SƏADƏT YOLU - 2

:

DÜŞÜNCƏ SÜQUTU...
“Sizə aid olmayan işlərə qarışmayın, məsul olmadığınız işlərə müdaxilə etməyin” deyəndə, bəziləri elə başa düşürlər ki, cəmiyyətdə hərə özü üçün yaşamalıdır. “İsanın dini özü üçün, Musanın dini özü üçündür.” Elə əvvəllər də müsəlmanlar və qeyri-müsəlmanlar arasında belə bir təfəkkür olmuşdur. Bu yanlış münasibət indi də davam edir və müasir qərb mədəniyyətində özünü bariz şəkildə göstərir.

Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər, özünüzü qoruyun. Siz doğru yolda olsanız, azanlar sizə heç bir zərər yetirə bilməzlər”. (“Maidə” surəsi, ayə: 105)
Bu sözləri eşidən bəzi müsəlmanlar elə başa düşürlər ki, qurtuluş tənhalıq və xanənişinlikdədir. Onlar bir guşədə ibadət edib, başqalarının işinə qarışmamaq qərarına gəldilər. Bugünkü sufilər firqəsində həmin baxış yaşamaqdadır. Bu yanlış baxışın kökləri uyğun buyruqların səhv anlaşılmasından qidalanır. Qərb mədəniyyətində hökm sürən biganəlik isə başqa bir batil düşüncəyə əsaslanır.
Bildiyimiz kimi, qərbin, küfr dünyasının bütü “azadlıq” şüarıdır. Onlar elan edirlər ki, istədiyinizi edin və başqalarının işinə qarışmayın. Guya, yalnız istədiyi kimi yaşayan insan azaddır. Uyğun ağılsız baxış elə bir həddə güclənmişdir ki, qərb və qərbyönlü ölkələrdə homoseksualizm qanuniləşdirilir. Arvadlıq tələb edən kişilərin müdafiəsi üçün nümayişlər keçirilir. Bu gün mədəniyyət simvolu hesab olunan ölkələrdə kişinin kişi ilə evlənməsi qanuni işdir. Onlar xalqa belə bir azadlıq verdikləri üçün fəxr edirlər. Hansı ki, bir şəxsin o birinə nəsihət verməsi ədəbsizlik sayılır.
Bəzi müsəlmanlar isə İslamın əxlaqi göstərişlərini yanlış dərk edərək, qərara gəlirlər ki, insanın cəmiyyət qarşısında heç bir vəzifəsi yoxdur və hərə özü üçün yaşamalıdır. Guya, insan heç kimsənin işinə qarışmamalıdır. Bəzi cəmiyyətlərdə isə uyğun baxış qanuniləşdirilir və hərə istədiyi kimi yaşayır. Başqalarının azadlığına maneçilikdən başqa hər şey düzgün sayılır. İslam bu baxışların heç birini qəbul etmir. Çünki dində “əmr be məruf” və “nəhy əz münkər” (yaxşılığa əmr və pisliyə qadağa) vacib göstərişlər sırasındadır. Bəzi rəvayətlərə əsasən, “əmr be məruf” namazdan da mühümdür. Çünki “əmr be məruf” olmayan cəmiyyətdə namaz da yoxdur. Dini göstərişlərin icrasında “əmr be məruf”un rolu müstəsnadır. İmam Baqir (ə) buyurur: “Həqiqətən, “əmr be məruf” və “nəhy əz münkər” peyğəmbərlərin yolu, salehlərin üsuludur. O, elə bir mühüm fərizədir ki, digər fərizələr onunla davam tapır.” (“Vəsailüş-şiə”, c. 11, səh. 395)
Sözsüz ki, “əmr be məruf” fərizəsi bir guşədə ibadətə məşğul olan sufinin baxışları ilə uyuşmur. İslam buyurur ki, insanın həm özünə, həm də başqalarına aid vəzifələri vardır. Əlbəttə, hər bir vəzifənin şərtləri mövcuddur. Şərtlər ödəndikdə vəzifə vacib olur. Dini vəzifənin vacib olmasında dünya mədəniyyəti, şəxsi rəy heç bir rol oynamır. Həzrət Əli (ə) “vəzifən olmayan iş barədə düşünmə” deyərkən “əmr be məruf” kimi qəti vəzifəni nəzərdə tutmur. Həzrət (ə) vəzifə sayılmayan iş barədə düşünməməyi tapşırır. Hansı ki, “əmr be məruf” ilahi vəzifədir və bizi cəmiyyət qarşısında vəzifəli edir. Həzrət (ə) öz vəsiyyətində “əmr be məruf”a dəvət etməklə şübhələri aradan qaldırır. O, buyurur: “Yaxşı işləri əmr et, özün də yaxşılıq əhlindən ol.”

