ALLAHIN RUHUNUN GENİŞLİYİ

:

Sual: Deyirlər ki, Allah mücərrəddir. Digər tərəfdən mələklərin də mücərrəd olduğunu bilirik. Bu, Allah və mələklərin cinsinin bir olması mənasını ifadə etmirmi?

Ümumiyyətlə, Allahın cinsi nədir? Allah öz ruhunu insana üfürdü. Bəs, heyvanların ruhu haradan gəldi? Bildiyimiz kimi, bütün insanların fitrətində Allah vardır. Buna görə də Allaha pərəstiş istəyi fitridir. Hətta heyvanlar belə, Allaha itaət edirlər. Görəsən, onların da ruhu Allahdandır? Bu barədə izahat verməyinizi xahiş edirik.
Cavab: Düzgün cavab əldə etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:

VARLIQ ALƏMLƏRİ
Varlıq aləmində dörd ümumi aləm mövcuddur. Onlar bir-birinə nisbətdə şiddət və zəifliyi nəzərə alınmaqla tərtib olunmuşlar:
1. “Lahut” aləmi, yaxud “adlar və sifətlər” aləmi: Bu aləm Allah-Taalanın hədsiz-hüdudsuz kamallarını – Onun zatının pak olması hər bir eyib və nöqsandan uzaqlıq, zaman və məkanca hüdudsuzluq, yox olmamaq mənalarını aşılayır.. Başqa sözlə, bu aləmdə Allah-Taalanın xüsusi adları, sifətləri və bəzi cilvələri aşkar olunur.
2. “Əql, ruh və cəbərut” aləmi, yaxud “tam mücərrəd” aləm: Bu aləm maddə və onun xüsusiyyətlərindən pak və xalidir.
3. “Xəyal, bərzəx və mələkut” aləmi, yaxud “misal” aləmi: Bu aləm maddədən uzaq olsa da, onun hökmlərilə hərəkətdədir.
4. “Təbiət” aləmi, yaxud “nasut” aləmi: Bu aləm maddə və onun hökmlərindən ayrı deyil.1
Allahın mücərrəd olması məsələsinə gəldikdə, Onun mücərrəd varlıq sayılan mələklərlə müştərək olması düzgün fikir deyil, O, mücərrəd aləmdən, hətta adlar və sifətlər aləmindən də üstündür.
“Qeybi huviyyət”, “qeybi zat”, “zat məqamı”, “zat mərtəbəsi”, bəzən də (“qeybül-qüyub” – qeyblərin qeybi kimi) başqa sözlərlə ifadə olunan Allahın zatı mütləq varlıqdır. Onun heç bir hədd-hüdudu yoxdur. O, – istər məfhum, istərsə də xarici nümunə baxımından olsun – məhdudlaşmadan pak və münəzzəhdir; nə adı var, nə də sifəti; nə həmin isim və sifətlə məhdudlaşır, nə də həmin isim və sifət olmadan; nə müəyyən bir çərçivəyə salına bilir, nə də o çərçivə olmadan. Hətta məhdudluq və konkretlilik Onun üçün şərt deyil (məna kəsb etmir). Baxmayaraq ki, onlar öz yerində bir növ konkretləşmədir, lakin Allahın zatı onlardan pak və uzaqdır. Onun adı və sifətləri zatından qaynaqlanır və təcəlli məqamında aşkar olur.
Allahın bütün adları və sifətləri zat məqamından sonra gəlir və təcəlla məqamında zahir olur. Allahın zatı gözlə görünmədiyi üçün Onu adları və sifətlərilə yad edirik. Əlbəttə, bu o demək deyil ki, Allahın zatında adların və sifətlərin kamalları mövcuddur. Əksinə Onun bütün adları və sifətləri pak zatında cəmlənmişdir. Bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Onun adları və sifətləri bir-birindən ayrı deyil, O, pak zatından ayrılıqda məna kəsb etmir. Onun adları və sifətləri məna cəhətdən bir-birindən fərqlənsə də, eyniyyət məqamında (gerçəklikdə) vahiddirlər. Allahın zatı bəsit olmaqla yanaşı, bütün kamilliklərə malikdir. Belə də deyil ki, Onun zatının (məsələn) bir qismini elm, bir qismini qüdrət, üçüncü qismini isə dirilik təşkil etsin. Elm, qüdrət və dirilik elə Onun zatıdır. Yəni zatından ayrı deyil, zatı ilə eynidir.
Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür və bütün bunlar həmin məqamı qavramaqda tamamilə acizdir. Əgər kimsə bu haqda fikirləşsə, çaşqınlıqda qalar, yaxud azğınlığa düşər, nəinki ona çatmaz, hətta ondan uzaqlaşarlar. Qurani-Kərimdə buyurulur:
{یعْلَمُ مَا بَینَ أَیدِیهِمْ وَمَا خَلْفَهُمْ وَلَا یحِیطُونَ بِهِ عِلْمًا}
“Rəbbin onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz.”
İnsan Allahın zatından başqa, hər şeyi dərk edə bilər. Çünki onun idrakı məhdud, Allahın zatı isə hər şeydən üstündür. Hətta “işarə” ilə bu məqama yol tapmaq qeyri-mümkündür – istər hissi işarə ilə, istərsə də zehni, əqli və xəyali işarə ilə. Bəli, məhdudiyyətə sığmayan zata necə işarə etmək olar? Elə bu səbəbdən də, Allah-Taalanın zatı haqqında fikirləşmək qadağan olunur. İmam Rza (ə) buyurmuşdur: “Allahın zatını hansısa bir şeyə bənzədən kəs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən kəs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən kəs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən kəs Onu təsdiq etməmiş və Onun zatına işarə edən kəs Allaha üz tutmamışdır.”2
Hətta əql ilə eşq bir-birinə qoşulub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, çaşqınlıqda qalaraq bir yerə çata bilməyəcək və bu sahədə öz acizliklərini etiraf edəcəklər.
Dua əhli “dua”, ibadət əhli “ibadət”, zikr əhli “zikr” və ariflər “irfan” məqamında Allahın zahiri adları ilə Onun həqiqi zatına üz tutur və Onu adları və sifətləri ilə yad edirlər. Başqa sözlə, Allahın zatını dərk etmək qeyri-mümkün olduğundan Onun zatını adları ilə çağırırlar.3 Buna görə də bəziləri haqq olaraq etiqad edirlər ki, İslam dininin zühur etməsinin əsas səbəbi Allahı olduğu kimi tanıtdırmaqdır.4 Qurani-Kərim sözsüz ki, Allahı tanıtdıran bir kitabdır. Bu barədə ayələr o qədər aydın və dəqiqdir ki, ən böyük alimlər belə, onun müqabilində acizdirlər. Allahı bəşərin dərk etdiyi səviyyədə tanımaq üçün Quran ayələrinə müraciət edərək onların üzərində fikirləşin.5

