ÜSTÜNLÜK TƏLƏBİNİN KÖKLƏRİ - 3

:

ÖZÜNƏMƏHƏBBƏT İSTƏYİNİN TƏMİNİNDƏ İFRATIN NƏTİCƏSİ
Yuxarıda deyilənlərdən aydın olur ki, insanda tərslik sifəti nə üçün və necə peyda olur, necə olur ki, insan öz yanlış yolunu davam etdirir. Əslində bu ruhiyyə insanın fitri bir istəyindən doğur. İnsan bu yolla bir növ öz kamilliyini nəzərə çarpdırmaq, şəxsiyyətini sübut etmək istəyir.

Ona elə gəlir ki, səhvə yol verməsi insanın şəxsiyyətini ləkələyir. Ona görə də, nə yolla olur olsun, öz əməlinə, rəftarına, sözlərinə həqiqət donu geyindirməyə çalışır. Bu ruhiyyənin nəticələrini bir qədər araşdırsaq, yaxşı olar.
Tutaq ki, dostlarınızla söhbət zamanı onlardan biri sizin fikrinizə qarşı çıxıb, “həqiqət mən deyəndir” söyləyir. Siz isə hər vəchlə sübut etməyə çalışırsınız ki, dostunuzun tənqidi düzgün deyil və sizin dedikləriniz həqiqidir. Etiraz yollarından biri budur ki, insan dediyi sözün üstündə durub mövqeyindən geri çəkilməsin. Yəni dediklərinin həqiqət olmadığını anladığı halda mövqeyindən geri çəkilmir, tərslik göstərir. Bu hal tərslik və inadkarlığın növlərindən biridir. Həyatımızda belə hallarla tez-tez qarşılaşırıq, amma bir o qədər də diqqətli olmuruq. Bəzən bu ruhiyyənin çox pis nəticələri olur. Bu sifət xarakterə hopduqda böyük fəsadlar ortaya çıxır. Əgər belə bir ruhiyyə insanın xarakterinə hopub, xasiyyətə çevrilmişdirsə, o dediyi bütün sözləri doğru hesab edir və heç vaxt səhvini etiraf etmir. Bu yersiz inadkarlığın çoxsaylı fərdi və ictimai fəsadları olur. Belə bir insan vəzifə kürsüsünə oturduqda, bir dəstə insana başçılıq etdikdə həm özünü, həm də ona tabe olanların azğınlığına səbəb olur. Belələrində inadkarlıq xasiyyətə çevrildiyindən heç zaman səhvlərini etiraf etmir, beləcə, xalqı azdırırlar. Bu ruhiyyə həmin uşaqlıqdakı tərslikdən qidalanır. Belə bir xarakterə malik insan prezident olsa belə, öz tərsliyindən və inadkarlığından əl çəkmir.
Yeniyetmə və gənclərin bu sahədə özlərini tərbiyə etmək üçün geniş imkanları və fürsətləri vardır. Tərslik və inadkarlıq, xarakterində kök atmayanlar özlərini bu təhlükədən qoruya bilərlər. Əgər özünüzdə belə bir xasiyyət görürsünüzsə, yəni səhvlərinizi etiraf etməkdə, onları aradan qaldırmaqda çətinlik çəkirsinizsə, bilin ki, olduqca təhlükəli bir yoldasınız və bu işin sonu olduqca pisdir.

