QƏLB VƏ QƏLBİN HALƏTLƏRİ - 3

:

QƏLBİN TƏRBİYƏVİ YÖNÜMLƏRİ
İmam Əli (ə) imam Həsənə (ə) buyurur: “Ey oğlum! Elə ki gördüm sən (yetkin) yaşa çatmısan və dərk etdim ki, süstlük və zəifliyim get-gedə uzanır, müəyyən məqsədlərlə sənə vəsiyyətə başladım: o cümlədən, məbada qəlbimdə olanları deməmiş əcəlim çata, düşüncəm də bədənim kimi zəifliyə düçar ola və məni qabaqlayıb nəfs meyilləri sənə hakim ola, dünya fitnələri qabağa düşə, səni qovulan dəvə vəziyyətinə gətirələr.

Həqiqətən, növcavanın qəlbi qarşılaşdığı şeyləri qəbul edənədək toxunulmamış torpaq tək qalır. Ona görə də qəlbin bərk, ağılın məşğul olanadək ədəb öyrən! Tam ciddiyyət və qəti iradə ilə əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq ağrısını qəbul et. Bu yolla həmin əziyyət və ağrıdan azad olarsan. Bizim ardınca gəzdiyimiz şeylər indi özləri sənin sorağına gəlib. Olsun ki, bizim üçün qaranlıq qalan şey indi sənin üçün aydınlaşa.” (“Nəhcül-bəlağə”)
Gənclik dövrü moizə və nəsihət üçün münasib dövrdür. Çünki gəncin qəlbi əkin üçün münbit toxunulmamış torpaqdır. Münbit torpaqda əkilən bitki tez cücərir və sürətlə inkişaf edir. Amma dəfələrlə əkilmiş, eləcə də alaq basmış torpaqda yeni bitki cücərtmək çətin olur. Gəncin qəlbi yanlış əqidələrdən pak və təmizdir. Bu qəlbdə hansısa nəfs istəyi kök atmamışdır və onu saflaşdırmaq çətin deyil. Yəni günah və eyib gəncin qəlbində xasiyyətə çevrilməmişdir. Ona görə də, gənc insanın qəlbi təlim-tərbiyə üçün hazırdır. Bu qəlbdə elmi və tərbiyəvi toxum az zəhmətlə, qısa zamanda cücərir. Amma yaş ötdükcə nəfs istəkləri cana hoparaq, xasiyyətə çevrilir.
İnsanı bu haldan azad etmək çətin olur. Alaq basmış sahədə əkilən bitki sıxıntıya düçar olur, normal inkişaf edə bilmir. Həzrət (ə) buyurur: “Qəlbin bərk, ağılın məşğul olanadək (olmamış) ədəb öyrən.” Vəsiyyətdə qəlbin həm əməli, həm də elmi yönümlərinə toxunulur. Beləcə, deyə bilərik ki, gənc qəlb iki cəhətdən təlim-tərbiyəyə hazır olur.
Nöqsanlı, puç fikirlərə məşğul olan qəlb nəzəri cəhətdən inhirafa – çaşqınlığa düçar olmuşdur və getdikcə öz dözümünü itirir. Belə qəlb hətta çox aydın məsələlərdə də şübhəyə düşür, tərəddüd edir. Elm dolanbaclarında büdrəyən şəxs hər şeyə şübhə ilə yanaşır. Dolaşıq məsələlərlə beyni yüklənmiş insan həqiqəti çətinliklə qəbul edir, bəzən isə həqiqəti qəbul etməkdən imtina edir. Amma yüklənməmiş zehn istənilən bir məlumatı asanlıqla qəbul edir. Əsas problemlərdən biri budur ki, yaşa dolduqca beyin müxtəlif informasiyalarla yükləndiyindən onun qəbuletmə imkanı azalır.
Qəlb üçün əməli problem onun günah nəticəsində daşlaşmasıdır. Daşlaşmış qəlbə moizə təsir etmir, onu tərbiyə etmək çətinləşir. Bu məsələni bir misalla aydınlaşdırmağa çalışaq: Yağa bulaşmış stəkanı təmizləmək üçün xeyli zəhmət çəkmək lazım gəlir. Amma bulaşmamış, divarları şəffaf stəkandan istifadə etmək çox asan olur. Qəlb də belədir. Əxlaqi nöqsanlara bulaşmamış qəlb safdır və onu tərbiyələndirmək çox asandır. Çirkin sifətlərin yol tapdığı qəlbi isə təmizləmək problemə çevrilir. Bəzən bu çirkinlik elə bir həddə çatır ki, qəlbi təmizləmək mümkünsüz olur.
Bu mühüm nöqtəni nəzərdən qaçırmamalıyıq ki, yanlış düşüncələrin, nöqsanlı əxlaqın, məzəmmət olunmuş əməllərin yol tapdığı qəlbi əvvəlcə təmizləyib paklaşdırmaq lazımdır. Qəlbin ilahi maarifi qəbul edə bilməsi üçün onun çirkinliklərdən təmizlənməsi zəruridir. Bulaşıq qab kimi çirklənmiş qəlb müsbət dəyərlərlə yükləmək istedadına malik olmur.