“ƏMR BE MƏRUF” PEŞƏ DEYİL
“Əmr be məruf”, yəni müsəlmanın başqalarını yaxşı işlərə dəvət etməsi təkcə cəmiyyətə yox, fərdin özünə də faydalıdır. Çünki yaxşılığı təbliğ edən şəxs istər-istəməz özü də yaxşılığa çalışır. Amma bu o vaxt baş verir ki, “əmr be məruf” ilahi bir vəzifə kimi icra olunsun. Təəssüf ki, bəzən bu dini vəzifə peşə kimi başa düşülür. Belə olur ki, bir insana əcr, əvəz müqabilində təbliğ etmək tapşırılır. Allaha yox, əvəzə görə “əmr be məruf” edən şəxsin qəlbi həmin hissləri yaşamadığından o, gördüyü işdən mənəvi fayda götürə bilmir. Digər bir tərəfdən, “əmr be məruf” edən şəxs özü günahkardırsa, onun sözlərinin elə bir təsiri olmayacaq. Çünki bu şəxs “əmr be məruf”a ilahi vəzifə kimi yox, peşə kimi baxır. Allah-taala belələrini məzəmmət edir: “Siz insanlara yaxşı işlər görməyi əmr etdiyiniz halda, özünüzü unudursunuz?” (“Bəqərə” surəsi, ayə: 44)
“Əmr be məruf”u şəri vəzifə bilənlər isə bu yolda hətta canlarından keçməyə hazır olurlar. Onlar öz vəzifələrini yerinə yetirmək üçün bütün qüvvələrini işə salırlar. Belə bir əmr be məruf həm cəmiyyətə, həm də fərdə xeyirlidir. Yuxarıda zikr olunmuş ayə, təbii ki, belə müsəlmanlara şamil edilmir.
Digər bir nöqtə budur ki, “əmr be məruf” təkcə dilə aid olan vəzifə deyil. İnsan bəzi şəraitlərdə sözünü əmələn təsdiq etməli olur. Elə məqamlar yarana bilər ki, çirkin bir işin qarşısını almaq lazım gələr. Amma nəsihət yolu ilə günahkara təsir etmək və ya əmələn günahın qarşısını almaq mümkün olmadıqda, insanın qarşısında bir yol qalır. Həzrət Əli (ə) həmin yolu göstərərək buyurur: “Pis iş görənlərdən uzaq olmağa çalış.”
“Əmr be məruf” və “nəhy əz münkər” gücü olmayan şəxs günah əhlindən uzaqlaşmalıdır. Əks-təqdirdə onların mənfi təsirinə məruz qalasıdır. Günahkarla yaxınlıq nəticəsində insanın günaha baxışı dəyişir, pis işlər yaxşı görünməyə başlayır. Ona görə də, belə bir yaxınlıq qadağan olunur.

ALLAHIN ETİBARLI PƏNAHI
İmam Əli (ə) oğlu imam Həsənə buyurur:
“(Ey oğlum!) Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən özünü çox möhkəm bir sığınacağa tapşırmış olarsan. Arzularını yalnız öz Allahından istə. Bağışlamaq və məhrum etmək Onun əlindədir. Daim Allahdan xeyir istə. Vəsiyyətimi yaxşı dərk et. Diqqətsizlik və etinasızlıqla onun kənarından ötüşmə. Çünki ən yaxşı söz, həqiqətən, ən faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt xeyirli deyil. Layiq olmayan elmi oxumaqla bir fayda əldə olunmur.” (“Nəhcül-bəlağə”)
Dünya həyatı bəlasız ötüşmür. Şübhəsiz, hər bir insan çətinliklərlə üzləşir. Hadisələrlə üzləşən zaman hazırlıqlı olmaq çox mühümdür. Hər bir insan bəlalarla üzləşməzdən əvvəl öz düşüncə və əməl fəzasında həmin bəlalar üçün yer hazırlamalıdır. Belə olduqda, insan bəlaya təslim olaraq var-yoxunu əlindən vermir. Bəlaları zərərsizləşdirəcək amilləri əvvəlcədən tanımaq lazımdır. Əks-tədbir görən insan bəlaların hücumundan xilas ola bilir. Buna görə də, bəla növlərini müəyyənləşdirmək, təsirli amilləri tanımaq zəruridir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: QURAN, HƏDİS, NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!