QƏLB VƏ QƏLBİN HALƏTLƏRİ - 4

:

SAF QƏLB MƏRİFƏT AYNASIDIR
İnsan qəlbi daim nəfs istəklərinin hədəfindədir. İnsan bu hücumlardan qorunmaq, qəlbini saf saxlamaq üçün daim çalışmalıdır. Faydasız və zərərli düşüncələr zehnə daxil olub yuva qurmamış, insan moizələrlə zehnini və qəlbini islah etməlidir. Fürsəti qənimət sayan, qəlb daşlaşmamış onu islah edən, zehnini qoruyan insan öz tərbiyəsində müvəffəq olası və məqsədinə vaxtında çatasıdır.

Çünki hələ ki zehn və qəlbdə təkamülə mane olası bulaşıqlıq yoxdur. Qəbuletmə xüsusiyyətini itirməmiş insan başqalarının qiymətli həyat təcrübəsindən istifadə edə bilər. Axı, bu təcrübələri qazanmaq üçün insanlar bir ömür əziyyət çəkmiş, yaxşını pisdən fərqləndirmişlər. Həzrət (ə) buyurur: “Tam ciddiyyət və qəti iradə ilə əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq ağrısını qəbul et, bu yolla həmin əziyyət və ağrıdan azad olarsan.”
Həzrət (ə) buyurduğu nəsihətlər bir ömür zəhmətin məhsuludur. Uyğun vəsiyyətlər altmışillik bir ömrün bəhrəsidir. Altmış ildə qazanılmış təcrübə birdəfəyə, əziyyət çəkmədən də əldə oluna bilər. Bundan ötrü başqalarının təcrübəsindən istifadə etmək lazım gəlir. İlahi mərifətə yiyələnmək istəyən insan öz qəlbini və zehnini pak saxlamalı, şeytani vəsvəsələrdən qorunmalıdır.

QƏLBİ GÜCLƏNDİRMƏ YOLU
Vəsiyyətin davamında həzrət Əli (ə) qəlb üçün iki müsbət hal və bu halların əldə edilmə yolunu göstərir: “...Yəqinliklə gücləndir, hikmətlə işıqlandır.” Hər bir üzv və amil yalnız tələb olunan şərtlər ödəndikdə, öz işini lazımınca yerinə yetirə bilir. Bu amil həm bitki və heyvanlara, həm də insanlara münasibətdə özünü doğruldur. Məsələn, bədən lazımınca inkişaf etmişdirsə, insan bir çox istəklərini həyata keçirməyə qadir olur. Qəlb də belədir. O, yalnız o vaxt istəyinə çata bilir ki, güclü olsun. Göstərdiyi səylərdən asılı olmayaraq, istəyini gerçəkləşdirə bilməyən qəlb zəifdir. Allah-taala insana məhz istəklərini həyata keçirə bilməsi üçün qəlb əta etmişdir.
Bəs, qəlbi hansı yolla gücləndirmək olar? Qeyd etdik ki, insan ruhu iki baxımdan diqqəti cəlb edir: elm və agahlıq yönü; meyil və istək yönü. Ruhun dərk, elm və agahlıq yönü daha maraqlıdır.
Qəlbin elmi yönü yəqinlik vasitəsi ilə güclənir. Zəruri bilikləri qazana bilən, taleyüklü etiqadi mətləbləri qavraya bilən qəlb güclüdür. Elmi yəqinliyə malik olmayan, şəkk-şübhələr içində vurnuxan qəlb isə zəifdir. Qəlb istənilən məqama yüksəlmək üçün yəqinlik dərəcəsinə çatmalıdır. Yəqinliyə çatmamış qəlb insanı həlak edəsidir.
Qəlbini gücləndirmək istəyən insan yəqinlik əldə etməlidir. Öz mərifətinə biganə olan şəxsin qəlbi zəifliyə məhkumdur. Allaha, axirətə, digər zəruri etiqadi məsələlərə münasibətdə özündə zəiflik hiss edən insan aram dayanmamalıdır. O, yəqinliyə çatanadək çalışmalıdır. Bu istiqamətdə fəaliyyət göstərməyən qəlb günbəgün zəifləyir, nəhayət, insan süquta uğrayır. Bədən də belədir. Bir üzvü fəaliyyətdən düşmüş orqanizm daim zəifləyir. Məsələn, bir neçə il bağlı qalmış göz görmə qabiliyyətini itirir. Bir gözü zəifləmiş adama məsləhət görülür ki, güclü gözünü bir müddət bağlasın. Bir sözlə, fəaliyyət göstərməyən istənilən orqan gücünü itirir. Qəlbi gücləndirmək üçün də onun çalışdırılması, dəlillər vasitəsi ilə yəqinlik əldə olunması zəruridir.
Yəqinlik əldə etmək üçün çox yol var. Bu yollardan biri əqli dəlillərlə silahlanmaqdır. Şübhədə olan insan biganə qalmamalı, möhkəm dəlillər əldə etməklə yəqinliyə çatmalıdır. Yəqinliyi olmayan bütün insanlar problemlərlə üzbəüzdürlər. Qəlb zəifliyinin səbəbi tapılmalı və bu xəstəlik dərhal müalicə olmalıdır. Allah-taala bu məqsədlə yollar müəyyənləşdirmiş və şəkk-şübhəyə aparan işləri qadağan etmişdir. Allah-taala həmin məqsədə aparan yolu da müəyyənləşdirmişdir. Güclü qəlb istəyiriksə, yəqinlik əldə etmək üçün çalışmalıyıq.
İstənilən bir orqanizm qida maddələri ilə təmin olunduqda onun kamilliyi artır. Yəni yeni bir hal yaranır və bu hal orqanizmin yeni güc əldə etməsinə səbəb olur. Qəlb də orqanizm kimi qidaya ehtiyaclıdır. Yəqinlik bir növ qəlbin qidasıdır. Cəhalət girdabında çabalayan qəlb zəifləyir və bir gün məhv olur.
Qəlbin vəzifələrindən biri yəqinliyə aparan elmlər əldə etməkdir. Bu istiqamətdə çalışan qəlb güclənir. Bütün qüvvələr iş vasitəsi ilə gücləndiyi kimi, qəlb də müsbət fəaliyyətlər vasitəsi ilə güclənir. Amma qəlb öz xüsusi qidasını qəbul etməlidir. Bəzi qidalar orqanizmə zərərli olduğu kimi, qəlb üçün də arzuolunmaz qidalar vardır. Qəlb mənəvi qidalar vasitəsi ilə güclənir, onun dərki, elmi, mərifəti və yəqinliyi artır.
Digər bir tərəfdən, qəlbin necə qüvvətləndirilməsi sualına vəsiyyətin növbəti cümləsi cavab ola bilər: “və nəvvirtu bilhikməti (hikmətlə işıqlandır).” Demək olar ki, əksər ayələrdə və rəvayətlərdə hikmət deyilərkən əməli hikmət, əməli maarif nəzərdə tutulur. Amma əvvəlki “yəqinliklə gücləndir”) tövsiyəsində nəzəri maarifdən danışılırdı. Əməli hikmət dedikdə, insanın əməlində zahir olan yəqinliklər nəzərdə tutulur. Nəzəri hikmət isə insanın qəlbini gücləndirən həqiqi etiqadlardan ibarətdir. Şəkk vəziyyətində qalıb, həqiqətlərin qəbulunda tərəddüd edən qəlb zəifdir. Şübhə küləkləri bu qəlbi daim titrədir. Amma yəqinliyin daxil olduğu qəlb sabitdir və küləklər qarşısında dözümlüdür. Yəni heç bir şəkk-şübhə bu qəlbi titrədə bilmir. Çünki bu qəlb yəqinlik maarifi ilə möhkəmlənmişdir. Şəkkə düşən qəlb isə zərif budaq tək yüngül mehin də təsirindən hərəkətə gəlir. Şübhələr qarşısında möhkəm dayanacaq, süstləşməyəcək, iztirab keçirməyəcək qəlb istəyiriksə, yəqinlik əldə etməliyik.