BULAŞIQ QƏLBİN XÜSUSİYYƏTLƏRİ
Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) xəbərdarlıq edir ki, öz qədrini bilsin, hansı dövrdə, hansı şəraitdə yaşadığına diqqətli olsun. Gənclik, qəlbsaflığı çirkaba bulaşmamış tədbir görmək lazımdır. Bu fürsəti qənimət bilmək gərəkdir. Axı, belə bir şərait həmişə ələ düşmür. Nə vaxtsa qəlb daşlaşıb, həqiqəti qəbul etmək istedadını itirə də bilər. Daşlaşmış qəlb səadət qapılarını öz sahibinin üzünə bağlayır, moizə və nəsihətdən yumşalmır. Diri qəlb təsirlənmək, həyəcanlanmaq, ağlamaq istedadına malik olmalıdır. Qəlbin ən təsirli öyüdlərə münasibətdə biganəliyi böyük faciədir. Qurani-Kərimdə bu məsələyə xeyli diqqət ayırılmış, bu sifəti daha çox büruz etdiyi yəhudilər xeyli məzəmmət olunmuşdur: “O vaxt sizin qəlbləriniz daş kimi və ya daşdan çox bərkidi. Bəzən daş yarılır, ondan arxlar çıxır...” (“Bəqərə” surəsi, ayə: 74) Bəzi daşlaşmış qəlblərdən isə bir damla göz yaşı da görünmür. Digər bir ayədə buyurulur: “İman gətirənlərin qəlblərini Allahın zikri və haqq kəlam qarşısında yumşalmaq vaxtı çatmadımı?! Onlar əvvəl kitab verilmiş kəslər kimi olmasınlar. Onlar üçün uzun müddət keçmiş, qəlbləri sərtləşmişdir.” (“Hədid” surəsi, ayə: 16)
Həqiqəti eşitdikdə qulaqardına vuran insanın qəlbi günbəgün daşlaşır. Amma ilk əvvəllər həqiqəti dinləyib, bu barədə düşünən insanların qəlbi haqpərəstlik istedadını qoruya bilər. Hansı ki, vaxt ötdükcə, günahlar çoxaldıqca qəlblər də daşlaşır.
Vəsiyyətin bu hissəsində Həzrət (ə) öz dinləyicisini eşitdiyi moizələrə biganə olmamağa çağırır. Moizəyə biganəliyin zərəri ona əməl etməməyin zərərindən daha çoxdur. Çünki biganəlik nəticəsində insan ruhu həqiqətin qəbulu istedadını itirməyə başlayır. Qəlbiniz daşlaşmamış, zehniniz puç məlumatlarla dolmamış özünütərbiyəyə cəhd edin. Unutmayın ki, daşlaşmış qəlbdə hansısa müsbət hisslərdən danışmağa dəyməz. Zehn də belədir. Gərəksiz informasiyalarla yüklənmiş zehndə sağlam düşüncə üçün yer qalmır. Deyilənləri hər birimiz sınaqdan keçirə bilərik. Məsələn, gün uzunu mənasız söhbətlərə məşğul olsanız, günün sonunda oxuduğunuz ədəbiyyatdan ciddi nəticələr əldə edə bilməyəcəksiniz. Eləcə də, gün uzunu dünyəvi işlərlə, məişət problemləri ilə məşğul olduqda namazda hal tapmaq, Allahı düşünmək çətin olur.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!