BƏLƏD SURƏSININ TƏRCÜMƏ VƏ TƏFSIRI - 2

:

4. “Həqiqətən, biz insanı çətinlikdə yaratdıq.” لَقَدْ خَلَقْنَا الإنْسَانَ فِي كَبَدٍ
Sonra isə Allah-taala bu andlarla bağlı nəzərdə tutduğu ən son hədəfi bildirir: “Həqiqətən, biz insanı çətinlikdə yaratdıq.”

Ayədə “çətinlik” mənasını verən “kəbəd” sözü barədə müxtəlif fikirlər vardır. Təbərsi “Məcməul-bəyan” kitabında belə yazır: “Kəbəd sözü “qəliz və şiddət” mənasındadır. Belə ki, süd qatılaşdıqda, ona ərəbcə “təkəbbədəl-ləbən” deyirlər.”
Rağib İsfahani “Mufrədat” kitabında “kəbəd” sözünü belə izah edir: “Kəbəd sözü “həsəd” vəznindədir və insanın qara ciyərində yaranan və ona əziyyət verən hər cür xəstəlik və çatışmazlıqa şamildir.”
Lüğəvi mənasından asılı olmayaraq, bu sözün hazırda nəzərdə tutulan mənası “çətinlik” və “narahatçılıq”dır. İnsan nütfəsi hətta ana bətnində olarkən müxtəlif mərhələləri keçir və insan kimi formalaşaraq dünyaya gəlir. Dünyaya gəldikdən sonra da, onu uşaqlıq, cavanlıq və qocalıq dövrlərinin çətinlikləri gözləyir. Yəni dünya həyatı başdan-başa çətinliklərlə doludur və bunun əksini düşünənlər səhvə yol verirlər.
Əgər insanlar məxluqatın seçilmişləri olan ilahi peyğəmbər və övliyaların həyatına nəzər salsalar, onların da çətinlik və məşəqqətlərlə üzləşdiyini görərlər. Belə olduğu halda, digərlərinin çətinlikdən amanda qaldığını söyləmək olarmı?
Əgər biz hansısa cəmiyyətdə yaşayan insanların çətinliklərə düçar olmadığını düşünürüksə, bu, məsələyə bizim səthi yanaşmağımız və həqiqətləri görməzdən gəlməyimizin nəticəsidir, çünki bu ümumi qanun bütün bəşər həyatını əhatə edir.

Allah-taala daha sonra belə buyurur:

5. “Yoxsa, o (insan), elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!” أَيَحْسَبُ أَنْ لَنْ يَقْدِرَ عَلَيْهِ أَحَدٌ
Bu ayə ilə Allah bildirmək istəyir ki, insan həyatının çətinliklərlə dolu olması onun zəiflik və acizliyinə işarədir.
Yəni insan özündə hansısa bir qüdrət hiss etdikdə, günaha əl atır, ilahi qadağalara heç bir məhəl qoymur və elə güman edir ki, Allahın əzabından amanda qala biləcək. Bu cür təsəvvür necə də yanlış bir təsəvvürdür!
Digər bir təfsirə əsasən, ayədəki məqsədin varlı insanlar olduğu bildirilmişdir və onlar elə düşünürlər ki, heç kəsin onların mal-dövlət və sərvətini almağa qüdrəti yoxdur və kimsə onları nalayiq əməlləri müqabilində cəzalandıra bilməz.
Bəzi təfsirçilər qeyd etmişlər ki, bu ayə Cumuh qəbiləsindən olan Əbüləsəd adlı güclü bir şəxslə bağlı nazil olmuşdur. O, balaca bir dərinin üzərində oturar və on nəfər dərini onun altından çəkib çıxarmaq istəsə də, buna nail olmazdı. Əlbəttə, ayəni bir fərd və ya fərdlərlə əlaqələndirmək onun ümumi kütləyə şamil olması məfhumuna heç bir zərər vurmur.
Ayənin davamında belə buyurulur:

