ALLAHIN LÜTFÜ VƏ ŞƏR MƏSƏLƏSİ

:

Sual: Allah-Taalanın məxluqlara lütfü (diqqəti) barəsində mütaliələrimdə bu lütfün qabiliyyət və bacarıq məsələsilə birgə bəyan olunduğunu, səbəb-nəticə qanununun zərurət olaraq heç bir şəraitdə dəyişdirilməsinin və hissələrinin bir-birindən ayrılmasının mümkün olmadığını müşahidə etdim.

Bu qanunu qəbul edir və soruşmaq istəyirəm ki:
1. Qabiliyyət məsələsində varlığın nöqsanlarla üzləşməsi obyektiv nizamın məcburi olmasından irəli gəlirmi?
2. Bir şəxs üçün qeyri-ixtiyari amillərin yaratdığı şərait Allah-Taalanın ədaləti ilə necə uyğun gəlir? Bir şəxs sabit və dəyişməz səbəb-nəticə qanununa əsasən, bir sıra qabiliyyətsizliklərlə üzləşir. O, buna görə etiraz edə bilərmi?
“İnayət” sözü failin (iş görənin) öz işinə diqqət yetirməsi mənasını veir. Belə ki, onun işi xeyirlə, yaxud xeyrin ən gözəl halında tamamlansın. Diqqət yetirmək lazımdır ki, insan barəsində işlədilən “inayət”in məfhumu hədəf və məqsəd baxımından Allah-Taalaya aid edilən mənadan tamamilə fərqlənir; yəni insanın öz işlərində “inayət”i – diqqəti malik olmadığı bir sıra mənfəətlərə çatmaq üçündür. Lakin Allah-Taala mütləq şəkildə kamil və zatən ehtiyacsız olduğundan, onun öz fellərinə diqqəti zatından üstün bir məqsəd daşımır.
Deyilənlərə diqqət yetirdikdə, məlum olur ki, Allah-Taalanın diqqəti bu mənadadır: O, fail və varlıq aləminin yaradanı kimi, məxluqları müqəddəs zatı və qüdrətinin göstəricisinə bir nümunə olduğu üçün, onları ən çox xeyir və kamilliyə malik halda yaratmışdır.1
Allahın diqqətinin tələb etdiyi ən mühüm işlərdən biri varlıq aləminin ən gözəl və kamil şəkildə yaranmasıdır. Onun diqqətinə əsasən, elə bir aləm, nizam-intizam xəlq olunmalıdır ki, varlığın kamal sifətləri ən yüksək dərəcədə gerçəkləşsin. Yəni müxtəlif aləmlər və onun varlıqları elə yaransın ki, məxluqların əksəriyyəti ən üstün keyfiyyətlərdən bəhrələnsin. Varlıq aləminin bu gözəlliyi və üstünlüyü başqa yollarla da isbat oluna bilər; məsələn, dəlillərdən biri budur: Əgər Allah-Taala dünyanı ən gözəl nizam-intizamla yaratmasaydı, səbəbi bu ola bilərdi ki, ya (dünyanı ən gözəl və kamil şəkildə yaratmağa) Onun elmi çatmır, ya bunu istəmir, ya onu yaratmağa qadir deyil, ya da onu (kamil şəkildə) yaratmağa paxıllıq etmişdir. Halbuki bu fərziyyələrin heç biri Allah-Taala barəsində düzgün deyil. Beləcə, varlıq aləminin ən kamil və ən gözəl nizama malik olduğu isbat edilir.2 Qurani-Kərimdə də bu məsələyə işarə ilə buyurulur: “O, yaratdığı hər şeyi gözəl (biçimdə) yaratdı.”3 Başqa bir ayədə belə buyurulur: “(O gün) Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) güman edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedirlər. Bu, hər şeyi möhkəmliklə, yerli-yerində edən Allahın işidir!”4
Allah-Taalanın diqqəti və “varlıq aləminin ən kamil və ən gözəl şəkildə yaranması” barəsindəki araşdırmalara diqqət yetirdikdə, belə bir sual yaranır: Dünyada şər işlərin – nöqsanların, naqisliklərin mövcud olması varlıq aləminin ən gözəl və ən kamil şəkildə yaranması ilə necə uyğun gəlir və bunu Allahın diqqəti ilə necə əlaqələndirmək olar? Başqa sözlə, Allahın lütf və diqqəti varlıq aləminin ən gözəl şəkildə yaranmasını tələb edir. Lakin şərlər, naqisliklər gözəl quruluşla, nəticədə, Allahın diqqəti ilə uyğun gəlmir. Bu ziddiyyəti aşağıdakı məsələlərə diqqət yetirməklə aydınlaşdırmaq olar:
1. Bu sualın cavabını Allahın lütf və diqqətini araşdırarkən qeyd etdik; belə ki, Allah-Taalanın məxluqları yaratmaqda ciddi səyi və diqqəti onların mütləq, tam xeyir və kamilliyə malik olmaları yox, əksinə daha artıq xeyir və kamilliklə yaranmalarıdır (çünki mütləq, tam kamillik və xeyir yalnız Allah-Taalanın pak zatına aiddir). Diqqətin tələbinə gəldikdə isə, onun mütləq və tam gözəlliklə deyil, məxluqların mümkün qədər gözəlliyə malik olması ilə uyğun gəldiyini bəyan etdik (çünki tam gözəllik məxluqlara yox varlıq aləminin Xaliqinə aiddir).
2. Dünyanın bütün şər işləri, naqislikləri, nöqsanları və pislikləri varlığa yox, yoxluğa aiddir. Buna əsasən, dünyadakı varlıqları iki qismə – yaxşı və pis varlıqlara – bölmək olmaz. Deyə bilmərik ki, yaxşı varlıqları yaradan Allah, nə üçün pis varlıqları da yaratmışdır?”5
3. Dünya xeyir və şər işlərin bir-birilə yanaşı olmasını tələb edir. Xeyir və şəri bir-birindən ayırmaq olmaz. Əgər dünyada həyat və dirilik varsa, onun kənarında ölüm də olmalıdır; əgər sərvət, mal-dövlət varsa, onun kənarında yoxsulluq da olmalıdır; əgər qüdrət varsa, onun kənarında zəiflik də olmalıdır... Bizim yaşadığımız dünya maddi aləmdən, hərəkətdən, dəyişiklikdən, təzad və ziddiyyətdən ibarətdir. Bu xüsusiyyətlər valığın yox, maddi aləmin zatının ayrılmaz hissəsidir. Çünki bu varlıq aləmində (öz yerində isbat olunduğu kimi) digər aləmlər də mövcuddur. Maddi aləmin qayda-qanunları orada əsla hökm sürmür. Buna, mücərrəd (metafizik) aləmləri misal göstərmək olar.6
Mövzunun izahı: Obyektiv aləmə hakim səbəb-nəticə qanununa əsasən, varlıq dərəcə nöqteyi-nəzərindən tənəzzülə doğru gedir. Bu tənəzzüldə hər bir nəticə öz səbəbindən sonra, hər səbəb də öz nəticəsindən öndə durur. Bununla da, varlıq dərəcələri elə bir dərəcəyə çatır ki, varlığı həddən artıq zəif olan “yox” kimi təsəvvür olunur. Əlbəttə, diqqət yetirmək lazımdır ki, vücudun nöqsanlı olması varlığın bir hissəsi deyil. Əksinə, əsl varlıq qeyri-məhdudluq, kamal və mütləqlik tələb edir. Varlıq öz zatında yoxluğu və puçluğu rədd edir. Eyni zamanda (nəticənin bir hissəsi sayılan) özünün tənəzzül dərəcəsində onunla birdir. Başqa sözlə, (səbəb vasitəsilə yaranan və mənbəyi səbəb olan) hər bir nəticənin tələbi sonrakı dərəcinin daha naqis olmasıdır. Bu nöqsanın özü yoxluğa doğru hərəkət deməkdir. Yenə də həmin dərəcədən naqis dərəcəyə tənəzzül edərək bizim dünyamıza – yəni “maddə” adlandırdığımız vəziyyətə çatır. Bu dünyanın özünəməxsus dərəcəsinə görə xüsusi qayda-qanuları var: hərəkət, tədricilik, qəbul, təsirlənmək naqislik... bu dünyanın zatının bir hissəsi sayılır. Bu qanunlardan savayı, əlavə qanunlar dünyaya məxsus deyil. Onlar başqa bir aləmdə icra olunur və varlığın digər dərəcəsinə malikdir.