VARLIQLARIN RUHU
Qeyd etdiyimiz sualın ikinci hissəsilə əlaqədar bir neçə nöqtəni qeyd etmək zəruridir:
1. Ruh həyata, şüura və iradəyə malik olan və məxluq sayılan varlıqlara aid edilir. Şüursuz varlığa, eləcə də, Allaha – ruhu şamil etmək olmaz. Bu məsələni başa düşdüyümüz kimi təsdiqləyir, həmçinin öz sözlərimizdə ruhu diri və şüurlu varlıqlara aid edirik. Beləliklə, bir şəxs ruhu mənalandırarkən onu maddi olmayan şüurlu məxluqlara aid etsə, səhv etməmişdir.[6]2. İsbat olunmuş məsələlərdən biri də budur ki, heyvanlar şüur və iradəyə malikdir. Bu şüur və iradə onların vərdişləri ilə bağlı deyil. Heyvanların bir sıra hərəkət və halətləri göstərir ki, onların şüur və iradəsi vərdişlərində mövcud olanlardan üstündür. Bu həqiqəti Qurani-Kərim də təsdiq etmişdir.7
3. Fəlsəfi və əqli sübutlara əsasən, şüur və iradəyə diqqət yetirsək, ruh maddi yox, mücərrəddir. Həqiqətdə, ruhun xüsusi fəaliyyətlərinə görə, onu maddi varlıq hesab etmək olmaz.8 İnsanın ruhunun mücərrədliyi fəlsəfi dəlillər və Quran ayələri ilə isbat olunsa da, bu dəlillərin bəzisi (o cümlədən, iradənin, şüurun və görmə qabiliyyətinin mövcud olması) heyvanların ruhunun da qeyri-maddi və mücərrəd olmasını açıqlayır.
4. Bütün varlıq aləminin Allahın məxluqu olması və Ona aid edilməsinə baxmayaraq, Qurani-Kərimdə insanın ruhunun Allahın ruhundan olması ilə əlaqədar xüsusi söz açılmışdır.9 Bu səbəbdən də, bütün varlıqlar arasında yalnız insan Allahın xəlifəsi olmağa layiq görülmüşdür.10 Heyvanların ruhunun Allahın ruhundan olmasına gəldikdə, ayə və rəvayətlərdə bu barədə heç nə deyilməmişdir.

