətlərin həyatı, bəzi fəaliyyətlərinsə ölümü faydalı hesab olunur. Qəlbin faydalı həyatı onda ilahi meyillərin hökmranlığından ibarətdir. Qəlbin faydalı ölümü isə ondakı heyvani meyillərin məhvidir. Bəs, faydalı həyat və ölümə necə nail olmaq mümkündür? Eləcə də, zərərli həyat və ölümdən necə yaxa qurtarmaq olar?
Həzrət (ə) qəlbin dirildilməsi üçün belə tövsiyə edir: “Qəlbini moizə və nəsihətlə dirilt.” Bəli, qəlbin diriliyinə nail olmaq üçün ən yaxşı yol moizə dinləmək və nəsihətamiz kitablar oxumaqdır. Məsələn, Qurani-Kərimdən, Peyğəmbər (s) və Əhli-beytin (ə) moizələrindən istifadə olunmalıdır. İnsan özü də özünü moizə edə bilər. Hər bir şəxs ilahi nəsihətləri xatırlayaraq öz nəsihətçisi, vaizi ola bilər. Moizələri dinləmək, oxumaq, xatırlamaq vasitəsi ilə qəlb dirilə bilər.
Bütün bunları asanlıqla təcrübədən keçirmək olar. Moizələrdən faydalanan insan öz daxilində müsbət meyillərin oyandığını hiss edir. Məsələn, tənbəllik səbəbindən nafilə namazı qılmayan insan bu mövzuda moizə dinlədikdən sonra həmin ibadətə həvəslənir. Moizədən qabaq televizor qarşısında oturub, vaxtını faydasız filmlərə baxmaqla keçirməyi üstün tutan adam moizədən sonra Quran oxumağa, ibadətə üstünlük verir. Moizədən əvvəl axirət barədə düşünməyən insan moizədən sonra uyğun movzuya maraq göstərir, mütaliə etməyə çalışır. Çünki moizədən qabaq onun qəlbi ölü idi, müsbət meyillər yatmışdır, amma moizə meyilləri hərəkətə gətirdi, qəlb canlandı.
Bəli, moizə ölü qəlbi dirildi bilər. Yəni moizə insan qəlbini lazım olan istiqamətə yönəldir, müsbət meyilləri hərəkətə gətirir. Bəzən də yaş həddi, fizioloji amillər və digər təbii vasitələr insandakı heyvani hissləri gücləndirir. Nəticədə insan elm və bilikdən, ibadətdən uzaqlaşır. Bəzən isə xarici amillər insanı uyğun istiqamətə meyilləndirir. Məsələn, bəzi səhnələrin seyri, bəzi söhbətlərin dinlənilməsi uyğun meyilləri gücləndirir. Mənfi meyillərin güclənməsi ehtimalı gənclərdə daha çoxdur. Pisliyə meyilli gəncin də qəlbi diridir. Amma bu dirilik şeytana doğru hərəkətin fəallığından ibarətdir. Belə bir diriliyə son qoyulmalıdır. Bəs, bu alovu necə söndürmək olar?
Həzrət (ə) yol göstərir: “...Zöhd və pəhrizlə öldür.” Bəli, insan maddi ləzzətlərə təslim olmamalıdır. Təhrikedici qidalar qəbul edən, səhnələrə baxan, söhbətlər dinləyən insanın qəlbində şeytani əhval yaranır. Bu meyillərə nəzarət olunmalı, hədd qoyulmalıdır. Mənfi əhvaldan qurtarmaq istəyən şəxs yol tapmalıdır. Mənfi meyilə səbəb varsa, təbii ki, o, hərəkətə gəlməlidir. Ona görə də, səbəblə mübarizə aparmaq lazım gəlir. Gənclərin fiziki və psixoloji durumundan asılı olaraq, xüsusi ilə böhran dövründə olanlar arasında mənfi meyillərin fəallığı üçün şərait daha münasibdir. Dünyəvi ləzzətlərlə mübarizə yolu çoxdur. Oruc tutmaq, ibadət, ilahi dəyərlər haqqında düşüncə dünya ləzzətlərinə marağı azaldır.
Deyilənlərdən məlum oldu ki, insanı Allaha, mənəviyyata, kamilliyə doğru istiqamətləndirən həyat qəlb üçün müsbət sayılır. İnsan vücudunda belə müsbət fəallıq varsa, onun qəlbi diridir. Belə bir fəallıq əldə etmək üçün ən münasib yol moizədir. İnsanı axirət və axirət dəyərlərinə həvəsləndirmək üçün moizə müstəsna rol oynayır. Heyvani şəhvətlərin, meyillərin cilovlanmasından ibarət olan qəlb ölümü isə zöhd və pəhriz vasitəsi ilə əldə oluna bilər.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!