ÜSTÜNLÜK TƏLƏBİNİN KÖKLƏRİ - 2

:

İSTƏKLƏRİN TƏMİNİNİN TƏRBİYƏVİ TƏSİRİ
Allah-taalanın insana əta etdiyi digər bir qüvvə ondakı istiqlal və azadlıq meylidir. Sadə bir nümunə göstərək. Artıq ayaq üstə durub yeriməyə başlayan uşaq heç vaxt əlindən tutulmasını istəmir. Yəqin müşahidə etmisiniz ki, yeriməyi bacarmayan uşaq, adətən, ata-anasının əlindən tutmaq istəyir.

Amma elə ki, özü yeriməyi öyrəndi, ona əl uzatdıqda əlini gizləyib, köməkdən imtina edir. Böyüklər bu yaşda uşaqı yoldan keçirərək onun əlindən tutmağa çalışırlar. Amma uşaq tərslik göstərir, əlini verməyə heç cür razılaşmır. Çünki onda azadlıq, istiqlal istəyi var. Bu Allah-taalanın insana əta etdiyi istəkdir. Bu qüvvə də insandakı digər qüvvələr kimi normal həddə olarsa, çox yaxşıdır. Körpə uşaq məhz bu qüvvə istəyində inkişaf edir, özünə istinad etməyə başlayır. Amma bu qüvvə zəif, “təfrit” olduqda, uşaq daim başqalarından kömək umur, ata-anasının əlini buraxmır. İstiqlal hissi zəif olan insanlar problemlə rastlaşdıqda, onu müstəqil şəkildə aradan qaldırmağa cəhd etmirlər. Onlar daim başqalarından kömək gözləyir, ətrafdakılara ağız açırlar. Belələri mənəvi məsələlərdə də təpərsizdirlər. Çünki müstəqil şəkildə çalışmağı öyrənməmişlər. Onlar daim başqalarının kölgəsində keçinməyə vərdiş etmişlər.
Sözsüz ki, belə bir ruhiyyə xoşagəlməzdir. Çünki bu ruhiyyə insanı tüfeyli həyata sürükləyir. Digər bir tərəfdən, belə bir qüvvənin həddən artıq, ifrat olması da zərərlidir. Bu hiss ifrat olduqda, insan yeri gəldi-gəlmədi özünə güvənir, başqalarına ehtiyac duymur. Bu sifətin elə bir həddi də var ki, insan özünü hamıdan üstün tutub, allahlıq iddiasına düşə bilər. Əlbəttə ki, belə bir xüsusiyyəti doğuran cəhalətdir. Körpə uşaq küçədən tək keçməyin təhlükəli olduğunu anlamadığı kimi, özünə ifrat güvənən böyük də bəzi problemləri tək başına həll etməyin mümkünsüzlüyünü dərk etmir. Körpə əlini ata-anasının əlindən çıxarıb yolu köməksiz keçmək istəyir. Çünki onun azadlıq istəyinin həddi-hüdudu yoxdur, o anlamır ki, bəzi işlərdə hökmən köməyə ehtiyaclıdır. Bir sözlə, həm ifrat, həm təfrit olduqca zərərlidir. İnsanın azadlıq və istiqlal istəyi bəyənilmiş olsa da, bu sahədə ifrata varmaq olduqca təhlükəlidir. Əgər ata-ana uşağın bu hissinə nəzarət edib, onu tənzimləməsə, uşağın həyatını böyük təhlükələr hədələyir.
İnsanın istiqlal və azadlıq istəyinin təzahürlərindən biri onun xüsusi bir şəxsiyyətə malik olmasına inamıdır. Məsələn, bir söz dedikdə, bu sözün təsdiq olunmasını istəyir, arzu edir ki, əməl və rəftarları hamı tərəfindən qəbul olunsun. İnsanın özünün, əməl və rəftarlarının başqaları tərəfindən qeyd-şərtsiz qəbul olunması, onun təbii və fitri istəyidir. İnsanın dediyi sözlər yanlış sayıldıqda, rəftarı bəyənilmədikdə, təkliflərinə maraq göstərilmədikdə, o, bir növ cəmiyyət tərəfindən rədd edilmiş olur. Belə bir münasibət insanın təbii istəyinə ziddir. O, başqaları tərəfindən sevilməsini, ona hörmət göstərilməsini, hamı tərəfindən qəbul olunmasını istəyir. İnsanın bu təbii istəyi və meyli onun tərbiyəsi və kamilləşməsi yolunda istifadə olunmalıdır.
İnsan ilkin mərhələdə ata-anası və yaşıdları tərəfindən qəbul edilməsini istəyir. Növbəti mərhələdə o cəmiyyət tərəfindən qəbul olunmasını arzulayır. Amma vaxt ötdükcə anlayır ki, nəzərdə tutulduğu şəxslər tərəfindən dəyərləndirilməsi və qəbul olunması bir o qədər də mühüm deyil. Əsas məsələ Allah tərəfindən bəyənilmək və qəbul olunmaqdır.
