SƏADƏT YOLU - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “(Ey oğlum!) Bilmədiyini danışma, vəzifən olmayan iş barədə düşünmə, azmaq təhlükəsi olan yoldan imtina et, həqiqətən, azmaq təhlükəsi olan işdən əl çəkmək hövlnak işlər görməkdən üstündür. Yaxşı işləri əmr et, özün də yaxşılardan ol. Əlin və dilinlə xalqı çirkinlikdən çəkindir, pis iş görənlərdən uzaq olmağa çalış.” (“Nəhcül-bəlağə”)

SƏADƏTİN İLKİN ŞƏRTİ
Öncə qeyd etməliyik ki, vəsiyyətnamənin ümumi şəkildə ünvanlandığı şəxs etiqadlı müsəlmandır, vacib və haramlar haqqında məlumatlıdır. Belə şəxs, təbii ki, dini göstərişlərə əməl etmək fikrində olacaqdır. O, vəsiyyətnamənin ilk tövsiyəsi olan təqvaya bağlıdır, dini vəzifələrinə əməl edir. Bütün bunları yerinə yetirdikdən sonra belə bir sual ortaya çıxır: Axirətə çatmaq məqsədi ilə dünyadan necə səmərəli istifadə etmək olar? Dünyaya aldanıb, axirəti unutmamaq üçün nə etməliyik?
Həzrət Əli (ə) bu yolda ilk addım olaraq, bilmədiyimiz şübhəli işləri araşdırmağı, qaranlığa addım atmamağı, tərəddüddə olduğumuz məsələlər haqqında danışmamağı tövsiyə edir. Amma bilmədiyini danışmamaq məsələsi öz-özlüyündə müstəqil bir mövzudur.

HESABSIZ ZƏRƏR
Nəzərə almalıyıq ki, dünya həyatı misilsiz bir sərmayədir və bu sərmayə ilə əbədi səadəti əldə etməliyik. Belə düşünən insan dünya sərmayəsini havayı xərcləməməlidir. Qurani-Kərimdə bu sərmayə haqqında buyurulur: “Ey iman gətirənlər! Sizə şiddətli əzabdan xilas edəcək bir sərmayə göstərimmi?” (“Səff” surəsi, ayə: 10)
Başqa bir ayədə oxuyuruq: “Allah kitabını oxuyan, namaz qılan, verdiyimiz ruzidən gizli və aşkara xərcləyən kəslər ziyansız bir ticarət ümidindədirlər.” (“Fatir” surəsi, ayə: 29)
Gündəlik həyatda “müamilə”, “ticarət” kəlmələri ilə yaxından tanış olduğumuz üçün Allah-taala öz buyruğunda həmin kəlmələrdən istifadə edir. Əmirəlmöminin Əli (ə) da “axirətini dünyaya satma” buyruğunda eyni yolla gedir. Çünki insanlar “alış-veriş” kəlmələrini daha yaxşı anlayır və axirətin dünyaya satılması məsələsini bilirlər. Bizim gündəlik həyatımız alış-veriş üzərində qurulmuşdur. Daim nəsə verir və əvəzində başqa bir şey alırıq. Biz istəsək də, istəməsək də ömür xərclənib gedir. Amma insan çalışmalıdır ki, bu alış-verişlərdə aldanmasın. İnsan öz ömrünü boş yerə xərcləməməlidir.
Axı, hansı sərmayə ömürdən qiymətlidir?! Ən böyük nadanlıq, ağılsızlıq isə ömrü günaha xərcləməkdir. Günahkar insan ömür sərmayəsini verib, əvəzində əzab alır. Hansı ki, insan öz ömrünün əvəzində imkan qədərincə qiymətli əvəz almalıdır. Bəzən hər hansı bir məclisdə oturmuş şəxs bilmədiyi şeydən danışır, lovğalanır, bütün mövzularda meydan sulayır. Onun üçün söhbətin elmdən, sənətdən, şəriətdən, iqtisadiyyatdan getməsinin fərqi yoxdur. Özünü mütəxəssis kimi göstərib, ağzına gələni danışır. Əsassız, boş danışıq insanın xeyli enerjisini və vaxtını əlindən alır. Ömür faydasız yerə tələf olur. Belə işlərə sərf olunan ömrün əvəzi nədir? Dünyanın böyüklü-kiçikli bütün məsələləri haqqında fikir yürüdürük, hansı ki, həmin məsələlərin mahiyyətindən xəbərsizik. Zərrəcə məlumatımız olmayan məsələlər haqqında söz düşən kimi biz də nəsə deyirik. Bəzən mübahisə qızışır, səs-küy aləmi bürüyür. Görən, bütün bu qalmaqalların faydası nədir? Boş danışıq ömür sərmayəsini puça çıxaran minlərlə işlərdən biridir. Nə danışdığını özü də bilməyən insan nadanlıq girdabında çırpınır. Bu işin cahillik olduğunu hamı bilsə də, əksər cəmiyyətlər bu sayaq nadanlıqdan əziyyət çəkir. Ömür bada gedir, kin-küdurət artır. Ona görə də, həzrət Əli (ə) ömür sərmayəsini boş danışıqlarla hədərə verməməyi tövsiyə edir.
Deyilənlər danışığa aid idi. Əməl meydanında, digər sahələrdə də vəziyyət oxşardır. Bəzən elə işlərə müdaxilə edirik ki, bizə zərrəcə aidiyyatı yoxdur. Vəzifəmiz olmayan işlərə qarışmağın nə dünya, nə də axirətimiz üçün heç bir faydası yoxdur. Hətta bu işlər bizi zərərə də sala bilər. Bütün bunları bilə-bilə çarəsizmiş kimi özümüzə aid olmayan işlərə müdaxilə edirik. Belə bir ruhiyyə insanı yolundan azdırır, ömür boş yerə sərf olur. Hansı ki, insan diqqətli olsa, həmin işlərin ona aid olmadığını asanlıqla dərk edər.