VARLIQLARIN TƏSBİHİ (ZİKRİ)
Ayə və rəvayətlərə əsasən, Allah-Taalanın müqəddəs zatına “təsbih”, “təqdis” və “tənzih” edilməsi (Onu bütün eyib və nöqsanlardan uzaq bilmək) yalnız insana yox, bütün varlıqlara aiddir; yəni bütün varlıqlar Allah-Taalanın pak zatına həqiqi mənada təsbih və təqdis edir, Onu eyib və nöqsandan uzaq bilirlər. Varlıq aləminə qədəm qoyan hər mövcud öz məqamı həddində Allahı dərk edir, öz istedadı qədər Ona inanır, gücü çatdığı qədər Ona doğru can atır, elmi və biliyi qədər Ona dua edir. Allaha üz tutduğu üçün Onun yolunda addımlamağa başlayır. Ona itaət və pərəstiş yalnız insana və ya heyvana yox, bütün varlıqlara aiddir. Ayə və rəvayətlər bu həqiqəti aydın şəkildə açıqlayır. Biz bu mövzuda iki ayə və iki rəvayətə işarə etməklə kifayətlənirik:

{تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَنْ فِیهِنَّ وَإِنْ مِنْ شَیءٍ إِلَّا یسَبِّحُ بِحَمْدِهِ وَلَكِنْ لَا تَفْقَهُونَ تَسْبِیحَهُمْ إِنَّهُ كَانَ حَلِیمًا غَفُورًا}

1. “Yeddi göy, yer və onlarda olan bütün məxluqlar Allaha təsbih deyir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin. Lakin siz onların təsbihini anlamazsınız. Allah, həqiqətən, həlim və bağışlayandır.”11
Allah-Taala bu ayədə əvvəlcə yeddi göyün, yerin və onlarda olanların təsbihinə toxunur, sonra məsələnin əhatəsini genişləndirərək buyurur: “Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin.” Burada Allah-Taala bütün məxluqların təsbihini çox zərif və incəliklə bəyan etmişdir. Nə üçün hamı Ona təsbih edir? Bu qədər məxluq hara, O hara? Bəli, Onun zatı pak və müqəddəsdir və məxluqlar Ona çata bilməz. Lakin Allah-Taala həlim və bağışlayan olduğundan hamı Ona ümid bəsləyir, Ona çatmağı arzulayır və arzularına da nail olurlar. Qeyd etdiyimiz ayədə buyurulur: “Lakin siz insanlar bütün məxluqların (Allaha) təsbihini başa düşmürsünüz və ona dəqiq elminiz yoxdur.”
Doğrudan da, biz insanlar varlıqların Allaha zikr deməsini və Onu yad etməsini anlamırıq. Bunu yalnız peyğəmbərlər, övliyalar və ariflər başa düşür, görürlər. Əgər biz də Allaha aşiq olsaydıq, eşqin ən yüksək mərhələsinə nail olan və bütün məxluqatın təsbih etməsini görən həzrət Davud (ə) kimi dağların təsbihini görərdik. Bəli, dağlar həmişə Allaha təsbih və təqdis edirlər. Lakin bunu eşidən qulaq, görən göz lazımdır.

