ÜSTÜNLÜK TƏLƏBİNİN KÖKLƏRİ - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Gözlə ki, tərslik və inadkarlıq miniyi dəlisov at kimi səni götürüb, fəlakət girdabına yuvarlatmasın! Bir günaha batdıqda, onu tövbə ilə yumağa tələs!”

Həzrət (ə) bu şərif ifadələrində diqqətimizi tərsliyin və tövbəni təxirə salmağın təhlükəsinə yönəldir. Biz belə bir təhlükədən olduqca dərin qəflətdəyik. Biz tərslik və inadkarlıq xüsusiyyətini daha çox uşaqlarda müşahidə edirik. Bəzən insan elə uşaqlıq dövründən bir məsələnin üzərində inadkarlıq göstərir, tərslik edir. Onlara məsləhət verildikdə müxalif olur, təkid etdikdə daha sərt münasibət nümayiş etdirirlər. Onlar heç vəchlə öz qərarlarını dəyişmək istəmirlər. Əlbəttə ki, belə bir xasiyyət insanın xarakterinə hopduqda, təkcə uşaq oyunlarına təsir göstərmir. Əksinə bu xasiyyət gənclik, orta yaş dövrü, hətta qocalıqda da öz işini görür, insanın həyatını öz təsiri altına salır. Olsun ki, çoxları bu çirkin sifəti özlərində görə bilmirlər.

İSTƏKLƏRİN TƏMİNİNDƏ ORTA HƏDD-”ETİDALIN” GÖZLƏNİLMƏSİ
İndi isə bu nöqtəni araşdırmalıyıq ki, insanda belə bir ruhiyyəni, çirkin sifəti yaradan nədir? Nə üçün insan səhv bir iş gördükdə, inadkarlıq göstərir və istəmir ki, ona qarşı çıxılsın? Nə üçün səhvin etiraf edilməsi insan üçün bu qədər çətin olur?
Uşaqlarla sıx ünsiyyətdə olanlar yaxşı bilirlər ki, uşaqlar öz səhvlərinə görə asanlıqla üzr istəyirlər. Böyüklər isə əksinə, inadkarlıq göstərir, öz nöqsanlı rəftarlarını davam etdirir, özlərini islah etmək istəmir və deyirlər: “Nə etmişəmsə, düz etmişəm...”
Belə bir rəftarın kökü bütün insanlarda mövcud olan özünəməhəbbətdir. Özünəməhəbbət hissi də başqa hisslər kimi orta həddə ola bilir, ya da ifrata, təfritə uğrayır. Orta həddə insanın özünü sevməsi nəinki pis deyil, əksinə lazımlı bir meyldir. Şübhəsiz ki, özünü sevməyən insan öz təkamülü üçün addım atası deyil, hətta öz canını qorumaq üçün də çalışası deyil.
Demək, insanın özünə məhəbbəti, həyatını davam etdirməyə çalışması heç də pis iş sayılmır. Əksinə insanın özünəsevgisi Allahın onu özünü qoruyub, kamilliyə çatması üçün qərar verdiyi bir hissdir. Əgər belə bir hiss olmasaydı, heç bir mövcud öz maddi və mənəvi tərəqqisi üçün çalışmazdı.
Bəli, belə bir istək zəruri və əhəmiyyətlidir. İkinci əhəmiyyətli məsələ bu istəyin qədəri məsələsidir. Bu xasiyyət də digər xasiyyətlər kimi orta həddən çıxıb, ifrata və ya təfritə varması yaxşıdır və insanın kamilləşməsi üçün zəruridir. Bu xasiyyətin xeyirli həddi müəyyənləşdirildikdən sonra başqa bir mühüm məsələ qalır: Bəs kamillik ölçüsü nədir? İnsan özü üçün nəyi kamillik hesab etməlidir?
Sözsüz ki, insan özünü sevir və daha kamil olmaq istəyir. Belə bir istəyin heç eybi yoxdur və müsbət qarşılanmalıdır. Amma kamilliyin nə olduğu müəyyənləşdirilməlidir. İnsan özü kamalın nə olduğunu bilmədikdə tanıma və mərifət kimi amillər onun köməyinə gəlir. Yəni kamilliyə doğru can atan insan kamillik ölçüsünü müəyyənləşdirmək üçün tanıma və mərifət amillərinə ehtiyaclıdır. Kamillik istəyi bu amillərlə müşayiət olunarsa, insanın səadəti təmin olunar.
Bir qisim meyil və istəklər insanda öz-özünə peyda olur və insanın həyatını öz təsiri altına alır. Məsələn, insanın həyat istiqamətinin müəyyənləşməsində təbii, irsi, ictimai amillərin rolu var. Hətta bəzən özündən xəbərsiz insanda həyat yolunu dəyişən meyillər yaranır. Demək, insan qarşısındakı yollardan onu həqiqi kamilliyə aparan düzgün yolu seçmək üçün tanıma, mərifət, düşüncə kimi amillərə ehtiyaclıdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, FİQH

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!