Bəzən yaxşılığa əmr (əmr be məruf) və pisliyə qadağa (nəhy əz münkər), bir sözlə, həqiqətin təbliği vacib sayılır. Əlbəttə ki, ilkin şərtlər ödəndikdə, xalqı doğru yola çağırmaq, azğınlıqdan çəkindirmək çox yaxşı bir işdir. Xalis niyyətlə, səmimi qəlbdən bu işi görmək tərifəlayiqdir. Amma bizim müdaxiləmiz təsirsiz olduqda, hər hansı bir işə qarışmağımız ağılsızlıqdır. İnsan öz həyat məqsədinə çatmaq üçün durmadan hərəkət etməlidir. Bu hərəkət zamanı insan azmamaq üçün daim ehtiyatlı olmalıdır. Hər hansı məqsədlə hədəfə doğru hərəkət edən insan düz yoldan çıxıb, “inşallah, çataram” desə, onu ağıllı saymaq olarmı?! Şübhəli yola üz tutan insanın niyyəti də şübhəlidir. İşıqlı yolu buraxıb, qaranlıq yola düzələn insan mənzilə çatmasa, kimi danlamalıdır? Demək, sərmayəmizi elə bir yolda sərf etməliyik ki, yanlışlığa düçar olmayaq.
Həzrət Əlinin (ə) buyuruğuna diqqət edin: “Bilmədiyini danışma.” Başqaları mübahisə etdiyi zaman bilmədiyiniz məsələlərə müdaxilə etməyin. Çünki bu müdaxilə zərər gətirəsidir. Belə bir müdaxilə elmi mübahisə çərçivəsindən xaricdir. İnsanın bilmədiyi məsələ barəsində mühakimə yürütməsi, fətva verməsi olduqca zərərli bir işdir. Məsələn, tibbə aid yanlış bir məsləhət xəstənin halını ağırlaşdıra bilər, hətta onun ölümünə səbəb olar. Bilmədiyini danışmağın zərəri çəkilən misalda aşkar görünür. İnsan boş söhbətlərə sərf etdiyi vaxtı elm öyrənməklə məşğul olsaydı, necə də böyük müvəffəqiyyətlərə nail ola bilərdi!
Vəsiyyətnamənin davamında Həzrət (ə) buyurur: “Vəzifən olmayan iş barədə düşünmə.”
Bəli, insan yalnız vəzifəsi haqqında düşünməlidir. İnsan bəzən fərdi və ictimai həyatda hansısa işlərə vəzifəli olduğuna əmin olur. Ona görə də, öz vəzifələrini yerinə yetirir. Bəzən isə o, müəyyən məsələlərin həllində özünü aciz görür, anlayır ki, bu məsələlərə təsir gücünə malik deyil. Əlbəttə ki, belə məsələlər haqqında düşünməyə də lüzum yoxdur. Onu da nəzərə almalıyıq ki, insanın bir işə vəzifəli olub-olmamasında coğrafi məsafənin heç bir rolu yoxdur. İnsan öz evinin içində hər hansı bir işə vəzifəli olmaya da bilər. Amma dünyanın o biri başındakı bir problemin həlli onun intizarında olar. Yox əgər hər hansı bir iş vəzifəmiz deyilsə, o barədə düşünməyə dəyməz. Misal çəkək: ər otaqdakı pərdələrin, xalıların, mebelin seçiminə və düzülüşünə etiraz etməməlidir. Bütün bu işlər evin xanımının ixtiyarındadır və ər həmin işlərə müdaxilə etməməlidir. Çox yaxşı olar ki, evin səliqəsi xanımın ixtiyarına verilsin. Bir sözlə, insan öz vəzifəsi haqqında düşünməli, ağlını boş yerə sərf etməməlidir. Yersiz müdaxilələr enerji və vaxt israfından əlavə ixtilaflara da səbəb olur.
Çox təəccüblüdür ki, saatlarla vaxtını boş düşüncələrə sərf edən insan vaxt darlığından şikayətlənir. Bəli, əsl vəzifəsinin icrası üçün insana 24 saat azlıq edir. Bununla belə, o, boş işlərə xeyli vaxt sərf edir, vəzifəsi olmayan işlərlə məşğul olur. Ona görə də, Həzrət (ə) buyurur: “Azmaq qorxusu olan yoldan imtina et.”
İnsan bəzən hara gedəcəyini müəyyənləşdirdikdən sonra qarşısında iki yol görür: yollardan biri məqsədə doğru aparır, digəri isə şübhəlidir. İkinci yolun insanı azdıracağı qorxusu var. Bu vaxt etibarlı yolu seçmək lazımdır. Şübhəli yola üz tutmaq ağılsızlıqdır. Şübhəli yolla getməkdənsə, dayanmaq daha yaxşıdır. Həzrət Əli (ə) buyurur: “Həqiqətən, azmaq qorxusu ilə bir işdən əl çəkmək hövlnak işlər görməkdən üstündür.”
Əyri yolla gedən şəxs ən yaxşı halda durduğu yerə çatacaq və yenidən hərəkətə başlamalı olacaq. Amma əyri yolda elə uçurumlar ola bilər ki, insan həlak olar və kimsəni məzəmmət edə bilməz.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: QURAN, HƏDİS, NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!