İnsanın başqaları tərəfindən bəyənilmək istəyi pis iş deyil və insanın təkamülünün fitri amillərindən sayılır. Amma belə bir istək yalnız o zaman tərbiyə üçün faydalı olur ki, dini və əqli amillərə əsaslansın. İnsan bu meylində baş qaldırmış qüvvəyə onun dini və əqli amillərinə əsasən anlayır ki, Allah-taala tərəfindən bəyənilmək insanlar tərəfindən bəyənilməkdən qat-qat üstündür. İnsanın bütün səyləri kamillik zirvəsi olan ilahi razılığın qazanılması yolunda sərf olunmalıdır. Ona görə də, ata-analar və tərbiyəçilər tədricən bu fitri istəyi istiqamətləndirməyə çalışmalıdırlar. Uşaqlıq dövründə bu istək tələb edir ki, fərd öz yaşıdları tərəfindən bəyənilsin. Növbəti mərəhələdə insan bu meyil əsasında cəmiyyətə uyğunlaşmaq arzusunda olur. Çünki o güman edir ki, nəzərdə tutduğu adamlar üstündür və bu üstün insanların xoşuna gəlmək lazımdır.
Amma ata-ana və tərbiyəçi uşağa tədricən anlatmalıdır ki, heç də hamı eyni fikirdə deyil və hamı tərəfindən bəyənilmək mümkünsüzdür. Məsələn, uşaqlar bir şeyi, böyüklər isə tamam başqa bir şeyi xoşlayırlar. Uşağa anladılmalıdır ki, böyüklər tərəfindən bəyənilmək, uşaqlar tərəfindən bəyənilməkdən daha üstündür. İnsanda seçim düşüncəsi yarandıqdan sonra o kimin razılığının daha üstün olduğunu araşdırmağa çalışır.
Demək, bu fitri meyil tərbiyə olunub, tənzimlənərsə, ideal nəticələr əldə olunar. Uyğun meyli tərbiyə olunmamış insanlar təqlidçi və darbaxışlı olurlar. Aydın məsələdir ki, belə insanlar həmişə başqalarının hərəkətlərini izləyib, onları yamsılamağa çalışırlar. Çünki onun yeganə məqsədi körpə uşaq kimi ətrafındakıların razı qalmasıdır. Beləcə, yaşlı adam da eynən körpə uşaq kimi cəmiyyətin razılığı naminə çalışır. Amma bu fitri meyl düzgün tərbiyə olunarsa, insan anlayır ki, o öz məhbubunu, razı salmalı olduğu varlığı özü seçməlidir. Yəni başqalarının sevdiyini sevmək kökündən yanlış bir hərəkətdir. Düşüncəli insan üçün isə belə bir sual ortaya çıxır ki, kimin razılığı və sevgisi daha üstündür? Düzgün düşüncə və uzaqgörənliklə bu suala cavab tapanlar Allahın razılığını yaranmışların razılığından üstün tuturlar. O vaxt insanda elə bir hal yaranır ki, ilahi razılıqdan başqa heç bir istəyi olmur. Bir neçə ayəni nəzərdən keçirək: “O yalnız ən uca olan Rəbbinin razılığını qazanmaq üçün belə edər.” (“Ləyl” surəsi, ayə: 20) “Biz sizi ancaq Allahın razılığından ötrü yedirdirik. Sizdən nə bir mükafat, nə də bir təşəkkür gözləyirik.” (“İnsan” surəsi, ayə: 9) “Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə böyük mükafat verəcəyik.” (“İnsan” surəsi, ayə: 11)
Bu və digər ayələrdə “Allahın razılığı” ifadəsi insanın fitri meylini tərbiyələndirmək məqsədi ilə işlədilmişdir. İnsana anladılır ki, öz əməllərində başqalarının razılığını yox, yalnız Allahın razılığını gözləsin.
Belə bir vəziyyət insanın kamillik istəyində də mövcuddur. Bu meyli də tərbiyə etmək lazımdır. İnsanın öz şəxsiyyətini büruzə verməsi və bunu özü üçün kamillik hesab etməsi fitri və ilahi bir meyildir. Amma insana kamilliyə çatma yolu göstərilməlidir ki, həqiqi kamilliyi tanıya bilsin. İnsan bilməlidir ki, getdiyi kamillik yolu deyil və bu yolda qalıb tər axıtmağa dəyməz. İnsan bilməlidir ki, səhv etdiyi zaman məhz bu səhvi aradan qaldırmaq kamillikdir. İnsan batdığı günahdan dərhal tövbə etməli, bir şəxsə qarşı nahaq iş görmüşsə, üzr istəməli, hətta kimsə üçün zərərli olmayan səhvini təkrarlamamalıdır.
Əgər fitri meyil və daxili özünəməhəbbət istəyi kamillik istəyi ilə müşayiət olunarsa, insan düzgün rəftar yolunu tapa bilər. Bu halda insan tərslikdən əl çəkər, həqiqət axatarışı və həqiqətin qəbuluna üz tutar. Əlbəttə, belə bir halın çoxsaylı əsərləri vardır ki, onlar haqqında danışmaq söhbətimizin çərçivəsindən kənardır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: QURAN, NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!