SƏADƏT YOLU - 3

:

TƏHLÜKƏNİN NÖVLƏRİ
İnsan öz həyatında bir çox düşmənlərlə üz-üzə gəlir. Bəzi təhlükələr onun həyatını, var-dövlətini hədələyir. Bəzən şəxsiyyət, bəzən isə ruh və qəlb düşmənə hədəf olur. Həm nəfs, həm də insan və cindən olan şeytanlar hücuma keçir. Məqsəd əqidəni puça çıxaracaq şübhələr yaratmaq, əxlaqı korlamaqdır. İnsan əbədi axirət səadətini məhv edəsi rəftara sövq olunur. Təhlükə dərəcəsi insanın mərifətindən asılıdır.

Mömin şəxs üçün mənəvi təhlükələr daha qorxuludur. Mömin insan günaha batmaqdan daha çox qorxur. O, dərk edir ki, günahın vurduğu ziyanı aradan qaldırmaq çətin olur. İstənilən maddi zərər ödənə bilər. Eyni zamanda dünyəvi zərər əbədi axirət səadətinə çatmaq üçün də ola bilər. Maddi çətinliklər çox vaxt düşüncəyə, mənəvi tərəqqiyə yardımçı olur. Ona görə də, dünyəvi çətinlik mömini bir o qədər də narahat etmir. Maddi zərər mənəvi zərərlə müqayisədə olduqca əhəmiyyətsizdir. Amma insanların iman dərəcəsi fərqli olduğundan çoxları dünyəvi zərərdən daha çox qorxur. Məsələn, çoxlarını ağır xəstəlik günahdan daha çox narahat edir. Bu münasibət mərifət və imanın zəifliyindən yaranır. Amma iman nə qədər zəif olsa da, insan heç vəchlə onu itirmək istəmir.

TƏHLÜKƏ İLƏ MÜBARİZƏDƏ İMANIN ROLU
Bəs, təhlükələrdən qorunmaq üçün hansı tədbirlər görülməlidir? Bir çox təhlükələrin yaranmasında bizim də rolumuz var. Əksərimiz ciddi təhlükələrlə üzləşərkən zəiflik göstərir, çıxış yolu tapa bilmirik. Məsələn, zəlzələ olduqda, xəstəliklə üzləşdikdə, qurtulmaq asan olmur. İnsan özünü aciz gördükdə sığınacaq axtarır. Əksər insanlar belə problemlərlə üzləşirlər.
Bəli, insan daim təhlükə hədəfidir. Təhlükəni hiss edən insan özünü qorumaq üçün vasitə axtarır. Bu axtarış onun iman dərəcəsindən asılıdır. Əksər insanlar çətinlik zamanı Allahı xatırlayır. Çünki o, Allahdan qüdrətli varlıq tanımır. İnsan inanır ki, bütün güclülər öz gücünü Allahdan alır. Əgər insan mağaraya sığınırsa, bu mağaranı da vücuda gətirən Allahdır. Bütün şəfaverici otlar Allah tərəfindən yaradılmışdır. Güclü iman sahibləri heç vaxt ümidsizləşmir, daim Allaha təvəkkül edirlər. Cücə öz anasının qanadları altına sığındığı tək, mömin insan da Allahın rəhmətinə sığınır.
Zəifimanlı insanlar isə çətinliklə qarşılaşarkən öncə yaxın ətrafda kömək axtarırlar. Belələri xəstələnərkən, adətən, əvvəlcə həkimə müraciət edirlər. Həkimi aciz gördükdə Allahı xatırlayır, Ondan yardım diləyirlər. Dünyəvi vasitələri gücsüz görən insan məsum imamlara (ə) təvəssül edir, onları Allahla öz aralarında vasitə seçirlər. Bütün bunlar insanın imanının zəifliyini göstərir. Əslində imanlı şəxs təhlükə hiss edən kimi Allaha üz tutmalı, Onun misilsiz qüdrətindən faydalanmalıdır. Allah insanı bütün bəlalardan hifz edə biləcək yeganə varlıqdır. Allahın qüdrəti qarşısında bütün qüvvələr acizdir.
Əlbəttə ki, Allahın əmri əsasında təbii vasitələrdən də yararlanmalıyıq. Xəstələnərkən həkimə müraciət etməmək, dərmandan imtina etmək düzgün deyil. Zəlzələ, sel vaxtı Allaha təvəkkül etməklə yanaşı tədbir tökmək də zəruridir. Təbii vasitələri də Allah yaratmışdır. Onlardan istifadə edilməsi ilahi vəzifədir. Çətinliklər, xəstəliklər zamanı təbii vasitələrin köməyi Allahın hikmətidir.
İnsan təhlükə zamanı öz iman səviyyəsinə uyğun sığınacaq axtarır. Diqqətin sığınacağa yönəlməsində mərifət də rol oynayır. Bu diqqət özü imanı gücləndirən amildir. Çünki iman və mərifətin artmasında diqqət, düşüncə böyük rol oynayır. Diqqət və düşüncə qəlbdə yeni hal yaradır, münasib rəftar imanı gücləndirir. Ona görə də, Əmirəlmöminin buyurur: “Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən özünü çox möhkəm bir sığınacağa tapşırmış olarsan.” Bəli, düşmən qarşısında gücə ehtiyac duyarkən Allah-taalaya sığınanlar heç vaxt məğlub olmur.

