ALLAHIN ZATI HAQQINDA ANLAYIŞ

:

Sual: Allahın zatı barəsində izah etməyinizi xahiş edirik!
Bəşər Allahın görünməz zatını dərk etməyə qadir deyil. Bu barədə fikirləşən azğınlıq və heyrətdən başqa bir şey qazanmaz.

“Qeybi huviyyət”, “qeybi zat”, “zat məqamı”, “zat mərtəbəsi”, bəzən də (“qeybül-qüyub” – qeyblərin qeybi kimi) başqa sözlərlə ifadə olunan Allahın zatı mütləq varlıqdır. Onun heç bir hədd-hüdudu yoxdur. O, – istər məfhum, istərsə də xarici nümunə baxımından olsun – məhdudlaşmadan pak və münəzzəhdir; nə bir adı var, nə də sifəti; nə həmin isim və sifətlə məhdudlaşır, nə də həmin isim və sifət olmadan; nə müəyyən bir çərçivəyə salına bilir, nə də o çərçivə olmadan. Hətta məhdudluq və konkretlilik Onun üçün şərt deyil (məna kəsb etmir). Baxmayaraq ki, onlar öz yerində bir növ, konkretləşmədir, lakin Allahın zatı onlardan pak və münəzzəhdir. Onun adı və sifətləri zatından qaynaqlanır və təcəlli məqamında aşkar olur. Buna görə də, Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür və bütün bunlar həmin məqamı qavramaqda tamamilə acizdir. Əgər kimsə bu haqda fikirləşsə, çaşqınlıqda qalar, yaxud azğınlığa düşər, nəinki ona çatmaz, hətta ondan uzaqlaşarlar. Qurani-Kərimdə buyurulur: “Rəbbin onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz.”1

ALLAHIN ZATI HAQQINDA FİKİRLƏŞMƏK
İnsan Allahın zatından başqa, hər şeyi dərk edə bilər. Çünki onun idrakı məhdud, Allahın zatı isə hər şeydən üstündür. Hətta “işarə” ilə bu məqama yol tapmaq qeyri-mümkündür – istər hissi işarə ilə, istərsə də zehni, əqli və xəyali işarə ilə. Bəli, məhdudiyyətə sığmayan zata necə işarə etmək olar? Elə bu səbəbdən də, Allah-Taalanın zatı haqqında fikirləşmək qadağan olunur. İmam Rza (ə) buyurmuşdur: “Allahın zatını hansısa bir şeyə bənzədən kəs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən kəs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən kəs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən kəs Onu təsdiq etməmiş və Onun zatına işarə edən kəs Allaha üz tutmamışdır.”2
Hətta əql ilə eşq bir-birinə qoşulub Allahın zat məqamına doğru yüksəlmək istəsə, çaşqınlıqda qalaraq bir yerə çata bilməyəcək və bu sahədə öz acizliklərini etiraf edəcəklər.
Dua əhli “dua”, ibadət əhli “ibadət”, zikr əhli “zikr” və ariflər “irfan” məqamında Allahın zahiri adları ilə Onun həqiqi zatına üz tutur və Onu adları və sifətləri ilə yad edirlər. Başqa sözlə, Allahın zatını dərk etmək qeyri-mümkün olduğundan Onun zatını adları ilə çağırırlar.3

QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN ALLAH
Allah-Taala haqda dəqiq, əhatəli və aydın tərif bəyan edən Qurani-Kərim Onu bizə yalnız adları və sifətləri ilə tanıtdırır. Qurani-Kərim Allah-Taalanın ad və sifətlərini ən kamil həddə insanlara təqdim edərək onu “alim”, “geniş mərhəmət sahibi”4, “tez hesab çəkən”, “diri”, “əbədi”5, “uca”, “böyük”, “haqq”[6], “əzəmət və kərəm sahibi”7, “hər şeydən ehtiyacsız”8 sifətləri ilə vəsf edir.
Allah-Taala təsəvvür etdiyimiz hər şeydən üstün və ucadır9, eyni zamanda biz heç vaxt Onun həqiqətini, “cəlal” və “camal” sifətlərini olduğu kimi dərk etməyə qadir deyilik.10
Allah təkdir11, Onun tayı-bərabəri və bənzəri yoxdur12 və özündən başqa heç bir məbud da mövcud deyil.13
Allah varlıq aləminin və kainatın həqiqi maliki, padşahıdır. O, hər nöqsandan pak, müqəddəs, salamatlıq və əmin-amanlıq bəxş edən, izzətli, islahatçı, böyük, yenilməz qüdrət sahibi14 və hər şeyə qadirdir.15
Allah bağışlayan və mehribandır. Bu iki sifət Onda elə əks olunur ki, Quranın bütün surələri bu iki sifətlə – “Bismillahir-Rəhmanir-Rəhim!” (Bağışlayan və mehriban Allahın adı) ilə başlayır. O, bəndələrinə qarşı mehriban və rəhmli olmağı özü üçün əzəldən müəyyən etmişdir![16] Onun əzəməti, böyüklüyü və kərəmi son həddədir. O, insana şah damarından da yaxındır. İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslərədək Ona məlumdur.17
O, yenilməz qüdrət və qüvvət18, nemət19, rəhmət20, böyük fəzilət sahibi21, tövbələri qəbul edən22, bəndələrini sevən23, duaları eşidən və qəbul edən, kainatı (göyləri və yeri) yaradan,24 ixtiyar sahibi, aləmlərin rəbbi, maliki və idarəedicisidir.25 Onun yaradılışda, hakimiyyətdə, rübubiyyətdə, şəfaətdə, ümumiyyətlə, heç bir sahədə şəriki və bənzəri yoxdur.26 Bütün insanlar Ona möhtac, O isə ehtiyacsızdır, insanların ibadətinə belə, möhtac deyil, şükrə və tərifə layiqdir. Onun bütün işləri bəyənilən27, rəhmət və qüdrəti genişdir. O, insanlara istədiyi kimi əta edir, ruzi verir28, hər yerdə bizimlə olaraq hər işimizdən agahdır.29 Bir sözlə, hansı tərəfə üz tutsaq, Allah oradadır.30

 Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Taha” surəsi, ayə 110.
2. “Tövhid”, Şeyx Səduq, “tövhid və nəfyut-təşbih” bölümü, səh.34.
3. Bax: “Məqalat”, Məhəmməd Şücai, 3-cü cild, səh. 187-191.
4. “Bəqərə” surəsi, ayə 115.
5. “Ənam” surəsi, ayə 62; “Taha” surəsi, ayə 111.
6. “Loğman” surəsi, ayə 30.
7. “Ər-Rəhman” surəsi, ayə 27.
8. “İxlas” surəsi, ayə 2.
9. “Taha” surəsi, ayə 114.
10. “Ənam” surəsi, ayə 100.
11. “İxlas” surəsi, ayə 1; “Nəhl” surəsi, ayə 15.
12. “Şura” surəsi, ayə 11.
13. “Ali-İmran” surəsi, ayə 18.
14. “Həşr” surəsi, ayə 23.
15. “Bəqərə” surəsi, ayə 284.
16. “Ənam” surəsi, ayə 12.
17. “Qaf” surəsi, ayə 16.
18. “Ğafir” surəsi, ayə 3; “Ənfal” surəsi, ayə 8.
19. “Ğafir” surəsi, ayə 3.
20. “Ənam” surəsi, ayə 123.
21. “Ali-İmran” surəsi, ayə 74.
22. “Bəqərə” surəsi, ayə 37; “Ali-İmran” surəsi, ayə 8.
23. “Büruc“ surəsi, ayə 14.
24. “Həşr” surəsi, ayə 24; “Ənam” surəsi, ayə 14.
25. “Fatihə” surəsi, ayə 2.
26. “Ənam” surəsi, ayə 57, 162 və 164; “Zümər” surəsi, ayə 44.
27. “Fatir” surəsi, ayə 15.
28. “Maidə” surəsi, ayə 64.
29. “Hədid” surəsi, ayə 4.
30. “Bəqərə” surəsi, ayə 115.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!