6. “(Minnət qoymaq və bəxşiş etdiklərini nəzərə çarpdırmaq məqsədi ilə) “Mən çox mal tələf etdim!” – deyir.” يَقُولُ أَهْلَكْتُ مَالا لُبَدًا
Belə şəxslərə xeyirxah yolda müəyyən qədər öz mallarından xərcləmələrini söylədikdə, təkəbbürlə və öyünərək deyirlər ki, biz bu sahədə çoxlu mal-dövlət xərcləmişik. Həqiqətdə isə onlar Allah yolunda heç nə xərcləməmişlər və etdikləri yaxşılıqlar riyakarlıq və şəxsi mənfəət xatirinə olmuşdur.
Bəzi təfsirçilər bu ayənin düşmənlərin İslam, Peyğəmbər (s) və müsəlmanların əleyhinə sərf etdiyi mal-dövlətə işarə etdiyini bildirmişlər. Bu barədə hədislər də vardır. “Xəndək” döyüşündə həzrət Əli (ə) Əmr ibn Əbdəvudə İslamı qəbul etməsini təklif etdikdə, o belə cavab vermişdi: “Bəs, İslamın əleyhinə xərclədiyim pullar necə olacaq?!”  (“Nurus-Səqələyn” təfsiri, c.5, səh.580, hədis 10.)
Təfsirçilərin bir qismi də ayənin Haris ibn Amir kimi bəzi Qüreyş böyüklərinə işarə etdiyini bildirir. Onlar günaha mürtəkib olduqları zaman Peyğəmbərdən (s) çıxış yolu soruşduqda, o həzrət kəffarə verilməsinə göstəriş vermiş və nəticədə, belə kəslər sərvətlərini kəffarə ödəməklə xərcləmişlər. Haris ibn Amir deyir: “Mən İslama daxil olduğum zamanda kəffarə və nəfəqə verərək sərvətimi tələf elədim.” (“Məcməul-bəyan” təfsiri, c.10, səh.493.)
Əlbəttə, birinci təfsir ayə ilə daha münasibdir.
Ayədə qeyd edilən “əhləktu” (tələf elədim) sözü, belə insanların öz mallarını əbəs yerə sərf etdiyini və onlara heç bir mənfəətin çatmayacağını bildirir.
“Ləbəd” sözü isə çoxlu miqdarda olan şeylərə şamildir və ondakı məqsədin mal-dövlət və sərvət olması anlaşılır.

Allah-taala ayənin davamında buyurur:

7. “Yoxsa, elə güman edir ki, heç kim onu görməmişdir?!” أَيَحْسَبُ أَنْ لَمْ يَرَهُ أَحَدٌ
Həmin şəxslər qəflətə uğrayaraq, Allahın onların etdiyi bütün əməllərdən xəbərsiz olduğunu güman edirlər. Hər şeyə qadir olan və elmi ilə bütün məxluqatı əhatə edən bir Allahın insanın əməl və qəlbindən xəbərsiz olması mümkündürmü?! Əlbəttə, bu cür təfəkkürə malik olanlar səhvə yol vermişlər. Allah onların hər bir zərrəsinə alim və onların əməllərindən agahdır. Sərvəti necə və hansı yolla əldə etdiklərini və haraya xərclədiklərini bilir.
İbn Abbas Peyğəmbərdən (s) belə nəql edir: “Qiyamətdə hər bir bəndədən dörd məsələ barəsində sorğu-sual olunmamış o, bir yerdən başqa bir yerə addım atmaz. Ondan ömrünü nəyə sərf etdiyini, sərvəti necə əldə etdiyini və hansı yolda xərclədiyini, əməlləri və Əhli-beytə (ə) məhəbbəti haqda soruşarlar.” (“Məcməul-bəyan” təfsiri, c.10, səh. 494; “Ruhul-bəyan” təfsiri, c.10, səh.495.)
Xülasə, qüdrət sahibi olmadığı halda, insan təkəbbür edərək çoxlu mal-dövlət xərclədiyini necə söyləyə bilir? Həqiqətdə, Allah onun bütün niyyətindən, sərvətini necə əldə etdiyindən və onu harada xərclədiyindən agahdır.

8. “Bəyəm, biz ona iki (görən) göz vermədikmi?!” أَلَمْ نَجْعَلْ لَهُ عَيْنَيْنِ
Əvvəlki ayələrdə insanın qürur, təkəbbür və qəfləti barədə söhbət açılmışdı. Növbəti ayələrdə isə insana Allah tərəfindən verilən bir sıra maddi və mənəvi nemətlərdən bəhs edilir və beləliklə, insanın həmin nemətlər və onların xaliqi barədə təfəkkür edib düşünməsi və onlara görə şükür etməsinə təşviq edilir. Allahın insana göz kimi iki qeyri-adi bir nemət verdiyini bildirir.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!