ALLAHDAN VƏ BAŞQALARINDAN KÖMƏK İSTƏYİ
İnsan yalnız təhlükə vaxtı yox, adi vaxtlarda da xeyir əldə etmək üçün Allaha sığınmalıdır. Çünki bütün işlər, bəlaların dəfi də, nemətə çatmaq da Allahın əlindədir. Qeyd etməliyik ki, həm əməl meydanında, həm etiqad sahəsində Allahın dərgahına üz tutmaq zəruridir. Əlbəttə ki, qəlbin halı daha mühümdür. Təhlükə və ehtiyac hiss edən insan bütün varlığı ilə Allaha üz tutmalıdır. Məsələn, insan nəfəs almaq üçün havaya ehtiyac duyursa, unutmamalıdır ki, havanı onun ciyərinə çatdıran Allahdır. Allah insana güc verməsə, insan göz qapaqlarını hərəkətə gətirə bilməz. İnsan beyninə dərketmə qüvvəsi verən Allah deyilmi?!
Belə bir ruhiyyə Allahın xalis bəndələrinə xasdır. İxlas odur ki, insan vücudunda Allahdan qeyrisinə etimad olmasın. Həqiqi bəndə yalnız Allaha ümid bağlamalı, yalnız Allahdan çəkinməlidir. Ona görə də, Həzrət (ə) “arzularını yalnız öz Allahından istə” buyurur. İnsan qəlbən inanmalıdır ki, onun istəklərini yalnız Allah yerinə yetirməlidir. Əgər Allah əmr edirsə ki, hansısa təbii vasitələrdən istifadə edilsin, insan Allahı unudub həmin vasitələrə bağlanmamalıdır. Qəlb daim Allahı düşünməli, hər şeyi Ondan istəməlidir. Həzrət (ə) buyurur: “Bağışlamaq və məhrum etmək Onun əlindədir.”
İnsan bir şəxsə inandıqda, çətinlik zamanı məhz ondan kömək gözləyir. Ümidi puça çıxmış insan tənhalıq hiss edir. O, kömək gözlədiyi şəxsin diqqətini cəlb etmək üçün təvazö göstərir, özünü sındırır. Məqsədinə çatmaq üçün həmin şəxsin razılığını əldə etmək istəyir. Bundan ötrü onun əlini öpür, qarşısında ikiqat əyilir. Amma Allaha və Onun qüdrətinə inanan insan başqalarına yox, məhz Allahın hüzurunda təvazö göstərir, müti olur. Yalnız Allahı sığınacaq hesab edən bəndə özü kimi insanlara münasibətdə Allah əmrini əsas götürür. Məsələn, Allah-taala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur.” (“İsra” surəsi, ayə: 23)
Əgər insan öz ata-anası qarşısında təvazö edirsə, bu təvazö Allahın əmrinə əsaslanır. Əslində belə bir təvazö Allah qarşısında təvazödür. Amma çıxış yolunu yalnız və yalnız başqalarına əyilməkdə görmək Allaha şərik qoşmaqdır. Yəni belə bir insan öz taleyində Allahla bərabər başqalarını da təsirli bilir. Zəiflik onun ruhuna hakim kəsilir. Allah isə öz bəndəsini zəif görmək istəmir. Allah insanı özü kimi yaranmışlara qul olmamağa çağırır. Yalnız ilahi hikmət səbəbindən məsumlar qarşısında, valideyn önündə təvazö caizdir. Allah nəzərində hörmətli şəxslərə ehtiram Allaha ehtiramdır.