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, yaşadığımız aləm varlıq mövzusunun ən axırıncı dərəcəsi və tənəzzülün son həddidir. O, eyni zamanda kamil bir aləmdir. Bu aləmdə varlıq təkamülə və yoxluqları doldurmağa doğru hərəkət edərək öz ilk mərhələsinə və varlığına qayıdır. Qurani-Kərimdə buyurulur: “İnna lillahi və inna iləyhi raciun!” (Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq!)7
4. Maddi aləmdə xeyir işlər şər işlərdən olduqca çoxdur. Az olan şər işlərin yaranması üçün çoxluq təşkil edən xeyir işləri tərk etmək hikmətdən uzaqdır.
5. Azlıq təşkil edən bu şərlərin bəşər cəmiyyəti üçün çoxlu faydaları da vardır və onları sayıb qurtarmaq olmaz.8
Birinci və ikinci sualın cavabı isə yuxarıda, eləcə də, aşağıda qeyd olunan məsələlərə diqqət yetirdikdə aydın olacaqdır:

ŞƏR VƏ YOXLUQ
Eyiblərin, yoxluqların və şərlərin mövcud olması maddi aləmə hakim qanunların, nizam-intizamın nəticəsidir. Bunun səbəbi maddi aləmin varlığın ən aşağı dərəcəsində yerləşməsidir. Əgər təbiətə nəzər salmaq istəsək, bu xüsusiyyətləri onun daxilində görərik. Əgər bu aləmdə yaxşılıqların olmasını, pislik və nöqsanların olmamasını istəsək, buna təbiət aləmi adı vermək olmaz. Həmin aləm eynilə mələklərin yaşadığı aləmdir ki, bəşəriyyətin yaşadığı nizam-intizamdan uzaqdır.
Diqqət yetirmək lazımdır ki, məxluqlar öz dərəcələrində yerləşən ədədlərə bənzəyirlər. Varlıq dərəcələri ədədlərin dərcələrinə bənzəyir. Hər bir ədədin dərəcəsi onun zatının, yerinin dayaq nöqtəsidir. Yəni hər bir ədədin özü bir şeydir və dərəcəsi də ona əlavədir. Məsələn, bizim hər hansı birimiz bir evdə və məkanda sakin olmuşuqsa, bu məkan bizim dayaq nöqtəmiz deyil. Yəni mümkündür ki, mən özüm var ikən, filan şəhərdə sakin olmayım. Belə ki, bu məkanlar və dərəcələr bizim üçün bir növ əlavə olunan halətlərdir və bizim əsl varlığımızdan ayrıdır. Lakin ədədlərin dərəcələri özlərinin dayaq nöqtəsidir, beş ədədinin dərəcəsi dörddən sonra və altıdan öndədir. Görəsən, beş ədədinin yeri dəyişsə, beş olaraq qalarmı? Məsələn, beş ədədinin yerini dördlə altı arasında yox, on beşlə on yeddi arasında qərar versək, elə beş olaraq qalarmı? Əgər beş on beşlə on yeddi arasında qərur tutsa, həm yeri dəyişmişdir, həm də artıq özü deyil. Onu beş təsəvvür etmək olmaz. O, on altıdır. On altının on altı olması məhz on beşlə on yeddi arasında yerləşməsi səbəbindəndir. Beş ədədi də eynilə belədir. Belə təsəvvür etmək olmaz ki, ədədlərin özü bir şey, dərəcələri isə başqa bir şeydir və onları biz belə adlandırmışıq. Əksinə, hər bir dərəcə, sözsüz, o dərəcənin zatının dayaq nöqtəsidir.