أَلَمْ تَرَ أَنَّ اللَّهَ یسَبِّحُ لَهُ مَنْ فِی السَّمَاوَاتِ وَالْأَرْضِ وَالطَّیرُ صَافَّاتٍ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُ وَتَسْبِیحَهُ وَاللَّهُ عَلِیمٌ بِمَا یفْعَلُونَ

2. “(Ya Mühəmməd!) Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allaha təsbih və təqdis edib şəninə tərif dediklərini görmürsənmi? Onlardan hər biri öz duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!”12
Bu ayədə insanlara xəbərdarlıq edilərək buyurulur: “Bütün məxluqlar öz namazını və təsbihini yaxşı bilir.” Bu incə nöqtə belə bir həqiqəti göstərir ki, bütün məxluqlar Allahı istəyir və Onu istədiklərini yaxşı bilirlər.
3. “Əd-Durrul-mənsur” kitabında həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Həzrət Nuh (ə) vəfat edərkən iki oğluna buyurdu: “Mən sizə Allah-Taalaya təsbih və həmd-səna etməyi əmr edirəm. Çünki Allah-Taalaya təsbih və həmd-səna etmək hər bir məxluqun namazıdır. Buna görə də bütün məxluqlara ruzi verilir.”13 Yəni, məxluqlar Allaha təsbih deyib, bu işi davam etdirməklə öz ruzilərini alır və nöqsanlarını aradan qaldırırlar.
4. Yenə də həmin kitabda həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bütün heyvanların, həşəratlar, yer, qarışqalar, bitkilər, çəyirtkələr, atlar, dəvələr, bütün canlı və cansızların ömür müddəti onların təsbihlərindədir. Onların (Allaha) təsbihi sona çatdıqda, Allah-Taala onların canlarını alır. Onların canlarının alınmasının ölüm mələyinə (Əzrailə) heç bir dəxli yoxdur.”14
Bu və digər rəvayətlərdən aydın olur ki, Allaha təsbih demək öncə dediyimiz kimi, ümumi bir məna kəsb edir, bütün məxluqlara və varlıq aləminə şamil olunur.15

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. Bax: “Rəsaili-tövhidi”, səh. 141-143; “Məad ya bazgəşt be suyi-Xuda”, 1-ci cild, səh. 212-225.
2. “Tövhid”, Şeyx Səduq, “tövhid və nəfyut-təşbih” bölümü, səh.34.
3. Bax: “Məqalat”, Məhəmməd Şücai, 3-cü cild, səh. 187-191.
4. “Cəvane müsəlman və dünyaye mütəcəddid”, Seyid Hüseyn Nəsr, səh. 36.
5. “Bəqərə” surəsi, ayə 37, 115 və 284; “Ali-İmran” surəsi, ayə 18, 74, 30 və 8; “Ənam” surəsi, ayə 62, 100, 103, 18, 12, 133, 14, 164, 57 və 162; “Taha” surəsi, ayə 111 və 114; “Loğman” surəsi, ayə 30; “Ər-Rəhman” surəsi, ayə 27; “İxlas” surəsi, ayə 1-2; “Hədid” surəsi, ayə 3; “Nəml” surəsi, ayə 51; “Şura” surəsi, ayə 11; “Əraf” surəsi, ayə 180; “Həşr” surəsi, ayə 23; “Nəhl” surəsi, ayə 60; “Ənfal” surəsi, ayə 8; “Rəd” surəsi, ayə 13; “Ğafir” surəsi, ayə 3; “Büruc“ surəsi, ayə 14; “Maidə” surəsi, ayə 64; “Zuxruf” surəsi, ayə 84; “Zümər” surəsi, ayə 44... .
6. Bax: “Məarifi Quran” (Xudaşünasi, keyhanşünasi və insanşünasi), Misbah Yəzdi, 1-3-cü cild, səh. 355-356.
7. “Məad, ya bazgəşt be suyi-Xuda”, 1-ci cild, səh. 52-64.
8. Bax: Yenə orada, səh. 178-192.
9. “Hicr” surəsi, ayə 29; “Ənbiya” surəsi, ayə 91; “Səcdə” surəsi, ayə 9.
10. “Bəqərə” surəsi, ayə 30-33.
11. “İsra” surəsi, ayə 44.
12. “Nur” surəsi, ayə 41.
13. “Əl-Mizan”, 13-cü cild, səh. 120.
14. Yenə orada, səh. 122.
15. Əlavə məlumat əldə etmək istəyənlər bu kitablara müraciət edə bilərlər: “Bazgəşt be-həsti”, Məhəmməd Şücai, səh.57-70; “Məad, ya bazgəşt be suye Xuda”, 1-ci cild, səh. 20-40.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!