Beləcə, kiminsə önündə dünya nemətlərinə görə əyilmək şirk, Allaha şərik qoşmaqdır. Allah öz bəndəsinin bu şəkildə alçalmasını istəmir. Quranda buyurulur: “Həqiqətən, xalis din Allah üçün olan dindir.” (“Zümər” surəsi, ayə: 3)
Başqa bir ayədə oxuyuruq: “Əmr edilmədimi ki, dini yalnız Allaha aid edərək Ona ibadət etsinlər?” (“Bəyyinə” surəsi, ayə: 5)
Həzrət Əli (ə) də bu əsasla “arzularını yalnız öz Allahından istə” – deyə buyurur. İnsan öz əməlində riyaya, Allahdan qeyrilərinin razılığına yer verdiyi qədər öz dəyərini aşağı salır. Qatqı qızılın dəyərini saldığı kimi, riya da insanın qiymətini endirir. Qızıl kimi, insanın da dəyəri onun xalisliyindədir. Allah Öz bəndəsinin xalis, qatqısız olmasını istəyir. Xalislik yolu ilə kamala çatan bəndə Allaha yaxınlaşır. Bəndələrinin xalisliyini, kamilliyini istəyən Allah onu şirkdən çəkinməyə, ixlaslı olmağa çağırır. Nemətlərin Allah ixtiyarında olduğuna inanan şəxs Allahdan başqa digər birinin qarşısında əyilmir. Övliyalara təzim isə yalnız Allahın əmri əsasında mümkün olur. Allah-taala bu məsələni aydınlaşdıraraq buyurur: “Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa heç kəs qurtara bilməz...” (“Yunus” surəsi, ayə: 107)
Xeyir də belədir, şübhəsiz! Bu ayədə Peyğəmbərə (s) müraciət olunsa da, məqsəd bütün insanları xəbərdar etməkdir. Axı, Peyğəmbərin (s) mərifəti bizim mərifətimizdən çox-çox dərindir. Allah-taala buyurur ki, sizə zərər yetirmək istəsəm, yenə də kimsə buna mane ola bilməz; bəs, nə üçün qəlbiniz başqalarına tərəf yönəlir?! Başqalarında olan hansı şey Allahda yoxdur?! Allahını tanıyan bəndəyə layiqdirmi ki, başqalarına üz tutsun?! Biganələrin qapısında boyun büküb, məhbubdan uzaq dayanmağın əsası nədir?! Ehtiyacsızın qapısından yan keçib, möhtacların qapısını döyüb, nəsə istəmək ağıllı işdirmi?! Kimdə nə varsa, Allahın əmanətidir. Nemət sahibi ola-ola, həmin nemətdən pay umana ağız açmağa dəyərmi?! Belə bir münasibət nadanlıq deyilmi?! Ağıllı iş isə budur ki, “arzularını yalnız öz Allahından istə. Bağışlamaq və məhrum etmək Onun əlindədir.”

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: QURAN, HƏDİS, NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!