HİKMƏT, BATİN NURU
Qəlbin digər bir sifəti onun işıqlı və ya qaranlıq olmasıdır. Əməli və nəzəri hikmətdən məhrum olan qəlb qaranlıqdır. Bu qəlb nə edəcəyini, nəyə inanacağını bilmir. Qəlbi işıqlandırmaq üçün hikmət qazanmaq lazımdır. Onu işıqlandırmaq üçün hikmətə ehtiyac var. Qəlb həm möhkəm, həm də nurani olmalıdır. Çünki bəzən qəlb möhkəm olsa da, yol qaranlıq olduğundan hərəkət edə bilmir.
Quran ayələri və rəvayətlərdə, adətən, əməli hikmət kimi nəzərdə tutulan hikmət yolu işıqlandırır. Əməli hikmətdən faydalanan insan nə etməli olduğunu bilir. Amma qəlb nə qədər güclü olsa da, qaranlıqda qaldıqda hansı sifətlərə yiyələnməli olduğunu bilmir.
Bəli, qəlb nəzəri maariflə güclənir və şübhə tufanı onu yerindən oynada bilmir. Əməli hikmət sayəsində yol işıqlanır, qaranlıq sədlər aradan qalxır. “Qəvvihi bil-yəqini” tövsiyəsi yəqinliyin qəlbə faydasını təsdiqləyir. “Nəvvirhu bil-hikməti” tövsiyəsi isə əməli hikmətin qaranlığı yardığını sübuta yetirir. Quran ayələri müsbət rəftar dəlili kimi nuru tanıtdırır. Allah-taala buyurur: “Öldüyü halda diriltdiyimiz və xalq arasında dolanması üçün nur verdiyimiz kəs qaranlıqda qərq olub, ondan çıxa bilməyən kəs kimi ola bilərmi? Bu həmin nurdur ki, insan onun vasitəsi ilə cəmiyyətdə hərəkət edir.
Demək, insan nura möhtacdır və bu nur təqva sayəsində əldə olunur. Digər bir ayədə buyurulur: “Ey iman gətirənlər, Allahdan qorxun (təqvalı olun) və Onun Rəsuluna iman gətirin ki, Allah öz mərhəmətindən sizə iki pay nəsib etsin: yol ketməyiniz üçün sizə nur əta etsin və sizi bağışlasın.” (“Hədid” surəsi, ayə: 28) Həzrət Əli (ə) “hikmət vasitəsi ilə qəlbinizi işıqlandırın” buyurduqda, əməli hikməti nəzərdə tutur. İnsanı düzgün rəftara sövq edən əməli hikmətdir.
Əlbəttə ki, Əhli-beyt (ə) buyruqlarının əhatə dairəsi sonsuzdur. İnsan düşüncəsi bu dərinliyi dərk etməkdə acizdir. Məsum imamların (ə) buyruqlarının nurundan imkan daxilində çox istifadə olunmalıdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!