Bütün varlıq aləmlərinin və onların məxluqlarının dərəcələri onların özlərinin dayaq nöqtəsidir. Əgər metafizik aləmin maddi aləm dərəcəsinə malik olduğunu desək, bu zaman ona metafizik aləm adını vermək olmaz. Təbiət və metafizik aləmdə olan varlıqların olduğu məkan onların varlığı ilə eynidir və əgər öz yerindən ayrılmaq istəsə, əsla özü olmayacaqdır.[9]Belə xüsusiyyətlərə malik varlıq – şərlər, naqisliklər, eyiblər və yoxluqlarla bir olan maddi aləmin məxluqatı – öz zatının dayaq nöqtəsidir. Hərəkət, tədricilik, dəyişmə və təsirlənmə... maddi aləmin varlıq dərəcəsinin biridir.
Bəli, varlığın nöqsanlı olması maddi aləmə hakim qayda-qanunların, nizam-intizamın nəticəsidir və onun mənbəyi varlıq aləmində ən aşağı dərəcəyə malik olmasıdır. Bu, varlıq dərəcələri silsiləsində səbəb-nəticə qanununun bir hissəsidir. Nəticə öz səbəbindən, səbəb də öz nəticəsindən üstün və öndə olmalıdır.
Sözsüz ki, maddi aləmə sabit və dəyişməz qayda-qanunlar, nizam-intizam hakimdir. Lakin bu aləmin qayda-qanunlarından biri də təkamül qanunudur; yəni insan öz elmini, məlumatını artırmaqla, iradəsini gücləndirməklə vəziyyətini dəyişə bilər və düzgün yolu seçərək işlərini sahmana salıb ali dərəcələrə nail olar.
Yaradılışın qəribəliklərindən biri də bu maddi aləmdə insanın yaranışıdır. Doğrudur, maddi aləm nöqsanlardan, eyiblərdən uzaq olma qabiliyyətinə malik deyil. Lakin insan (maddəlikdən üstün xüsusiyyətə malik) ruha malik olduğu üçün təkamül prosesini keçərək öz vəziyyətini dəyişə bilər. Əgər onun təkamül və inkişaf qabiliyyəti olmasaydı, axirət aləmində cəzalanması yersiz və mənasız bir iş sayılardı.
İnsanın bu maddi aləmdə yaşamasına baxmayaraq, onun üstün mərtəbələri, mənəvi aləmə doğru inkişaf və seyrini təmin etmək Allahın ədalətilə heç bir ziddiyyət təşkil etmir.
Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Təliqətun əla nihayətul-hikmə”, Misbah Yəzdi, səh. 462-463; “Əl-Məbdə vəl-məad”, Sədrədin Şirazi, səh. 245-247.
2. Bax: “Amuzeşi-fəlsəfə”, 2-ci cild, səh. 392; “Əl-Məbdə vəl-məad”, səh. 193-222.
3. “Səcdə” surəsi, ayə 7.
4. “Nəml” surəsi, ayə 88.
5. Bax: “Tövhid”, Şəhid Mürtəza Mütəhhəri, səh. 287-288.
6. Bax: “Üruci-ruh”, səh. 42-44.
7. “Bəqərə” surəsi, ayə 157; bax: “Tövhid”, səh.290-292.
8. Bu mövzu ilə əlaqədar bax: “Tövhid”, səh. 293 və 303-316; “Amuzeşi-fəlsəfə”, səh. 424-425.
9. “Tövhid”, səh. 294-295.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!