ZÜLMKARLIQ - II hissə

:

DININ ZÜLMKARLIQLA MÜBARIZƏSI
“Kəhf” surəsinin 59-cu ayəsində zülmkarların acınacaqlı aqibətləri haqda buyurulur: “O məmləkətlərin əhalisini zülm etdikləri zaman məhv etdik.”
Dini rəhbərlər daim ictimaiyyətin davam gətirib parçalanmamasına diqqət yetirmişlər. Cəmiyyətdə haqq-ədalətin bərqərar olunmasını qarşılarına yeganə məqsəd qoyaraq cəmiyyəti zülm və haqsızlıqlara qarşı mübarizəyə istiqamətləndirmişlər.

Möhkəm iradəyə yiyələnən bu şəxslər zülmkarlığı böyük günah hesab edərək, belə bir qeyri-insani xüsusiyyətə malik olan şəxsləri haqq-ədalət qarşısında diz çökməyə vadar etmişlər. Zülm və zülmkarlıq onların nəzərində o qədər böyük əhəmiyyət kəsb etmişdir ki, hətta Allaha şərik qoşmağı belə bir növ zülm hesab etmişlər.
Ümumiyyətlə, ədalətpərvər din rəhbərlərinin üsulu zülm və haqsızlıqlara qarşı mübarizə etməkdən ibarət olmuşdur.
“Hədid” surəsinin 25-ci ayəsində buyurulur: “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə [möcüzələrlə] göndərdik. Biz onlarla birlikdə [Allahın hökmlərini bildirən səmavi] kitab və ədalət tərəzisi [şəriət] nazil etdik ki, insanlar [bir-biri] ilə ədalətlə rəftar etsinlər.”
Müqəddəs İslam dininin ən başlıca məqsədi həyatın bütün sahələrində haqq-ədaləti bərqərar etmək olduğu üçün, öz davamçılarını heç nəyi və qarşı tərəfin kim olduğunu nəzərə almadan ədalət uğrunda mübarizə aparmağa vəzifələndirilmiş və kimlərə qarşı olursa-olsun, zülm və haqsızlığı kəskin surətdə qadağan etmişdir.
“Maidə” surəsinin 8-ci ayəsində buyurulur: “Ey iman gətirənlər! Allah qarşısında [borcunuzu yerinə yetirməkdə] sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır!”
 “Nisa” surəsinin 58-ci ayəsində isə Allah-taala ədalətli hökm çıxarmaq barədə buyurur: “İnsanlar arasında höküm etdiyiniz zaman ədalətlə höküm edin!”
İslam nöqteyi-nəzərində ədalət o qədər böyük əhəmiyyət kəsb edir ki, əgər hər hansı bir şəxs bütün müsbət xüsusiyyətlərə yiyələnər və bu xüsusiyyətə malik olmazsa, hakimlik vəzifəsini daşıya bilməz.
Valideynin üzərinə düşən ən başlıca vəzifələrdən biri də övladları arasında fərq qoymayıb onlarla eyni səviyyədə davranmalarıdır. Ailədə uşaqların ədalətsevər olub zülm və haqsızlığa adət etməmələri üçün onlarla ədalətlə rəftar olunmalı və birini digərindən nə üstün, nə də aşağı tutmaq lazımdır. Belə ki, ailə mühitində valideynləri tərəfindən ədalətsiz rəftarlar müşahidə edən uşaqlar heç vaxt ədalət kimi gözəl xüsusiyyətə yiyələnmirlər. Onlar ədalətdən uzaq olmaqla yanaşı, bir çox hallarda zülm və haqsızlığa üz tutur və başqalarının hüquqlarını tapdalayaraq cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsinə səbəb olurlar. Yaranmış belə bir şəraitdə nəinki cəmiyyət, hətta valideynlər belə öz övladlarından ədalətsiz rəftar və davranışlar görürlər. Bunun üçün də Peyğəmbər (s) bu mətləbə xüsusi diqqət yetirmiş və öz davamçılarına haqq-ədalətə riayət etməyi buyurmuşdur. "Övladlarınızın sizinlə hörmət və məhəbbətlə rəftar etmələrini istəyirsinizsə, onlara bir şey verdikdə ədalətə riayət edin!"
Bertrand Rassel deyir:
–İnsanın nəfsi buxar kimi daim çalxalanmaqda və genişlənməkdədir. Bu baxımdan da uşaqları tərbiyə etməkdə ən başlıca məqsəd xarici təzyiqləri onların şüur və təfəkküründə döymək və işkəncə etməklə deyil, adət, fikir və səmimi əlaqələr kimi canlandırmaqdadır.