TƏRSLİYİN ÇARƏSİ
Yaxşı olar ki, bir qədər də tərslik və inadkarlıq xasiyyətinin müalicəsi haqqında danışaq. Uyğun xəstəliyə düzgün müalicə təyin etmək üçün əvvəlcə təsəvvürümüzdə tərs və inadkar bir uşaq canlandıraq. Onunla necə rəftar edirsiniz? Əgər inadkarlıq göstərirsə, nə tədbir görərsiniz? Tutaq ki, bir uşaq xəstədir və orqanizmi üçün zərərli olan bir şey yemək istəyir. Ya da bu uşaq ona məsələhət görülməyən oyunlara qatılmaq üçün inadkarlıq göstərir. Əgər bu vaxt onunla baş-başa gəlsəniz, siz də inadkarlıq etmiş olarsınız. Belə bir münasibətin zərərini müəyyənləşdirmək çətindir. Amma ağıllı bir tədbir görmək istəsəniz, onun sevdiyi, maraqlandığı bir işi öz məqsədiniz üçün vasitə seçməlisiniz. Tutaq ki, həmin uşaq hansısa bir oyuncağı daha çox sevir və ya parkda, əyləncə yerlərində gəzməyi xoşlayır. Uşaq tərslik göstərib, bir işdən əl çəkmək istəmədikdə onun diqqətini başqa bir sevdiyi işə yönəltməyə çalışın. Onu xoşladığı yerlərdə gəzdirin ki, diqqəti əvvəlki işdən yayınsın. Amma uşaq inadkarlıqla zərərli bir şey yemək və ya zərərli bir iş görmək istəyirsə, siz ona sərt şəkildə qadağa qoysanız, uyğun rəftarınız uşaqdakı tərsliyi bir qədər də gücləndirəcəkdir.
Bu sayaq rəftarlarınızın ilkin zərəri yetərsiz tərbiyədir. Onu tutduğu səhv yoldan uzaqlaşdırmaq üçün yeganə doğru yol diqqətini ikinci maraqlı işə yönəltməkdir. Adətən, insan sevdiyi bir şeyin ardınca gedərkən yolda ikinci bir sevdiyi şeylə rastlaşarsa, əvvəlki istədiyi bir qədər zəifləyir. Əlbəttə ki, bu qayda təkcə tərsliyə aid deyil. Digər insani və heyvani meyillərdə də belə bir təzahür nəzərə çarpır. İnsanda baş qaldırmış hər hansı bir istəyi aradan götürmək asan iş deyil. Bu vaxt ən yaxşı yol diqqəti başqa bir maraqlı işə cəlb etməkdir. Şəhvət, qəzəb, eqoistlik kimi dəlisov miniklər tərsliyə başladıqda, onların qarşısını almaq çətin olur. İlkin mərhələdə çalışmaq lazımdır ki, bu istəklər çərçivədən çıxmasın. Məsələn, şəhvət qığılcımları alovlanıb tüğyan qopardıqda, onun qarşısını almaq çox çətin olur. Ariflər demişkən, şəhvət qazanını qaynamağa qoymayın. Bu qazan qaynamağa başladıqda, onu soyutmaq asan olmur. Qəzəb də belədir. Əsəblərinin qıcıqlandığını hiss edən insan bu hissi qızışdıran şəraitdən qaçmalıdır. Amma elə ki, qəzəb cuşa gəldi, onu soyutmaq ciddi bir problem olur. Tərslik də eyni səciyyədədir. İlkin mərhələdə onu cilovlamaq lazımdır. Əgər səhv bir söz deyilmişsə, bu səhvi dərhal aradan qaldırmaq nisbətən asan olur. Amma bu səhv ikinci dəfə naçarlıqla təkrarlandıqda, artıq bu ruhiyyəni kənarlaşdırmaq çətin olur. Ona görə də, insan ağzından çıxmış səhv sözün üstündə dayanıb, inadkarlıq göstərməməli, “mən belə demişəm, başqa cür də ola bilməz” deməməlidir. Ona görə də, nə qədər ki, tüğyan qopmayıb, özümüzü cilovlamalıyıq. Xüsusi ilə, mühakimə yürütməyə tələsməməliyik.
Elə ki, ağızdan bir söz çıxdı, bu sözü geri qaytarmaq çətin olur. Ona görə də, min ölçüb bir biçmək, düşünüb danışmaq, mühakimələrdə tələskənliyə yol verməmək lazımdır. Bu üsul tərsliyin qarşısını almaq və bu dəlisov atı cilovlamaq yollarından biridir. Bizdən bir söz soruşurlarsa tələsik cavab verməməliyik. Bir qədər düşünməklə yanlış sözlərdən pəhriz etməliyik. Çünki tələsik danışarkən səhvə yol vermək ehtimalı da böyük olur. İnsan səhvə yol verdikdən sonra bu səhvin qarşısını almaq xeyli çətin olur. Amma düşünüb danışdıqda tərslik və inadkarlıq üçün meydan daralır. Ona görə də, bütün rəftarlarınızda götür-qoy etməli, ən gözəl yolu seçməliyik. Əgər bizə bir iş təklif olunursa, bu barədə təqribən bir saat düşünsək, çox yaxşı olar. İmkan olduqda, hətta bir gün götür-qoy edib, sonra qəti qərara gəlmək lazımdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!