Bu işdə lazım olan şey isə ədalətdir. Ədalət, elə bir məfhumdur ki, biz onu tədriclə uşağın adət və təfəkkürünə daxil etməliyik. Düzgün tərbiyəyə yalnız o zaman nail olmaq olar ki, həmin uşaqla birlikdə digər uşaqlar da tərbiyə olunsunlar. Baxıb görürük ki, uşaqlar hər hansı bir şeydən eyni vaxtda bir neçə nəfərin istifadə edə bilmədiyi şeylərdə bir-birləri ilə çəkişir və mübahisə edirlər. Məsələn velosiped sürmək. Əgər bir neçə uşağın ixtiyarında cəmi bir velosiped olarsa, onların hər biri ədalətə riayət edib ondan növbə ilə istifadə etməyi başa düşürlər. Lakin eyni zamanda onlardan hər biri velosipeddən yalnız özü istifadə etməsini istəyir. Amma qəribə burasındadır ki, böyüklər onların arasında növbə yaratdıqda tez bir zamanda onların narazılığına son qoyulur. Mən belə bir əqidədə deyildim ki, ədalət zati bir hissdir. Lakin bu hissi belə bir qısa müddət ərzində uşaqda yaratmağın mümkün olduğunu gördükdə təəccüb etdim. Əlbəttə ədalət, həqiqi ədalət olmalı və uşaqlardan biri digərindən üstün tutulmamalıdır. Əgər uşaqlardan birini digərindən çox sevərsinizsə, bunu büruzə verməyib gözləməlisiniz ki, onlara qarşı münasibətiniz eyni səviyyədə olsun. Onlar üçün oyuncaq aldıqda belə biri digərindən üstün tutulmamalı və bərabərliyə riayət etmək lazımdır. Bütün bunlara riayət etmədikdə isə sonrakı tərbiyə və əxlaqi tövsiyə heç bir müsbət nəticə verməyəcəkdir.
Peyğəmbər (s) buyurur: "Allahdan qorxun və başqalarının sizinlə gözəl davranmalarını istədiyiniz kimi, siz də övladlarınızla ədalətlə davranın!"
Əli (ə), Məhəmməd ibn Əbu Bəkri Misirə hakim təyin etdiyi zaman belə tövsiyə edir: "Misir camaatını qanadının altına al və hamı ilə gülərüz və mehribanlıqla davran. Üzlərinə nəzər saldıqda elə ədalət və bərabərliyə riayət et ki, şəhərin böyükləri bir gün onlara qarşı zülm və haqsızlıq edəcəyini güman etməsinlər, yoxsul və çarəsizlər də sənin ədalətindən ümüdlərini üzməsinlər!"
Allahın elçiləri haqq-ədalətin təməlini qoymuş və insani təkamülü meydana gətirmişlər. Əlinin (ə) xilafət dövründə bir gün böyük qardaşı Əqil onun yanına gəlir. Maddi vəziyyətindən gileylənib beytül-maldan payına düşən buğdadan bir batman artığını istəyir. Əli (ə), ona müsbət cavab verməyib qızdırılmış dəmiri ibrət üçün Əqilin bədəninə yaxınlaşdırır. Əqil uca səslə fəryad etdikdə Əli (ə) buyurur: "Anan yasına otursun! İnsanın qızdırdığı bu dəmir parçasından bu qədər qorxub fəryad edirsən. Bəs mən Allahın qəzəbindən şölələnən oda necə dözüm? Ola bilərmi ki, sən bədəninin əzabından fəryad çəkəsən, amma mən ruh və vicdanımın əzabına səbir edim?"
Sonra sözlərinə davam edərək buyurur: "And olsun Allaha! Əgər dünyanı bütün naz-nemətləri ilə birlikdə mənə verib əvəzində qarışqanın ağzından arpa qabığını almağımı istəsələr, heç vaxt buna razı olmaram. Sizin nəzərinizdə gözəl görünən dünya mənim nəzərimdə hər şeydən aşağıdır və mən dünya malına görə hətta qarışqaya qarşı belə haqsızlıq etmərəm."
Hüseyn ibn Əli (ə) zülm və haqsızlığa qarşı böyük bir inqilaba rəhbərlik etmiş və bu günkü günədək bəşəriyyət tarixinə nur saçan ədalət, insaniyyət və azadlıq sevərlik məktəbinin təməlini qoymuşdur.

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Tərcümə edən: İ. Əhmədov

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!